"Qaçqınlar" silsiləsindən hekayələr; Məni anamın yanına aparın haaaaaaaa. Yorğan. Kətəməz. Vida. Barışdılar. Utandı
Yorğan
-Dur o qapının yan-yörəsin bağla, bu iy hardan dolur içəri, məni öldürəcək vallah bu xaraba.
-Hələ harasıdı, Sənəm arvadla Həşim kişi növbə gözlüyür.
-Bəs bu dırıltı kiminkidi bayaqdan, qarnı dağılmış, az ye dayna, nətər də boğazlarından gedir eee..
-Bu camaatın eyibin elə o dağ - daş örtürmüş.
-Ditdililər yenə oynağa qalxışıllar, bunlar hardan girir bir belə bu evə…
-Dilin də gəlir ey, ev deyirsən.
-Bəs nə deyim, tavla deyim?
-Tavla burdan yaxşıdı, vallah.
-Yekə adamsan, dar vaxtı yenə qanımızı qaraltma da.
-Vallah, köçək gedək çadırlara, heç olmasa bilərik ki, özümüzün ayaqyolumuz ayrıdı.
-Çay içmiyəcəyik bu gün?
-Sənə nə var, başını götürüb gedirsən dənizin qırağına, idarənizə , dərd bizimkidi, ürəkli çayımızı da içə bilmirik.
-O televizora xod ver tez, kişi tualetə getdi, səsin yenə alacaq başına…
-Bir az səbr elə, görək nolur. Toxdaq ol.
-Day nolacaq, əvvəl deyirdin on-on beş günə qayıdacağıq, iki ay keçdi, erməni çıxacaq təzədən. Görmürsən düşmən qalıb orda, bizimkilər hələ bir- birinin ətin yeyir vəzifə üstündə. Utanıb ölmürlər ey nətərdə, hələ bir öz ayıbların da açıb tökürlər televizorda camaatın qabağına. Allah sizə qənim olsun…yaxşı gün ağladınız millətə.
Koridorda səs:-ay bacı, Əli müəllimgil hansı otaqda qalır?
-Bizi soruşurlar, gör kimdi. Səsi tanış gəldi, kim olar görən bu vaxt?
Qapı açıldı.
- Ay allah, kim gəlib e…A qonşu, gözlərimə inanmıram, bu sizsiz yəni… Elə bil illər ayrısı qardaş-bacıydılar, bir- birin təzə tapmışdılar, hamısı qəhərsilənmişdi.
-Neçə vaxtdı gəlmək istiyirdik, vallah, ürək eləmirdik gəlib sizi burda görməyə. Elə biz də özümüzə təzəliklə yer eləmişik. O gün İnqilabla da Sumqayıtda bir yerdəydik, ha qıjandıx ki gələk, dedi mən gedib məllimi obşiteldə yaşayan görsəm elə ordaca bağrım çatdıyar.
-Qismət beləymiş, bilirəm siz də Sumqayıtda iki qardaş qəfil hücumla uşaq bağçasının bir otağın işğal eləmisiz, barı uşaqların yemək-içməyin pulsuz ala bilirsizmi bağçada?
-Verməkləri cəhənnəm, səhər-axşam başımızın üstün kəsirlər ki tez olun çıxın. Deyirəm, ay allah evinizi yıxmasın, hara çıxım, kefimdən gəlib girmişəm bura, yer tap ver çıxım, görmürsən bir quru canımızı götürüb çıxmışıq .
Bunu da gələnin arvadi dedi:- Biz cəhənnəm, hökumətin tikib verdiyi ev idi, amma sizə yaman zülüm oldu. O cür əziyyətnən ev-eşik tik, bağ-bağat sal, için təpili yığ doldu, özün də bir gün içində yaşama, ağzı bağlı ver erməniyə çıx gəl qal yataqxanada. Adamın tüstüsü təpəsindən çıxır e fikirləşdikcə.
-Qonşu, məni yandıran o deyil ha, 3-4 gün qalmışdı çıxmağa, Əli gəldi ki, bəs evdə nə qədər pul var ver mənə, yaxşı ucuz taxta, şifer, şveler var gedirəm alam gətirəm tökəm qapıya, məhlədə mağar tikməy, sonra tapa bilmiyəcəm. Nə qədər dedim bir- iki gün səbr elə, görək nolur, üstümə acıqlandıki nolacaq, deyirsən yəni erməniyə qalacaq? Götürdü apardı hamısın, o pul əlimizdə olsaydi, indi heç olmasa gedib bir-iki dəst yorğan-döşək alıb atardıq uşaqların altına, obşiteldəki pambıq mitilin umuduna qalmazdıq.
-Məllim, heç demirsən gətirdiyiniz bu bağlamadakı nədi, yorğandı, sizin yorğan. Bəs axı siz evdən çıxıb körpüyə tərəf qaçanda mən maşınla üst yoldan dədəmgili kənddən götürüb gəlirdim. Sürdüm evin qabağına, çıxdım yuxari, əlimə keçən yorğan- döşəkdən tökdüm aşağı, bizimkilərin də vay- şivəni qalxıb göyün bir qatına. İki dəfə erməni top atdı, düz düşdü evin qabağına-Şahinin bağına. Dedim cəhənnəm olsun hər şey, maşına oturanda baxdım ki, balkonunuzdan bu yorğan sərilib üzü aşağı, çıxdım kuzanın üstdən əlimi atıb dartıb saldım maşına. Gələndən büküb qoymuşduq qırağa ki aparaq verək, həm də görək neyniyirsiniz, nə fikirləşirsiniz. Heç soruşmuram e, bəs Mosugil hardadı?
-Sizdən nə gizlin, həm elə darkeşlikdi, yatmağa yer yoxdu, həm də bu xaraba tualetin iyindən baş götürüb hərəsi bir əmi- bibi evində qalır. Ordan gələndə qaynımın bağ evində qaldıq, 4 ailə bir yerdə. Baxdıq ki, mümkün deyil, iş yox, nə vaxta qədər dörd ailə bir damın altında qalacaq. Dedilər burda boş yer var, oda ki belə, mərtəbənin bir tualeti var, bir mətbəxi, birdən elə növbə yaranır heç çay qoyub içmək də olmur.
-Bizə nə olursa, haqq olur. Gərək Xocalı, Kəlbəcər, Laçın o vəziyyətdə boşaldılanda başımızın çarəsin qılaydıq.
-Məllim, canım üçün məni o ev- eşikdən çox burdakıların söz- söhbəti yandırır. Bunların xəbəri yoxumuş e, biz beş il orda erməniynən, urusnan müharibə aparmışıq. Bir gün başımıza top-raket, mərmi yağışı yağmayanda, atışma səsi eşitməyəndə qorxumuzdan yata bilmirdik ki , köpəyoğlunun ermənisi Tatuf su anbarın açıb buraxar, bütün rayonu məmə deyəndən pəpə yeyənə qədər su yuyub aparar… nə isə görəcək günlərimiz varmış.
-Məllim biz getdik, gecə keçdi.
-Allah, məni öldü, gör heç bir stəkan çay qoymuşam ki, başım qarışıb söhbətə. Görən o günü bir də gürəcəyik, yığışırdıq gündə bir evə, kimin əlinə nə düşürdüsə, gətiirdi bir yerdə oturub yeyirdik, söz-söhbət, deyib-gülmək…
-Deyim indi qalın qonağımız olun…Qəhər boğdu, özün nə qədər tox tutmaq istəsə də, göz yaşların saxlaya bilmədi… Qonşuların hansın görsəniz salam deyin, amma siz allah, demiyin şəraitimiz belədi…
İkisi qalmışdı yenə. Hərəsi öz aləmində idi. Birdən:
-Aç görək o hansı yorğandı-dedi.
-Ay canım!-düz iki aydı ki onu hələ belə çağırmamışdı- bir gör hansı yorğanımızdı ee,..mənim gəlinlik cehizim, ürək, yadına düşür hansı yorğandı?! Qubadlıda axırıncı gün səhər tezdən durub sənə yuxumu danışdım, yadındadı, toy gecəmizi olduğu kimi görmüşdüm, amma axırı çox qorxuluydu, səhər sənə danışdım, zarafatnan dedin çıxart o yorğanı at havaya, arasına yəqin cin- şeytan doluşub, mənim də nəysə ağlıma batdı...
Yorğanın hər tərəfindən biri yapışmışdı.
-Evin iyin nətərdə saxlıyıb e hələ…
-Yadındadı, Üşü, üstündən nətər çəkib atdım yerə.
-İnsafına nə deyim sənin, heç qoymadın bir özümə gələm.
-Yox, əvvəl qırağın qaldırdım ki, qonşu, bu yorğan iki nəfərlikdi, gördüm day pişim-pişimlə buraxmırsan, tulladım e…
-Üşü, çəkirsən içinə iyin, sənin sevimli ətirindi ey…
-Sənin də…
-İkimizin də, elə bildim yaddan çıxartmısan…
-Heç elə gecəni də unutmaq olar…
-Canım…
-Ürəyim…
“Ulduz” jurnalı, N-8, 2005
Kətəməz
Darvazadan içəri girən kimi tövlənin, peyinin iyi içinə doldu, həsrətli yağıynan iyi içinə çəkdi, “oxxay” elədi, deyəsən bu nudanı onlar da eşitdilər. –Başına dönüm, neyniyək, mal-qarasız kənddə yaşamaq olmur, özünüzə baxmayın, biz bu iyə öyrəşmişik.
Bilmirdi neçə illərdi bu iydən ötrü necə qəribsəyib.
-Ay səni xoş gəlmisən, göz üstə gəlmisən, həmişə sənin kimi əziz qonağımız gəlsin, qurbandı bu ev-eşik sənə. Hava xoşdu, ona görə özüm stolu çöldə açdırdım, əyləşin, hara rahatdı orda.
Elə oturdu ki, üzü məhləyə baxsın, süfrənin üstdə düzülənlərdən görünürdü ki, onun gəlişinə məxsusi hazırlıq görüblər. Evin ağbirçəyi də yaxınlaşıb hal-xoş elədi.
-Bəs uşaqları niyə gətirmədin, başına dönüm, biz qohumuq e, çox olmuşam sizin evdə, Allah erməninin tifağın dağıtsın, o cür yer-yurdunuzdan elədi sizi…
-Ay nənə, yemək qabağı meymunu yadımıza salma yenə...
Tövlədən inək mələrtisi gəldi, dalınca da buzov səsi, təzə doğmuşdu. Tualet də pəyəyə yaxın tikilmişdi. Onlarınkı da elə idi. Amma onların tualeti düz çayın üstdə yarğanın başındaydı, içəridən Əyin, Səngər, Hərtiz meşələri, Dondarlının kövşənləri əl içi kimi görünürdü. Bərşadın suları elə bil laylay çalırdı adama, balıqlar gözünün qabağında atılıb düşürdü. Girən çıxmaq bilmirdi. Onda görürdün tappatap kərmə yağır tualetə:- tez ol çıx da, ora istirahət yeridi, səndən başqa adam yoxdu, elə bil oturub lojada kinoya baxır…Xəyaldan səsə ayıldı.
-Əmoğlu, günortadı, bismillah elə, sən başla, biz dədə uşağı yeməkdə pərgarıq, özümüz axırına çıxacıyıq. Ya Allah, getdik!
Dədə-baba ocaqlarından çıxmamışdılar, heç köhnə otaqları da sökməyə əlləri gəlməmişdi, hər tərəfindən təzə otaqlar artırmışdılar, aynabənd, iki mərtəbə çardaq, eni on, uzunu otuz metr mağar tikmişdilər, üstünə də üzüm artdandımışdılar. Məhlə gülün- çiçəyin içində üzürdü. Son beş ili rayonda işləyib özünə təzə tikilmiş binada üçotaqlı ev alıb orda yaşasa da, hələ kənddən ayrıla bilməmişdi, hər şənbə-bazar kənddəydi. Komsomolda, icrakomda işləyəndə də hər mal nobatında icazə alıb özü gedirdi. Piyada dağda, dərədə mal, keçi dalınca qaçmaqdan yorulmurdu. Hələ keçilər qarnın bir az doyurub sakitləşəndə Qalanın başına çıxıb üzüaşağı şer də qoşurdu. Bəzən aşıb daşaraq, bəzən yavaşıyaraq, gəlib keçir Saraydan, əzəmətli Bərgüşad…ilk şeir dəftərçəsin 5-də oxuyanda Tahir müəllim oxuyub lağa qoyub özü də gülmüşdü, uşaqları da ona güldürmüşdü, elə o vaxtdan şer yazmağın daşın atmışdı. Kino lenti kim gözünün qabağından o yerlər gəlib keçdi, qəhərini güclə boğdu, loxması az qala boğazında qalacaqdı. Çoxları kimi o da qərib eldə o torpağın gözəlliyin dərk eləmişdi; necə cənnət məkanda yaşamışdıq…
-Əmoğlu, uzaq olsun, ağrıyan yerin yoxdu ki, nəysə birtəhərsən, görürəm sənin yeyib içməklə aran yoxdu, bunu da içirik o sağlığa ki, gün o gün olsun Qubadlıda sizin məhlədə oturaq.
-Siz oturun, mən bir bağ-bağata baxım gəlim,-deyib ayağa durdu.
Tövlənin iyi çəkirdi onu elə bil, içəri girməkdən özün saxlaya bilmədi. Qapının ağzında qara inək bağlanmışdı, balasın yalayırdı, görən kimi fınxırdı, yəqin dünən doğmuşdu, buzov hələ əmcəyin tapıb ağzında güclə tuturdu. Ağzından süd axırdı, süd deyəndə hələ ağüz olar, bir buğum bişəndə yumurta sarısının qayğanağı kimi sarı, şipşirin …nə deyirdik onun adına, yuxanın arasına düzüb dürmək eliyib yeyirdik, iki-üç gün də bulamasının içinə çörək doğruyub yeyirdik, ya da düyünün üstünə töküb yeyirdik. Nə deyirdik ona…Pəyənin iyin bir də çəkdi içinə. Onların da qara inəyi vardı, “qəmər” deyirdilər, anasının inək sağanda şirin avazlı ozşaması gəldi gözünün qabağına, ürəyi əsdi. Hər kəndə şələndə mütləq tövləyə baş çəkərdi, dərhal da iy hopurdu paltarına, evə qayıdırdı, elə qapıdan içəri ayaq basan kimi başdıyırdılar ki, elə bil tavlanın bütün ətrin özünnən yığıb gətirmisən, pal-paltarın çıxardıb asırdılar havaya, amma özünə ləzzət eliyirdi bu iy, hələ soyuqdəyməsi, qripi olanda girirdi tövləyə, çalğını alırdı əlinə, süpürürdü, bütün azar-bezarı tərnən biryolluq gedirdi. Nəydi onun adı, dadı da düz dilinə qədər gəlib çıxmışdı…
Onu çağırırdılar. Gəlib bayaqkı yerində oturdu. Dilinin ucuna gəlib qayıdırdı….
-Əmoğlu, səninki qonaq gəlmək olmadı, yəqin uşaqları gətirmədiyinə görə boğazından heç nə getmədi.
Sağollaşıb maşına mindilər. Şəhərə qayıdırdılar, o itik söz onu rahat buraxmırdı, fikri düşmüşdü o sözün dalınca, tuta, tapa bilmirdi, darıxırdı, əsəbiləşirdi, həm də o sözdən utanırdı, gör söz də işlənməyəndə adamdan uzaq qaçır, tutduruq vermir…
Binanın qabağına çatmışdılar, maşındakı qayıtdı:-mən ölüm, heç özün də yemədin, nənəm uşaqlara bir az kənd pay-püşü qoyub-qatıq, şor, kətə, bəhməz…
-Kə-tə-məzzz… kətəməz, sağ ol e səni…
Təəccübnən:-əmoğlu, o nə olan şeydi ?
Qapıdan içəri girəndə də fikrini cəmləyə bilməmişdi hələ, sifətinə, gözlərinə bir az təbəssüm qatmaq istəsə də, görünür bacarmadı...qapını üzünə açan yoldaşı bir az duruxdu, nəfəsin içinə çəkdi :-ay Razi, vallah səndən kənd iyi gəldi …Üzünü paltarına sürtdü, iysimləndi, qəhərsiləndi :-həmən iydi, yox ey ona oxşatdım vallah, kəndimizin iyinə…
Utandı
-şimişqa vay, qəşəh şimişqadı, şimişqa alın…səs elektrişqanın özü kimi yırğalana-yırğalana gah irəli gedirdi, gah geri, qırılırdı, qalxıb enirdi -şimişqa alın da…elə bil yalvarırdı, səs hər dəfə onun fikrini yarımçıq kəsirdi, yaddaşına yaxın gəlib gerı dönürdü, bir dəfə geri qanrıldı ki bəlkə görə bu şirin səsin sahibin, balaca uşaq idi, 5-6 yaşı ancaq olardı, üzü o tərəfəydi, deyəsən kimsə simiçka alırdı, heç ondan çıxmayan iş, könlünə simişka düşdü, cibindən pul şıxardıb hazırladı,-şimişqa alıysız, səs onun qarşısındaydı, başın qaldırıb baxdı, göz-gözə gəldilər – Şa-şı, sənsən?…duruxdular, uşaq qarıxdığından bilmədi neyləsin, o da dərhal tanımışdı, deyəsən salam vermək istədi, əlin uzatmaq istəyəndə çaşdı, simiçka qabı yerə düşdü, vaqona töküldü, yanağı pörtmüş uşaq üzü qapıya tərəf qaçdı -Şaşı, qaqa dayan e, söz deyirəm, dalınca durdu, o biri vaqona qaçıb keçmişdi, bildi ki, daha geri qayıtmayacaq, bu qatara minməyinə peşman oldu, yerinə qayıtdı, günəbaxan tumları, plasmas qab, stəkan yerə sərilmişdi, özün danladı, deynən heç birdən ikiyə Sumqayıtdan Bakıya elektriçka ilə gəldiyin olmuşdu, uşağı da peşman elədim…yan-yörədə oturanlar da heç nə başa düşmədən qəribə baxırdılar bu mənzərəyə,…barı heç olmasa, tutub üzündən bir lomba qopara bilmədim o vaxtkı kimi, heyf…
kənddə qonşuydular, yolun bir üzündə onlar olurdu, bəriki üzündə bunlar, hər dəfə görəndə bir bəhanəynən çağırıb danışdırırdı, nənəsi demiş mırtdadırdı- ay Şaşı, sən hələ genə yerinə işiyirsən - valla yox ,-yox nədi ə, odey odunun üstünə sərilən döşək sənin dəyil ? - yox e Ülçəy bacımındı, mənimki əndədi- gejə genə dədən mamanı döyürdü, niyə qoyursan e, daşı al duy qabağında, deynən anamı vıysan kəlləni dağıdajam -paa, məni də döyəy axı… totux, toppuş Şahbazı anası hər dəfə bizə bir şey dalınca göndərəndə gərək beş-altı dəfə arxasınca qışqıreydiki-sən allah, o iti az ürdürün orda, qoyun tez gəlsin, əlimdə işim var, Şaşını kim idi buraxan, güclə əlimizə düşürdü, bunu da hər dəfə nənəsi deyirdi- belə uşaq sevənsən evlən, özününkün mırtdat dayna…Şaşı, qoy birin də öpüm, sonra get, bax gör sənə nə verirəm e, ona da qarına gedən bir şey olsun…Qubadlıdan çıxalı düz üç il idi ki, görməmişdi, ama bilirdi ki Sumqayıtda uşaq bağçasında qalırlar, neçə dəfə də evdə uşaqlarnan söhbət salmışdılar ki, görən Şahbaz neynir, yekəlibmi…gördü, o da belə, səni vurulasan uşax, day niyə qaçırsan, məni necə peşman elədi ye gör…
üstdən xeyli ötmüşdü, yenə də hüzr yerinə gəlmişdi, Zabitlə-Şaşının atası ilə tay-tuş idilər, məktəbi bir oxumuşdular, görüşdülər, elə ağzın açmaq istəyirdiki onu qabaqladı:-Allah üzünü qara eləməsin sənin, uşağın da sifdəsin korlamısan o vaxtı, 3-4 gün idi başlamışdı biznesə, gündəlik çörək pulumuzu çıxardırdı, nə qədər elədim ki, ə qaqa, Azər əmin kənddən çıxandan Mingəçevirdə olur e, bura Dadaş dayının yasına gəlmişdi, yaqın görüb elektrişka gəlir, qaçıb minib vaqona…day bir də görmiyəjəy ha, xeyri olmadı təbliğatın, uşax elə o gündən atdı alverin daşın …
XLOR
Tikinti idarəsinin baş mühəndisi işləmişdi, əlinə yaxşı pul gələn vaxtları dədə-baba yurdunda ikikmərtəbəli təzə ev tikdirmişdi, dava başlayanda hələ heç bir il deyildi yığışmışdı içinə, əlində-ovcunda nə vardısa o da qonum-qonşuya baxıb vermişdi daşa-sementə, tik ha tikəsən.
Kasıbçılıq çəkmişdilər, bircə il gündüz oxutmağa gücləri çatmışdı, sonra dəyişmişdi, gündüz işləyib axşam dərsə gedirdi. Qaçaqaç düşəndə elə bircə arvad-uşağı, bir də ən böyük dərdi olan anadangəlmə əlil bacısın da götürüb hamı kimi o da əli cibində Sumqayıta üz tutub pənah gətirmişdi. Yataqxanada özlərinə yer tapmışdılar. Cibində qalanı qurtarandan sonra iş üçün güman gələn qapıların hamısın açmışdı, arıq sifətinə, bir az da abır-həyasına baxan, ali təhsilli olduğun bilən heç fəhləliyə də götürməyi rəva bilməmişdi, Bakı dəmiryol vağzalının qabağında gündəlik çörək puluna xırda-xuruş pal-paltar satmaqla birtəhər dolanırdı, təzə gələn başçı oranı da ləğv eliyəndən sonra qalmışdı sərgərdan.
Lap darıxmışdı. Neçə vaxt idi kı evdə yavan çörək, vermeşil supundan başqa heç nə yeyilmirdi. Ev bacısının təqaüdünə, bir də qaçqınkomun çörəkpuluna göz dikmişdi. Məktəbin açılmağına da az qalırdı, uşaqların əyin-başlarındakı hələ də Qubadlıdan gətirdikləriydi, tökülüb gedirdi. Özü də onlardan betər. Hər gün baş götürüb şəhərə çıxır, içəri girəndə ümid dolu nəzərlər ona dikilirdi: -bir şey yoxdu ki? Bacısı bircə ürək eliyib soruşurdu.
Qonşuları Nurəddin bilirdi onların vəziyyətin, həmişəki kimi şər qarışanda əlində xlor dəsgahı evə qayıdanda gördü Qabili, elə birbaşa mətləbə keçdi:-ay qonşu, bekar gəzməklə heç kim sənin evinə əppək gətirməyəcək, gəl sabahdan mənimlə çıxaq , qorxma, son vaxtlar day ancaq Bakıya reysə çıxıram, heç kəs görəsi deyil, sənin işin mənə kömək eləmək olacaq, sonra da yavaş-yavaş özün tək gedərsən, çörək pulu çıxır, Allahın verdiyinə bərəkət.
Bir neçə gün bir yerdə işlədilər, yolun-yolağasın öyrəndi. Birinci dəfəydi ki təkbaşına xlor satmağa gedirdi, bütün gecəni yata bilməmişdi. Axşam da bu münasibətlə yoldaşı kartof qızartması eləmişdi, evdə olan yağın dibin də sivirib tökmüşdü ki dadlı olsun, həm də özüynən yemək də götürəsiydi, birdən gec gələr. Bunu da sonbeşiyi demişdi:- dədə, mənə əvvəl ayaqqabı alarsan, sonra da çanta…elə bilirdi hər dəfə birinin pulu düzələcək. Elə vaxt gedirdi ki, heç kim görməsin. Avtobusda cəmi beş nəfər vardı. Lap arxada oturdu. Kaş görən olmayaydı, hər iş dalınca getməyi fikrinə gətirmişdi, bircə bu xlor satmağı ağlına gətirə bilməmişdi, o da çıxdı qabağına…
…Kabinetindəki kreslosunda yayxanmışdı. Özünə arxayın idi, idarədə şef oydu, bilirdi ki, müdir yoxdu, Bakıda öz kefindədi, ayın axırında yenə fırlanıb gələcək, heç maraqlanmayacaq da ki nə qədər iş görülüb, gəlirin, çıxarın, nazirə, birinciyə çatası haqq-hesabın üstünə özününkün də qoyub deyəciydi- bu ay bu qədər iş «oformit» eliyin- təmizi, yazılmamış qayda beləydi; iki «vedomost» tutulurdu, hərə ikisinə də qol çəkilirdi, birindəkin işçi alırdı, o biri qalırdı kassirdə, mal-materialın pulu da bir yandan gəlirdi üstünə. Onun faizi 1 idi , maaşından 10 qat artıq bu çıxırdı. Görmədiyi günlər idi, yetim oğlan, elə bu işə də yetimliyinə görə qoymuşdular. Fikirləşmişdilər ki, yetim sözə, ələ baxan olar, nə desələr elə də eliyəcək, artıq iddiası da olmaz. Həkəridən Yazı düzünə su qaldırırdılar, su nasos qurğularıynan, motorla, min illər boyu bütün ətrafın taxıl anbarı olan bar-bərəkətli buğda zəmilərinin yerində indən sonra üzüm əkəcəkdilər, camaat əvvəl eşidəndə inanmadı, düşündülər ki yəqin hansısa geri zəkalı camaatı dişinə vurub yoxlamaq istəyir, sonra gördülər yox e maşın, texnika, mal-material, turba-boru karvanı gəlhagəldi, day iş zarafatdan keçib. Səsin qaldıran bir-iki ağsaqqal-qarasaqqalı da elə günə qoydular ki, ağzın açmağa peşman qalmışdılar. Neçə ilin kolxoz sədri Səfəralı kişi də elə bunun güdazına getdi, az qala təxribatçı adıynan damlayacaqdılar, deyən gərək, zalım oğlu hökumətnən hökumətlik eləmiyəsən ki, nə deyirlər onu elə də. Təzə yaranmış bu idarənin müdirin adamdan başqa nəyə desən oxşarı vardı, zalım oğlun elə bil Afrika cəngəlliklərindən tutub gətirmişdilər, fizionomiyasında bir normal «zapçast» tapa bilməzdin, amma neynirsən, sən ondakı iddianı gör, hamı danışırdıkı bu da o tərəfdən gələnlərdəndi, son vaxtlar rayona gətirilən rəhbər kadrların çoxu kimi-guya ki, bu rayonda ixtisaslı, savadlı mütəxəssis yox idi, amma əksinə bu torpaqda bol yetişən meyvə elə bircə kadrlar idi, bunu hələ 60 il əvvəl Sekanın bürosunda Mircəfər Bağırov demişdi. Ancaq neyniyəsən ki, dövran dəyişmişdi, şura hökuməti qurulandan bəri Qubadlıya ilk dəfəydi ki, qıraqdan birinci göndərilmişdi, o da özünə tay, bab adamlardan yığıb bir ucdan gətirirdi rayona, özlərin əsil xozeyin kimi aparırdılar, elə bil sezona gəliblər, çalıb, çapıb, yığıb aradan çıxırdılar, partbiletdən, maşından alıb, özlərin tutub bir də eşidirdin ki, filan rayona vəzifəyə gedib. Əlqərəz təzə müdirin birinci işi çay kənarında özünə kabinet, istirahət otağı düzəltmək oldu, katibə axtarışı bir az çox çəkdi, axır ki, standarta uyğun Xanlıqdakı rus hərbi zastavasında qulluq eliyən ofiçerlərin arvadları yaxşı pulun müqabilində bu missiyanı yerinə yetirməyə razılaşdılar, əlbəttə, ustup-ustub yerli kadrlar da yetişirdi, artıq katibə, otdel kadr, tabelşik…belə oturaq işçilərə qonşu kəndlərdən xeyli yenisi gəlirdi bir ucdan. Qonaq evi artıq rayonda ye…stanok adlanırdı, rayonun rəhbər işçiləri də tez-tez buranın xidmətindən istifadə edirdi. Amma o idarənin qlavnı ijneri olsa da, hələ cəsarət eliyib o istirahət yerinə tərəf üzükməmişdi, dəli deyildi ki ağrımayan başına duz bağlaya. Əvvəl qorxmuşdu ki, bunlar dəlidi, cinilidi bu boyda cinayətin, qanunsuzluğun altına girməkmi olar? Bir təpədəki bir traktorun üç günlük torpaq işinin belinə on dağın torpaq yükü yazılırdı. Sonra baxdı ki yox bu Gəyənə su çıxartmaq məsələsi deyil, bu torpaqdan pul çıxartmaqdı, dövləti, milləti inək kimi sağmaqdı, indiki dillə korrupsiyanın lüt şəklidi ki, bunu hələ Qubadlı camaatı yuxusunda da görməmişdi, bir çox şeylər kimi... Katibə özün içəri atdı:-müdür gəlir! Dik atıldı… Biləcərinin başında avtobusu saxladıb düşdü, hələ hava qaranlıq idi, kolyaskasın açdı, xlor baçokun, butulkaların, ağızlığın yerbəyer elədi. Arabanın tutacağından yapışıb üz tutdu təzə 9-a. Ağlına gələn birinci bu oldu ki, bircə heç kim görməyə tanış-bilişdən. Beynindən keçən fikirdən acı bir gülüş də qondu sifətinə; baş mühəndis olan vaxtlarıydı, uşaq xəstələnmişdi, yoldaşıynan şəhərə gətirmişdilər, qardaşıgildən küçəyə çıxanda nə qədər eləmişdi ki kolyaskanı sən sür, utanmışdı yaxın durmağa. Amma indi…Binalardan təkəm-seyrək işıqlar gəlirdi, hələ tez idi, kim idi indi xlor alan. Arabasın binalardan qıraqdakı boş , sakit yerə sürdü ki, bir az vaxt keçsin. Uşaqlıqda məftildən araba düzəldib quş otarmağa getməyi, asfaltda maşın sürməyi yadına düşdü, dilinin altında o vaxtı kimi vı-vı-vıvıı da elədi, arxada adam boyundan yuxarı tənha bir ağac gördü. Özün uşaq kimi hiss edirdi, hər şey yadından çıxmışdı, evlərinin yuxarı başında belə bir tənha ağac vardı, ən xoşuna gələn məşğuliyyət hinduşka otarmağa gedəndə o ağacın başına çıxıb bildiyi beş-on kuplet şeirə mahnı qoşub oxumaqdı. Səhərin alatoranında başına dolan fikirdən özün saxlaya bilmədi, bir neçə cəhddən sonra istəyinə çatdı, bir əliynən ağacın gövdəsindən tutub əvvəl ayaq üstə durdu, möhkəmnən gərnəşdi, içinə hava doldurub boşaltdı, ağlına gəldi ki nə yaxşı hava pulsuzdu, nə qədər istəyirsən çək canına, burax çölə.-Xlor var, xlooor, iki ağız çağırıb özün yoxladı. İnandı ki, səsi yaxşı çıxır.. Fikirləşdi ki ərinməsəydi düşüb boxçasındakı dürməyi də götürüb elə burda yeyərdi, o vaxtkı kimi…Anasının səsi gəldi qulağına -a bala, yıxılarsan haaa, qarğa-quzğun quşdarı aparar, ayıq ol…qəhərsiləndi. Heç uşaq vaxtı evdə də, məktəbdə də heç kim qıyıb ona güldən ağır söz də deməmişdi, xətrinə dəyən olmamışdı, tərbiyəsinə, savadına baxıb hörmətin saxlamışdılar.-Can ay nənə, nə yaxşı ki oğlunun bu günün görmədin, yoxsa dözəmməzdin...
Birinci binanın qabağında ayaq saxladı. Çörək almağa gedib gələnlərin bir neçəsinə salam verdi, sabahınız xeyir,-dedi, cavab almayanda birdən yadına düşdü ki axı bura şəhərdi, tanış olmayan adama salam vermirlər burda.
Əvvəl bir neçə dəfə cəhd eləsə də səsi çıxmadı, yoxsa ona elə gəldi ki səsi çıxmır.-Xlor var, xlooor… yadına düşdü ki təmiz xlor deməyi unutdu, qonşusu diliynən tapşırsa da, xlora su qatmamışdı, necə var elə götürmüşdü, sifdəsinə haram qatmaq istəməmişdi...-Xlooor var, təmiz xlor…Görəsən çox yavaş demədim ki, eşidən oldumu? Heç pəncərədən baxan da yoxdu, yəqin eşidən olmadı. Birinci mərtəbədə işıq yandı, ürəyinə ümid qığılcımı gəldi, arxayın olmaq üçün bir dəfə də çağırdı -xlor alın, tərtəmiz xloooor… balkonun qapısı açıldı, şişman, qıllı kişiydi, lap o müdirinə oxşayırdı, əynində də xalat, fikirləşdi ki yəqin tələsdiyindən arvadınınkın geyib - əyə, gəl qapıya, qırımından qorxsa da, sevincək oldu, ürəyindən keçdi ki barı bir az çox ala, çətini birincisidi. Qapını özü açdı -gir içəri, gətir o əlindəkin, qolundan elə bərk yapışmışdı ki deyəsən bəs cani tutub, qaçasıdı, tualetin qapısın açdı :-tök bura hamısın, nə deyirəm elə, sənin oğraş…, səhərin şirin yuxusun da yatmağa qoymursuz, istədi ağzın açıb deyə ki vallah mən birinci dəfədi, sözü ağzında qaldı -qaldır, hamısın tök… qapının ağzındakı torbasına da bir təpik vurub bayıra itələdi, sizin… Bayaqki ağacın yanına nə vaxt gəlib çatdığından, qolun gövdəsinə dolayıb üz söykədiyindən xəbəri olmadı, için-için hıçqırtısı hönkürtüyə çevrilmişdi, bircə anası öləndə belə dilnən ağlamışdı: - ay aaaanaaa…
Məni Anamın yanına aparın haaaaa
-Ə, məni hara aparırsız?! Dizi əsdi, əli titrədi, az qalmışdı çiyni cənazədən üzülsün, elə bil yaxasından yapışıb qabağın kəsmişdi-sənə demədim məni anamın yanına apar…Yanınca addımlayan qaynına işarə elədi ki məni əvəz elə, özü qırağa çəkildi, dərindən nəfəs aldı, qorxusundan əsirdi. Xaloğlusu ona yaxınlaşdı- sənə nolub, gəl, camaat getdi, özündən xəbərin var? –Eşitdin səsin… -Yox, nə səs? -heeeç…Qəbristana girdilər, molla dua verdi. Qorxusundan cənazəyə tərəf baxa bilmirdi, meyidi qəbirə sallayanda səs onu yenə silkələdi-ə bəs sənə nə demişdim, niyə məni…dözə bilmədi, qəbristandan çıxdı, üç dəfə «bismillah» dedi. Torpağa tapşırıb geri qayıdırdılar, yanından çəkilməyən xaloğlusuna tərəf çöndü, özünə gəlmişdi -ama heç getmək istəmirdi, zorla apardıq, gərək elə dediyi kimi eliyəydik, aparaydıq anasının yanına.- Uşaqları qoymadı da, əsas da qızları, görmədin nə oyun çıxartdılar ki neçə ildi birin orda basdırmışıq, bir dəfə gedib heç başdaşına əl çəkə bilirik, onları da qınamalı deyil, çətin işdi.
… Yevlağın Aran qəsəbəsindəki çadırlarda olurdular, uşaqların hamısı bir-bir aradan çıxıb şəhərə getmişdi, heç birin qınamalı deyil, bura yaşanılası yer deyildi, düzün ortasında çöl-biyaban, bir inni-cinni yox, hər rayondan 15-20 ailənin adı var idi, yardım günləri gəlib xaricilərdən karobkaların alıb gedirdilər, daimi yaşayanlar ancaq yaşlı adamlar idi, onların da gedəsi yeri, burdan aparası adamlarıı yoxuydu. Ər-arvad onları da burda saxlayan anasının qəbriydi, burda rəhmətə getmişdi, yaxınlıqdakı kənd qəbiristanlığında dəfn eləmişdilər.
-Yadına düşür Elgizin toyu, iki çadırın arasın açıb mağar eləmişdilər, yeyib içib keflənmişdi, sən çadıra girən kimi dili açıldı, -əmoğlu, görürsən də «Sovet Azərbaycanı» sovxozunun direktoru Vaqif Abdullayev oğluna harda, kimlərnən toy eliyir... Ay onda da yaxşı ağlaşdıq ha, elə bil hamı dolmuş bulud idi, bir şimşəyə bənd imiş, neçə rayonun cavanı-ağsaqqalı bir-birinə qarışıb nətər ağlaşdılar...o vaxtı yadındadı kənddə Rövşənin toyunda raykom, icrakomun işçiləri, 7-8-i nətər vurmuşdularsə, leş qalmışdılar məhlədə, toy savılıb qurtarıb indi çıxıb gedə bilmirlər, uşaqlara təpindi ki, ə atın bunnarı UAZ-a, heyləcə yığıb göndərdik…Bir adamı qoymamışdı son günə qədər kənddən çıxa, ya bir şey çıxarda, özü də hamı kimi, elə deyirdi ki, camaatın yanında gözükölgəliyəm, o dünyada sallaşacaxlar yaxamdan, qoymadım bir adam heç olmasa yorğan-döşəyin çıxarda, dinənə deyirdi, ə erməni nə köpəyoğludu gəlib bizdən torpaq ala, bir də əsas buna görə heç şəhərə gəlib camaatın üzünə çıxa bilmirdi, günahkar bilirdi özün…
Sağalmaz xəstəliyə tutulduğun gec bilmişdilər, özünə demədilər. Güclə apardılar Bakıya, -həkimə göstərib qaytaracağıq, Mərdəkanda oğlu keçmiş pioner düşərgəsində iki otaq tutmuşdu, orda qalırdı. Bura birinci dəfə girəndə ürəyi dözməmişdi, -dağıl səni dünya, gör Vaqifin balaları harda qalır e…bay sənin əvrahın uçulsun erməni, o vaxtı kənddə ev tikdirəndə elə mən dedikcə -aya a dığa, yaxşı iş gör ha, bax! Qayıdırdıki- ara, a Vaqıp kirbə, arxayın ol, eli, vallah elə bil özümə tikirəm,..bu günü görüb deyirmiş e….
…Atası müharibədən qayıtmamışdı, bir anasıydı, bir də özü. Hər dəfə yeyib içəndən sonra deyirdi- əyə, yadınızdan çıxmasın ha, mənə əmim dədəlik eliyib. Dədə nə eləmədiydisə mənə əmim edib, cavan oğlan idi, gəldi anamnan məni çağırıb dedi ki, bax neçə ki sağam, çörəkdən korluğunuz olmayacaq, bir qardaşımın namusun qoruyasınız, bir də dədə-baba yurdumuzdan çıxmayasınız. Özü aşağı kəndə dayısıgilin yanına köçmüşdü. Yetim oğlan idi, bizim kənddə torpaq, əkin-biçin yeri yox idi, işləyirdi, həm özün saxlayırdı, həm bizi, görürdün gecəynən atın sürüb gəlirdi, elə bil bilirdi təhnədən çörəyimiz qurtarmaqdadı, un, düyü, qənd-çayımızı verib geciynən qayıdırdı geri. Məni oxutdu, diplom verdi, əlimi çörəyə çatdırdı, kolxoz sədri olanda da bir gözü üstümdəydi. Onun zəhmətin itirsəm, gözlərim kor olar…Elə son nəfəsinə qədər də əmisi yastığının üstündən uzaq getmədi. Hamının ürəyin dağladı getdi; əvvəl çox dirəndi ki qayıdıram çadıra, dura bilmirəm burda, hər dəfə bir bəhanəynən yayındırmışdılar, deyirdi -birdən ölüb eliyərəm, məni buralarda basdırarsınız haaa, anam tək qalar orda, sonra əlim yaxanızda qalar, qurtara bilməzsiniz əlimdən. Uşaqlar zarafata salıb söhbəti hansı səmtə yönəltmək istəsələr də, dediyin demişdi, baxın ha…
-Torpaq yaman güclü şeydi, görürdün elə yatıb yuxudan duran kimi gözün açıb çölə baxırdı, özünə gəlib «kənddə-evimizdəydim» deyib qəhərlənirdi, bilirdik ki, yuxuda görüb, amma heç düz iş olmadı, gərək aparaydıq anasının yanına, yetim oğlan idi, vətənə həsrət qalmışdı, gərək anasına həsrət qoymayaydıq, elə son nəfəsinə kimi-« anamın yanına»- dedi. Allah özü günahımızdan keçsin, onun da günahı biz dirilərin boynunda qaldı.
–Əsas da mənim boynumda, nəfəsi ağzından çıxana qədər-diliynən, gözləriynən-anamın yanına ha…,-dedi.
-Qaçqınlıq bax budu -nə bu dünyada rahat yaşıyıb ölə bilirsən, nə yatdığın torpaqda rahat yata bilirsən…
***
Bu hekayə 2008-ci ilin iyununda yekunu vurulan "Ədəbi Azadlıq" mükafatının qalibi olub; https://www.azadliq.org/a/2066442.html
Barışdılar
Qapı bu dəfə lap bərk döyüldü.
-Karsınız, görmürsüz, qapını sındırırlar, zalım oğlu lap bizim Allahverdi kimi döyür qapını.
-Səməd, bir gör kim gəlib ee!…Gələn ayaqlarına qurban olum, ay qağa!
Əvvəl üz-üzə durub bir-birinə baxdılar, gördüklərinin yuxu olmadığına inanıb səssiscə üz-üzə sıxılıb qucaqlaşdılar. İkisi də ağlayırdı, için-için, ancaq ikisi də çalışırdı ki bunu o biri görməsin.
-Qağa, nə yaman dəyişmisən.
-Heç özündən xəbərin yoxdu, sən niyə bu günə düşmüsən…qocalırıq, yaş öz işin görür.
Divanda yanaşı oturmuşdular. Əlləri bayaqdan yapışmışdı bir-birinə, day bir də ayrılası deyildi. Bu günü ikisi də ürəklərində çoxdan gözləyirdi, tək ikisi yox, çoxları.
… Doğma qardaş idilər. Elə ikisiydi, üçüncüləri yox idi, bir bacıları da olmuşdu, yeniyetməykən dünyadan köçmüşdü. Kasıbçılıqla böyümüş, oxuyub ev-eşık sahibi olmuşdular, böyüyü mühəndis, kiçiyi həkim idi. Bir həyətdə eyni boyda, eyni şəkildə iki ev tikmişdilər, sonra püşk atıb hərəsi birin götürmüşdü, heç aralarına çəpər də çəkməmişdilər. Əvvəl yemək-içməkləri də bir yerdə olurdu, bircə yatanda ayrılırdılar. Sonra...sonrasın heç özləri də bilmədi nə oldu, necə oldu. Amma, arvad-uşaq sonra ha fikirləşib bircə giley-güzarın izinə düşüblər ki, deyəsən torpaq üstə oldu ilk gileyləri; Allahverdi böyük oğlun evləndirmişdi, ona ev tikdirmək istəyirdi, Səmədə demişdi sən evin arxasından çəpərini 2-3 metr qabağa çək, Vahidə bir ev tikək. O da cavab vermişdi ki, bəs mənimki-Şahid də bu gün-sabah evlənəcək, mən də ona ev tikdirməliyəm axı, elə o vaxtdan aralarında sərinlik yaranmışdı. Arvad-uşaq öz işindəydi, bütün günü həmişəki kimi yenə mehriban, şad-xürrəm özləri üçün yaşayırdı, ancaq iki qardaşın arasında elə bil qaratikan kolu bitmişdi. Qəribə küsülülük idi onlarınkı.
Səmədin ayağı sınmışdı, qonşunun maşınına qoyub Bakıya aparmaq istəyəndə Allahverdi hirsindən az qala qonşunun maşınına od vura ki, onun qardaşı uşaqlarının başına daş düşüb, qırılıblar ki, sən aparırsan onu Bakıya.
Uşaqları böyümüşdü. Qızlarından ötrü onların, oğlanlarından ötrü özləri qapı açmalı olmuşdular. Bununkuların elçıliyində o, onunkularda bu qabağa düşüb sakit-səssiz ağsaqqallığın eləmişdi, xeyir-duasın vermişdi. Nəvələri vardı, görürdün bəridə ağlıyır, kiridə bilmirlər, vay o gündən ki evdə olaydılar, öz evindəkiləri qatıb qarışdırırdılar ki, eşitmirsiz uşaq özün orda öldürür. Heç özününkülər ağlayıb çatlayanda elə eləmirdilər.
Vahid danışırdı ki, bəs keçən il əmimin ağır xəbəri çıxmışdı, onun astması var axı kimsə görüb, dili qurumuş deyib, sən onun nə günə düşdüyün göreydin, maşın göynən uçur, bu deyir elə «sür»!.-A kişi, ölək deyirsən?-Cəhənnəmə ölək. Gəldik, məhləyə çatanda, gördük heç nə yox. Düşüb görüşməyə də qoymadı,-dönün geri. Pah, kişi nətər olmuşdu, ömrü boyu sən fikirləşərdin ki, dədəmin gözündən yaş çıxa, kişi elə bil ölmüşdü, sonra dirildi. Yenə dilləndim ki, vallah sonra gec olacaq, 30 il də küsülü qalmaq olar, nemesnən urus da barışdı, day sizin də barışmaq vaxtınızdı, görürsən, olmadı elə, oldu belə, el içində biabır olasıydıq, elə o vaxtdan gördüm day dözə bilmir.
Qaçqın düşəndən Allahverdi Saatlıda yaşayan bacanağıgilə düşmüşdü. Səməd eşidir ki, vəziyyəti ağırdı. Durub Sumqayıtdan bir maşın tutub sürdürür ora, həkimin tapır, özünün də bir həkim tələbə yoldaşın qoşur ona, aparıb evi göstərib bərk-bərk də tapşırır ki, mənim gəldiyimdən xəbəri olmasın, yaxşı yoxla, vəziyyətin mənə doğru-düzgün de, baxır, kardiaqrammasın, analizlərin götürüb bir yerdə oturub yoxlayırlar, müalicə yazırlar, dava-dərman nə lazımsa alıb tapıb verir, qayıdıb gəlir, heç kəsə də hara getdiyin demir. Səhəri gün qardaşı uşaqların şəhərdə yaş yuyub quru sərir ki, sizin qeyrətiniz nətər qəbul eliyir özünüz rahat oturmusuz burda, ata-ananız qalıb orda. Yarıxoş, yarızor köçürdüb gətirdirlər Bakıya. Əlqərəz, bunların küsülülüyü bir özgə aləm idi.
…Bu xəbəri mənə Mingəçevirdə olanda Şahid verdi, özü də bir hay-küynən ki;- bəs sən bu xəbərdən niyə xəbərsiz qalmısan, televizor, radio hamısı bundan danışır. -Ayə nolub? Telefonda üyüdüb tökür -Əvvəl qulağıma inanmadım, nətər tələsik gəlmişəmsə mağazanın da qapısın bağlamamışam, gəldim ki çıxıblar. Gedəndə də deyib ki, gecə iki qardaş bu dəmir karavatın üstündə yatacağıq, eşitmisən də bunlar evlənənə qədər bir yorğanın altında yatarmışlar, yəqin o vədəki vaxtları yadlarına düşüb, zalım uşağı bilmirdiniz heylə mehribançılığın axırı 30 illik küsülülüyə gətirib çıxardacaqdı.
–Ayə, bəs indi hardadılar ?
-Bizim Qubadlıda qonşumuz var idi, Mehdi kişi, ölüb, allah rəhmət eləsin, səbəbkar deyəsən elə o olub, indi gediblər ora, dedim yox e gözlərimlə görməsəm inanmaram, gedəm görəm nə, yazıq kişininn meyidi qalıb ortada millət yığılıb bu iki qardaşın başına, heç əlləri bir-birindən qopmamışdı hələ, göz aydınlığı verən kim, təbrik eliyən kim, gördüm ki dürüst xəbərdi, döndüm bazara bir saz erkək alıb gətirib bağlamışam qapının ağzına, onların ayaqlarının altında qurban kəsəcəm, kababçı da bütün həməssalahıynan mil dayanıb eşikdə. Heyf, qonşu rəhmətə getməsəydi, Bəybala dayını da zurnaçı dəstəsiynən çağıracaydım, dost-tanış bir ucdan gözaydınlığına gəlir e… Özün bil, bu tarixi günün iştirakçısı olmaq istəyirsənsə, özünü yetir.
Amma doğrudan yaman xəbər oldu bu, elə mən də ikisindən də yanıqlıydım. Çünki bir neçə dəfə də mən cəhd eləmişdim onları barışdırım. Cavabımı alıb oturmuşdum yerimdə, əlimi üzmüşdüm onların bu dünyada barışmağından.
-Onların barışmağından ötrü qaçqın düşməyə dəyərmiş, mən ölüm, bunu qələmə almasan, inciyərəm səndən,- Şahid dedi.
…Üstündən az keçmişdi. Səməd həkim səhər tezdən iş otağındaca keçinmişdi. Evdən şad-xürrəm çıxıb, 2 xəstəyə baxıb, dava-dərman yazıb, 3-cü içəri girəndə görüb əli ürəyinin üstündə başın söykəyib stola.
Uşaqları, qohum-əqrəbanı ən çox ağrıdan, yandıran bir də Şahidin:-“Dədəm idi, dostum, qardaşım, sirdaşım idi”- deyib hönkürməsiydi, bir də Allahverdinin üzün torpağa sıxıb “qaqam, mənim qaqam”-deyib əzizləməsi, “yol mənim idi, günahlarımın cəzasın çəkəcəm ölüncən”-deyib için-için uçunmasıydı...
“Ulduz” jurnalı, 5\2006
https://www.azadliq.org/a/2289173.html
“Qubadlısız 16 il” kitabından