İyunun 11-də Qərbi Azərbaycan İcmasında (QAİ) tarix üzrə elmlər doktoru Vasif Qafarovun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib.
zengezur.com xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və başqa natiqlər kitabın elmi-tarixi məziyyətləri barədə danışıblar, kitabın müəllifinin Cümhuriyyət dövrü və XX əsrin 20-ci illərinin ən layiqli tədqiqatçılarından biri olduğu vurğulanıb.
Vasif Qafarov qeyd edib ki, nəşrdə Batum konfransında (11 may - 4 iyun 1918-ci il) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr və qəbul edilən qərarlar dövrün ilkin arxiv sənədləri əsasında detallı şəkildə araşdırılıb və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətlər üzə çıxarılıb. Kitabda faktlarla sübuta yetirilir ki, İrəvan şəhəri də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verilib.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər, yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. İştirakçılara kitabın nüxələri paylanıb.