Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtı çatıb.
zengezur.com Qlobalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin müavini Ceyms Obrayen “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.
O bildirib ki, İrəvan və Bakı yeni tələblər irəli sürmək praktikasına son qoymalıdır:
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtıdır. Niyə indi vaxtdır? Orta Asiyadan Aralıq dənizinə ticarət yolu qurmaq üçün indi fürsət yaranıb – bu fürsət nəsildə bir dəfə ələ düşür. Bu, o zaman baş verə bilər ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Və bu, təkcə əsas ticarəti deyil, həm də yol boyu yeni istehsalı açacaq.
Bu, indi baş verə bilər. Ola bilsin ki, bir neçə ildən sonra bu, o qədər də vacib olmayacaq – necə ki, bir neçə il əvvəl bu, mümkün deyildi. İndi əla vaxtdır, çünki bu yolda olan ölkələr Rusiyanın təsirini azaltmaq istəyirlər. Ermənistanın demokratik öhdəliyi, erməni xalqının 2018-ci ildən dəstəklədiyi islahatlar isə o deməkdir ki, Ermənistan bu qərarı verə biləcək məqamdadır.
Hər iki tərəf sülhə sadiqdir və ABŞ onların yaxın həftələr və ya aylar ərzində razılığa gələ biləcəklərini gözləyir. Biz hər iki tərəfdə çətin sövdələşmələr, eləcə də razılığa gəlmək üçün bəzi maraqlı taktiki manevrlər görürük. Bu son delimitasiya razılaşması müəyyən bir kompromis idi. Ermənistan onlardan (kəndlərdən) imtina etməli olduğunu bilirdi və Azərbaycan Ermənistanın qəbul edəcəyini bildikləri demarkasiya xəttinə razılaşdı. Söhbət Almatı Bəyannaməsindən gedir. Beləliklə, hər bir tərəf kompromis əldə etdi. Düşünürəm ki, nə vaxtsa yeni tələblər irəli sürmək və sonra daha çox danışıqlar aparmaq tərzi dayandırılmalıdır. Düşünürəm ki, biz uğurlu razılaşmanın təxmini konturunu artıq bilirik.
İndi problem tərəflərin razılığa gəlməyin əsl vaxtı olduğunu başa düşməsidir”.
Qeyd edək ki, C.Obrayen 10 iyunda İrəvana 3 günlük səfərə gəlib.