İyunun 14-də Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra ilk dəfə "Son zəng" çalınıb, musiqili-ədəbi tədbir keçirilib. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov əziz gün münasibətilə müəllim, şagird, valideynləri təbrik edib. Cəbrayılın Cocuq Mərcanlı, Zəngilanın Ağalı kənd orta məktəblərində də "Son zəng" şənlikləri keçirilib.
İdarədən zengezur.com saytına verilən məlumatda həmçinin qeyd edilib ki, 2023-2024-cü tədris ilində Təhsil İdarəsi üzrə 4029 nəfər XI sinfi, 5419 nəfər IX sinfi, 3805 nəfər I sinfi başa vurur. 2423 uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub. Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində 54123 nəfər şagird təhsil alıb.
Xüsusilə qürurvericidir ki, bu gün son zəng artıq işğaldan azad olunmuş Şərqi Zəngəzur regionunda fəaliyyətini bərpa edən məktəblərdə də çalınır.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi dərs ilinin başa çatması münasibətilə Zəngəzur elimizin elm və təhsil verən və bilik alan şagird, müəllimlərini, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin kollektivini təbrik edir, uğurlar diləyir.