Bənzərsiz istedad, əsl kişi qeyrətli, milli düşüncəli, vətənsevər şair idi Eldar Baxış, dünyaya gəldiyi gün 22 iyun, əbədiyyətə qovuşduğu gün 22 may, cismani ömrü 49 il, şeirlərində isə əbədi yaşayacaq...
“Mən doğulduğum yerdə ölmək istəyən adamam. Ömrümdə istəməzdim ki, məni Metenin, Atillanın, yaxud Məhəmməd Peyğəmbərin yanında dəfn eləsinlər. Mənim dəfn olunmaq istədiyim bircə yer var -Qubadlı, Diləli Müşkanlı kəndi. Vəssalam... Mən ölmək istədiyim yerdə rus soldatı ilə erməni soldatı əyləşib araq içir... Bundan o yana dərd varmı?!
... İndi şumlayır mənim evimi-eşiyimi Mesropun donuzları, erməni çoşqaları, bu saat turp əkirlər gül əkdiyim yerlərə.
... Sabah yıxılıb ölsəm, sabah desəm dostlara, məni orda basdırın, necə basdıracaqlar ?
İnsaflı şair idi - “Xırdalan Qubadlıya oxşayır. Məni orda dəfn edərsiniz” -dedi.
Ölümü ona ayan olsa da, həyatdan əllərini üzmək istəmirdi:
Haqq yolunda döyüşdə
ölmək istəyirdim mən
amma yorğan-döşəkdə
öləcəyəm, işə bax!..
Eldar Baxış doğulduğu torpağın havasının təmizliyini, suyunun saflığını, qəlbi dağlarının vüqarını, sıldırım qayalarının qürurunu, dərələrinin genişliyini, çaylarının axar gur səsini gətirmişdi Azərbaycan poeziyasına. İlk şeirləri ilə ədəbiyyatımıza təzə səs, yeni nəfəs, bənzərsiz forma, məzmun çaları gətirmişdi. ”Dərəsi - dərə deyil, 100000 ölçülü qaloşdu, dağı-dağ deyil, papaqdı, bu torpaq ki var ayağımızın altında bu torpaq zor torpaqdı...biz heç, biz adamıq,- məni o yandırır ki, bu torpaq iti də, pişiyi də mindirib boynuna. Allahın iti, Allahın pişiyi iki yox, dörd ayağını dirəyib bir başmağa, bu torpağın üstündə yeməyə, gəzməyə, yaşamağa”, “Gəlim-gəlim gələsi, ələ düşməz beləsi, gözlərinin giləsi muncuğundan iridi”, ”Xallandı gül butasında, Nər qarnında, qartasında, bir şairi öldürdülər, bir ölkənin ortasında, ölkə bilmədi-bilmədi”...
Eldarı sevdirib seçdirən, dost-düşmən qazandıran, çoxlarından fərqləndirən onun təbiətən əsil mənada Azad insan olması idi. Düşündüyünü mərdi-mərdana deməsi, cəsarəti, haqqın-ədalətin fədakar müdafiəçisi olmasıydı. Çoxlarından çox-çox əvvəl sovet bolşevik-kommunist rejiminin ən qatı əleyhdarı idi. Tanrıdan başqa heç kəsin qarşısında əyilməyi xəyalına belə gətirməzdi. Sovet dövründə onu partiyaya keçirə bilməmişdilər. Milli-azadlıq hərəkatının ilk öncüllərindən olmuşdu. Özünün də tərəfdarı olduğu qüvvələr hakimiyyətə gələndə isə onların yarıtmaz fəaliyyətinin əsas tənqidçilərindən olmuşdu.
Məni öz yolumdan döndərə bilməz,
Beş adam, on adam, yüz adam, canım.
Uçan bulud kimi, axan su kimi
Əsən külək kimi azadam, canım.
Zori Balayanın “Ocaq” kitabına ilk sərrast şapalağı Eldar vurmuşdu. 80-ci illərdən dillər əzbəri olan, xalqa ruh, mübariz ovqat verən bu şeir hər yerdə oxunurdu.
... “Bala” da bizimdi, “Zor” da bizimdi
Baxıram eləcə zoğallayırsan
Keşiş zurna çalır, sən də keşişin
Qara zurnasını sığallayırsan.
Çox böyük ictimai-siyasi, mənəvi tutumlu bu şeir xalqın oyanmasında, bizi gözləyən bəlaların qarşısını vaxtında almaq üçün ciddi həyəcan siqnalı idi... Kim idi eşidən, buyruq qulları, vəzifə hərisləri, siyasət dəllalları hərəsi öz işindəydi.
Çoxlarının düşünməyə, dilinə gətirməyə cəsarət etmədiyi bir dövrdə Eldar yazırdı:
Düşmən gəmiləri bilməm nə gəzir
Xəzər dənizinin sahillərində?
Qubadlıdan çıxandan sonra qubadlıların ən ağır itkisi Eldar Baxış olub. Bizim Saray kəndi ilə Eldargilin Müşkanlısı bitişik idi, əslində elə məktəbi, kolxozu, dükanı bir olan, əkini-biçini bir-birinə qarışmış 90 evli bir kəndə dönmüşdü. Xeyir-şərdən qalmazdı, bir ayağı kənddəydi. Atasını öz yaşında cavan itirmişdi, sonra oğlu Anday on yaşında dünyadan getmişdi. Bu sətirləri yazdığım anda Andayın (böyük türk şairi-mübariz insanın adıdır) dəfnində Eldarın oğlunun cənazəsi ilə yanaşı lay divar təki addımlaması gözüm önünə gəlir. Boyu-buxunu, oturuşu-duruşu, əl-ayağının ölçüsü, ağayana danışığı ilə ilk baxışda uzlaşmaz kimi görsənən təvazökarlığı, səmimiliyi Eldarın şairliyinə də bir orijinal, bənzərsiz əzəmət verirdi. Bakıda, rayonda tez-tez görüşürdük, çox şey öyrənmişəm ondan, Eldar örnək idi. İlk kitabı çıxanda (“İydə çiçəyi”) ona rayon qəzetində birinci resenziyanı mən yazmışdım. Nə qədər xoşhal, razı qalmışdı. Dava başlanandan tez-tez gəlirdi, özüynən adlı-sanlı adamlar, çəkiliş qrupları gətirərdi, ön cəbhədə, səngərlərdə əsgərlərlə həmsöhbət olardı, onları həvəsləndirərdi. Çox təəssübkeş, qeyrətli insan idi. 80-ci illərdə onun baş redaktoru olduğu “Səs” qəzeti ən çox oxunan mətbuat nümunələrindən idi. Radioda baş redaktoru olduğu uşaq verilişləri redaksiyasının proqramlarını böyüklər də maraqla dinləyər, çox şey öyrənərdilər.
Eldar sözün-sözünün qədir-qiymətini, namus-ismətini gözləyən, şərəflə qoruyan şair nümunəsiydi. Onda boğazdan yuxarı haqsız deyilmiş söz yoxdu. “Mən poeziyadan çəkdiyimi heç nədən çəkmirəm, mən şer yazmıram, and olsun o bir Allaha, səmimi deyirəm bunu, mən öz rahatlığım üçün yazıram, canımı qurtarıram şeirdən, şeir məni qoymur yaşamağa...”
Özü sözündə olan, sözündə apaçıq görünən şairdi Eldar.
...Sındırdılar sözü, əydilər sözü
Atdılar bir yana hər qırğını
Ütük yazıçılar, sürtük şairlər
Çıxartdılar sözün cıbırığını.
Eldar bu xalqla, bu millətlə əkiz doğulan dərdlərin, “ölüsü ilə ərəbcə, dirisi ilə rusca danışan” qövmün şairiydi.
...Bir dərdimiz, bir sərimiz bizimdi,
Yerdə qalan hər şeyimiz özgənin.
...Bu yurdun qızılı, gümüşü də var
Altına sərməyə palazı yoxdur.
...Bu boyda adam içində
dərd deməyə adam yoxdu
Bunu da Eldarın vəsiyyəti saymaq olar-dərdlərimizin çarəsi özümüzdədi.
Əzilsək, bir yerdə əzilməliyik
Düzülsək, bir yerdə düzülməliyik
Eldar, biz özümüz düzəlməliyik
Onsuz da bu dünya düzələn deyil...
Sözardı: 28 illik ayrılıqdan sonra Qubadlıya gedəndə ilk axtardığımdan biri Anday Eldar oğlunun Müskanlıdakı məzarı olmuşdu...
Hacı Nərimanoğlu, “Qubadlısız 16 il” (2009) kitabından