Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur.
Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943–1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).
1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir. 1996-cı il iyulun 9-da vəfat etmişdir.
Cəlal Bərgüşad olduqca vətənsevər, doğulduğu yurda bağlı qeyrətli, milli düşüncəli, sözünü düz, mərdanə, sərrast deyən yazıçı-jurnalist idi. Ona görə özünə xeyli əleyhdar qazanmışdı. Torpaqlarımızın işğal edildiyi ilk günlərdən qələmini silaha çevirib sözünü qətiyyətlə deyirdi, bir ayağı Qubadlı, Laçın, Zəngilanda...idi, əsgərlərlə görüşürdü, xalqın döyüş ruhunu diri saxlamaq üçün bütün gücünü sərf edirdi, ancaq bu işğal onu için-için üzürdü. "Siyrilmiş qılınc" romanına Ön sözündə akademik Ziya Bünyadov bu əsəri ədəbiyyatımızın ən dəyərli tarixi romanlarından biri sayırdı. Təəssüf ki, Cəlal Bərgüşad yazıçı, jurnalist istedadı, əməyi ilə layiq olduğu qiyməti almayan yazıçılarımızdan olub.
Kitabları:
Bozatın belində. Bakı: Uşaqgəncnəşr, 1958, 400 səh.
Gələcəyi yaradanlar (oçerklər). Bakı: Azərnəşr, 1961, 78 səh.
Təzə gəlin (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.
Toydan sonra (hekayələr). Bakı: Azərnəşr, 1964, 128 səh.
Bozatın belində (tarixi roman). Bakı: Gənclik, 1970, 408 səh.
Dərilməmiş salxımlar (hekayələr). Bakı: Gənclik, 1974, 131 səh.
Sıyrılmış qılınc (tarixi roman)[1]. Bakı: Gənclik, 1981, 375 səh.
Şərq çiçəyi. Bakı: Gənclik, 1985, 235 səh.
Bozatın belində. Bakı: Gənclik, 1988, 430 səh.
***
Haqqında ömür yoluna güzgü tutan iki hissəli sənədli film çəkilib:
https://www.youtube.com/watch?v=tcANJVCYPuA\
https://www.youtube.com/watch?v=alkIk-4BxwI
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi istedadlı yazıçı, jurnalist, vətənsevər insan Cəlal Bərgüşadın əziz xatirəsini hörmətlə yad edir, bütün qəlbi ilə bağlı olduğu Qubadlıda xatirəsinin əbədiləşəcəyinə inanırıq.
Hacı Nərimanoğlu