Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu iyunun 25-də başa çatıb.
Forum iştirakçıları Qubadlıdakı sərhəd qoşunlarının hərbi hissəsində Silahlı Qüvvələr Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirib, Laçın şəhərini gəzib, Zəngilan məscidini ziyarət ediblər. QHT mənsubları Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının müşayiəti ilə Şərqi Zəngəzur ellərində dövlətimizin quruculuq və böyük qayıdış proqramlarının icrası çərçivəsində aparılan genişmiqyaslı işlərlə əyani tanış olublar.
zengezur.com xəbər verir ki, iyunun 24-də işə başlayan və ictimai birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun sonunda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” qəbul edilib.
Maraqlı müzakirələr, unudulmaz görüşlərlə yadda qalan tədbirin sonunda bədii hissə təqdim olunub.