(bu yazı 25 iyun 2024-cü ildə modern.az saytında yayılan “Zəngilan” sözü necə yaranıb?” adlı məqalə ilə bağlıdır)
"Zəngəzur" və “Zəngilan" toponimləri eyni kökdəndir. Zəngi oğuz türklərinin ən geniş yayılan güclü tayfalarından biridir; Mosul, Kərkük, Suriya, Özbəkistan, Türkmənistandan başlamış, Qərbi Azərbaycan, Arazın o tay bu tayında zəngi adına bağlı 60-dan çox yer adı var; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, Zəngilli, Zəngi çayı və b. Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov, Əbdülqazinin və b. əsərlərində, habelə bir çox digər yazılı mənbələrdə «zəngi» etnoniminin adı çəkilir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub. 1127-1250-ci illərdə Mosul, Dəməşq, Hələbi də əhatə edən Zəngi dövləti mövcud olub. Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur (sunqur-şahin, qartal cinsindən quş adıdır) ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Zəngi soyunun əhali arasında geniş dayağı olub. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. İraq valiliyinə təyin olunan İmadəddin Zəngi, 1127-ci ildə Mosul, 1128-ci ildə Hələb və sonra da Suriya şəhərlərini ələ keçirib. İmadəddin Zəngi siyasi bacarığı ilə və Səliblərə qarşı nailiyyətli mübarizəsilə, Mesopotamiyanı və Surıyanın böyük bir hissəsini hakimiyyətinə daxil edib. İmaməddin Zənginin oğlu Nurəddin Mahmud Zəngi Suriyada fəth işlərini başladaraq 1154-cü ildə Dəməşqi ələ keçirib. Nurəddinin qardaşı Seyfəddin isə 1146–1149-cu illər arasında Mesopotamiyanı fəth edib. Seyfəddin Zəngi xanədanın Mosul bölgəsini təşkil edib və 1146–1262-ci illər arasında hakimiyyətdə olub. Zəngi idarəsini zirvəyə çıxaran şəxs isə Nurəddindir. O, hakimiyət sahəsini Fatimi Dövləti idarəsindəki Misirə qədər genişlədib və ailənin bütün tayfalarını hakimiyyətinə daxil edib. Nurəddinin oğlu İsmayil 1174-cü ildə Zəngilərin xidmətində güclənən Səlahəddin Əyyubi yə məğlub olub. Zəngi xanədanının Sincar qolu 1220-ci ildə, Cəzirə qolu 1250-ci ildə Əyyubilər Dövləti və Mosul qolu isə 1262-ci ildə Elxanlılar dövləti tərəfindən aradan qaldırılıb.
Türk qardaşlarımızın ekranlara çıxan “Kudüs Fatihi Selahaddin Eyyubi” serialında Zəngilərin adı tez-tez çəkilir (bizim də bacanaqlar, baldızlar, xala-bibilər...səviyyəsindən qurtulub Şah İsmayıl Xətai, Nadir şah, Sultan bəy, Şuşa fatehləri...haqqında abırlı filmlər çəkən vaxtımız olacaqmı?!).
Zəngəzur"da ikinci leksem ərəbcə «sur» dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir (dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib – H.A.). Bu ad ərazinin relyefini düzgün səciyyələndirir – yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların da bir çoxunda sur-zur-zor daşlaşıb qalıb. “Zəngilan"da "an" həm türk, həm ərəb dillərində lar/lər şəkilçisini bildirir, yaxud bu cür; zəngilərin yaşadığı alan-yəni ərazi (Anadolu və Qafqaz türklərində bu söz ümumişlək sözdür; hava alanı və s.). Bu çox aydın və əsaslı etimoloji izahdır. Ona görə də «Этимология названия «Зангезур» неясна» https://dic.academic.ru/dic.nsf/ruwiki/638911 kimi fikirlərin əsası yoxdur.
Bu haqda biz kitab və məqalələrimizdə dəfələrlə yazmışıq: “Zəngəzur: köç, deportasiya, işğal tarixi” (2018), “Zəngəzur: 100 sual, 100 cavab” (2019) və sair: zengezur.com saytının Kitablar bölümü
Hacı Nərimanoğlu, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru