Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev 200-dək QHT təmsilçisinin iştirakı ilə "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun iyunun 24-də Zəngilan Konqres Mərkəzində işə başlayan açılışında qonaqları salamlayaraq Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, azad edilmiş ərazilərdə QHT-lərin forumunun ilk dəfə Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.
zengezur.com xəbər verir ki, Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib: “2022-2026-cı illəri əhatə edən dövlət proqramına əsasən, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük yaşayış kompleksi tikilir. İki aydan sonra kompleksin bir hissəsi təhvil veriləcək. Həmin kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Bu il 712 ailənin köçürülməsi planlaşdırılır".