Tarixə ekskurs. Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın (1693-1763) Şuşa qalasını tikdirməsini tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası Mirzə Camal Cavanşir Qarabaği (1773-1853) “Qarabağ tarixi” əsərində (EA Tarix İnstitutu-1959, səh.19-20) Şuşanın salınmasını belə təsvir edir: “Hökumət işlərini bir an belə unutmayan mərhum Pənah xanın işgüzar və bacarıqlı adamları, xanın əmrinə görə məsləhət üçün yığışıb dedilər: "Mərhum Nadir şah vəfat etdikdən sonra bizimlə Əliqulu xan və Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və dostluq əlaqəsi davam etməkdə idi. İndi, çox mümkündür ki, belə bir münasibət və dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən xan arasında olmasın. Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır. (Belə bir vəziyyətdə) Qarabağın elləri, adlı-sanlı adamları Qızılbaş qoşununun ayağı altında paymal olar, biz isə Şahbulağı qalasında elə bir qüvvətli düşmənin və ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlükdə qırılarıq. Ona görə də işin əlacım qabaqdan görmək lazımdır. Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir". Bu məsləhəti həmişə xeyirxahlıq göstərən Məlik Şahnəzər bəyə söylədilər və onun məsləhəti və bələdçiliyi ilə Şuşa qalasını tikmək qərarına gəldilər. Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladı. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə, güman gələn yerlərdə quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. (Xan) sevinərək, bir neçə nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu. İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754-cü ildə (Hicri 1170-ci il miladi 1756-1757-ci ilə bərabərdir) Şahbulağı qalasının sakinləri olan bütün rəiyyətləri - əyanın, məliklərin, mülazimlərin, ellərin və bir para kəndlərin kətxudalarının ailələrini köçürüb, bu qalanın içində yerləşdirdi. O vaxta qədər burada yaşayış evləri yox idi. Bura, şərq tərəfdə, qalanın altı verstliyində yaşayan Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi.
Xalqı yerləşdirib hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra mahir ustalar, ağıllı işgüzar adamlarla qalanın hasarını çəkdirdi. Mərhum Pənah xanın tikdirdiyi hasar indi xarab olmuşdur. Yalnız bəzi yerlərdə divarların qalıqları görünür. Qalanın tikilişindən bir il keçdikdən sonra Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunu ilə Şuşa qalasını almaq və mərhum Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın dörd ağaclığında çadırlar qurdular. Mərhum Pənah xanı tabe etmək və beləliklə, Şuşa qalasını ələ keçirmək üçün çox düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin bu qədər çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi. Əksinə, Qarabağın qoçaq əhalisi Məhəmmədhəsən xan ordusunun at-qatırını və başqa mal-qarasını istər açıq, istərsə də gizli surətdə qarət edərək, onun qoşununa çoxlu ziyan vurdu.”
Qarabağ xanlığı 1747-ci ildə yaranıb, Müdrik hökmdar Pənahəli xan daim qonşuların hücumuna məruz qalan torpaqlarının, əhalisinin və ailəsinin müdafiəsi üçün 1752-ci ildə Şuşa qalasının inşasına başladı. 5.5 min kv.km sahəsi olan, 3 tərəfdən təbii istehkam, sıldırım qayalıqlarla əhatə olunan Şuşa öz qurucusunun şərəfinə həm də Pənahabad və Qala adlanıb. Burada “Pənahabadi” adlanan gümüş sikkə zərb edilib. Pənahəli xanın özünə, ailəsinə, yaxın əqrəbasına yay iqamətgahı kimi tikdirdiyi Şuşa qalasının ardınca da Şuşa dağının ətəyində yerləşən mənzərəli "Xanbağı"nda ailəsi ilə soyuq payız-qış aylarını keçirmək üçün kənd - iqamətgah da tikdirib. Xan ətrafında sülənən, əl-ayağını yalayan kiçik bir şeytan xislətli qövmün illər keçdikcə işğalçı çar Rusiyasının fitnə-fəsadları ilə Şuşa, Xankəndinin, ailəsinin və külli-Qarabağın başına nələr gələcəyini, nə bəlalar çəkəcəyini xəyalına da gətirməyib.
Qarabağın ikinci hakimi İbrahimxəlil xanın (1721—1806) dövründə qalanın ətrafına güclü müdafiə səddi çəkilib, çoxsaylı sənətkarlıq, dəmirçilik, silah qayırma məhəllələri yaranıb. Şuşalı tacirlərin düzəltdikləri əşyalar, silahlar yaxın-uzaq ölkələrdə məşhur idi. Şuşa şəhərinin gerbində Kaspi - Xəzər ətrafı vilayətlərin əksəriyyətində olduğu kimi, yerdən çıxıb alovlanan təbii yanar qaz dilimləri, güc-qüvvət rəmzi olan pələng, yaşıl vadidə məğrur dayanmış Qarabağ atı təsvir olunmuşdu. Şuşadakı 17 məhəllənin hamısı da təmiz azərbaycanlı, türk-müsəlman adlarıdır. Hər məhəllədə tarixi türk-azərbaycan hamamı, məscid və bulaqlar var idi. 1823-cü ildən Şuşa Qarabağ xanlığının əsas, ən mühüm mədəni mərkəzlərindən birinə çevrilirdi. 1830-cu ildə əhali siyahıya alınmasına görə, arxivlərdə qalan rus mənbələrinə əsasən, Şuşada 56 bəy ailəsi olub, ermənilərdən heç kim yoxdur
1805-ci il mayın 14-də imzalanmış Kürəkçay müqaviləs ilə Şuşa Qarabağ xanlığının tərkibində çar Rusiyasının tabeliyinə keçib. Şuşada XIX əsrin əvvəlində cəmisi 162 ailə- təqribən 2 min nəfər yaşayırdı. Onların 1800-ə qədəri müsəlman türk - azərbaycanlılar, qalanı xristian dinini qoruyub saxlamış albanlar idi. Xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu türk-azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Ancaq Qarabağa, Şuşaya da Rusiyanın müstəmləkə siyasətinə uyğun olaraq, Anadolu və İrandan ermənilərin, Rusiyadan malakanların köçürülməsinə başlanmışdı.
Şuşa-mədəniyyət beşiyi idi. Azərbaycanda maarifçiliyin yayılmasında, mədəniyyətin tərəqqisində Şuşanın xüsusi yeri, əhəmiyyətli rolu olub. 1830-cu ildə açılan Şuşa qəza məktəbi, 1874-cü ildə yaradılmış Şuşa şəhər məktəbi Azərbaycanda və Cənubi Qafqazda ilk şəhər məktəblərindən biri idi. Üçsinifli, 1878-ci ildən isə dörd sinifli Şuşa qəza məktəbində türk-ana dili, tarix, rus dili və fransız dilinin tədrisi üstünlük təşkil edirdi. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, çar Rusiyası ərazisində dövrünün ən çox şagird kontingenti olan yeni tipli məktəb idi. Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-dan şagirdlər dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar. Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilmişdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu. 1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada peşəkar musiqi hazırlığı olan musiqiçilər nəslinin yetişməsində rolu, əhəmiyyətli misilsiz idi. Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi (yəni müasir texniki peşə məktəbi) də yer aldı. Həm təhsilin, həm də peşə öyrədilməsinə ehtiyacı təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edilmişdi. Şuşa şəhər məktəbi təhsilin keyfiyyətinə görə məşhur idi. Şuşalıların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli realnı məktəbin əsası qoyuldu. Şuşa məktəbi eyni vaxtda açılan Bakı, Tiflis, Gəncə real məktəblərindən daha nümunəvi idi. Ona görə Qafqazın maarif naziri hörmətli qonaqları çox zaman buraya göndərirdi. 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gəlmiş, tədris proqramından, uşaqların dərsə davamiyyətindən, bilik səviyyəsindən çox razı qalmışdılar. Şuşa məktəbində ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi uşaqları əxlaqlı yetişdirmək qüdrətinə malik idi. Bunu Şuşa realnı məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi "Bizim orta məktəblərdə ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsdə, söhbətlərin aparılmasında əsas silahdır" başlıqlı məqaləsi bir daha təsdiq edir.
1850-ci illərdən fəaliyyətə başlayan ədəbi-musiqili məclislər "Nəvvabın məclisi", "Muğam məktəbi", “Məclisi-fəramuşan”, "Məclisi-üns"də toplaşan Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Hacı Abbas Agah, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər, Xarrat Qulu, Kor Xəlifə, Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Sadıqcan həmin məktəblərin daimi qonaqları idilər. Şuşada heç zaman bəzi digər bölgələrimizdə olduğu kimi, ifrat dindarlıq, dini fanatizm olmayıb, Şuşa camaatı gözüaçıq, elmə, maarifə, dünyəviliyə bağlı olub. Hətta, şəhərin ən mötəbər din xadimləri də, Molla İbrahim və digərləri dini yox, daha çox dünyəvi təhsil məktəblərinə yardım edirdi. 1905, 1918-20-ci illərdə ermənilər şəhəri yandırıb dağıdarkən ilk bərpa, təmir olunub əvvəlki həyatına qaytarılan məhz dini abidələr yox, Şuşa məktəbləri olub. 1848-ci ildən başlayaraq mütərəqqi rus, gürcü teatrlarının təsiri ilə Şuşa ziyalıları teatr tamaşaları hazırlayıb nümayiş etdirib. 1897-ci ilin fevralında Mir Möhsün Nəvvab Şuşada ilk şəhər kitabxanası yaratmış, bu ilk kitabxana-qiraətxananı ümumşəhər savadlanma mərkəzinə çevirmişdi. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamış, bu daş mətbəəsində Şuşa şairlərinin şerləri çap edilmişdi. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin - "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın gənc müəllimləri - həvəskar artistləri 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin, 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşasını göstərmiş, əldə etdikləri 500 manat pulu son qəpiyinəcən bu məktəblərə vermişdilər. 1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşanın Qafqazın musiqi mərkəzinə, "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası"na çevrilməsi, Şuşa xanəndələrinin 1912-ci ildə Polşanın Varşava şəhərində və digər Avropa ölkələrinə dəvət edilməsi, səslərinin yazılması, tarixi konsertləri, ardınca məhz Şuşa musiqi məktəbinin dahi yetirməsi Üzeyirbəy Hacıbəylinin Şərqin ilk opera, teatr, balet, simfonik muğam, orkestrini yaratması, professional musiqi təhsilinin bünövrəsini qoyması, Şuşada pedaqoji kursun, ardınca Şuşa Pedaqoji Texnikumunun açılıb fəaliyyət göstərməsi (bu kursları 1, 2 ilə bitirənlər şura hökumətinin gəlişindən sonra Qarabağ, Gəncə bölgəsində savadsızlığın ləğvində, yeni cəmiyyət quruculuğunda müstəsna rol oynayıb), 1930-cu ildə Şuşada ilk musiqi, mədəni-maarif texnikumunun, uşaq musiqi məktəbinin açılması, 1989-1991-ci illərdə Cıdır düzündə "Xarıbülbül" mahnı festivalı keçirilməsi bu ənənənin davamı olub.
Şuşada bu qədər istedadlı, zəkalı ədib, alim, musiqiçi, digər elm, sənət, peşə adamlarının yetişməsi həmin bu məktəblərin və Şuşanın saf suyunun, təmiz havasının bəhrəsidir. Bu məktəblərin müəllim və məzunları arasında kimlər yox idi: müəllimlər Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov, Haşım bəy Vəzirov və b., şagirdlər İsmayıl bəy Şəfibəyov, Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, Muxtar bəy Muradov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Qara bəy Əliverdilər, Rüstəm bəy Axundov, Hüsü Hacıyev, Süleyman Rəhimov, Xan Şuşinski...Məşhur Şuşalıların siyahısını yenə uzatmaq olar: Qasım bəy Zakir, Firidun bəy Köçərli, Məhəmməd bəy Aşiq, Mirzə Məmmədqulu Təbib, Cabbar Qaryağdıoğlu, Bəhram bəy Axundov, Ağa xan Qarabaği, Əhməd bəy Ağaoğlu, Məcid Behbudov, Süleyman Sani Axundov, İslam Abdullayev, Fərhad Ağazadə, Qəmər bəyim Şeyda, Zülfüqar Hacıbəyov, Əhməd Ağdamski, Yusif Vəzir Çəmənzəminli, Nəriman bəy Nərimanbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim, Əli Zülalov, Dadaş Həsənov, Sürəyya Ağaoğlu, Lətif Kərimov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Cəlal Qaryağdı, Zakir Bağırov, Mehdi Məmmədov, Soltan Hacıbəyov, Sürəyya Ağaoğlu, Eldar Əzimzadə, Lətif Səfərov, Süleyman Ələsgərov, Münəvvər Rzayeva, İskəndər Əliyev, Azad Əmirov, Məşədi Cəmil Əmirov, Teymur bəy Aslanov, Xəlil Məmmədov, Ramiz Qəmbərov, Sürəyya xanım Qacar, Azad bəy Vəzirov...Bunların hamısının Şuşa məktəbləri ilə sıx bağlılığı olub.
Şuşada ermənilər də yaşamışdır, erməni məktəbləri, musiqiçiləri də olmuşdur, Rusiyanın fəal köməyi ilə daim bu təbii qala şəhərini, Qarabağın zümrüd tacını planlı şəkildə erməni yurduna çevirməyə, erməniləşdirməyə çalışmışlar. Şuşada 200 ildə doğulan erməni məşhurların hər birinin çəkiyə gələn ən seçmələrini yığıb tərəziyə qoysan, bu siyahıdakı türk müsəlmanların 1-2-sinin ağırlığında gəlməz. Şuşa təpədən dırnağa türk, müsəlman-azərbaycan şəhəri olub. Bundan əvvəl də bu mövzuda yazmışam; biz ətrafımızdakı qonşularımızın hamısından, o cümlədən ermənilərin yaxşı, pis cəhətlərindən öyrənməli, nəticələr çıxarmalıyıq, ən azı yaşadığımız faciələri təkrar yaşamamaq, düz yol seçmək üçün.
1992-ci il mayın 8-də rus-erməni hərbi birləşmələrinin işğalından sonra ermənilər Şuşadakı Azərbaycan izlərini itirmək məqsədilə, 600-ə qədər tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Şərqin ən məşhur xanım şairəsi Xan qızı Xurşidbanu Natəvanın evini, Qarabağ xanlığının vəziri olmuş görkəmli şair Molla Pənah Vaqifin məqbərəsini, Azərbaycan və Şərq professional musiqisinin, ilk operasının yaradıcısı, Şuşalı bəstəkar Üzeyir Hacıbəyovun, İtaliyada musiqi təhsili almış müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın ev muzeylərinin fondlarının 10 mindən çox eksponatını, Xalq Tətbiqi Sənəti Dövlət muzeyi, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyasını, Qarabağ general-qubernatorluğunun yerləşdiyi - Xosrov bəy Sultanovun oturduğu binann avadanlığını, 60-dan çox kitabxana, muzey, musiqi məktəbini qarət edib yağmalayıb Ermənistana daşıyıb aparıblar, qədim müsəlman qəbiristanlığı dağıdılıb.
Ermənilərin, guya Şuşanın erməni şəhəri olması haqqında yazıb yaydıqları məlumatlarlar tam əsassızdır. Qarabağ xanlığının Rus imperiyası tərəfindən işğalına qədər burada erməni yaşamayıb, hakimlərin arasında azərbaycanlılardan başqa qeyri millətin nümayəndəsi olmayıb. Qarabağın Rusiya tərkibinə keçməsi barədə 1805-ci il mayın 14-də imzalanan Kürəkçay müqaviləsini də Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov və İbrahim xan imzalayıb, Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edib, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edib, bütün artikullarda Şuşalı və Qarabağlı İbrahim xan yazılıb, xanlığın bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilib. Müqavilənin X artikulunda qeyd edilib ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. Preambula və 11 artikuldan ibarət Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilər barədə bir kəlmə belə yoxdur.1824-cü ildə İngilis səyyahı Albemarl qrafı Corc Keppel Şuşada olarkən, bu şəhərin gözəlliyi, sakinləri onda böyük təəssürat yaratmışdı. Keppel yazırdı ki, şəhərdə iki min ev var, əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edir. Əhalinin böyük əksəriyyəti Azərbaycan (türk) dilində danışır. Həmin dövrdə Şuşada olan digər səyyah Corc Keppel də, çar Rusiyası tərəfindən aparılmış demoqrafik siyahıyaalma sənədləri də, məşhur müəllim, tarixçi, yazar Mirzə Adıgözəl bəyin əhalinin tərkibi barədə yazdıqları da üst-üstə düşür, tarixi həqiqəti əks etdirir. Azərbaycanda aparılmış 1979-cu il siyahıya alınmasında Şuşada 9216 azərbaycanlının, 1409 erməninin, 1989-cu il siyahıya alınmasında isə 14738 azərbaycanlı və 1784 erməninin yaşadığı qeyd edilib.
Şuşada yaşayan ermənilər XIX əsrin əvvəlində Rusiya ilə Qacarlar İranı, Osmanlı Türkiyəsi ilə aparılan müharibələr nəticəsində Qarabağa köçürülmüş 300 minədək erməninin bir hissəsi idi. Bu köçürmə işlərinə rəhbərlik edən Aleksandr Qriboyedov, Vasili Veliçko və başqalarının məktub, raportlarında bu barədə dəqiq bilgilər vardır.
Qarabağda özlərinə yer edən ermənilər bu gözəl şəhəri çarizmin xristianlaşdırma siyasətinə uyğun olaraq özünüküləşdirmək üçün planlı işlər görüblər. Xüsusilə erməni əsilli rus generalı Valeriyan Qriqoryeviç Madatovun Şuşaya komendant təyin olunmasından sonra ermənilərin köçürülüb yerləşdirilməsi intensiv xarakter alıb. İtaliyalı jurnalist və yazıçı Luici Villari 1905-ci il avqustun 16-da Şuşada ermənilərin başlatdığı bu qətliamlara şahid olmuş, şəhər sakinlərinin üçdə ikisinin azərbaycanlılardan ibarət olduğunu, ermənilərin əvvəlcədən silahlanıb azərbaycanlılara qarşı qırğına başlamağa hazırlaşdığını qeyd edib. 1865-ci ilin mayında Şuşaya gələn məşhur rəssam Vasili Vereşşagin 3 aya yaxın burada qalmış, hətta, Parisə qayıdandan sonra da Şuşaya aid silsilə rəsmlər çəkmişdir və hamısında Şuşanın Azərbaycan şəhəri olduğu aydın görünür. Rəsmlərin adları belədir. “Şuşa məscidi” (17 iyul 1865), “Şuşada məhərrəmlik”, “Müsəlman məktəbi”, “Şuşada varlı tatar (azərbaycanlı) evinin zalı”, “Şuşada varlı tatarın qonaq evi” və s. Ermənilərdən fərqli olaraq, Şuşada Azərbaycanın onlarla tanınmış mədəniyyət, ədəbiyyat, hərbi, dövlət və ictimai xadimi doğulub yetişmiş, yaşayıb yaratmışdır.
1992-ci ildə Şuşanı qonşu dövlətlərin də fəal dəstəyi ilə Azərbaycanın hərbi-siyasi rəhbərliyindən ciddi müqavimətsiz təhvil alan ermənilər Şuşada nədən başlamışdılar, nə etmişdilər, hansı işləri görmüşdülər, nələr tikmişdilər? Şuşanı özününküləşdirə bilmədiyinə görə “şuşi”ləşdirib "Şuşi" Mədəniyyət Fondu, "Şuşi" nəşriyyat evi, “dqr” üçün parlament binası, erməni mədəni irsinin, "arxiv sənədlərinin" tədqiqi, təbliği, təftişi (saxtalaşdırılması ilə paralel), şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, Şuşanın dünya ermənilərinin dini və mədəniyyət mərkəzinə çevrilməsi, yeni turist mehmanxanalarının tikintisi, abidələrin erməniləşdirilməsi, qriqoryanlaşdırılması və bərpası, əyləncəli turist məskənlərinin inşası, yeni mədəniyyət mərkəzlərinin (O.Tarkanyan, E.Tarumyanın və.s adına) yaradılması, yeni idman obyektlərinin, stadionların , erməni məktəblərinin tikilməsi, erməni dilini bilməyən diaspor üzvlərinin övladlarına erməni dili dərsini tədris edən kursların təşkili, Şuşa real məktəbin təmiri, müasir xəstəxana binasının tikilməsi, İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi, Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyinin təşkili, Şuşanın Arxiv Fondunun yaradılması, Qalada və onun ətrafında arxeoloji tədqiqatının aparılması, Milli Erməni Muzey fondunun yaradılması, İran abidələrinin tədqiqi və nəşri (yəni Azərbaycana aid məscidləri və türbələrin), federasiyalar üçün nümayəndəliklərin, stadionların, Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılışı, Şuşa Texnoloji Universitetinin tələbələri üçün yataqxana kompleksinin inşası və sair.
Şuşa tarixən dini yox, təhsil, maarifçilik, musiqi, mədəniyyət mərkəzi olub. Vətən müharibəsində isə həm də qəhrəmanlığın zirvəsi olub. Çox inanırıq ki, biz Şuşa tarixinin yeni mərhələsində məhz bu yolu tutacağıq. Şuşada Üzeyirbəy Musiqi Akademiyasının, Qarabağ Universitetinin, Türkiyə universitetlərindən birinin filialının, hərbi məktəbin açılması yaxın vaxtlarda reallaşacaq. Şuşada bu şəhərdə adı əbədiləşməyə layiq olan qəhrəman şəhidlərimizin, şəxsiyyətlərin adına küçə, xiyaban, parklar, mədəniyyət obyektləri açılacaq və o sırada 1918-20-ci illərdə Şuşanı ermənilərdən azad edən ilk hərbi nazirimiz general Xosrov bəy Sultanovun, xalq qəhrəmanı Sultan bəyin, Şuşanın ilk komendantı albay Cəmil Cahidin adları da əbədiləşəcək. Biz Şuşanı azad edən döyüşçülərin qəhrəmanlığına layiq cəsarətlə, tikilənləri uçurub dağıtmadan özümüzünküləşdirib yeni forma və məzmunla azərbaycanlılaşdırmalıyıq, həm də gecikmədən! Torpaq bizim olduğu üçün torpağın üstündəki mülk də xalqımıza, dövlətimizə məxsusdur! Qardaş Türkiyənin xristianların məşhur Ayasofya muzeyini məscidə çevirməsi bizə də örnək olmalıdır! Biz ermənilər kimi uçurub dağıtmaq yox, yaşatmaq yolundayıq. 44 gün davam edən qalibiyyətli Vətən müharibəsinin Şəhid və Qaziləri haqqında hər gün televiziyalarımızda verilişlər gedir, sosial şəbəklərdə şahidlər danışır, çoxlu döyüşlər, əməliyyatlar barədə, əsgər və zabitlərimizin qəhrəmanlığı, cəsarəti, şücaətləri ilə dolu olduqca maraqlı söhbətlər edirlər. Bunlar hamısı yazıya alınmalı, məqalələr yazılıb kitablarda nəşr olunub bu günkü, gələcək nəsillərə çatdırılmalıdır. Şuşanın alınması ən gözəl film üçün hazır mövzudur, məsələn, “300 Spartalı” kimi. Görəsən bunlarla məşğul olan varmı? Təbii ki, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında gərəkli məsələlər, təxirəsalınmaz vəzifələr müəyyən olunub. İnanırıq ki, bu qərar vaxtında, keyfiyyətlə yerinə yetiriləcəkdir. 2022-ci ildə Şuşa şəhərinin 270 ili tamam olur. Bu yubileyi böyük təntənə ilə qeyd etmək, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Olduqca müdrik qərardır, çünki Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa 10 min 386 günlük əsirlikdən sonra Azərbaycana, Azərbaycan Şuşaya qovuşub. Şuşa sakinlərinin yolunu gözləyir. Şuşanın gözü sakinlərinin yoluna dikilib, yol gözləyir, sakinlərin nəfəsinə qızınmaq istəyir. Buradakı müzəffər ordumuzun əsgərlərinin gözləri də yol çəkir ki, harda qaldı Şuşalılar, bu Qalada qan töküb, qanımızı bu torpağa axıtmışıq ki, əhalisi teliklə geri dönüb öz ev-eşiklərində yaşasınlar. Şuşa yolumuzu gözləyir!
Yeni ilin ilk günləri dqr-ın dılğır başçıları Şuşa və Hadrutu azad edəcəklərini bir daha təkrar ediblər. Ermənistan prezidentinin, müdafiə, təhlükəszilik nazirlərinin Moskva səfərlərində 1-ci mövzu Şuşa və Hadrutun dılqır “dqr”-ə qaytarılması məsələsi idi və təbii ki, Moskva da bunu ehtiyat variant kimi heç vaxt rədd etməyib. “Artsaxın prezidenti”, hökuməti, azı 20 minlik ordusu, silah-sursatı ilə dqr-də diridir, fəaliyyətdədir. Üstəgəl Rusiyanın digər post-sovet ölkələrdəki “sülhməramlı” təcrübəsi də göz önündədir, Qarabağda təkrar olunur. Ayıq, sayıq olmalıyıq!
Erməni gözünü, əlini, fikrini Şuşadan biryolluq çəkməlidir! Şuşa əbədi olaraq alınmaz Qalaya çevrilməlidir, eynilə digər yerlərimiz də. 8 Noyabr - Şuşanın azad edilməsi Vətən müharibəsinin ən yüksək, ən şərəfli sonluğu oldu. Şuşasız Qarabağ - Xankəndi, Xocalı, Laçın, Laçınsız Qubadlı...yoxdur. Azərbaycan bütün səylərini həm də Xankəndi, Xocalı, Ağdərədə suveren hakimiyyətini bərpa etməyə yönəltməlidir.
Şəhid, Qazilərimizin qanı bahasına yağı düşmən tapdağından xilas edilmiş torpaqlarımıza qayıdış ən öndə olan ümumdövlət, milli məsələdir, Şuşa xilaskarlarının ruhu qarşısında xalq, dövlət olaraq həm də əxlaqi-mənəvi, vətəndaşlıq borcumuzdur və ilk növbədə Şuşanı və digər ərazilərimizi Vətən etməklə bu borcu ödəmiş olarıq.
Qayıdış Şuşadan-ən yüksəklikdən başlamalıdır, çünki sakinlərini qəbul etməyə hazır olan, vacib, əsas olan Şuşadır! Şuşalılarla bərabər, yaşamaq arzusunda olan gənclərə, zabit ailələrinə də şərait yaratmaq lazımdır. Hal-hazırda respublikanın müxtəlif guşələrində fəaliyyət göstərən Şuşa ümumtəhsil müəssisələrində 5300 şagirdin təlim-tərbiyəsi ilə 580-ə yaxın müəllim məşğul olur. Bir dərs ili ötüb keçdi, -7 aydan sonra yeni dərs ili başlanacaq, Şuşa ilindən gec olmayaraq Şuşadakı məktəblər müəllim, şagirdlərin üzünə açılmalıdır!
Müqayisə tam uyğun olmasa da; 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra tamam boşalmış Xankəndi və ətrafına 3-4 ayın içində 50 min erməni qayıdıb, ya Rusiya tərəfindən qaytarılıb, fərqi yoxdur, bütün məktəblərdə, hətta, Şuşa, Hadrut məktəb, bağçaları da ayrılıqda bərpa edilib. İkinci dünya müharibəsində daşı daş üstdə qalmayan Leninqrad, Stalinqrad...bircə ilə bərpa edilib yaşayış məskəninə çevrilmişdi.
Hökumət o yerlərin sakinlərinin qayıdış ruhunu sönməyə qoymamalıdır (acı təəssüflər olsun ki, bu belədir), əksinə gərəkli qərarlar qəbul edib, yerli camaatın da rəyi öyrənilib nəzərə alınmaqla və yaxından iştirakı ilə bu məsələ reallaşmalıdır. Azərbaycan xalqı Şuşada Türkiyə konsulluğunun açılmasını, Türkiyə silahlı qüvvələrinin tezliklə Qarabağa gəlişini və bir bölümünün ilk növbədə Şuşada daimi yerləşməsini intizarla gözləməkdədir – bu sosial sifarişdir, xalqın yekdil istəyidir, həm də Rusiyanın xoş niyyətdən çox uzaq məramla lövbər saldığı Xankənddən üzü yuxarı Şuşa qalasına iştahla baxan düşmənə əbədilik gözdağıdır, məkrli planlarına qarşı ən etibarlı sipərdir, hər zaman olduğundan daha vacibdir. Neçə ki, rus ordusu Xankənddədir, Türk ordusu da Şuşada olmalı, qalmalıdır. 1918-ci ildə də belə olmuşdu. Türkiyə 44 günlük müharibədə, ondan əvvəl və sonra Azərbaycanın yanında, birlikdə olub, təzyiqlər qarşısında da birlikdə durub. Şuşada, sərhəd bölgələrimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkən əsgərlərimiz arxasında tikən, qurub yaradan mülki əhalini görməlidir, o yerlərin torpaq becərən, əkən, biçən sakinlərinin səsini, nəfəsini duymalı, güc, qüvvət almalıdır. Ana Vətənə qovuşmuş Şuşada 2021-ci mayın 12-də yenidən “Xarıbülbül” festivalının keçirilməsi də, Türkiyə Prezidenti sayın (say-seçmə, sayılan) Ərdoğanın ailə üzvləri, Hökumət rəsmiləri ilə birlikdə Şuşaya səfəri də sevindirici hadisə idi. Və növbəti belə tədbirlərin Şuşalılarla birlikdə keçəcəyinə, Şuşalıların tezliklə doğma ev-eşiklərinə qayıdacaqları günə inamımız böyükdür.
Əminik ki, “Şuşa İli”ndə bu və digər gözləntilərimiz gerçək olacaqdır.
Hacı NƏRİMANOĞLU
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
https://musavat.com/news/bildiyimiz-susa-haqqinda-bilmediklerimiz-tarix-bu-gun-ve-gelecek_857090.html?fbclid=IwAR0-RfYcru2mZN2HjL_w-fmUasVwvJ2FwgZAv_ln9hKmBj7mb_1T9_0aVx4