Türk soydaşımızın İran Prezidenti seçilmək şansı digər namizədlərin hamısından böyükdür
İranda növbədənkənar prezident seçkisi ikinci həlledici mərhələyə qədəm qoyub. 16 saat davam edən səsvermə bitəndən sonra başlanan sayımın yekunları ertəsi günü iyunun 29-da səhər elan edilib, I mərhələdə Məsud Pezeşkian səslərin 43.5 faizini yığıb. Sərt xətt tərəfdarı Səid Cəlili 37.7 faiz səs yığıb. Parlamentin keçmiş mühafizəkar spikeri Məhəmməd Bağer Qalibaf 14 faizlə rəqiblərindən xeyli geri qalır. Keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi bir faizdən də az səs yığıb. Namizədlərdən heç biri birinci raundda azı 50 faiz səs toplaya bilmədiyinə görə iyulun 5-də ikinci tur keçirilməlidir.
Azərbaycan türkü Məsud Pezeşkianın qalib olacağı şübhə yaratmır. Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Məsud Pezeşkian Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanının Mahabad şəhərində türk ailəsində doğulub. Təbriz Tibb Elmləri Universitetini bitirib, tanınmış beyin cərrahıdır, elmi tədqiqatları ilə də tanınır, bitirdiyi Universitetin rektoru, İranın səhiyyə naziri olub, Təbrizdən İran parlamentinə üzv, hörmət və nüfuzuna görə İran Parlamenti sədrinin birinci müavini seçilib, daim hüquq pozulan türksoyluların, haqqın, ədalətin müdafiəçisi kimi tanınıb, bu cəhətdən sadə insanlar tərəfindən daha çox sayılıb, sevilib. Dəfələrlə türklərin ana dilində təhsil alma haqqına etinasızlığa, Ana Yasa maddələrinin pozulmasına qarşı çıxış edib. Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və "Ararat" klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın qaldırılmasına kəskin etiraz edən millət vəkillərindən biri olub. Məsud Pezeşkian dəfələrlə “mən türkəm və türklüyümlə qürur duyuram”, - deyib. Ailədə yalnız türk dilində danışıblar. O, Şəhriyarın “Heydərbabaya salam” şeirini çox təsirli ifa edir. Doktor Pezeşkian: "Allah məni türk yaratdı, şükürlər olsun ki, belə yaradılmışam"-deyir. Sözdə, əməldə daim İranda islahatların aparılmasını təşviq edib, buna çalışıb. Ona ən çox səs verənlər İranda islahat tərəfdarlarıdır. Pezeşkiana qarşı sərt idarəetmə tərəfdarları olan qatı dini mühafizəkar cəbhə mütəşəkkil açıq və gizli təbliğatını gücləndirmələrinə baxmayaraq, soydaşımızın Prezident seçilmə imkanları böyükdür. Çünki Pezeşkian türk kimliyininin dini kimlikdən öndə olduğunu, İranın islahatlara, yeniləşməyə hamilə olduğunu, vətəndaşların mütləq əksəriyyətinin İranı həbsxana vəziyyətindən çıxarmağın labüdlüyünü sübut edir, azad seçkilərilərlə, dinc yolla dəyişikliyə nail olmağın mümkünlüyünü sərgiləyən, buna inam yaradan, bədbinliyə rəvac verən siyasətə qarşı ağılla sinə gərən siyasətçi oldu. Və bir də uzun illərdən sonra siyasi lider olaraq ruhani - molla geyimindən cəsarətlə imtina etməyi bacardı, inanıram bacardıqları daha çox olacaqdır.
Bundan sonrakı siyasi, fiziki taleyindən asılı olmayaraq O İran siyasətinə, tarixinə şərəfli səhifə yazdıra, bir çox stereotipləri artıq dağıda bilib.
Məsud Pezeşkian həyatında faciələr yaşayıb. Belə ki, 1993-cü ildə avtomobil qəzasında ginekoloq həkim olan həyat yoldaşı və övladı haqqın dərgahına qovuşub, bundan sonra ailə həyatı qurmayıb, ömrünü üç övladının tərbiyəsinə və xalqına, ölkəsinə həsr edib. Sadə, təmiz, əxlaqlı yaşamı ilə nümunə olan siyasilərdən sayılır.
Təəssüflə qeyd etməliyik ki, Türkiyə və Azərbaycanda bəzi gerizəkalı, elmdən uzaq insanlar media və sosial şəbəkələrdə onu soyadının “yan” sonluğuna görə erməni sayanlar da var. Ancaq az-çox türk dilinin tarixindən başı çıxanlar bilir ki, “an/ən” qədim türk və fars dilində lar/lər şəkilçisini əvəz edir, əgər səhvən an yox, yan yazılırsa da, bu da qəbulediləndir; “y” bitişdirici samit olaraq sözün kökü ilə şəkilçi arasında işlənən fonemdir. Tarix boyu türk və fars məmləkətində itaətkar ömür sürən ermənilər də bu soyadı müsəlmanlardan götürüblər. 20 mayda helikopter qəzasında həlak olan fars kökənli mərhum xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan soyadı “yan”la bitirdi, onun fars soy-kökünə heç kim şəkk-şübhə etməmişdi. Əgər bu məntiqlə yanaşmalı olsaq, onda gərək Qəziyan, Şirvan, Muğan, Nabran, Mərdəkan....onlarla belə adın kökünə də şübhə ilə yanaşaq.
İranın daxilində və xaricdəki qatı mühafizəkar dinçilərin, fars şovinistlərinin Məsud Pezeşkiana və tərəfdarlarına qarşı günbəgün güclənməkdə olan hücum, qanunsuz anti-təbliğat, zorakılıq kampaniyasına Azərbaycan və Türkiyənin səssiz qalması, ona ən azı televiziya, media, sosial şəbəkələr, internet təbliğatı vasitəsilə dəstək verməməsi acı təəssüf doğurur.
İran İslam Respublikasının ali dini rəhbərindən sonra xalqın halal səsi ilə Prezident seçiləcəyi şübhə doğurmayan Məsud Pezeşkianın bu mərtəbəyə yetişməsi hər bir Azərbaycanlıda fərəh və qürur hissi oyadır, İran-Azərbaycan-Türkiyə münasibətlərinin yaxşı yöndə inkişafına da ümid, inam yaradır.
Allah yardımçınız olsun, yolunuz açıq olsun, hörmətli Məsud Pezeşkian!
Hacı NƏRİMANOĞLU
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru