“Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” - beynəlxalq elmi konfrans
Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 24-25-də professor Qüdrət İsmayılzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
zengezur.com AZƏRTAC-a istinadlaa bildirir ki, konfransın məqsədi Qarabağ və Zəngəzur bölgəsinin tarixin müxtəlif inkişaf mərhələlərində obyektiv mənzərəsini bərpa etməyə imkan verən arxeoloji tədqiqatlar və qeyri-maddi mədəni irsinin tədqiqi üzrə əldə olunmuş nəticələr ətrafında tanınmış mütəxəssislər, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə beynəlxalq müstəvidə müzakirələrin aparılması, elmi əməkdaşlığın genişləndirilməsidir.
Konfransda Qarabağ və Zəngəzurun Daş və Paleometal dövrlərinin arxeoloji irsi, həmin ərazidə skif mədəniyyətinin izləri, alban mədəni irsi, İslam mədəni irsi, Qarabağ və Zəngəzurun qeyri-maddi mədəni irsi, Azərbaycanın arxeoloji irsinin tədqiqi, tədrisi və təbliğində professor Qüdrət İsmayılzadənin töhfələri, mədəni irsin nəzəri məsələləri istiqamətlərində məruzələr dinləniləcək.
Hibrid formatda təşkil ediləcək konfrans Azərbaycan, türk, rus və ingilis dillərində keçiriləcək.
İştirakla bağlı məlumat və tezislər oktyabrın 1-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.
Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orijinal tezislər göndərilməlidir. Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olaraq yığılmış tezisləri nəzərdən keçirəcək.
Beynəlxalq konfrans haqqında ətraflı məlumat, eləcə də tezislərin tərtib olunma qaydaları BDU-nun saytında yerləşdirilib.
Yalnız qəbul olunmuş tezislər dərc ediləcək.
Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” konfrans materialları toplusuna daxil ediləcək.