Qarabağ xanlığının əsasını 1747-ci ildə Pənahəli xan (1693-1763) qoyub. Xarici hücumlardan daha etibarlı müdafiənin təmini məqsədilə 1752-ci ildə Şuşa qalasının əsasını qoyub. 5.5 min kv.km sahəsi olan bu yer 3 tərəfdən təbii istehkam, sıldırım qayalıqdır. Mənbələrdə qurucusunun şərəfinə Pənahabad, Qala da adlanıb. Burada “Pənahabadi” adlanan gümüş sikkə zərb edilib.
Qarabağın ikinci hakimi İbrahimxəlil xanın (1721—1806) dövründə qalanın ətrafına güclü müdafiə səddi çəkilib, çoxsaylı sənətkarlıq, dəmirçilik, silah qayırma məhəllələri yaranıb. Şuşalı tacirlərin düzəltdikləri əşyalar, silahlar yaxın-uzaq ölkələrdə məşhur idi. Şuşa şəhərinin gerbində Kaspi - Xəzər ətrafı vilayətlərin əksəriyyətində olduğu kimi, yerdən çıxıb alovlanan təbii yanar qaz dilimləri, güc-qüvvət rəmzi olan pələng, yaşıl vadidə məğrur dayanmış Qarabağ atı təsvir olunmuşdu. Şuşadakı 17 məhəllənin hamısı da təmiz azərbaycanlı, türk-müsəlman adlarıdır. Hər məhəllədə tarixi türk-azərbaycan hamamı, məscid və bulaqlar var idi. 1823-cü ildən Şuşa Qarabağ xanlığının mərkəzi olub. XVIII əsrdən başlayaraq Şuşa Azərbaycanın ən mühüm mədəni mərkəzlərindən birinə çevrilib; "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlanıb. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, ermənilərdən heç kim.
1992-ci il mayın 8-də rus-erməni hərbi birləşmələrinin işğalından sonra ermənilər Şuşadakı Azərbaycan izlərini itirmək məqsədilə, 600-ə qədər tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Şərqin ən məşhur xanım şairəsi Xan qızı Xurşidbanu Natəvanın evini, Qarabağ xanlığının vəziri olmuş görkəmli şair Molla Pənah Vaqifin məqbərəsini, Azərbaycan və Şərq professional musiqisinin, ilk operasının yaradıcısı, Şuşalı bəstəkar Üzeyir Hacıbəyovun, İtaliyada musiqi təhsili almış müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın ev muzeylərinin fondlarının 10 mindən çox eksponatını, Xalq Tətbiqi Sənəti Dövlət muzeyi, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyasını, 60-dan çox kitabxana, muzey, musiqi məktəbini qarət edib yağmalayıb Ermənistana daşıyıb aparıblar. Qədim müsəlman qəbiristanlığı dağıdılıb.
https://az.wikipedia.org/wiki/Şuşa_ mədəniyyəti
Ermənilərin, guya Şuşanın erməni şəhəri olması haqqında yazıb yaydıqları məlumatlarlar tam əsassızdır. Qarabağ xanlığının Rus imperiyası tərəfindən işğalına qədər burada erməni yaşamayıb, hakimlərin arasında azərbaycanlılardan başqa qeyri millətin nümayəndəsi olmayıb. Qarabağın Rusiya tərkibinə keçməsi barədə 1805-ci il mayın 14-də imzalanan Kürəkçay müqaviləsini də Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov və İbrahim xan imzalayıb, Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edib, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edib, bütün artikullarda Şuşalı və Qarabağlı İbrahim xan yazılıb, xanlığın bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilib. Müqavilənin X artikulunda qeyd edilib ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. Preambula və 11 artikuldan ibarət Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilər barədə bir kəlmə belə yoxdur.
http://www.virtualkarabakh.az/az/post-item/32/52/kurekcay-muqavilesi.html
1824-cü ildə İngilis səyyahı Albemarl qrafı Corc Keppel Şuşada olarkən, bu şəhərin gözəlliyi, sakinləri onda böyük təəssürat yaratmışdı. Keppel yazırdı ki, şəhərdə iki min ev var, əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edir. Əhalinin böyük əksəriyyəti Azərbaycan (türk) dilində danışır. Həmin dövrdə Şuşada olan digər səyyah Corc Keppel də, çar Rusiyası tərəfindən aparılmış demoqrafik siyahıyaalma sənədləri də, məşhur müəllim, tarixçi, yazar Mirzə Adıgözəl bəyin əhalinin tərkibi barədə yazdıqları da üst-üstə düşür, tarixi həqiqəti əks etdirir. Azərbaycanda aparılmış 1979-cu il siyahıya alınmasında Şuşada 9216 azərbaycanlının, 1409 erməninin, 1989-cu il siyahıya alınmasında isə 14738 azərbaycanlı və 1784 erməninin yaşadığı qeyd edilib.
https://az.wikipedia.org/wiki/Şuşa
Şuşada yaşayan ermənilər XIX əsrin əvvəlində Rusiya ilə Qacarlar İranı, Osmanlı Türkiyəsi ilə aparılan müharibələr nəticəsində Qarabağa köçürülmüş 300 minədək erməninin bir hissəsi idi. Bu köçürmə işlərinə rəhbərlik edən Aleksandr Qriboyedov, Vasili Veliçko və başqalarının məktub, raportlarında bu barədə dəqiq bilgilər vardır.
http://www.milliarxiv.gov.az/az/azerbaycan-torpaqlarina-ermenilerin-kocurulmesi-haqqinda-arxiv-materiallari
Qarabağda özlərinə yer edən ermənilər bu gözəl şəhəri çarizmin xristianlaşdırma siyasətinə uyğun olaraq özünüküləşdirmək üçün planlı işlər görüblər. Xüsusilə erməni əsilli rus generalı Valeriyan Qriqoryeviç Madatovun Şuşaya komendant təyin olunmasından sonra ermənilərin köçürülüb yerləşdirilməsi intensiv xarakter alıb. İtaliyalı jurnalist və yazıçı Luici Villari 1905-ci il avqustun 16-da Şuşada ermənilərin başlatdığı bu qətliamlara şahid olmuş, şəhər sakinlərinin üçdə ikisinin azərbaycanlılardan ibarət olduğunu, ermənilərin əvvəlcədən silahlanıb azərbaycanlılara qarşı qırğına başlamağa hazırlaşdığını qeyd edib.
1865-ci ilin mayında Şuşaya gələn məşhur rəssam Vasili Vereşşagin 3 aya yaxın burada qalmış, hətta, Parisə qayıdandan sonra da Şuşaya aid silsilə rəsmlər çəkmişdir və hamısında Şuşanın Azərbaycan şəhəri olduğu aydın görünür. Rəsmlərin adları belədir. “Şuşa məscidi” (17 iyul 1865), “Şuşada məhərrəmlik”, “Müsəlman məktəbi”, “Şuşada varlı tatar (azərbaycanlı) evinin zalı”, “Şuşada varlı tatarın qonaq evi” və başqaları.
https://ru.wikipedia.org/wiki/Шуша
Ermənilərdən fərqli olaraq, Şuşada Azərbaycanın onlarla tanınmış mədəniyyət, ədəbiyyat, hərbi, dövlət və ictimai xadimi doğulub yetişmiş, yaşayıb yaratmışdır.
Hacı NƏRİMANOĞLU