Azərbaycanın irəli sürdüyü tələblərlə bağlı qərar verən Ermənistandır, lakin bu məsələdə bizim mövqeyimiz ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, lehinəyik.
zengezur.com axar.az-a istinadla xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbi haqda sualı cavablandırarkən deyib.
“Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, daim düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında rabitə kanallarının açılmasının tərəfdarıyıq. Və bu, regionun bütün ölkələrinə şamil edilməlidir. Bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan (Naxçıvanın kəndi – red.) Arazdəyənə avtomobillə də əlaqə saxlaya bilərik. Başqa sözlə, Mehridən İrəvana təxminən 6 saatdır, Şahtaxtıdan Arazdəyənə və İrəvana isə, yəqin ki, bir saatdan az olar. Yəni yol açılsa, hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində olmalıdır. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir, bu, beynəlxalq hüquqa ziddir və burada dividentlər olmamalıdır. Və faydalar hər kəsə şamil edilməlidir”, - o bildirib.