Bayram Mustafanın vəfatı xəbərindən çox üzüldüm, baxmayraq ki, sağalmaz xəstəliyə mübtəla olduğunu bilirdim, 1 iyunda 77 yaşı münasibətilə zəng edib təbrik etmişdim, səsinin zəifliyindən dolayı da ikimiz də qəhərsilənmişdik. Onunla 1993-cü ilin sentyabrından başlayan doğma ünsiyyətimiz barədə bir neçə dəfə yazmışam, xatirələrimizi bölüşmüşəm. Bayram əmioğlunun Mingəçevir dənizinin dibinə əbədilik gömülən Samux dərdi, həsrəti ilə mənim 28 illik Qubadlı, Zəngəzur dərdim, nisgilli həsrətim bizi bir-birimizə bağlamışdı.
Bayram Ağamirzə oğlu Mustafa 1947-ci ildə Samux rayonunun Mansurlu kəndində anadan olub. Mingəçevirdə müxtəlif vəzifələrdə çalışıb, idmançı, həm də turizm təşkilatçısı olub, azadlıq, müstəqillik ab-havası gələndən şəhərdəki hərəkətlənmənin öncüllərindən, sözü eşidilən, mövqeyi nəzərə alınan kişilərindən biri olub. 1991-2012-ci illərdə - 20 ildən çox Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışıb. 2012-ci ildən Dövlət qulluqçusu kimi təqaüdə çıxıb. Səmərəli fəaliyyətinə görə bir sıra medal və mükafatlarla təltif olunub. Feysbuk səhifəsində tez-tez müəyyən məsələlərə münasibətini bildirirdi.
Söz, ədəbiyyat adamı idi, imkanı dairəsində yazarlara kömək edirdi, əzbərdən zövqlü şeir deməyi vardı, Samux və Mingəçevirin tarixi ilə bağlı bir sıra araşdırmalar aparıb elmi - publisistik məqalələr yazıb, özündən sonra yadigar qoyub.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi adından Mingəçevir və Samux sakinlərinə, Bayram Mustafanın yaxınlarına kədərlə başsağlığı verirəm, xətir-hörmətli, sözlü, söhbətli izi qalan dəyərli insana Uca Tanrıdan rəhmət diləyirəm.
Hacı Nərimanoğlu, 21.07.2024