1news.az saytı belə bir xəbər yayıb: “MN nümayəndəsi: Vətən Müharibəsində hər hansı ölkənin hərbçilərinin iştirakı barədə iddiaların heç bir əsası yoxdur 11:16 - 29 / 07 / 2024
https://1news.az/az/news/20240729111658835-MN-numayendesi-Veten-Muharibesinde-her-hansi-olkenin-herbchilerinin-ishtiraki-barede-iddialarin-hech-bir-esasi-yoxdur
1news.az - ın məlumatını “Nazirliyin yüksək vəzifəli nümayəndəsinin” (anonim-?!) cavabını – musavat.com bu başlıqla təqdim edib: “Bakıdan Ərdoğanın Qarabağla bağlı açıqlamasına REAKSİYA” https://musavat.com/news/bakidan-erdoganin-qarabagla-bagli-aciqlamasina-reaksiya_1088966.html
Məlumatdan bəlli olur ki “Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək göstəriblər”.
Bu məsələyə dair rəsmi dövlət qəzeti "Azərbaycan"da dərc edilən "Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur" başlıqlı məqalənin tonu, bir çox məqamları isə acı təəssüf doğurur və bəzi arqumentlərlə razılaşmaq mümkünsüzdür (https://www.azerbaijan-news.az/az/posts/detail/qarabag-zeferinin-muellifi-muzeffer-ali-bas-komandan-ve-azerbaycan-ordusudur-1722458765).
İndi isə I Qarabağ müharibəsindən sonra ölkəmizin və xarici ölkələrin bir sıra informasiya orqanlarında geniş yayılan, həqiqiliyi heç kimdə şübhə doğurmayan bu məzmunlu xəbərlərdən birini xatırladaq:
“ Bayraqdar” PUA-ları Qarabağda ermənilərin 90 tank və 400-dən çox hədəfini məhv edib
HƏRBI 7 İyul , 2021 10:17
“Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir”.
“Report” xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Yazıda vurğulanıb ki, İkinci Qarabağ müharibəsində istifadədən sonra “Bayraqdar-TB2” və digər PUA-ların özlərini döyüşdə sübut etdiyi əksəriyyət tərəfindən qəbul olunur: “Qarabağdakı əməliyyatlarda “Bayraktar TB2” PUA-ları Ermənistana məxsus yüksək dəyərli hərbi obyektlərin və canlı qüvvənin yerini dəqiq müəyyənləşdirmək və onları sıradan çıxarmaq üçün istifadə edilib”.
Məqalədə bildirilib ki, hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər Ermənistana məxsus 90 tank da daxil olmaqla, 500-dən çox hərbi hədəfi məhv edib.
RUS VERSIYASI : БПЛА Bayraktar уничтожили 90 танков и более 400 целей противника
Unutmayaq ki, Türkiyə ilə Azərbaycanın, Ərdoğanla İlham Əliyevin dünyada bənzəri olmayan qardaşlıq münasibətini, xalqlarımızın, dövlətlərimizin birliyini gözü götürməyən, aramızı pozmaq istəyən, bu yöndə çalışan ciddi siyasi, hərbi güclər var. Dünyada, regionumuzda getdikcə gərginləşmədə olan hərbi-siyasi vəziyyətdə Azərbaycanla Türkiyənin birliyinin, bir-birinə ehtiyacı daha vacib əhəmiyyət kəsb edir! Bəli, savaşı qazanan qəhrəman Azərbaycan əsgəridir, Azərbaycan ordusudur, Ali Baş Komandandır, ancaq: Bayraqdarları, Bəxtiyar paşanı, F-16-ları, Ərdoğanı, Mövlud Çavuşoğlunu, Hulisi Akarı, Hakan Fidanı, Fulya Öztürkü, Erkan Özoralı, Cahit Bağçını...Türkiyənin siyasi, hərbi, informasiya, mənəvi dəstəyini unudacaq qədər nankor olmayaq! 2009-cu ilin oktyabrındakı bayraq krizində baş verənləri hər an təkrar etməyə hazır olan qüvvələr Azərbaycanda hələ də güclüdür, onlar hər an iki xalq, dövlət arasında duz-çörəyi pozmağa fürsət gözləyirlər. Ərdoğan "biz" deyəndə həmişə Azərbaycan+Türkiyəni cəm halda, birlikdə nəzərdə tutur, ayırmır. Rəhbərlər gəldi gedərdir, əsas olan xalqların, dövlətlərin candan, könüldən gələn birliyidir və Tanrı Azərbaycanla Türkiyəni qırılmaz tellərlə bir-birin bağlı qardaş yaratmışdır. Bu telləri qoparmağa cəhd edənlər, oturuşmuş Türkiyə demokratiyasının, xalqın azad seçim imkanlarının, söz, media azadlığının bərqərar olduğu Türkiyə dəyərlərinin Azərbaycana ayaq açmasından rahatsız olan naqis kəslərdir. Unutmayaq, Türkiyə təkcə Ərdoğan demək deyil, Ənvər paşadır, Nuru paşadır, Qafqaz İslam Ordusudur, Qars müqaviləsidir, 30 ildən artıqdır bağlı qalan Türkiyənin ermənistanla sınırıdır...
Sözü, əməli ilə “Bir millət, iki dövlət” düşüncəsinə, iki dövlət arasında imzalanmış müqavilələrə sadiq olan Ərdoğanın bu sözlərinin cani-könüldən gəldiyinə heç kəs şübhə etməz yəqin: "Mən ölsəm, şəhid olsam, türk əsgəri Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək".
Vətənimizin bütün guşələrində torpağın ağuşunda əbədi uyuyan 3 mindən çox şəhidin mütləq əksəriyyətinin məzarı, abidələri üzərində Azərbaycan-Türkiyə bayraqları yanaşı dalğalanır, o cümlədən vətəndaşlarımızın şəxsi mənzillərində, evlərinin içində, çölündə, minik maşınlarında ay-ulduzlu bayraqlarımız qoşa dayanır. Başqa heç bir dövlətin yox, Türkiyənin! Xalqın gözü tərəzidir, xalq gözəl bilir ki, Türkiyənin yardımı olmadan nəinki itkilərimiz bundan xeyli artıq olardı, heç 9 noyabr zəfəri də olmazdı.
Sayın (sayılıan, sayılıb seçilən, sayğın) R.T.Ərdoğanın sevgi və səmimiyyətlə dediyi "Biz Karabağ'a Nasıl Girdiysek" sözlərini başqa səmtdə yozanlara cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən sitatı şərhsiz əlavə edirəm:
Prezident İlham Əliyev: Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin.
...Türkiyə müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir. Müstəqillik, mərdlik, cəsarət və inkişaf örnəyidir. Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü.
Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlər boyu qoruduğumuz sərvətdir.
Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir. Bir-birinə qardaş deyir. Eyni zamanda, bütün məsələlərdə biz bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.”
https://president.az/az/articles/view/48792 10.12.2020.
Bu linkdə R.T.Ərdoğanın çıxışı da var...
Hacı NƏRİMANOĞLU,
tarix üzrə fəlsəfə doktoru, “Zəngəzur” İctimai Birliyinin İdarə Heyətinin sədri, zengezur.com saytının baş redaktoru, Qarabağ müharibəsi veteranı