ABŞ-ın iki hərbi təyyarəsi İrəvana gəldi - Nə baş verir?
"Flightradar" qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb.
zengezur.com Axar.az-a istinadla xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boinq C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gəlib.
Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.
Məlumata görə, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib.
Daha sonra, yuxarıda qeyd etdiyimiz kimi, ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah və sursat gətirilib. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. Bu zaman AB missiyasının Azərbaycan Ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından istifadə edilib.
İki təyyarədən biri İran ərazisindən atılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər daşıyıb. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək.
Ancaq bu hamısı deyil. ABŞ təbii ki, bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfəri çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib – onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan silahlı qüvvələrinin geyim forması ilə təchiz olunub və Ermənistan ordusunun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
zengezur.com-dan: Azərbaycanın siyasi-hərbi rəhbərliyinin ABŞ və müttəfiqlərinin Yaxın Şərq planlarının gerçəkləşməsi uğrunda qarşısıalınmaz hədəflərində düzgün, ayıq-sayıq mövqe tutacağına, qardaş Türkiyə ilə əlaqəli şəkildə birgə hərəkət edəcəyinə, qonşu ölkələrlə münasibətlərindən zərər görməyəcəinə inanırıq.