Rusiya Prezidenti Vladimir Putinin Bakıda verdiyi sülh və sərhəd məsələlərinin həllində Moskvanın mümkün iştirakı ilə bağlı açıqlaması prosesə təsir etməyəcək.
zengezur.com Teleqraf.com saytına istinadla xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.
“Putinin bəyanatı Ermənistan-Azərbaycan prosesini dəyişməyəcək. Çünki Azərbaycan özünü Cənubi Qafqazda lider hesab edir və vasitəçilərə ehtiyac duymur. Ermənistan hakimiyyəti isə Rusiyanı vasitəçi kimi görmür.
Rusiyanın bir problemi var: Cənubi Qafqazda qalmaq və mövcudluğunu saxlamaq. Mövcudluğu təmin etməyin ən qısa yolu da regionda Rusiyanın birbaşa iştirakı və nəzarəti altında kommunikasiya kanallarının (dəhlizlər) açılmasından keçir. Bunu edə bilməsə, Rusiyanın Cənubi Qafqazda heç bir işi qalmayacaq”, - ekspert qeyd edib.
Baqdasaryan iddia edir ki, Qərbin də Cənubi Qafqazda əsas məqsədi Zəngəzur dəhlizinin açılması ilə bağlıdır:
Ətraflı
“Ermənistan indi elə bir durumdadır ki, nəyisə əldə etmək haqqında yox, həm də nəyisə itirməmək barədə düşünməlidir. Qərbin problemi Ermənistan-Azərbaycan münaqişəsinin həlli deyil, onun problemi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq, Orta Asiyanı Qara dəniz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək Orta dəhlizi açmaqdır. Artıq sözügedən dəhliz faktiki olaraq mövcuddur, Azərbaycan və Gürcüstan ərazisindən keçir.
Qərb bu dəhlizin qollarından birini (Zəngəzur) Ermənistandan keçirməyi qarşısına məqsəd qoyub. Amma bu dəhliz də Rusiyanın nəzarətində olmamalıdır. Qərbin bölgə ilə bağlı əsas problemi budur. Qərb üçün önəmlisi odur ki, Ermənistan Rusiyanın təsiri altında və Orta dəhlizdə heç bir maneə olmasın”.