“Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər”.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanından
Prezident Fərmanının işığında
"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmasından 3 ildən artıq vaxt ötür. Agentlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi-mənəvi varisi olaraq yaradılıb, əsas məqsəd də ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunmuş uğurların daha səmərəli davam etdirilməsi, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsidir.
Dövlət başçımızın 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında” qərar ölkəmizdə QHT sektorunun institusional quruculuğu prosesində, hüquqi fəaliyyətinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir.
QHT sektorunun fəaliyyətində son illər iki istiqamət daha aydın görünür; birincisi, QHT Agentliyinin donorluğu ilə reallaşan layihələr cəmiyyətin, günün çağırışlarına, ehtiyaclarına cavab verir, aktualdır, müsabiqə mövzularının müəyyən edilməsi, qaliblərin seçilməsi prosesində ədalətliliyə xüsusi önəm verilir, layihələrin icrasına bütün mərhələlərdə nəzarətin, şəffaflığın təmin olunmasına, hesabatlılığa tələbkar münasibət göstərilir. Son üç ildə Agentliyin iclaslarında nöqsanların, bəsitliyin, konkret layihələrin icrasındakı səhlənkarlıq, formalizmin cəsarətli tənqidi üstün yer tutur, bu və digər müsabiqə qaliblərinin maliyyə sənədlərində aşkar olunan qayda pozuntuları əsas götürülərək çox sayda layihəyə ayrılan vəsaitlərin tam məbləğrə ödənişindən imtina edilib. Agentlikdə yenilikçi təşəbbüslərə açıqlıq, media ilə əlaqələrin genişlənməsi aydın görünən məqamlardır. Artıq media reyestrində adı olmayan sayt, qəzetlərin pullu xidmətlərindən imtina olunur, bu da QHT-lərin məsuliyyət hissini artıran amillərdən biri kimi təqdirəlayiqdir, Agentliyin bu məsələdə israrı qəbulediləndir. Bu kimi tədbirlər QHT sektorunun institusional quruculuğunun möhkəmlənməsi, həm də QHT sektorunun nüfuzunun yüksəlməsinə gətirib çıxarır. COP29 yönümlü fəaliyyətlər bu il QHT-də xüsusi canlanma yaradıb. Ölkəmiz üçün bu vacib tədbirin uğurla keçirilməsində QHT-lərin imkan və bacarıqla istifadə olunması məqsədilə COP29-un Təşkilat Komitəsində QHT sektorunun xeyli nümayəndəsi təmsil olunur. Agentlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “1 yerli QHT + 1 xarici QHT” koalisiya formatında “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqə layihələr həyata keçirir, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” forumu baş tutub, BMT-nin Beynəlxalq İqlim Konfransının sessiyalarında QHT təmsilçiləri iştirak edib, beynəlxalq əlaqələr genişlənib, İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən 8 ölkədən 30 QHT, 100-ə yaxın Özbəkistan QHT-si COP29 ölkəsi olan Azərbaycana dəstək bəyanatı imzalayıb yayıb, ADA Universiteti ilə birlikdə “İqlim Dəyişmələri və COP” mövzusunda 100 QHT təmsilçisi üçün təlim keçirilib və s.
QHT-lərin İnkişaf və Mübadilə Proqramı
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu proqramı QHT təmsilçilərinin bilik və bacarıqlarının, onların potensiallarının artırılması məqsədi daşıyır. Proqram çərçivəsində ilk tədbir 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakıda, 2024-cü ildə Naxçıvan və Şamaxıda icra edilib. Ümumilikdə, bu proqramlarda indiyədək 450-dən çox QHT iştirak edib.
Avqustun 15-dən 17-dək Agentliyin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı Təlim Mərkəzində düzənlənən “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” xüsusilə yaddaqalan olub. 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən proqramda 100-ə yaxın QHT təmsilçisi iştirak edib. 3 gün davam edən Proqramda beynəlxalq dərəcəli təlimçi ekspertlərin müasir çağırışlara cavab verən təlimləri iştirakçıların bilik və bacarıqlarının yüksəlməsinə stimul verib, xarici ölkələrdə vətəndaş cəmiyyəti sektorunun təcrübəsinə dair məlumatları genişlənib, ən vacibi isə QHT təmsilçilərinin bir-biri ilə qarşılıqlqı fikir, təcrübə mübadiləsinə geniş imkanlar yaradılıb, bəzən mübahisələrə, fikir ayrılıqlarına yol açan müzakirələr, müqayisəli təhlillər olub, konkret layihələr üzərində praktiki işlər yerinə yetirilib. Təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, layihə tərəfdaşlarının, hədəf qruplarının və benefisarlarının təyin edilməsi, onların gözləntiləri və problemin müəyyən edilməsi istiqamətində praktik təhlilinin aparılması kimi mühüm mövzular üzrə, QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, QHT-lərin beynəlxalq əməkdaşlıq formatlarının yaradılması, QHT-lərin etik davranış qaydalarının hazırlanması, eləcə də “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunub. Xatırladaq ki, beş proqramda hər dəfə fərqli iştirakçılar seçilib, bu da QHT təmsilçiləri arasında tanışlıq, ünsiyyətin daha geniş sferada yaranmasına, az təcrübəli gənclərin peşəkarlığının və həmrəyliyinin artmasına kömək edib.
Heç şübhə yoxdur ki, şəhər və rayonlarda keçirilən bu cür görüşlər çərçivəsində təşkil olunan mədəni, idman proqramları, musiqili axşamlar, həmrəylik flaşmobları, tarixi yerlərə, arxeologiya muzeylərinə səyahətlər vətəndaş cəmiyyəti nümayəndələrinin estetik zövqlərinin formalaşmasına, tədbirlərin təşkilinə dair təcrübə qazanmasına, vətənimizin tarixi keçmişi, gəzməli, görməli yerləri haqqında biliklərinin genişlənməsinə də stimul yaradıb.
Agentlik kütləvi tədbirlərin bacarıqlı təşkilatçısıdır
QHT Agentliyinin fəaliyyətində son üç ildə müşahidə olunan ikinci yenilik, uğur isə kütləvi tədbirlərin təşkili yolu ilə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinin konkret məqsədlərə yönəldilməsidir.
Vətən müharibəsindən sonrakı dövrdə müxtəlif beynəlxalq təşkilatların, ermənipərəst dövlətlərin ölkəmizə qarşı qərəzli yanaşmalarına çevik reaksiya, etiraz bəyanatları, qəbul edilən müraciətlərin yüzlərlə media qurumuna, ayrı-ayrı şəxslərə göndərilməsi sözsüz ki təsirsiz qalmır. QHT sektorunun fəaliyyətində işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə, Böyük Qayıdış proqramının icrasına dəstək layihələri mühüm yer tutur.
2022-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı ilə bağlı elan edilən xüsusi qrant müsabiqəsi çərçivəsində Şuşanın tarixi irsinin tədqiqi, Şuşanın virtual məkanda təbliği, Şuşada quruculuq işləri ilə bağlı dövlət-özəl və QHT əməkdaşlığının təşviqi, qayıdış prosesinə, şəhid, əlil ailələrinin sosial müdafiəsinə dəstək təşəbbüsləri, xarici ölkələrdə Şuşa ilə bağlı tədbirlərin təşkili qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə yaradıcılıq festivalının, yerli və xarici QHT-lərin iştirakı ilə Beynəlxalq Əməkdaşlıq Konfransının, Azərbaycan və Türkiyə QHT-lərinin birgə forumunun keçirilməsi və s. silsilə tədbirlərdən sonra beynəlxaql aləmə səs salan, xarici mediada geniş əks-səda yaradan aksiya başlayıb.
2022-ci ilin soyuq dekabr günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasında azərbaycanlı mütəxəssislərin “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına baxış keçirməsinə, müvafiq monitorinq və inventarizasiyanın təşkili məsələlərinin həllinə şərait yaratmadıqlarına və ekoloji terrora son qoyulması tələbi ilə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” kimi vətənsevər şüarlarla keçirilən dinc aksiyalar vətəndaş cəmiyyəti fəallarının nümunəsində xlqımızın qətiyyəti, iradəsini dünyaya göstərdi, Qarabağda baş verən hadisələrin möhtəşəm məntiqi sonucuna stimul verən başlıca hadisələrdən biri oldu. 2023-cü ilin sentyabrın 19-20-də 24-dən saatdan az sürən antiterror əməliyyatı nəticəsində Qarabağ separtaçı ünsürlərdən tamamilə təmizlənməsinə aparan bir yol da bu aksiyadan başladı.
Aydın hədəflərə, yeni çağırışlara doğru
Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə andiçmə mərasimində dedi: “Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”. Ölkəmizdə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının əsas mahiyyəti, hədəfi də elə vətəndaş cəmiyyətinin qurulmasıdır. Dövlət başçımızın müasir dövrün çağırışlarına, zamanın tələblərinə uyğun olaraq müəyyən etdiyi bu yolda əldə olunmuş mühüm nailiyyətlər göz qabağındadır. Bu inamlı irəliləyişlərin reallaşmasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin gənc, enerjili, təşəbbüskar kollektivinin, Müşahidə Şurasının, Milli QHT Forumunun peşəkar, təcrübəli üzvlərinin, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya sektorunun xüsusi rolu, əməyi, bacarıqlı, məqsədyönlü təşkilatçılıq qabiliyyətləri qeyd olunmalıdır, sadə həqiqət budur ki, kadrlar çox şeyi həll edir.
Qazanılan uğurların davamlı, ardıcıl olması diləyi ilə
Hacı Nərimanoğlu, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet, 30.08.24