24News.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü mətbuat konfransı zamanı deyib.
O bildirib ki, sülh müqaviləsinin 17 maddəsindən 13-ü, eləcə də giriş hissəsi tam razılaşdırılıb:
"3 maddə qismən razılaşdırılıb. Elə maddə var ki, onun mətni böyük ölçüdə razılaşdırılıb. Biz bütün bu maddələri sülh müqaviləsi kimi imzalamağı təklif edirik. Dünən təklifimizi rəsmi Bakıya təqdim etdik.
Dünyada heç bir sənəd bütün mümkün sualları əks etdirə bilməz, heç bir sənəd bütün suallara cavab verə bilməz. Biz təklif edirik ki, mövcud razılaşmalar imzalansın və ratifikasiya olunsun, digər mümkün məsələlərin müzakirəsi isə davam etdirilsin. Razılaşdırılmış maddələrdə sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələləri daimi platformada müzakirə etməyə imkan verən mexanizm var. Sülh sazişi imzalandıqdan sonra tərəflərin diplomatik əlaqələr quracağı gözlənilir ki, bu da məsələlərin müzakirəsi üçün əlavə platformaya çevriləcək”.
Paşinyan deyib ki, Ermənistan günü sabah Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməyə hazırdır.
Ölkənin baş naziri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazırdır.
Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasında Rusiyanın vasitəçiliyini qeyri-mümkün adlandırıb:
“Siz necə təsəvvür edirsiniz ki, məsələn, regional kommunikasiyaların açılması məsələsində Ermənistanı təxribat törətməkdə günahlandıran bir ölkə vasitəçi kimi çıxış edəcək? Belə bir bəyanatla çıxış edən institut özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi əsassız ittiham irəli sürsün, sonra da bir yerdə oturub bu mövzunu onunla müzakirə edəsən?”, - deyə baş nazir qeyd edib.
https://24news.ge/read/id/92953?fbclid=IwY2xjawFE1ZdleHRuA2FlbQIxMAABHf1t-yKmNyUr1-wlgtVnGHb6EM8zzUjZ-8vJHSu3tXeyhyDxl5NkH__7Ew_aem_LZ4nLRmpGzHaRMrpf2AyyA