ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi təbrik edir: Hidayət Orucov - 80

Hörmətli Hidayət müəllim,

Siz istedadlı şair, dramaturq, jurnalist, əməkdar incəsənət xadimi, diplomat, dövlət xadimi və səmimi insan olaraq xalqımızın yaddaşında, ölkəmizin ədəbi-mədəni həyatında silinməz iz qoyubsunuz. Yaradıcılığınızda, müəllifi olduğunuz 40-dan çox kitabda doğulub boya-başa çatdığınız Zəngəzur elimizin bir parçası olan Meğri rayonunun Maralzəmi kəndinin, İrəvan, Qərbi Azərbaycanın tarix və mədəniyyətinin tədqiqi, təbliği xüsusi yer tutur. Uzun illər məsul dövlət vəzifələrində, xarici ölkələrdə çalışanda da doğma yurd yerlərinizə bağlılığınızı yazılarınızda səmimi duyğularla ifadə edibsiniz. 

Qurucularından biri olduğunuz “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Ağsaqqallar Şurasının  üzvü, Birliyin daimi təəssübkeşisiniz.

Birliyimizin Ağsaqqallar Şurası və İdarə Heyəti adından yubileyiniz münasibətilə Sizi təbrik edir, bundan sonra da sağlam, xeyirli ömür arzulayırıq.

Hörmətlə,

Sədr                 Hacı Nərimanoğlu

 04 sentyabr 2024-cü il

Hidayətin Zəngəzur duyğulu bir neçə şeirini oxucularımıza təqdim edirik:

 Zəngəzur

 Dayım Əli Məmmədovun

unudulmaz xatirəsinə

 Harda xəstələnsəm...

 Bir asta yeri dağ cığırlarla -

Qar uçar,

            daş qaçar,

                        qaya sürüşər...

Aranda dayanıb uca dağlara

Boylanmaq istəsən,

            papağın düşər.

 

Dəli çağlayanlar hayqırar, çaxar,

Durnalar

            karvanı olar göylərin.

Gözəllik

            çaylara qoşular, axar,

Dağlar fikirlidir,

            dərələr - dərin...

 

Bu ulu diyarın hər çəhlimini

Çəkmişəm ömrümün varaqlarına.

Harda xəstələnsəm, a dostlar, məni

Çatdırın Zəngəzur yaylaqlarına.

 

Görüb qartalların öz yuvasını

Çinara dönərəm,

            dağ olaram mən.

Udub zirvələrin saf havasını,

Davasız-dərmansız sağalaram mən.

 

  1. Təbiət tərifləyib

 

Bura durnagözlü bir diyardır ki -

Tale gözəlliyi yerə səribdir.

İydəli, söyüdlü ilk bahardır ki,

Ana təbiətdən təriflənibdir...

 

Mığrı gecələri qəndiltək yanar -

Ulduzlarmı yerə tökülüb, nədir?

Xəllərgə çayının nəğməsi ki, var,

Təbiət dilində min hekayədir...

 

Qafanın qəribə səfası vardır;

Arxası söykənmiş uca dağlara,

Dağ yolu - alnının qırışlarıdır,

Sinəsi oxşayır ilkin bahara.

 

Zəngəzur - bir sevən nəğməli ürək:

Təzadlı,

            zirvəli,

                        bağlı-bərəli.

Bir əli yapışıb Arazdan bərk-bərk,

Buludlarda itib o biri əli.

Qəcəldən arana baş alan yellər

Dəli Koroğlunun telli sazımı?

Dibsiz dərələrin bəs nə gileylər? -

Dərələr

            ömrünün etirazımı?

 

Üçtəpə

            təpədən-dırnağa çiçək,

Qayalar anadan haça olubdur.

Sinəsindən ötmüş qoç igidlərtək

Zəngəzurun başı uca olubdur.

 

  1. Babamın yaşıdı,

mənim yaşıdım

 

Çoban çarığının bağı açılıb,

Cığırlar

            dağların yaşı olubdur.

Ələngəz

            babamla qoşa qocalıb,

Qırx dörddə mənimlə bir doğulubdur!

 

Hicran harayı var hər gur bulaqda,

Neçə nər qəhrəman burdan su içib.

İndi mən gəzdiyim bu düzdən, dağdan,

İldırım vüqarlı igidlər keçib.

 

Qan-qada görübdür burda babalar;

Yüz kəndin torpağı - daşı itibdir.

Lökdə bir meşənin məzarlığı var -

Kötük - başdaşların yaşı itibdir.

 

Qaşlar çatılıbdır burda bir vaxtlar,

Nifrətlər, qəzəblər aşıb-daşıbdır.

Zəngin sərvətiylə öyünən diyar

Bir vaxt lütləriylə məşhurlaşıbdır.

Quraqlıq çox erkən qovub baharı,

Çörəksiz yetimin bənizi solub.

"Kasıb" Zəngəzurun qızılı-varı

"Səyyah" ingilisin cibinə dolub.

 

Zəngəzur lütləri gəzib hər yanı,

Dolaşıb kədərli, diyarbadiyar.

Bəzən də tökülən günahsız qanı

Tarixdə qalıbdır acı yadigar.

 

  1. Payızla qış arasında

 

Ələngəzdən Zəngəzura baxıram -

Dağların başında duman görünür.

Ürəyimi yandırıram, yaxıram,

Yalçın qaya,

            sürü,

                        çoban görünür...

 

Duman kəmər kimi qurşanıb dağa.

Gecə...

            kəmər qaşı - göydə min ulduz!

Bir az istiləşib qaynar bulaq da,

Təpələr - kədərli,

            qayalar - yalqız.

 

Bu yerin payızı, yoxsa qışıdır? -

Qışın özünə yurd axtarışıdır? -

Çoban daş başında...

            tonqal alışır,

Payız qışa

            qış payıza qarışır...

 

  1. Zəngəzurdur!

 

Bu el çeşmə məskəni,

Lilparlıdır suları.

Vəcdə gəlir insanın

İstəyi, arzuları.

Burda hər qarış torpaq

Gözəlliyin quludur,

Hər daş, hər iz, hər bulaq

Müqəddəsdir, uludur.

Tale tərifləyibdir,

Hər cizgisi yerində -

            nər artıq şey, nə qüsur,

Bir söz: - gözəllik yurdu

Zəngəzurdur,

            Zəngəzur!

 

Bağlarına dayan, bax!

Dağlarına boylan, bax!

Dərəsinə, düzünə,

Qayasına hər an: bax!

Arxlarına pıçılda

Ürəyində nəyin var?

De, köksünü sıxmasın

Kədər, həyəcan, qubar.

De, dinləyər dərdini,

Əlac eləyər sənə.

De, boşaldar qəlbini

Göylərin qübbəsinə.

Burda her şey minnətsiz,

Dünya büllurdan - büllur.

Bir söz, dolaşdığın yer

Zəngəzurdur,

            Zəngəzur!

 

Harda qarşına çıxsa

Təmənnasız yaxşılıq,

Harda üzünə gülsə

Mehribanlıq, xoş qılıq,

Sevgin qanad açaraq

Zirvələrdə dolansa,

Harda yaran sağalsa,

Harda ömrün uzansa,

Harda qəlbinə dolsa

İnam, əzəmət, qürur -

O yerin əzəl adı,

İndiki gözəl adı

Zəngəzurdur,

            Zəngəzur!

 

1965, iyun-dekabr

1975, fevral

 

Zəngəzurludur!

 

Çəhlimlər dırmaşar, cığırlar qalxar,

Üfüqlər sabahın işıq yoludur.

İldırımlar dinər, şimşəklər çaxar -

Ən məğrur nəğmələr zəngəzurludur.

 

Taleyin torpağa bəxşişidir bu -

Paklığı, qeyrətin, əzmin qoludur.

Minnətsiz yaxşılıq, şirin hiss, duyğu,

Sədaqət, etibar zəngəzurludur.

 

Hər parça göy səma, hər zərrə torpaq

Ulu gözəlliklə yenə doludur.

Hər coşqun dağ çayı, hər şəffaf bulaq

Çox dərə, çox zirvə zəngəzurludur.

 

Burda min illərdir yaşayır ellər -

Tarixin alınmaz şöhrət yoludur.

Ən zərif nəğmələr, ən şirin dillər,

Ən təmiz məhəbbət zəngəzurludur.

 

Ozan mahnısında dillənir hünər, -

Şeir də, sözü də zəngəzurludur,

Tale bəxşişidir, vallah, deyirlər:

Allahın özü də zəngəzurludur...

 İrəvan, 1980

https://edebiyyatqazeti.az/news/diger/12108-harda-xestelensem-a-dostlar-meni-catdirin-zengezur-yaylaqlarina?fbclid=IwY2xjawFFC7tleHRuA2FlbQIxMQABHZ9aLWzZaQqfz3ihBDhJTrDKNZvRppfhRTfY0JGuglSDe3bThhHL923ckA_aem_eqNmdetZtOXgDnz0kzKYbw

 

  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert