Yolçu! Bu məzarda uyuyan şəhid,
Qardaşın qardaşa əmanətidir.
Odlar diyarının istiqlalına
Qoca Türkiyənin zəmanətidir!
Qafqaz İslam Ordusunun yaranmasının və Bakının rus, ingilis, erməni əsarətindən azad edilməsinin 106 ili tamam olur.
Amerika, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Yunanıstanın Osmanlı torpaqlarında qurmaq istədiyi erməni dövləti ssenarisi türkün Qurtuluş hərəkatı nəticəsində puça çıxdıqdan sonra bu dövlətlərin birbaşa hərbi-siyasi dəstəyi ilə həmin ssenarinin reallaşması Qafqaz türklərinin tarixi torpaqlarına köçürüldü. Bu güclərin təpədən dırnağadək silahlandırmış olduğu nizami erməni-rus hərbi hissələrinin Bakı, Naxçıvan, İrəvan, Quba, Zəngəzur, Nuxa, Lənkəran və digər bölgələrdə törətdikləri qanlı qırğınların məqsədi bir idi; Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağdan Gəncəyədək müsəlman türk əhalini qırıb Gəncədə Azərbaycanın müstəqilliyini elan etmiş Azərbaycan Milli Şurasını beşikdəcə boğmaq, Şaumyanın rəhbər qoyulduğu bolşevik-daşnak güruhunun əlində olan Bakı quberniyası qoşunları ilə birləşib "Böyük Ermənistan" xülyasını reallığa çevirmək.
Böyük güclərin bu məkrli planları qarşısında çarəsiz durumda qalmış ordusuz, silah-sursatsız Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin liderləri Osmanlı dövlətindən hərbi yardım istədilər. Osmanlı dövləti özü nə qədər çətin durumda olsa da, bolşevik Rusiyasının Qafqazdan geri çəkilməsini, bir əsrdən çox çar Rusiyasının müstəmləkəsi olan müsəlman-türk ərazilərinə yenidən girmək üçün əlverişli şərait yarandığını görüb mövcud vəziyyətdə ən doğru və cəsarətli yolu seçdi. Osmanlı sultanı V Mehmet Rəşad tərəfindən Nuru paşanın Qafqaz İslam Ordusu komandanı təyin olunması və bütün Qafqazda Sultan adından hərbi və siyasi fəaliyyət göstərəcəyinə dair fərman verdi. Osmanlının hərbi naziri Ənvər paşa Qafqaza hərbi yardım göndərilməsinin ən güclü, ardıcıl tərəfdarı idi və buna çox böyük önəm verərək bir çox döyüşlərdə şəxsi rəşadət göstərmiş qardaşı Nuru paşanın komandan olmasını da Sultana təklif etmişdi.
Nuru paşa bir qrup zabitlə 1918-ci il mayın 12-də Qacarlar İranından keçib mayın 20-də Araz çayından erməni qoşunlarının qana bələdiyi Zəngəzur bölgəsinə daxil oldu. Bu zabitlərin bir neçəsi yalnız özünümüdafiə dəstələrinin ümidinə qalmış yerli əhaliyə kömək məqsədilə burada qaldı, silahlı dəstələrin yaradılması, silahlardan istifadə edilməsi üçün məşqlərə başladı. Daha bir neçə türk zabiti isə bu məqsədlə Naxçıvanda qaldı.
Nuru paşa özü isə Cəbrayıl-Ağdam-Tərtər yolu ilə Yevlaxa, mayın 25-də Gəncəyə gəldi. Cümhuriyyətin sərəncamında olan Gəncədəki minədək əsgər və zabitinin də təqribən yarısı Birinci dünya savaşında ruslara əsir düşən türk əsgərləri idi. Onların çoxu başıpozuq şəkildə geri çəkilən rus qoşunlarının əsir, girovluğundan qaçıb yeni yaranmaqda olan milli orduya qoşulmuşdu. Nuru paşa tabeliyində olan azsaylı Osmanlı əsgər və zabitləri, yeni yaranmaqda olan silahsız, təcrübəsiz Azərbaycan bölükləri ilə rus-bolşevik, erməni-daşnak ordusuna qarşı mübarizə aparmağın, əsas da Bakını almağın bir nəticə verməyəcəyini görüb Osmanlıdan əlavə qüvvələr xahiş etdi. Bu arada Bakıdan İstanbula çatan müraciətlər, vəziyyətin dözülməzliyi də Osmanlı dövlətini qardaş Qafqaz türklərinə təcili əlavə yardım göndərməyə sövq edirdi. Ənvər paşa Şərq orduları qrupuna tabe 5-ci Qafqaz diviziyasının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Diviziyanın tərkibində 257 zabit, 5.575 süvari var idi. Az sonra 157 zabit və 7.636 sıravidən ibarət 15-ci piyada diviziyanı da Nuru paşanın sərəncamına göndərdi. Ancaq hərbi qüvvələrin say, silah-sursat nisbətində yenə də üstünlük bolşevik-daşnak güruhunun qurduğu əli qanlı Bakı Sovetinin tərəfində idi. 1918-ci il iyun ayından Bakıda Şaumyanın sərəncamında 20 min nəfərlik silahlı hərbçi var idi. Vəziyyət günbəgün pisləşirdi, gecikmək ölümə bərabər idi.
Osmanlı qoşununun əsas zərbə hissələri elə bir zamanda Azərbaycana yetişdi ki, bolşevik-daşnak qüvvələrinin süvari dəstələri həm Şamaxı, həm Hacıqabul yolu ilə, bir hissəsi də dəmir yolu ilə Gəncəyə doğru bütün gücü ilə hücuma keçir, yolboyu qarşısına keçən bütün silahsız, dinc sakinləri qətlə yetirirdi.
İyunun 16-da düşmənlə Qaraməryəm ətrafında ilk savaşlarda bolşevik-daşnak qoşunları hərbi, strateji üstünlüyünü əldə saxlasa da, Göyçaya gələn Nuru paşanın yerli əhali ilə də çox ciddi söhbəti, vəziyyətin nə qədər ağır olmasını onlara anlatması öz təsirini göstərdi. İyunun 27-də Nuru paşa komandanlığında gedən, olduqca mükəmməl hazırlanmış planı bir neçə gün davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Artıq mənəvi-psixoloji üstünlük Ordunun tərəfində idi, heç bir qüvvə onun Bakıya yürüşünü dayandıra bilməzdi.
Qafqaz İslam Ordusuna qarşı dayanan qüvvə təkcə bolşevik-daşnaklar deyildi, müttəfiqlər də hər cür maliyyə, hərbi yardımla Bakıda hakimiyyətini qoruyub saxlamağa, neftdən daha çox pay qoparmağa çalışırdı. Rusiya, İngiltərə, Almaniya hər vasitə ilə Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini dayandırmağa cəhd göstərirdi.
Kürdəmir, Ağsu, Şamaxıda gedən ağır döyüşlər Azərbaycan əsgərlərinin də təcrübəsini, milli qeyrət, təəssübkeşlik duyğularını gücləndirib qələbəyə inamını artırmışdı.
İyulun son günləri artıq Qafqaz İslam Ordusu hissələri Bibiheybət və Xırdalan ətrafında mövqe tutmuşdular.
Ordunun hücumları qarşısında itkiləri, ilk məğlubiyyətləri görüb, vəziyyəti düzgün qiymətləndirən məkrli planların mahir ustası daşnakbaşı S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də eser, menşevik, daşnaksutyundan ibarət yeni hökumət - "Sentrokaspi" diktaturası yaradıldı.
Ordu komandanlığı dinc əhali arasında itkiləri azaltmaq məqsədilə danışıqlar üçün əvvəlcə nümayəndə heyəti göndərdi, sonra təkrar türk və rus dillərində məktub göndərildi, mülki erməni əhalinin şəhərdə sağlığına, silahlı koalisiya qüvvələrinə şəhəri sərbəst tərk etməyinə təminat verildi, təklif mənfi oldu.
Avqustun 5-də Bakı üzərinə qətiyyətli hücum səhər saatlarında başladı, ilk zərbədən sonra "Sentrokaspi" qoşunları geri çəkilməyə başladı. Qurd qapısı, Bayıl ətrafındakı yüksəkliklər, təpəliklər Ordunun əlinə keçdi. Bu vuruşmalarda düşmən tərəf 2 min itki vermiş, Qafqaz İslam Ordusundan isə 139 əsgər, 9 zabit şəhid olmuş, 463 nəfər yaralanmışdı.
Bakı kimi yağlı tikəni əldən buraxmaq istəməyən ermənilər bu dəfə həm də Ənzəlidəki ingilis qoşunlarının da köməyə gəldiyini öyrənib daha da quduzlaşdılar.
Orduda mərmi, silah-sursat çatışmazlığı geri çəkilməyə səbəb oldu. Üstünlük, Ordunun hücumunun dəf edilməsi düşmən cəbhəsində bir qədər ruh yüksəkliyi yaratdı.
Erməni, rus, ingilis qüvvələri avqustun 6-da Bakıda 16-65 yaş arasında olan əli silah tuta bilən kişiləri məcburi surətdə orduya yığmağa başladı. İmtina edən müsəlmanların 600-ü mərkəzi meydanlarda edam olundu.
Bakının müsəlman türk əhalisi Ordunun 5 avqust məğlubiyyətindən böyük kədərə düçar olmuşdu, şəhərin alınması işinin uzanmasından ciddi narahat olan ziyalılar, türk əsgərlərinin ruh yüksəkliyini qaldırmaq və onları daha da cəsarətləndirmək üçün avqustun 10-da türk əsgərlərinə müraciət hazırlayıb göndərdilər.
Müraciətdə deyilirdi:
"Neft və milyonlar səltənəti adlanan Bakının qapıları önündə neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna. Bu gözəl şəhəri azad edə bilməsəniz, türkün və onun ordusunun şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini azad edə bilməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə "Heyif ki, türk bizə köməyə gəlmədi" cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq...
Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri ala bilməsən, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin üçün dua edən əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən, qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil olacaqsan, türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəksən. Fəqət sən, ey türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada darmadağın etdin. Ən böyük döyüş gəmilərinin böyük mərmilərinə sinə gərdin. Quttuləmmarədə 14000 əsir götürdün. Qarsındak düşmənin çoxunu, erməniləri, bəlkə, Azərbaycandan, Qarsdan bəri qabağına qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəldən Çanaqqala, Quttuləmmarə, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərməğan et!"
İslam Ordusunda bu müraciət əl-əl gəzir, döyüşə atılmaq üçün hər kəsə qol-qanad verirdi. Gözlənilən, istənilən köməyin hamısı gəlib çatmamışdı, düşmənlə müqayisədə xüsusən mərmi, silah-sursat zəif idi.
İkinci hücum avqustun 25-dən sentyabrın 13-dək davam etdi. Komandan Nuru paşa sentyabrın 14-də axşam saat 20:30-da Ordunun Bakını alması üçün 100 saylı əmri imzaladı.
Son döyüş barədə savaşan tərəflərin şahid komandirlərinin isti-isti yazdıqları raportlardan bir neçə sətirdə hər şey görünür. 5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy: "Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi".( Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203).
Ordu Komandanı general Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa, sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu. "Qəmə"nin önündəki birliklər düşmən cəbhəsini yarmış, şəhərin mərkəzinə doğru irəliləyirdi. Düşmən fasilələrlə əks-hücuma keçir, lakin yenə də olduqları yerə qayıtmaq məcburiyyətində qalırdılar... Bakı qarşımızdaydı... Düşmən ehtiyat qüvvələri şəhərin mərkəzinə doğru çəkilməyə məcbur olmuşdular... Bakı möhkəmləndirilmiş mövqeyinin sol tərəfində, yəni mövqenin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunu batareyaların atəşindən təxmin etmişdik. Sübhdən başlayan döyüş axşama qədər davam etdi. Bu döyüşdə, ara-sıra özümü əlimdə mauzer ön xətlərin arasında gördüyüm anlar da oldu... Bir həmlə zamanı bir sıravinin yalvara-yalvara yanıma soxulduğunu gördüm: "Komandan Paşam, mən səninlə hələ Ərəbistan ellərindən bir yerdə idim. Bax, yenə özünü qorumursan!.. Güllə dəyəcək, komandan paşam, az da olsa, başını qorusana?.." Qucaqlayıb, dodaqlarımı, yaşı qırxı keçmiş bu dəliqanlının alnına dayadım. Çiyinlərini buraxanda əlimdə qan izləri gördüm... "Yaralısan, oğlum!.." Əlini çiyninə apardı... Sıxdı, bir ara ağrıdan üzünü turşutdu... "Unutmuşam, komandan paşam!.." dedi, sıçrayışla irəli yüyürdü. Bir ucdan mauzerindəki güllələri doldururdu... Və imperiya dastanı davam edirdi... Yanımdan gənc bir zabitin parçalanmış bədənini keçirdilər. Pulemyot bədəninin bir hissəsini aparmışdı..." (Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s.225-226).
Bakı hücumunun birinci günündə türk əsgərinin coşqunluğu, ruh yüksəkliyi, qələbə əzmi, onların müdafiə xətlərini surətlə ələ keçirməsi, ingilis ordu komandanı general Deustervili heyrətə gətirmişdi. O yazırdı: Türk əsgərlərinin qəhrəmanlığını, Azərbaycan sevgisini ingilis qoşunlarının Bakıdakı komandanı belə xatırlayır: "İnanmaq mümkün deyil! Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə qabaqcadan xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət surətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi" (General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263). Amma Türkün zəfər yürüşünün qarşısını almaq mümkünsüz idi. Qarşıdakı Vətən idi.
Sentyabrın 15-də səhər saat 5:30-da hücum 10 saat bir an durmadan görünməmiş qızğınlıqla davam etdi. Bu hücumun qarşısıalınmaz olduğunu görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamaq üçün üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Ordu adından "Sentrokaspi"yə bu Bakının qeyd-şərtsiz hərbi qüvvələr, silah-sursat, hərbi texnika ilə birlikdə təslim edilməsi, Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin dərhal azad olunması, mülki, hərbi mülkiyyətli obyektlərin təslim edilməsi və digər bəndlər barədə ultimatum verildi.
Avqustun əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə 17 erməni, 9 rus, 10 gürcü zabit də daxil olmaqla, 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətdən olan 113 əsgər əsir götürüldü.
Sentyabrın 15-i saat 15:00-də Bakı bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Onlara divan tutulması isə Cümhuriyyətin süqutundan sonra Bakıda qırmızı bolşevik-daşnak cütlüyünün tam və qəti qələbəsindən sonra başlayacaqdı - Cümhuriyyət və Qafqaz İslam Ordusunun 40 mindən çox əsgər və zabiti qırmızı terrorun qurbanı olacaqdı...
Bakının azad edilməsi Qurban bayramı günü ilə üst-üstə düşdüyündən xalq ikiqat bayram sevinci yaşayır, qalib türk ordusunun keçdiyi hər yerdə qurbanlar kəsirdi. Şəhərdə ciddi intizam, qayda-qanun yaradılmasına başlandı. Nuru paşa Bakının ələ keçirilməsi ilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Osmanlı dövlətinin rəhbərləri adından Hərbiyyə naziri Ənvər paşanın Şərq Ordu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyilirdi: "Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm". Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm".
Bakının işğaldan azad edilməsi ilə onilliklər boyu müstəqilliyindən məhrum qalmış Azərbaycan 15 sentyabrda öz paytaxtına qovuşmuş oldu. Bir unudulmaz müqəddəs məqam da onda idi ki, Bakının azad olunması mübarək bir günə - Qurban bayramına təsadüf etmişdi.
Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı. Türk qoşunları Bakıya Güney Azərbaycanın ermənilərin bir gündə 10 min günahsız adamı tarixdə misli görünməmiş amansızlıqla qırdıqları Urmiya, Xoy, Təbrizi ingilis işğalçılarından tamam təmizləyib gəlmişdi! Dağıstan müsəlmanlarının çağırışları ilə 13 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Komandanı Nuru Paşa, Quzey Qafqaz Cümhuriyyəti Ordusu Komandanı Yusuf İzzət Paşa və Quzey Qafqaz Cümhurbaşqanı Abdülməcid Cermoy üçlükdə Dərbənddə şəhərin bürclərinə Quzey Qafqaz Cümhuriyyətinin yeddi ulduzlu bayrağını ucaltdılar. Türk əsgəri Bakıdan sonra həm də Dərbəndi azad edərək Qafqazda rus işğalına qarşı ən böyük mücadiləni vermiş Şeyx Şamilin də arzu-istəyini yerinə yetirmiş oldu.
Xatırladaq ki, 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Ancaq qırmızı bolşevizm xalqımızın azad, müstəqil yaşamaq haqqını zor gücünə əlindən aldığı kimi, bu abidənin tikintisini də arxivə göndərdi, xilaskar Türk əsgərinin adını çəkmək belə qadağan edildi, bu şərəfli tarixi missiyaya qara ləkələr yaxıldı.
Osmanlı ordusunun Azərbaycanda başladığı möhtəşəm hərbi, siyasi, milli dövlət quruculuğu işlərinə dəstək İstanbuldan gələn acı bir xəbər alt-üst etdi: Qafqaz İslam Ordusu "Devlet-i Aliyə"nin imzaladığı "Mondros Mütarekesi"nin tələbi ilə geri çağırıldı. Qəhrəman Nuru Paşa bir müddət daha Qarabağda qalıb rus qırmızı bolşevik ordusuna qarşı üsyanlar təşkil etdi, lakin sonucda çarəsizcəsinə Anadoluya döndü. Geridə Türk mehmetciyinin əziz xatirələri əbədi olaraq yaddaşlarda qaldı. Qafqaz müsəlmanları hər zaman bir qurtuluş simvolu olan Nuru Paşanı və əlbəttə, bu Qurtuluşun ideya rəhbəri olan Ənvər Paşanı rəhmətlə anmaqda davam edəcəklər.
Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: "Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur türk əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram".
Bu tarixi günün və hadisənin nə qədər böyük əhəmiyyətə malik olduğunu M.Ə.Rəsulzadə belə dəyərləndirmişdi: "15 sentyabr Azərbaycan xalqının tarixində 28 may qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır".
Müasir Azərbaycan Respublikasının banisi, Ümummilli lider Heydər Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan EA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi ictimaiyyət qarşısında Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı öyrənilməsi, tədqiqi, yazılması vəzifəsini qoydu. Məsələnin bu müstəvidə qoyulmasının əsas məqsədi son iki əsr ərzində Azərbaycan xalqının yaşadığı tarixin bütün qaranlıq səhifələrinin açılaraq ilk növbədə xalqımıza, həm də dünya icti-maiyyətinə çatdırılması idi.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il Sərəncamında xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirmək, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə dəstək vermək barədə tövsiyələrini əldə rəhbər tutan Bilik Fondu Qafqaz İslam Ordusu tarixinin öyrənilməsi, təbliği ilə bağlı maarifçilik işlərinin aparılmasına yarandığı gündən böyük diqqət yetirib. Təhsil ocaqlarında, kollektivlərində türk və Azərbaycan xalqlarının dostluq və qardaşlığına ayna tutan bu şanlı, şərəfli tarixi hadisənin məna, mahiyyətinin təbliği, şərhi ilə bağlı ardıcıl tədbirlər həyata keçirib. Bakı, Astara, Şəki, Neftçala, Salyan və Hacıqabulda türk şəhidlikləri ziyarət edilib. Məktəbli və gənclərə, ictimaiyyət nümayəndələrinə tariximizin bu dövrü barədə ətraflı bilgi verilib, şeir, rəsm müsabiqələri keçirilib. Bu il də Fondun "Tariximizi öyrənək və öyrədək", "Gənc diplomatlar", "Gənc jurnalistlər" klublarının 10 universitetdən olan tələbələrinin, Şamaxı və Qobustan rayon məktəblərinin müəllim və şagirdlərinin, alim, jurnalistlərin, Türkiyə səfirliyi əməkdaşları, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yürüş və anım mərasiminin təşkili nəzərdə tutulub. Məqsəd budur: heç kim, heç nə unudulmamalıdır, tariximizin şanlı, şərəfli, qürurlu səhifələri öyrənilməli, yaşadılmalıdır!
Hacı NƏRİMANOĞLU,
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru