Türkiyə Milli Təhsil Nazirliyinin dərsliklərdə “Mərkəzi Asiya” ifadəsinin “Türküstan”la əvəz olunması barədə qərarı türklərin tarixi məskənlərindən biri olan bu coğrafiyada türk milli kimliyinin, milli özünüdərk və vətənpərvərlik hisslərinin gücləndirilməsinə, Türk Dövlətləri Təşkilatının əsas məramının gerçəkləşməsinə yeni stimul verəcəkdir.
Arzu edilən, gözləniləndir ki, Türkiyənin Milli Təhsil Nazirliyi Azərbaycanlılar üçün də sovet - KQB rejiminin məkrli niyyətlərlə yapışdırdığı "azəri", "azərbaycanlı" yarlığı əvəzinə "Azərbaycan türkləri" ifadəsinin işlənməsi barədə müvafiq qərar versin, tarixi ədalət və həqiqətin bərpası naminə belə bir addım atsın.
Bu, yüz ildən artıqdır milli düşüncəli türk aydınlarının mübarizə apardığı idealın reallaşmasına - dünya, TDT, Anadolu, Qafqaz, Güney Azərbaycan türklərinin də birliyinin təkcə sözdə deyil, fikirdə, dildə, əməldə birliyinin güclənməsinə çox əhəmiyyətli, mühüm töhfə olardı.
Hacı Nərimanoğlu, tarix üzrə fəlsəfə doktoru