Həsən bəy Zərdabi adına İzmir Ege Universitetində keçirilən yüksək səviyyəli simpoziumda iştirak etdiyimiz layiqli qəzetçi və tədqiqatçı, “Şərq” qəzeti başkanı Akif Aşırlı ilə birlikdə İzmirdən Manisa gəzintisinə gedərkən hansı sürprizlə qarşılaşacağımızı heç xəyalımıza da gətirməzdik. Təsadüfən rastımıza çıxan polisdən qədim tarixi meydanın yolunu soruşduq, Bakıdan gəldiyimizi bilən kimi bizə yaxınlıqdakı Azərbaycan evinin yolunu göstərdi, ora getməyimizi məsləhət bildi və heç izin soruşmadan telefon açıb “qarşılayın, qonaqlarınız gəlib” söylədi. Nə xoş təsadüf, bizi əsl qardaş doğmalığı ilə Manisa Azərbaycan Evi Başkanı Seyfettin Ayakyay və Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi Yönətim Kurulu Başkanı Yalçın Taşdemir qarşıladı. Azərbaycan, Türkiyə bayraqları ilə göz oxşayan otaqdan mərhum Qənirə Paşayevanın gülərüz baxışları ilə üz-üzə qaldıq, xatirələrimiz bölüşdük, ondan sonra bura biz qonaq gəlmişdik. Çox maraqlı tarixi keçmişi olan "şahzadələr şəhəri" Manisanın görməli yerlərini gəzdik.
İrəvan xanlarının nəslindən – Hüseynəli xanın qardaşı kötücəsi Seyfettin bəy Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı alıb, mərhum Heydər Əliyevlə görüşüb, Manisada onun adına park açıb, indi isə öz vəsaiti ilə (Xan soykökünə mənsubların məğrur ədası ilə: - kimsədən bir əmzik də almaram, özüm edəcəyəm-deyir) Şuşa adına gözəl bir abidənin özülünü qoydurub inşasına başlayıb, Vətən müharibəsində qələbədən sonra 43 Manisalı, İzmirli yazarın, QHT-STK fəallarının Şuşaya səfərini təşkil edib, feysbuk səhifəsində də Türkiyədən çox Azərbaycana yer ayırır. O, Heydər Əliyev heyranı, İlham Əliyev sevdalısıdır, Qarsdan üzübəri şəhər, kəndlərdə xeyli İrəvanlı qohumları yaşayır və onlar özlərini o torpaqların əsl sahibləri sayır, yaşı 80-ə yaxınlaşır, Qərbi Azərbaycan torpaqlarına qayıdış günlərini inamla, həsrətlə gözləyir.
Arzularınız gerçək olsun, Seyfettin bəy, Yalçın bəy, sizlər Azərbaycanın Türkiyədə döyünən ürəklərisiz, var olun, tanışlıqdan çox məmnun qaldıq, yenidən görüşmək arzusu ilə,
Hacı Nərimanoğlu Abdulla