Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov 25 oktyabr "Qubadlı Şəhəri Günü" münasibətilə açıqlamasında demişdir:
2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlı şəhərini 27 illik düşmən işğalından azad etdi. Azərbaycaın əzəmətli üçrəngli bayrağı 27 illik fasilədən sonra yenidən Qubadlı səmasında dalğalanmağa başladı. Qubadlının işğaldan azad edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm addım olmaqla yanaşı, Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının işğaldan azad edilməsi Laçın istiqamətində irəliləyərək Qarabağdakı erməni hərbi birləşmələrinə yüklərin və canlı qüvvələrin daşındığı Laçın yolunun bağlanmasını təmin etmək istəyən Azərbaycan Ordusuna böyük üstünlük qazandırdı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi Azərbaycan xalqının qələbəsini yaxınlaşdıran tarixi hadisə idi. Qubadlının işğaldan azad edilməsi şanlı ordumuzun Laçın və Şuşa yürüşünün zəfərlə başa çatacağı barədə hər kəsdə bir daha əminlik yaratdı.
Prezident İlham Əliyevin tarixi qələbə günlərimizi əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilib. Bununla tariximizə şanlı qələbəmizi əks etdirən daha bir möhtəşəm gün əlavə olunub.
1920-ci ildə Zəngəzurun qərb hissəsi bolşeviklər tərəfindən Ermənistana verildikdən sonra Qədim Zəngəzurun dilbər guşələrindən olan Qubadlı rayonu həmsərhəd bölgəyə çevrilib. Еrmənistanla 120 km sərhədə malik olan Qubadlı rayonu Birinci Qarabağ müharibəsi zamanı ermənilərin təcavüzkar hücumlarına məruz qalıb, dinc əhaliyə qarşı tеrror aktları törədilməsi sistеmli şəkildə davam еtdirilib. 1993-cü ilin avqustun 31-də Qubadlı rayonu ermənilər tərəfindən tamamilə işğal olunub. Qubadlının düşmən hücumlarından müdafiə edilməsində xalqımızın igid oğlu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyar Əliyev və onun döyüşçüləri tariximizdə həmişə qürurla xatırlayacağımız qəhrəmanlıq səhifələri yazıblar.
Qubadlının işğalı nəticəsində rayonun 30 min nəfərdən ibarət əhalisi məcburi köçkünə çevrildi, yaşayış məntəqələri dağıdıldı, bölgənin zəngin təbii sərvətləri isə Ermənistan tərəfindən amansızcasına talandı. İşğal dövründə Qubadlı rayonunun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü, 1080 ədəd kənd təsərrüfatı obyekti və digər tikililər dağıdılıb və yararsız vəziyyətə salınıb. Rayon ərazisində Azərbaycan xalqına məxsus bütün maddi-mədəniyyət abidələri, məscidlər, ziyarətgahlar, qəbiristanlıqlar yer üzündən silinib, bölgənin erməniləşdirilməsinə cəhdlər göstərilib.
Bununla yanaşı, Ermənistan rayon ərazisini işğal altında saxladığı dövrdə işğal edilmiş ərazilərdə qanunsuz əhali məskunlaşdırılmasını müharibə cinayəti kimi təsbit edən beynəlxalq hüqüqi aktlara, o cümlədən Cenevrə konvensiyalarına məhəl qoymadan Qubadlının Xanlıq qəsəbəsində xaricdən köçürülmüş erməniləri yerləşdirib.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Amansız, qəddar düşmənin tapdağından azad edilmiş Qubadlı bu gün öz tarixinin yeni və möhtəşəm günlərini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində rayon yenidən qurulur, onun gələcək inkişafının sağlam və möhkəm təməlləri atılır. İşğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyimizi deyən Müzəffər Ali Baş Komandan rayonun keçmiş əzəmətini özünə qaytarması üçün həyata keçirilən tədbirləri bilavasitə diqqət mərkəzində saxlayır.
2020-ci il dekabrın 23-də Qubadlıda şanlı Azərbaycan bayrağını yüksəldən Müzəffər Ali Baş Komandan 2021-ci il 25 oktyabr tarixində rayona səfər edərək Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib. Prezident həmin gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayonun inkişafını daima diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 19 oktyabr 2022-ci il tarixində “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
2023-cü il may ayının 4-də Prezident İlham Əliyevin iştirakı ilə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib.
2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam Qubadlı şəhərinin yenidən qurulmasını təmin edəcək mühüm sənəddir. 2022-ci ilə hazırlanmış Baş plana əsasən 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması nəzərdə tutulur. Bundan başqa, işğal və zəfər tarixini əbədiləşdirmək, onu gələcək nəsillərə çatdırmaq məqsədi ilə Qubadlı İşğal və Zəfər muzeyləri kompleksinin də inşası nəzərdə tutulub.
Hazırda Qubadlı rayonunda mühüm infrastruktur layihələri uğurla həyata keçirilməkdədir. Qubadlının, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq, rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçən Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi bu layihələrdən biridir. Prezident İlham Əliyevin 2023-cü il 5 sentyabr tarixli “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bu layihələrin həyata keçirilməsi yaxın zamanlarda Qubadlının sosial-iqtisadi inkişafını və rayon sakinlərinin öz doğma yurd yerlərinə qayıdışını təmin edəcəkdir.
Ölkə başçısının hərtərəfli diqqət və qayğısı altında aparılan bərpa-quruculuq işləri sayəsində yaxın vaxtlarda Qubadlı rayonu ölkəmizin cənnət guşələrindən birinə çevriləcək, “Gəyən” və “Yazı” düzləri yenə bol məhsulu ilə insanların üzünü güldürəcək, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın varisləri bu torpaqlarda xoşbəxt və məğrur yaşayacaqlar".
zengezur.com