Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 11-ci Zirvə görüşünün yekunlarına dair zengezur.com saytının sualını cavablandıraraq demişdir:
"Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 11-ci Zirvə görüşü Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm bir mərhələni təşkil edir.
Əsası 2009-cu ildə imzalanan Naxçıvan sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı Türk Dünyası ölkələri arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə qarşısında dayanan vəzifələri reallaşdırmaq istiqamətində uğurlu inkişaf yolu keçib. Bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi Türk Dünyası ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan həmişə Türk Dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas aktoru və hərəkətverici qüvvəsi kimi çıxış edib. Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi yönündə indiyədək ardıcıl və qətiyyətli mövqe sərgiləyən Azərbaycan əminik ki, bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək. Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda dünyada artan təhlükələri nəzərə alaraq türk dövlətləri arasında müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb və Türk Dövlətləri Təşkilatının mövcud büdcəsinin qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığını önə çəkib.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının potensialının daha da güclənməsinə töhfə vermək üçün Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərdiyini bəyan edib. 200-ə yaxın ölkənin Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləməsini beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yaxın günlərdə Azərbaycanda keçiriləcək COP29 konfransının işində fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib.
Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə imzalanan Bişkek Bəyannaməsi və digər sənədlər təşkilata üzv dövlətlər arasında əməkdaşlığı dərinləşdirməyə və bu təşkilatın beynəlxalq aləmdə rolunu və təsirini artırmağa xidmət edir".