Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayrağımız hər zaman vüqarla dalğalansın!
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bu il artıq üçüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövrü Azərbaycanın qələbəsi ilə başa çatıb və azad edilən torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılıb.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.
Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.