76 il əvvəl noyabrın 11-də Mingəçevir şəhər statusu alıb və hər il bu əlamətdar tarixi Mingəçevir şəhər günü kimi təntənə ilə qeyd edilir. Ancaq Mingəçevirin yaşayış yeri kimi tarixi qədimdir və min illərin o üzünə qədər uzanıb gedir və tariximizin mühüm bir dövrünü yaşadır.
Qədim Mingəçevir. Birinci minillikdən əvvəl yaşamış tarixçi, coğrafiyaşünaslar Plutarx, Strabon, Ptolomey öz qeyd və xəritələrində Kürün sağ və sol sahilində hazırkı Mingəçevirin yerləşdiyi ərazidə geniş sahədə zəngin yaşayış məskəninin mövcudluğundan bəhs edib. Şəhərə bitişik Mingəçevir və Hürüuşağı kəndlərində indiyədək xeyli qədim qəbir yerləri qalıb. Övliya Çələbi (1611-1682) "Səyahətnamə"sində Mingəçevir haqqında məlumat verib, Kür çayının sağ sahilində Bozdağın ətəyində yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkib və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğunu yazıb.
1871-ci ildə Peterburqda II Rusiya arxeoloji qurultayında Qafqaz arxeoloji komitəsinin sədri A.R.Berje məruzəsində diqqəti Mingəçevirin qədim insan məskəni olmasına dair çoxsaylı faktlara yönəldərək, bu ərazinin tarixinin ətraflı öyrənilməsinin zəruriliyini vurğulamışdı. F.S.Bayer, Y.A.Paxomov, K.V.Trever, Q.İ.İone, Q.M.Aslanov, P.M.Vahidovun tədqiqatlarında ərazidə zəngin maddi-mədəniyyət abidələrinin mövcudluğu qeyd edilib.
1941-ci ildə "Azərbaycan arxeologiyasının atası", Mingəçevir arxeoloji ekspedisiyasının rəisi Saleh Qazıyevin rəhbərliyi ilə Samux-Mingəçevir ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazidə Cənubi Qafqazın ən iri arxeoloji kompleksi - eneolit dövrünə (e.ə III minillik) aid 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar, 20 kurqan, 30 minədək maddi-mədəniyyət nümunəsi aşkar olundu. Tapılan əkinçilik, heyvandarlıq, sənətkarlıq, ovçuluq alətləri burada əhalinin oturaq həyat sürdüyünü sübut edirdi. Qədim şəhərin izləri, 200 qəbir və katakombada aparılan tədqiqatlar insanların antropologiyası, sosial təbəqələşməsi, dünyagörüşü, məişəti, adət-ənənələri, qonşu ölkələrlə əlaqələri, ərazidə gedən qanlı savaşlar barədə zəngin məlumatları üzə çıxarmışdı. Mingəçevir-Samux bölgəsinin arxeoloji mənzərəsi Alban tariximizin, kökümüzün canlı salnaməsi, daş yaddaşı, əyani təcəssümü idi. Samux-Mingəçevir ərazisi Alban dövlətinin inkişaf etdiyi dövrlərdə mədəni mərkəzlərdən biri kimi tanınmışdı. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə burada alban əlifbası tərtib edilmiş, məktəblər açılmışdı. Mingəçevir dənizinin, keçmiş Samuxun ərazisi e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında qanlı döyüşlərin mərkəzi olub. Roma mənbələrində bu savaş barədə ətraflı məlumatlar var.
Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri idi. Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınırdı. Eləcə də Yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçirdi. Tariximizə sahib çıxmaq kimi məkrli niyyətini hər zaman açıq göstərən bədnam qonşularımızın hiylələri, planları bu dəfə də öz işini görüb: Moskvadan gələn təlimatla arxeoloji tədqiqatlar qismən dayandırılıb, çox sayda alban yazılı abidələrinin də olduğu daş kitabələr (Mingəçevir - Sudağılan epitafiyası) ölkədən çıxarılıb, izi itirilib.
"Mingəçevir" toponiminin necə yaranması, mənası barədə mən də yazmışam. Müxtəlif ehtimallar, fərqli şərhlər mövcuddur. Onların arasında dilçi alim, mərhum akademik Tofiq Hacıyevin mülahizələri diqqəti daha çox cəlb edir: toponimdə iki alban türk tayfasının - "məng" və "savir"in adı birləşib, fonetik dəyişikliyə uğrayaraq daşlaşıb. Hər iki tayfanın Qafqazda mövcudluğu və Qafqaz türklərinin soy-kökündə iştirak etdiyi məlumdur. Türk dünyasının bütün guşələrində, o cümlədən, Azərbaycanda bu tayfaların adını yaşadan xeyli toponim var. Ancaq bir tarixi faktlar da var: "Təbəriyə görə, Afşinin Azərbaycanda öz yerinə qoyduğu sərkərdəsi Mingicavır Babəkə məxsus kəndlərin birində olan evdə böyük xəzinə tapıb bu haqda nə Afşinə, nə də xəlifəyə xəbər verməyərək mənimsəmişdi." (Azərbaycan tarixi, ali məktəblər üçün dərslik, Bakı Univesiteti-2019, s.51)
Samuxla Mingəçevir əkiz qardaşdır, ancaq Samux nəinki Azərbaycanda, Qafqazda, hətta, dünyada ən faciəli tale yaşayan yurd yerimiz olub. Minlərlə hektar nadir fauna və florası olan ərazi qədim tariximizin üstü açılmamış dəfinə, xəzinələri, el-obaları, qəbiristanlıqları, əkin yerləri, ev-eşikləri, tarixi abidələri ilə birlikdə sular altında qalıb. "Samux" alban mənşəli toponimdir: "meşəlik", "ağaclıq", "ov yeri" mənasını verir. Hələ çar dövründə - 1910-cu ildə Samuxun böyük bir hissəsi qoruq ərazisi elan edilmişdi. Bu torpaqlarda bitən nadir Eldar şamı meşəliyi 1901-ci ildə rus alimi S.Medvedyev tərəfindən öyrənilmiş, onun dünyada bənzəri olmayan relikt ağac növü olduğu sübut edilmişdi.
Müasir Mingəçevir. SSRİ Nazirlər Sovetinin 1945-ci il 6 iyul tarixli qərarı ilə Mingəçevir SES-in inşasına başlandı. Tikintiyə İttifaq büdcəsindən hər il respublikamızın öz büdcəsindən çox vəsait ayrılırdı. Mingəçevir indi respublikamızda hasil olunan elektrik enerjisinin 65 faizini verir.
Mingəçevir hidrostansiyasının - SES-in texniki göstəriciləri su altında qalan ərazinin miqyasını da, görülmüş işlərin vüsətini də göstərir: bəndin torpaq səddinin hündürlüyü 80 metr, uzunluğu 1550 metr, bünövrəsinin eni 320 metrdir, torpaq tutumu 15,6 milyon kubmetrdir. Burada Avropada ən böyük süni göl (su anbarı) yaradılıb. Sahəsi 605 kvadratkilometr olan Mingəçevir dənizinin su tutumu 17 milyard kubmetr, uzunluğu 75 kilometr, eni 9-18 kilometr, dərinliyi 25-70 metrdir. SES-in illik hasilat gücü 1,5 milyard kilovat/saat, Vərvərə SES-in gücü isə 16,5 milyon kilovat/saatdır. Yuxarı Qarabağ kanalından saniyədə 110 kubmetr, mənbəyini Xanabaddan götürən Şirvan kanalından isə saniyədə 70 kubmetr su axır. Kür çayının SES-dən Vərvərə su anbarının yuxarısınadək olan hissəsi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Mingəçevir dəfələrlə Avropa Oyunlarının proqramları çərçivəsində idman avarçəkməsi üzrə yarışların məkanı seçilib.
Hələ sovetlər dönəmindən Ana Kürün sahilinə, məğrur Bozdağın sinəsinə sığınan Mingəçevir yaşıllığı ilə sayılıb seçilib, sevilib, şəhər indi də gündən-günə gözəlləşir, simasını dəyişir, səliqə-sahmanı ilə göz oxşayır. Ona bu gözəlliyi, təravəti bəxş edən səmimi və mehriban insanları - mingəçevirlilərdir. Qədirbilən mingəçevirlilər nur şəhərinin ilk qurucularına, tikintiyə rəhbərlik etmiş görkəmli şəxsiyyətlər İslam İslamzadə, Kamran Hüseynovun xatirəsinə hər zaman xüsusi ehtiram göstərirlər, indi onların adı şəhərin küçələrində əbədiləşib. Mingəçevirlilər bu şəhərə namus, vicdanla xidmət edən, adı, izi qalan rəhbərləri unutmadığı kimi, vəzifədə olarkən şəhərə yalnız gəlir mənbəyi kimi baxmış ləyaqətsiz bivecləri də layiq olduqları epitetlərlə xatırlayır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə "Eldar şamı" Dövlət Təbiət Qoruğu yaradılıb.
1990-cı illərə qədər Mingəçevirdəki nadir zavodların çoxuna birbaşa dəmiryol xətti çəkilmişdi və buradan SSRİ-nin hər yerinə hazır məhsullar göndərilir, yaxud xammal gətirilirdi. Bu şəhərin və elektrik stansiyalarının inşasında SSRİ-nin bütün respublikalarından, ən çox da Rusiyadan 100 min nəfər çalışıb. Buraya 20 min dustaq, 20 min alman əsiri də daxildir və indi Bozdağın ətəyində 911 almanın, Almaniya tərəfindən savaşa qatılmış digər millətlərin əsgər və zabitinin məzarı var. Almanların tikdiyi binalar, körpülər, yaşadıqları evlər indiyədək sağ-salamat qalıb. Mingəçevirdə 15 millətin nümayəndəsi yaşayır. Bu şəhər Qarabağ müharibəsində 400-dək şəhid verib, ölkəmizdə ən çox - 106 itkin də mingəçevirlilərin qəlbində sağalmaz yaradır, 200-dək mingəçevirli əlil olub. Burada 20 mindən çox məcburi köçkün məskunlaşıb.
Bu yazını hazırlayarkən AZƏRTAC-ın aşağıdakı informasiyası diqqətimi çəkdi: "İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 313 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çox hissəsi (267 milyon manat) ixrac edilib. İZİA-dan AZƏRTAC-a bildirib ki, 26 hektar ərazini əhatə edən Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda Parkın 1 rezidenti ("Mingəçevir Tekstil" MMC) var. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir. İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı “Made In Azerbaijan” brendi ilə Türkiyə, Rusiya və s. ölkələrə ixrac olunub".
Nur şəhərimiz Mingəçevir respublikamızın 4-cü sənaye, yaşayış məskəni olmaqla bərabər şöhrətli Alban tariximizin yaşıdıdır!
Hacı NƏRİMANOĞLU
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru