Artıq Azərbaycanın əsrarəngsiz təbii gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu Zəngəzur ellərinə, Zəngəzurun Azərbaycana qovuşmasına sayılı günlər qalıb. Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza şəfalar, Qazilərimizə zəfəriniz mübarək, Tanrı sizləri qorusun-deyirik. Yurd-yuvalarına dönüş həsrətilə dünyadan köçən həmvətənlərimizə rəhmət, bu xoşbəxt günləri gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik. Prezident və Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti, döyüş ruhu, dövlət-xalq birlik, bərabərliyi qələbəni, qurtuluşu, zəfər günlərini günbəgün yaxınlaşdırır. Gözün aydın, Azərbaycan, zəfərlər səninlə olsun!
Zəngəzurun tarixinə ekskurs
Azərbaycan xalqının 27 sentyabr 2020-ci ildə başlanan Milli Qurtuluş Savaşı ardıcıl qələbələrlə son Zəfər gününə aparır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və başqanlığı ilə görünməmiş milli ruh, coşqu ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlər artıq Azərbycanın tarixi Zəngəzur bölgəsinin Zəngilan, Qubadlı, Laçın rayonlarının sərhədlərinə yaxınlaşır.
2011-ci ilin 5 iyulunda Dünya azərbaycanlılarının III qurultayında nitqində Prezidenti İlham Əliyevin dediyi bu sözlər Qarabağ, Zəngəzurla bağlı tarixi həqiqəti dolğun, düzgün əks etdirir: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. ”
Xatırladaq ki, tarixi Zəngəzur mahalı Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edib. Hazırda Ermənistanın hərbi nəzarətində olan və intizarla əsirlikdən qurtuluşunu gözləyən Zəngəzur elləri ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur. Çox sayda yaxın, uzaq tarixi mənbələrdə, o cümlədən erməni, rus, fars mənbələrində bu barədə birmənalı, təkzibolunmaz faktlar, məlumatlar mövcuddur.
Adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşamışların ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli toponimik adların mütləq çoxluğu da bu fikri təsdiqləyir. Toponimin adındakı “zəngi” leksik vahidi də türk tayfa adıdır. Türkdilli respublikalarda və Azərbaycanın çoxlu yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və s. Mahmud Kaşğari, Rəşidəddin, Əbdülqazi, A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə oğuz-türk tayfasından biri olan “zəngi”nin adı keçir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub. Xatırladaq ki, məngi, səngi, vəngi adlı qohum türksoyların da adları mənbələrdən keçir və türksoylarının yaşadıqları yerlərdə çoxlu izləri qalmaqdadır. Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında (səh.26, 42...) Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: “Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi. Beləliklə, Bağdadda üçlər - Xəlifə, Davud, Zəngi - birliyi yarandı. Məsuda qarşı yönəldilmiş bu birlik əslində İraq sultanlığının mərkəzi hakimiyyətinə qarşı çevrilmişdi. Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin belə addım atmasına yol vermədi, Sultan Zəngini Farsa və onun nahiyələrinə hakim təyin etdi.”
Zəngəzurdakı ikinci leksem əski türkcəmizdən bu günə qədər dilimizdə işlənən "sır" sözünün fonetik dəyişikliyə uğramış formasıdır, asan tələffüzə görə s-z-yə çevrilib, yəni dağlıq, daşlıq, sırsıralı, qayalıq yer, təbii hasar, qala, bürc deməkdir. Bu iki söz ərazinin relyefini düzgün səciyyələndirir-yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların bir çoxunda sır-sur-zur-zor daşlaşıb qalıb, “zor” sözü Qafqaz və Anadolu türklərinin dilində çox yaxşı, böyük, gözəl mənasında da gen-bol işlənməkdədir; güclü, qüvvətli, zor yer, zor kişi, zor adam və sair.
Bu baxımdan rus, erməni elmi dairələrinin belə fikirləri etibarsızdır. “Etimoloqiya nazvaniya «Zanqezur» neyasna"-?! https://ru.wikipedia.org/wiki/Obsujdeniye//%Zanqezur
“Kitabi-Dədə Qorqud”dan (X boy) bir yarpaq: “Oğuz igidi Usun oğlu Əkrək dədə-baba, el yolu, yəni Gorus-Əngələyüz-Dərəşam yolu ilə üç gün- üç gecəyə yortaraq Əlincə qalaya çatdı...”. Zəngəzurun baş kəndi Gorus –Us, Uş tayfasının yaşayış yeri, yurdu, gorgahı olub. Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Sisian və Gorus bölgələrini əhatə edirdi. Sisianın adı ilkin yazılı mənbələrdə “Sisakan”dır. Moisey Xorenatsi, Musa Kağankatlıda bu ad çox işlənib. “Alban tarixi”ndən sətirlər: “...Qoxtan əhalisi Sisak nəslinin varisləridir. (Arşak- Alban sülaləsi də vardı-H.N)...V əsrin əvvəllərində Qor və Qazan adlı iki qardaş böyük ordu ilə gəlib Sünikdə məskən saldı”. Qor-əski türkcəmizdə həm də igid, cəsur adam deməkdi. Gorus bəzi mənbələrdə Qorus kimi də gedib-“igid uslar yurdu”. Qazan köklü 30-dan çox toponim var Zəngəzur ellərində. Zəngəzurun 20 yer-yurd, dağ-dərə, el-oba adı Ana Kitabımız “Kitabi-Dədə Qorqud”dakı adlarla eynidir. Sisakan toponimində həm də türk-oğuz mənşəli arxaik söz daşlaşıb qalıb; “kan” -hündür dağ silsiləsi, dağlıq yer anlamında gen-bol işlənmişdir, yəni Sisakan -“Sisak nəslinin yaşadığı dağlıq yer” mənasındadır. Sisianda Şirikan adlı kənd də vardı. Müqayisə et: Balakən, Beyləqan, Abakan, Balkan, Alban dövlətinin vilayətləri Atropatakan, Vaspurakan, Varaşkan, Paytarakan, Mardpetakan...Bunlar islamiyyətdən əvvəlki alban mənşəli yer adlarıdır. Albanların türk mənşəli olmasına şəkk-şübhə edənlər var. “Kitabi-Dədə Qorqud”un əlyazmada adı “Kitabi-Dədəm Qorqud əla lisani-tayifeyi-oğuzan”-Oğuzların kitabının, oğuzların baş qəhrəmanı, başçısı kimdir?! “alpanlar başı Qazan xan” hər boyda işlənir, Kitabımızda alp(p-b)anlar, alplar elə oğuzların özüdür.
“Sünik” toponimi (knyazlığı, vilayəti, bu adda kənd də olub) sak türkdilli tayfa adı ilə bağlıdır. Zəngəzurun digər bölgəsi Laçın, Mığrı-Meğri adlarında da türk tayfalarının izi qalıb. Meğri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmırdı. Bərgüşad çay və ərazi adında atəşpərəstlərin inandığı Bərgu peyğəmbərin adı qalıb. Qubadlının Əliquluşağı kəndində V əsin yadigarı olan Göyqala Albanların ən möhtəşəm məbədlərindən biri olub, geniş ərazidə izləri qalmaqdaydı. Zəngəzurun ən böyük şəhərləri Qafan-qaf türk etnosunun, Qacaran-qacar tayfalarının yurd yerləri olmuşdur, an-əski türkcəmizdə cəmlik, çoxluq bildirir. Türk etnoslarının qədim və erkən orta əsrlərdə Azərbaycan ərazisində Manna və Maday (e.ə.VII-XII əsrlər), Sak çarlığı (e.ə. VII-V əsrlər), Atropatena (e.ə. IV eranın III əsrləri), Albaniya (e.ə. IV eranın VIII əsrləri), Cənub-Şərqi Avropada Skif çarlığı (e.ə.VII-III əsrlər), Sannat çarlığı (e.ə. III - eranın III əsrləri), Avar, Bolqar və Xəzər xaqanlıqları (e.ə. VI-IX əsrlər), Mərkəzi və Orta Asiyada Hun xaqanlığı (e.ə. III-I əsrlər), türk xaqanlıqları (VI-VIII əsrlər) və digər çoxlu türk dövlətləri Sünik-Zəngəzuru da əhatə etmişdi və bunlar mövcud olanda ermənilərin bu ərazilərdə heç bir izi olmayıb.
Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin son məkanı olmuşdur. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi. Ərəblər məhz Arazı keçərək, Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edib o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişdilər.
1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp-Arslanın başçılığı ilə 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi.
1236-cı ildə monqol-tatarlar Zəngəzuru da işğal etdi. Elxanilər, Hülakilər, Şeyx Həsən Çoban, Məlik Əşrəf, Əmir Əxicuq, Şeyx Üveys Cəlairin hökmranlığı dövrlərinə aid bütün yazılı məxəzlərdə Zəngəzurdakı türk-Azərbaycan mənşəli yer-yurd adlarının adı keçir, bu yerlər qanlı savaşlar meydanına çevrilmişdi. “...1359-cu ildə Varzaqun yaxınlığında Cəlairi əmiri Məhəmməd bin Müzəffər tərəfindən məğlub edilən Əxicuq böyük itki verərək Qafana qaçmışdı. Çobanilərin Qafanda sığınacaq tapması hər şeydən əvvəl Qafan qalasının hərbi-strateji baxımdan alınmaz mövqeyi ilə bağlı idi....Əxicuq Qafana, ona ata kimi olan Sədrəddin Qafaninin yanına getdi. Üveys elçi göndərib Əxicuqu gətirdi və onunla barışdı” (XIV əsr salnaməçisi Zeynəddin bin Həmdullah Qəzvini, ”Zeylü-tarixi-güzidə” əsərindən). Foma Mesoplu yazır: “...1386-cı ildə Qızıl Orda xanı Toxtamışın qoşunları Sünikin 12 vilayətini talan etdilər, əhalisinin çoxunu qılıncdan keçirdilər və əsir götürdülər”. Salnaməçi onu da qeyd edir ki, aprelin 7-də qəflətən güclü qar yağması əhalinin bir hissəsini labüd ölümdən xilas etdi, çünki qoşunlar belə dağlıq ərazilərə çıxmağı, vuruşmağı bilmir, çoxlu itki verirdi.
1395-ci ildə Əmir Teymur Zəngəzuru özünə tabe etdi, bu ərazilər daha sonra Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1502-ci ildə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşdü, Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrildi. Türkiyə Cümhuriyyəti Başbakanlığına tabe olan Dövlət Arxivində Osmanlı idarəçiliyi dövrünə-1593-cü ilə aid “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri” saxlanılır, 200-ə qədər kəndin bir neçəsinin adı istisna olmaqla hamısı türk mənşəlidir. 1748-ci ildə Qarabağ xanlığını yaradıb ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini-Bərgüşad, Tatev, Sisian, Qafan, Meğrini Naxçıvan bəylərbəyliyindən savaşla alıb öz xanlığına qatdı və bu ərazilər bir müddət Qaraçorlu mahalı adlandırıldı.
1805, 1813 və 1828-ci illərdə bağlanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin heç birində erməni sözü, izi yoxdur. “Kürəkçay müqaviləsi” preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında “Şuşalı və Qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi” təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq, təqdim edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. Erməni söhbəti yoxdur.
Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qaldı, 1861-ci ildə Zəngəzur qəzası yaradıldı, 1867-ci il dekabrında Zəngəzur yeni yaradılan Gəncə (Yelizavetpol) quberniyasının tərkibində ən böyük ərazi-inzibati vahidi olub dörd dairəyə (okruq) bölünmüşdü: Hacısamlı, Alyanlı, Bərguşad və Həkəri dairələri. Zəngəzurun qəza mərkəzi Gorus şəhəri idi.
1886-cı ilin statistik məlumatlarına görə Zəngəzurdakı 326 kənddən yalnız 81-də ermənilər yaşamışdı, həm də Rusiyanın imperiya planlarına uyğun sistemli şəkildə İran və Türkiyədən minlərlə erməni əhalisi Qarabağa-Zəngəzura köçürüldükdən sonra. 1908-ci ildə Yelizavetpol quberniyası üzrə əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzası əhalisinin 294 min 753 nəfər olduğu göstərilir. Bunlardan 197 mini (67%) müsəlman, 97 mini (32,9%) erməni idi (Müxtəsər xronoloji Ensiklopediya). 1917-ci ildə Zəngəzurda yaşayan 224.197 nəfər əhalinin 70 %-i Azərbaycan türkləri idilər.
Zəngəzur 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qəza olub ərazisi 7 min 892 kv.km idi.
Müstəqil Ermənistan dövlətinin yaradılması kimi, Zəngəzurun bölünüb dağlıq hissəsinin Ermənistana verilməsi də ilk növbədə ingilislərin planı olub.
“İngilis barmağı” Zəngəzurda
Rusiyada çar hökuməti devriləndən bolşeviklərin 28 aprel 1920-ci ildə Azərbaycana gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislər əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı idilər, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərini də ingilislər cızmışdı; ilk mərhələdə Qarsdan Gəncəyədək olan ərazilər, sonra dənizdən dənizə Böyük Ermənistan. Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi: "...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".
Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 milyon ədəd patron və pul da göndəriləcəyini də vəd edir, vədini də yerinə yetirir. Böyük Britaniyanın Hərbi naziri Çörçill 1919-cu il martın 6-da Qafqazla bağlı bir konfransda demişdi: “Heç şübhə yoxdur ki, Rusiyanın gələcək hökuməti bu regiona (Qafqaza-H.N) yenidən qayıdacaqdır, indiki fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşunları o ərazilərdə nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər dərinə işləyəcəkdir.” 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planının müəllifinin bu uzaqgörənliyini, ingilis diplomatiyasının gücünü, anlamaq üçün bp şirkətinin Azərbaycana-Xəzər regionuna gəlişi və burdakı fəaliyyəti, mənfəətlərini yada salmaq kifayətdir.
Zəngəzur qırğınları
Zəngəzur qırğınları Şərqi Anadolu və Qacarlar İranının türklər yaşayan torpaqlarında ermənilərin törətdikləri qətliamların davamı idi, eyni bir ssenarinin ardı idi, Amerika-İngiltərə, Fransa, Rusiyanın Anadolu limanlarına, Afrika sahillərindəki isti sulara, dənizlərə, Qafqaza, Bakı neftinə sahib olmaq uğrunda savaşının bir həlqəsi, nəticəsi idi. Müttəfiq qoşunları Rusiyanı sarsıdan inqilablardan dərhal istifadə edib Qafqazda möhkəmlənmək istəmişdilər. XX əsrin əvvəlində də, sonunda da böyük dövlətlərin maraqlarının toqquşmasından ermənilər məharətlə bəhrələndilər. Erməni kilsəsi, ardınca həm də daşnak partiyası o zaman da, indi də erməni hərəkatının yol göstərəni, ilhamvericisi olaraq qalır.
23 aylıq mövcudluğu ilə fəxarət, qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinin ən uzaqgörən, xeyirli addımlarından biri Fəvqəladə Təhqiqat Komissiyasının yaradılması idi. Komissiyanın Zəngəzur qəzasına dair rəqəmləri belədir; 115 kənd dağıdılmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmış, yəni ən azı 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Lakin əslində bu rəqəmlər tarixi həqiqəti əks etdirmir. Xüsusilə, 1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayında ermənilərin Zəngəzurun aşağı hissəsində, əsas da Qafan, Qubadlı, Zəngilan, Mehri bölgəsində Dro, Amazasp, Hjde kimi qaniçənlərin başçılığı ilə törədilən qətliam, qırğınların nəticələri daha ağır olub və acı təəssüflər olsun ki, üstündən bir əsrə yaxın vaxt keçsə də, ictimaiyyət bu qanlı faciələrin əsl miqyasından, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyildir. Erməni başçılarından biri Hamazaspın mütəşəkkil silahlı quldur dəstələri Çaylı, Oxçu-Şabadin kəndlərində 1400 azərbaycanlını, 400-ü uşaq, qadın olmaqla heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlətmədən danışıqlar adı ilə məscid, anbarlara yığıb məhv etmişdi. 1919-cu il dekabrın 1-də (Azərbaycan-Ermənistan baş nazirlərinin Amerika, Gürcüstanın vasitəçiliyi ilə 23 noyabrda Tiflisdə sülh sazişi imzalamasından 7 gün sonra) sübh çağı üç istiqamətdə başlayan hücumlarla ermənilər Qaregin Hjdenin başçılığı ilə 118 azərbaycan və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan el-obalarını mühasirəyə alıb əhalisni insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmış, Atqız kəndinin camaatının bir qismi qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olmuşdu.
1917-1920-ci illərdə Zəngəzur qəzasının 7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb, yandırılıb xarabalığa çevrilən kəndlərin yarıdan çoxu məhz bu 3 ayın-1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən cızılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi. Yəni, təkcə həmin aylarda qəzada qətlə yetirilən insanların sayı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində göstərilən, tarixçilərimizin tez-tez istinad etdiyi rəqəmlərdən dəfələrlə çoxdur.
1920-ci illərdə Zəngəzurun Gorus, Sisian, Qafan, Mehri bölgələrindən sonra 1992-93-cü illərdə Azərbaycanda qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən xristian güclərin fəal, açıq hərbi-siyasi dəstəyi ilə ötən əsrin əvvəllərində sınaqdan keçmiş eyni üsullarla, bu dəfə həm də Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmişdir.
Erməni Milli Şurası 1918-ci ilin 28 mayında 9 min kv.km ərazidə müstəqil erməni dövləti elan etdiyi ilk günlərdən etibarən tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin genişləndirilməsi, Naxçıvandan Şuşaya qədər ərazilərin işğal edilib müsəlman əhalidən təmizlənməsi planını dövlət siyasətinə çevirmiş və bunu həyasızlıq, hiyləgərlik, ikiüzlülük, məkrlə, vəhşi inadkarlıqla gerçəkləşdirməyi bacarmışdır.
Zəngəzurun Ermənistana verilməsi
1918-1920-ci illərdə Zəngəzur ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.
Azərbaycan hökuməti - Müvəqqəti İnqilab Komitəsi 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağdan öz qoşunlarından təmizləməsini sözdə tələb etsə də, reallıq başqa idi, hər şeyi güc həll edirdi. Bolşevik Rusiyası Gürcüstan və Azərbaycanın ardınca daşnakların iradəsi ilə idarə olunan Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif şirnikləndirici addımlarla ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar isə yenə də Cümhuriyyət dövründə olduğu kimi, Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı idi. Mikoyan başda olmaqla erməni liderləri bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun (eləcə də Naxçıvanın və Qarabağın) Ermənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər.
Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Leninin “Zaqafqaziyanın fatehi” adlandırdığı Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs (faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: ”Daşnak Ermənistan hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir”.
1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı. Nərimanov yazırdı ki, Mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında Rusiyaya və sovet hökumətinə inamı sarsıda bilər: “Zəngəzur və Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi… (Azərbaycan müsəlman əhalisi tərəfindən) xəyanət sayılacaqdır… Müsəlman kütlələr Sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını satqınlıq, ermənipərəstlik yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər…”
Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sovet rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyirdi. Erməni kommunistləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər. 1920-ci il noyabrın 29-da Ermənistanda (Yerevanda) sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.
Zəngəzurun Ermənistana verilməsi ilə bağlı 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclası qərar qəbul etdi (Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov). İclasda 3-cü məsələ kimi “Ermənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı” müzakirə edildi və qərar çıxarıldı.
Qərarda həmçinin (“j“ və “i“ bəndləri) Nərimanova bütün bunlar barədə bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.
Serqo Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu bəyanatı N.Nərimanov 1920-ci il dekabrın 1-də elan etdi: “ ...bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın-ermənilərin və müsəlmanların bir-birinin qanını tökmək üçün səbəb ola bilməz, Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddaratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarından bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları buradan çıxarılır.” Orconikidze bu qərarı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt”, “Azərbaycan artıq yükdən xilas olur” kimi təhqiramiz ifadələrlə dəyərləndirmişdi.
M.Ə.Rəsulzadə buna acıyaraq yazırdı: «Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasətli Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə elədiyi Zəngəzur və Naxçıvan qəzasını Ermənistana hədiyyə etdi.»
Az keçmiş N.Nərimanov yanıldığını, tarixi səhvə yol verdiyini anladı...Lakin bu bəyanatın ağrısını Azərbaycan 100 ildir hələ də çəkir.
Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, Azərbaycan rəhbərliyində narazılıqlar olduğundan qəzanın Ermənistanın idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK/b/P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarıldı. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin guya kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Kürdüstan qəzasının təşkili də növbəti bir səhv – qalan ərazilərin də Ermənistana verilməsi üçün aralıq, keçid mərhələ kimi düşünülmüşdü.
Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi.
1921-ci ilin 3 iyununda RK/b/P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə iclas keçirib məxfi qrifli “Zəngəzur məsələsi”ni müzakirə etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərar çıxarıldı. Bu iclasda bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Əsas məqsəd də Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq idi.
Zəngəzurun Ermənistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə 1933-cü ildə isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-1993-cü ildə rus-erməni silahlı birləşmələri və milli xəyanətkarların fəal yardımı ilə hər 3 rayon Ermənistanın hərbi nəzarətinə keçdi.
Tarixi ədalət bərpa olunur
Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində bu günləri müdrikliklə görərək, xalqı, dövləti bu mübarək günlərə səbir və zəkasının qüdrətilə hazırlayaraq demişdir: "Xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.”
Artıq Zəngəzurun Azərbaycana, Azərbaycanın əsrarəngsiz təbii gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu Zəngəzur ellərinə qovuşmasına sayılı günlər qalıb. Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza şəfalar, Qazilərimizə zəfəriniz mübarək, Tanrı sizləri qorusun-deyirik. Yurd-yuvalarına dönüş həsrətilə dünyadan köçən həmvətənlərimizə rəhmət, bu xoşbəxt günləri gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik.
Prezident və Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti, döyüş ruhu, dövlət-xalq birlik, bərabərliyi qələbəni, qurtuluşu, zəfər günlərini günbəgün yaxınlaşdırır.
Gözün aydın, Azərbaycan, zəfərlər səninlə olsun!
Hacı Nərimanoğlu
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru