Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC/WPC/WPSO-A/WPSO versiyası üzrə dünya çempionatı keçirilib. 560-a yaxın idmançının mübarizə apardığı yarışda Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya, Rusiya və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.
zengezur.com AZƏRTAC-a istinadla xəbər verir ki, pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Zaur Cəfərov “bench press” hərəkətində 320 kiloqram nəticə ilə 7-ci dəfə dünya çempionu olub. O, həm də 3 cü dəfə “Elitar idmançı” tituluna yiyələnib.
İdmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC/WPC versiyası üzrə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanmışdı. O, AWPC versiyası üzrə “bench-press” hərəkətində 263 kiloqram nəticə ilə 7-ci dəfə bu titula sahib çıxmışdı. Həmçinin yeni Avropa rekorduna imza ataraq, yarışın mütləq çempionu adına layiq görülmüşdü.
Xatırladaq ki, Azərbaycanın Əməkdar idman ustası olan Zaur Cəfərov Azərbaycan pauerliftinq tarixində bu idman yarışı üzrə ən yüksək nəticəyə görə verilən “Elitar Üzük” alıb. Əslən Qubadlı rayonunun Əliquluuşağı kəndindən olan əməkdar və beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Stronqmen Federasiyasının üzvü Zaur Cəfərovun atası tanınmış yazıçı və ədəbiyyatşünas, BDU-nun müəllimi, "Akademkitab"ın direktoru professor Əliağa Cəfərovdur.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Vətənimizin idman şərəfini ləyaqətlə, layiqincə qoruyan Zaur Əliağa oğlu Cəfərovu təbrik edir, yeni-yeni uğurlar arzulayır.