60 ildən artıqdır öz xalqına qənim kəsilən zalım ata-oğul Hafiz - Bəşər Əsəd rejiminə qarşı döyüşlərin önündə gedənlərin arasında qalib savaşçı türkmən dəstələri və Türkiyənin illərdir bu günlər üçün hazırlayıb yetişdirdiyi Suriya milli azadlıq ordusu aparıcı rol alıblar.
Iki ölkənin ortaq sərhədlərinin uzunluğu 910 km.dır. Bu coğrafiya Birinci Dünya müharibəsinə qədər Osmanlının tərkibində, təsir dairəsində olub, etnik, mədəniyyət birliklərinin bənzərliyi çoxdur. İngilis, fransız, rus, fars təsirləri də bu bənzərliyi, bağlılığı qıra bilməyib, bu səbəbdən də Suriyanı parça-parça bölən ölkələrin törətdikləri amansız vəhşiliklərdən salamat qurtulan 4 milyon civarında suriyalı qaçqın məhz Türkiyəyə sığınıb.
Azərbaycan və Türkiyəyə doğma olan Suriyada baş verənlər, avtoritar Rusiya və İran dövlətlərinin illərdir qoruyub saxladığı, himayəyə aldığı, Türkiyə və digər müsəlman ölkələrə qarşı əldə maşa kimi (Ermənistan kimi) istifadə etdiyi Əsəd rejiminin tarixin zibilliyinə atılması Türkiyəmizin, Ərdoğanın adına yazılan növbəti Zəfərdir!
Xatırladaq ki, Suriyada türk(mən)lərinin sayı 4 milyona qədərdir, onlar bu torpaqlarda min ildən çoxdur ki, məskun olublar, dövlətlər qurub hökmranlıq ediblər, mədəniyyət yaradıblar, əsas da paytaxt Şam (Dəməşq), Lazkiyə, Hama, Humus, Halep (Hələb) və Rakka bölgələrinin şəhər, qəsəbə, kəndlərində məskunlaşıblar, mənsub olduqları tayfaların adlarını da saxlayıblar; hələb, culap, lazkiyə, bayır-bucak türkmənləri.
Bu torpaqlar həm də Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış “zəngi” tayfasının yurd yerləri, dövlət yaratdıqları, əsrlərlə hökmran olduqları torpaqlardır. Paytaxtı Hələb olaraq qurulan Zəngilərin paytaxtı 1154-cü ildən sonra Dəməşq olub. Zəngilər xanədanının banisi Ağsungur, Səlcuqlu ordusunda bir hərbçi və Hələbin Səlcuqlu valisi Tutuşun ata bəyi idi. İraq valiliyinə təyin olunan İmadəddin Zəngi, 1127-ci ildə Mosul, 1128-ci ildə Hələb və sonra da Suriya şəhərlərini ələ keçirib. İmadəddin Zəngi, siyasi bacarığı ilə və Səliblərə qarşı nailiyyətli mübarizəsilə, Mesopotamiyanı və Surıyanın böyük bir hissəsini hakimiyyətinə daxil edib.
İmaməddin Zənginin oğlu Nurəddin Mahmud Zəngi Suriyada fəth işlərini başladaraq 1154-cü ildə Dəməşqi ələ keçirib. Nurəddinin qardaşı Seyfəddin isə 1146–1149-cu illər arasında Mesopotamiyanı fəth edib. Seyfəddin Zəngi xanədanın Mosul bölgəsini təşkil edib və 1146–1262-ci illər arasında hakimiyyətdə olub. Zəngi idarəsini zirvəyə çıxaran şəxs isə Nurəddindir. O, hakimiyət sahəsini Fatimi Dövləti idarəsindəki Misirə qədər genişlədib və ailənin bütün tayfalarını hakimiyyətinə daxil edib. Nurəddinin oğlu İsmayil 1174-cü ildə Zəngilərin xidmətində güclənən Səlahəddin Əyyubi yə məğlub olub. Zəngi xanədanının Sincar qolu 1220-ci ildə, Cəzirə qolu 1250-ci ildə Əyyubilər Dövləti və Mosul qolu isə 1262-ci ildə Elxanlılar dövləti tərəfindən aradan qaldırılıb.
Suriya torpaqları 1516 - 1918-ci illərə kimi – tam 402 il fasiləsiz Osmanlı Dövlətinin tərkibində olublar, Suriya türkləri bütün basqılara baxmayaraq dilini, mədəniyyətini qoruyub yaşadıblar, vahid bayraq, himni ətrafında da sıx birləşiblər, Türkiyə və Azərbaycanla da əlaqələrini kəsməyiblər. Azadlığın mübarək, Suriya, sonun xeyirli olacaq, inşAllah!
İnanırıq ki, İran, İraq, Rusiya, Çində də türksoylular öz azadlığına qovuşacaqdır.
Hacı NƏRİMANOĞLU
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru