Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Komandanlığınızla 2020-ci il 27 sentyabrdan başlayan 44 günlük qurtuluş savaşında qazanılan parlaq zəfər, böyük qələbə Sizin siyasi iradənizin, şəxsi qətiyyət və parlaq zəkanızın bəhrəsi, təcəssümü oldu. Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz sayəsində əldə edilən bu Zəfər son 200 illik Vətən tariximizin ən şərəfli səhifəsinə çevrildi, adınıza “Müzəffər Ali Baş Komandan” titulu yazdırdı və xalqımızın milli qürur hisslərinin dirçəlişinə rəvac verdi.
Qələbədən dərhal sonra işğaldan azad edilən bölgələrimizdə başlatdığınız geniş miqyaslı quruculuq, bərpa işlərinin yaxın illərdə böyük qayıdışa aparacağına inanırıq.
7 iyul 2021-ci il tarixli Fərmanınızla “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması da növbəti müdrik, uzaqgörən qərarınız, 1933-cü ildə adı coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silinmiş tarixi Zəngəzur adının yenidən yaddaşlara qaytarılmasına vəsilə oldu.
Qarşımızda bizi tarixi ədalətin bərpası - minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsi və Azərbaycana qovuşması kimi mənəvi borcumuzun, vəzifəmizin fədakar rəhbərliyinizlə gerçəkləşməsi gözləyir.
Sizi doğum gününüz münasibətilə səmim-qəlbdən təbrik edir, şəxsinizə, ailənizə ən xoş arzularımızı bildiririk, bundan sonra da vətənimiz, xalqımız naminə xeyirli fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin
Ağsaqqallar Şurasının sədri Tofiq Mehdiyev
İdarə Heyətinin sədri Hacı Nərimanoğlu
24 dekabr 2024-cü il.