MÜƏLLİM ÖMRÜ
“ ...İnsanla həmyaşdır, Ölməz, yorulmaz, Bizimlə yol gedir müəllim ömrü. Hamıya pay verib ömründən bir az, Məndədir, Səndədir Müəllim ömrü.” Musa Yaqub
Son günlərin acıları məni incitməklə yanaşı bir az da qeyri- müəyyənlik, huşsuzluq kimi hallar yaradıb. Buna həvəssizlik, bədbinlik də deyə bilərəm.
Bir neçə vaxtdır ki, yaddaşımda təkrarlanan, yazıya çevrilmək istəyən xatirələr dolaşır... Həyatda qismət deyilən bir şey var, eyni zamanda da hər insanın şüuraltı, gizli hisləri. Mənə edilən bir telefon zəngi, bir həftə sonra..
Lətif müəllimlə ildə 2-3 dəfə, əsasən bayramlarda danışardıq. Əvvəllər o zəng edərdi, sonralar isə mən onu qabaqlayar, zəngi mən edərdim. Bu dəfəki zəng isə...
Lətif müəllim mənə zəng edərək, hal-əhvaldan sonra:
-Tahirə, axı mənim kitabım çatmayıb!. Və.. bu insan sanki harasa gedirmiş kimi, mənimlə vidalaşdı, halallaşdı.. “And olsun Allaha, hər dəfə “Yasin” oxuyanda atana, anana, qardaşına, Ərşad müəllimə, Nadirə də tapşırıram. Mənim əvəzimə uşaqları öpərsən. Salamat qalın ”
Bir həftədən də az vaxt keçməmiş Lətif müəllim artıq həyatda yox idi...
Mən Lətif müəllimə dövlətin verdiyi titullardan, tərcümeyi - halından yazmaq istəmirəm. Bu yazılıb, yazılacaq da. Mən tanıdığım, gördüyüm Lətif müəllimdən yazmaq istəyirəm. Uşaqla uşaq, böyüklə böyük, səmimi bir insandan yazmaq istəyirəm. Bir ömür tanıdığım müəllimimdən, iş yoldaşımdan, ailə dostumdan, kəndçimdən yazmaq istəyirəm.
Lətif müəllim hər kəsin xeyir-şərində iştrak edən, özünə hörmət qoymağı, hörmət etməyi bacaran bir insan idi. Eyni zamanda yaşamağa həvəsli, insanlarla gözəl ünsiyyət yaradan biri idi. Yadımdadır, Qubadlı işğal olunandan sonra gənc uşaqlara qoşulub, gizli yollarla kəndə getmişdir. Qayıdandan sonra bizə gəlmişdi. Kənddəki vəziyyətdən , gördüklərindən kədərlə danışdı. Çox sarsılmışdı..
Lətif müəllimi düşündükcə, bu gün də, ondakı gücə, həvəsə heyran qalırsan. Insanda sənətinə sevgi nə qədər olmalıdır ki, saatlarla yorulmadan danışasan. Nə vaxt baxardın əli, paltarı təbaşır tozu ilə batmış, özü isə son dərəcə məmnun! Məktəbdə dərsdənkənar hazırlıqlar keçər, bəzən evində, bəzən də şagirdlərin evinə qədər gedər, ali məktəblərə verəcəkləri imtahana kömək edərdi. Bir dəfə də olsun eşitmədim ki, o kimdənsə təmənna umur, nə isə qəbul edir. Yaxşı oxuyan, hazırlaşdırdığı uşaqlarla daima ünsiyyətdə, xöş münasibətdə olardı. Əlbəttə, bu gün bəlli vəzifələrdə çalışan, yaşı 50-60 keçmiş şagirdləri onu, bax beləcə, isti səmimiyyətlə yad edəcəklər. Hər dəfə də onunla bağlı olan sözlər, zarafatlar, mübahisə yaradan riyazi düsturlar, nələr, nələr..
Qabaqlar dəb idi, “kitayski qələmlər”! Hamımız bilirdik ki, Lətif müəllim bu qələmin həvəskarıdır. Pencəyin döş cibində bir-neçə qələm olardı. Özü də o qələmlərə çox aciz idi. Qələmi olmayan şagirdə versə də fikri qalardı qələmdə. Hər dəfə də tapşırardı:”Ehtiyatlı ol, salıb sındırarsan!”
Lətif müəllim tək- tək hallarda sinifdə əsəbiləşərdi. Amma, şirin də gülməyi var idi. Hərdən müəllimlər otağında keçmişlərə qayıdıb, hadisələri yad edərdik. O qədər yaşadığımız gülməli zarafatlar, xoş hadisələri olmuşdu ki... 50-60 ili hara sığdırmaq olar ki..
Biz oxuyan zaman həm də məktəbin direktoru idi. Biz onun imzası ilə attestat almışıq. Yadımdadır, həmin il müəllimlərin köməyi ilə özfəaliyyət dərnəyində siniflikcə bir əsər səhnələşdirmişdik. Qonşu kəndlərdə göstərdik, növbə gəldi bizdən bir qədər aralı olan Fərcan - Göyyal kəndinə. Atam məni qoymaq istəmədi, tərsləşdi. Lətif müəllim gəldi, bir təhər atamı yola gətirdi.
Ərşad müəllimlə qəribə bağlılıqları, isti münasibətləri, həm də..
Tanıyanlar bilir Ərşad müəllim çılğın, hövsələsiz idi. Lətif müəllim əksinə, ötürən, sakitləşdirən, yumuşaldan. Bəzən işin gedişində bir qarşıdurma yaranardı. Işin sonunda isə hər ikisi şahmat taxtasının arxasına keçər, “mübahisə” burada davam edərdi. Onların hər ikisi şahmat həvəskarı idilər. Boş vaxt tapan kimi mütləq şahmat taxtası qurulardı.
Lətif müəllim saf, təmiz qəlbli biri idi. Qaçqınlığın pis dönəmlərində Sumqayıtdan Bakıya, Əhmədliyə qədər gələr, Loğmanı hazırlaşdırardı. Hər avqustun 31-i bizi tək qoymaz, gələr, gözəl avazla Nadirin, Şəhidlərin ruhuna dualar oxuyardı. Başqa vaxtlar da hərdən gəlməyi vardı. Bir dəfə gələndə mən xəşil bişirmişdim. Biz tərəflərdə kənddə tez-tez bişirilərdi. Təbii o dadı burda almaq mümkün deyil. Amma təriflədi: “ Balam, Mələyin niyə yadına düşmür, bişirsin.”
Mələk müəllimə qarşı böyük sevgisi var idi, etirafdan da çəkinməzdi.
Bu cümlələri köçürdürəm, ancaq, sanki indi olmuş kimi gözümün qabağından çəkilmir. Ərşad müəllimin ölüm xəbərin eşidib gəlməyin, qapı ağzında hönkür- hönkür ağlamağın... Bir neçə ay əvvəl Mələk müəllimlə gəlmişdilər bizə. Çox gözəl bir gün keçirtdik, nə qədər xatirələri yada saldıq. Bu bizim bir yerdə keçirtdiyimiz son görüş oldu. Üç ay sonra Ərşad müəllimi itirdik..
Bax, bu xatirələri oxuduqca hər kəsin həyatından keçən bir Lətif müəllim xatırlanacaq! Dərs dediyi, riyazi düsturları, həndəsi fiqurları öyrətdiyi şagirdlərin qəlbində bir Lətif müəllim yaşayacaq! Gülümsər sifətilə, hərdən etdiyi zarafatlarla, tənbehlərilə, təbaşir bulaşıq əllərilə yadlaşlara hopan,Hacı Lətif müəllim!
Allah Sizə rəhmət eləsin! Nur içində yatın!
Əziz Müəllimim! Hacı Lətif müəllim!
Bədəlova Tahirə.
09.01.2025.