“Zəngəzur” Birliyi təbrik edir: Rafiq Yusifoğlu – 75
Zəngəzurun əsilli-köklü soylarından birinin layiqli, ləyaqətli davamçısı olan şair, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusif oğlu Əliyevi 75 yaşının tamam olması münasibətilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi adından təbrik edirik.
Rafiq Yusifoğlu şairliyi, alimliyi, elmi-pedaqoji fəaliyyəti ilə ölkəmizdə çoxdan özünə böyük hörmət, nüfuz qazanmışdır. Onun xüsusilə uşaq ədəbiyyatının zənginləşməyində xidmətləri əvəzsizdir, "Göyərçin" jurnalında uzun müddətli fəaliyyəti ilə böyüməkdə olan nəslin ədəbi, estetik, əxlaqi tərbiyəsinə misilziz töhfələr verir. Rafiq müəllimin feysbuk sosial şəbəkəsində, televiziya və digər media vasitələrində davamlı olaraq şeirin populyarlaşması istiqamətində gördüyü işlər olduqca təqdirəlayiqdir.
Rafiq Yusifoğlunun dünyaya göz açdığı, ayaq tutub ilk sevdiyi, soy-kökü ilə dərindən bağlı olduğu əbədi, əzəli tarixi yurd yerlərimiz olan Zəngəzurun tarixinə, təbii gözəlliklərinə, Zəngəzur camaatının həsrət, qayıdış ruhunun bədii təcəssümünə həsr etdiyi şeirləri xalqımıza vətənpərvərlik ruhunun, nikbin ovqatın aşılanmasında hər zaman xeyirli olmuş, sevilərək oxunmuşdur.
Əziz Rafiq Yusifoğlunu əlamətdar yubileyi münasibətilə təbrik edir, ona bundan sonra da uzun illər sağlam ruhlu şeirləri ilə sevənlərini sevindirməyi,oxucularına zövq verməyi arzu edirik.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından,
Sədr Dr.Hacı Nərimanoğlu