“Qaçqınkom” niyə ləğv edilmir?
Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar dövlət idarəçiliyində səmərəliliyin təmin olunması,
problemlərin həllinə vahid yanaşmanın təmin edilməsi, icraetmə sistemində pərakəndəliyin, bürokratik əngəllərin aradan qaldırılması, e-hökumətin imkanlarından daha effektiv istifadə olunması, büdcə vəsaitlərinin təyinatı üzrə, qənaətlə xərclənməsi kimi məsələlərin həllini daim diqqətdə saxlamaqla, bir-birini təkrar edən qurumların ləğvi, birləşdirilməsi istiqamətində sərəncamlar imzalayır və bu tədbirlər həm əhali, həm də beynəlxalq qurumlar tərəfindən razılıqla qarşılanır.
2020-ci il noyabrın 9-da 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin 20 sentyabrında 24 saatdan az davam edən antiterror əməliyyatında Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində qazandığımız zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş bütün şəhər və rayonları əhatə edən ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Bərpa, Tikinti və İdarəetmə xidmətləri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi, Qərbi Azərbaycan İcması kimi xeyli yeni işlək qurumlar yaranıb, fəaliyyətəri də aydın görünür, rayon və icra hakimiyyətləri də hələ ki mövcudluğunu saxlayır. Ərazi bütövlüyünü, Dövlət suverenliyini bərpa etmiş ölkədə təkcə adı, binası qalan, de-fakto ölü quruma çevrilmiş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saxlanması kimə və nəyə lazımdır?
Yəni qurum Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əsasnaməsində müəyyən edilən funksiyaların mühüm qismini artıq obyektiv reallıqlar üzündən həyata keçirmir, olan-qalan bir neçə vəzifəsini də digər icra orqanlarına ötürməklə bu komitənin tarixin arxivinə göndərilməsi vaxtı çoxdan yetişib.
Belə vəziyyətdə komitəyə 2025-ci ilin dövlət büdcəsindən ayrı-ayrı paraqraflar üzrə 20 milyon manatdan artıq pul ayrılması da cəmiyyətdə müsbət qarşılanmır, əsaslandırılması mümkünsüz görünən bu qədər vəsaitin birbaşa elə həmin kateqoriyadan olan əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi daha məqsədəuyğun olmazdımı?!
Bir vaxtlar məcburi köçkünlər üçün ev tikib satmaqla xeyirli və xeyli qara-qura işlərlə məşhur olan Qaşqınkom indi “püşkatma” komitəsi, “boşalan evləri satan” komitə kimi tanınır, obyektiv və subyektiv gerçəkliklər deyir ki, bu komitənin tabeliyindəki təşkilatlarla birlikdə tarixin arxivinə göndərilməsi zamanı yetişib.
Hacı Nərimanoğlu
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri