Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda Azərbaycanın böyük şəhərlərində prospekt, küçə, meydan və müvafiq ərazi vahidləri, metro stansiyalarına yeni adlar verilməsi barədə müddəa da əks olunub.
Fikrimcə, Bakı metrosu stansiyalarının adlarının dəyişdirilməsi məsələsinə mütləq baxılmalıdır, cəmiyyətdə bunun vacibliyi haqqında fikirlər çoxdan mövcuddur, 30 ildən artıq daimi metro istifadəçisi olaraq indiyədək bu haqda mən də dəfələrlə yazmışam. Bu metro stansiyalarının adlarının belə əvəzlənməsini təklif edirəm:
Gənclik – Atatürk, Sahil – Üzeyir Hacıbəyli, Nəriman Nərimanov – Məhəmmədəmin Rəsulzadə, Koroğlu – Dədə Qorqud, Ulduz – Təbriz, Neftçilər – Fikrət Əmirov, Xalqlar Dostluğu – Müslüm Maqomayev (müğənni), Əhmədli – Məhəmmədhüseyn Şəhriyar, Dərnəgül – Səməd Vurğun, Elmlər Akademiyası - Füzuli, İnşaatçılar - Mirzə Fətəli Axundzadə, 20 Yanvar –– Şəhidlər, Ağ şəhər - Rəşid Behbudov, Bakmil – TURAN.
Bakının əsas hərəkət qüvvəsi, qan damarı olan metronun işi ilə bağlı digər təkliflərimi də təkrar edirəm; hər stansiyanın içərisi, daxili interyeri daşıdığı adlara uyğun dizayn edilsin (Nizami stansiyası kimi), bütün gün ərzində stansiyalarda həzin klassik, instrumental musiqi səslənsin, hər stansiyada təcili tibbi yardım məntəqəsi yaradılsın, minlərlə vətəndaşı daşıyan qatar sürücüləri azı iki nəfərdən ibarət olsun, vaqonlara giriş, çıxış qapıları ayrılsın və müvafiq işarələr vurulsun, könüllülər tərəfindən ilk vaxtlarda sərnişinlərin bu qaydalara əməl etməsi təşviq edilsin, “Bakı Meropoliteni” əvəzinə “Bakı metrosu” ifadəsi işlənilsin, Bakı metrosunun təhlükəsizliyi, ilk növbədə isə elektrik enerjisi ilə etibarlı, fasiləsiz təminatı işi yaxşılaşdırılsın, azı iki stansiyadan – məsələn, 20 Yanvar və Koroğludan Sumqayıta və Bakıətrafı kəndlərə yeraltı, yerüstü metro xətləri çəkilsin...
Hacı NƏRİMANOĞLU, tarix üzrə fəlsəfə doktoru