Azərbaycan bir daha heç zaman “rus evi” olmayacaq
Min ildən çoxdur ruslar müasir Azərbaycanın şimalında, cənubunda ardıcıl olaraq saysız-hesabsız qətliamlar, qanlı qırğınlar törədib, yurdumuzu, var-yoxumuzu çapıb talayıb, daşıyıb, illərlə inkişafdan geri atıb, hər zaman bu torpaqlarda yaşamış aborigen türk-müsəlman xalqlarına sonuncu sort canlı kimi baxıb, amansız soyğunçuluq, acımasız davranıb, hücum, təcavüz işğal planlarında xristian erməni, gürcülərin qüvvələrindən yararlanıb, hər zaman Qafqaz xalqları arasında qarşıdurma yaradıb, öz müstəmləkə niyyətlərinə nail olmaq, Qafqazı əlində saxlamaq üçün bölgədə sülh, əmin-amanlıq olmasına imkan verməyib.
Rusların 909 – 910 və 914-cü illərdə İtil (Volqa) çayından keçib Xəzər dənizi sahili ərazilərinə quldur basqınları, 944-cü ildə Şərqin Bağdaddan sonra ən böyük şəhəri olan Bərdədə azı 20 min dinc insan amansızlıqla qətlə yetirməsi, bu gözəl şəhərin talan, qarətdən sonra yer üzündən silinməsi haqqında yazılı mənbələrdə xeyli məlumatlar var.
Rusların hücumu o vaxtdan bəri heç zaman dayanıb durmaq bilməyib; 1027, 1223-cü illərdə tarixi vətənimizin şimal qapısı Dərbənddən başlayan rus basqınları I Pyotrun çarlığı dövründən bədnam Pyorta vəsiyyətləri ilə planlı, məqsədli xarakter alıb, 1722-26-cı ilərdə cənub torpaqlarımızın mühüm hissəsinin- Dərbənd, Bakı, Lənkəran, Cavad, Salyan və digər ərazilərə arası kəsilməyən quldur basqınlarına 1735-ci il martın 21-də Novruz bayramı günü tariximizin ən qüdrətli hökmdarlarından olmuş Nadir şahın bacarıqlı, müdrik sərkərdəliyi sayəsində müvəqqəti də olsa son verilir. Ancaq Nadir şahın xaincəsinə qətlinin ardınca 3,8 milyon kv.km sahəsi olan Əfşarlar dövləti parçalanır (təbii, bizim şah İsmayıl Xətai və Nadir şahımız da işğal etdikləri torpaqlarda yüz minlərlə insanın qanın axıdıb, ancaq biz hələ ki rusdan danışırıq), ölkə xanlıqlara bölünür, kiçilir, gücsüzləşir və marığa yatıb ağzının suyunu axıdaraq daim kinli gözləri ilə cənubun isti sularına həsədlə baxan Rusiyanın iştahı, nəfsi yenidən oyanır. XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən başlanan rus hücumları daha intensiv xarakter alır, bir-birinin ardınca xanlıqlar işğal edilir, yox yerdən “erməni çarlığı” yaranır, Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri ilə Arazın cənub və şimalının sinəsinə sağalmaz çalın-çarpaz dağ çəkilir. Ruslar ələ keçirdiyi hər yerdə öz xislətinə uyğun əxlaqsızlıq, rüşvət, sərxoşluq, tüfeylilik, xəyanət, yaltaqlıq, yalançılıq toxumu əkir, səpib becərir, yayır. 23 ay azad nəfəs alan, yenidən müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyəti bu dəfə də qırmızı qanlı bolşevik Rusiyası tərəfindən işğal olunur, 1920-ci ilin iyulunda bolşevik hökuməti Bakıda "soyğunçuluq həftəsi" təşkil edib şəhərin yağmalanmasını mütəşəkkil aparmaq üçün 700 sahəyə bölür, hər əraziyə xüsusi hərbi dəstələr təhkim olunur, neft Bakısının milyonları aclıqdan labüd ölümə məhkum olan rusiyaya daşınır. Qafqazların azadlıq, müstəqillik duyğularını bu dəfə tamamilə, birdəfəlik qanla boğmaq niyyətilə bolşevik rusiyasının cəza orqanları 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda əksəriyyəti milli ordu əsgər, zabitləri olmaqla 48 min adamı sorğu-sualsız, məhkəməsiz güllələyir və bu proses tarixi Azərbaycan torpaqlarının qoparılıb ermənilərə, gürcülərə, rusiyaya birləşdirilməsi, yerli aborigen Qafqaz türklərinin soyqırımı, deportasiyası, qətliamları ilə, tarixi türk torpaqlarında rusların türksoylulara qarşı planlı soyqırımı, dilinin, əlifbasının, tarixinin, kültürünün məhvi ilə müşayiət olunan təcavüzkar zülmü, fitnə-fəsadları, 350 mindən çox Azərbaycanlının rus-sovet və alman müharibəsində ana vətəndən uzaqlarda məhv edilməsi, torpaqlarımızın zorla qoparılması ilə, ardınca Ermənistandan on minlərlə soydaşımızın dədə-baba torpaqlarından deportasiyası, torpaqlarımızın beşdə birinin işğal edilərək 30 illiyinə ermənilərə təslim edilməsi, 30 minədək insanımızın məhvi, 31 mart, Xocalı, Qaradağlı, Qarakənd, 20 yanvar...qırğınları, 25 dekabr 2024-cü ildə mülki təyyarəmizin vurulması, çox sayda Azərbaycan, qazax, qırğız türkünün qətli ilə davam edir, dayanıb durmaq, doymaq bilmir.
Və mən əvvəllər dediyim bu fikri yenə də təkrarlayıram: 20 yanvar, 26 fevral Xocalı, 31 mart...günləri əvəzinə 28 aprelin Azərbaycanda rəsmən İşğal günü kimi təsbit və qeyd olunmalıdır.
Prezidenti İlham Əliyev də 2025-ci il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə çıxışında bu məsələlərdən də bəhs edib.
Heç kimə sirr deyil ki, hazırda Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması qarşısında duran ən böyük maneə Rusiyadır. Bu gün tv-lərimiz, mediamız Bakıdakı “rus evi”ndən lövhənin çıxarılmasından danışır, ancaq bu üzdə görünənin yalnız kiçik bir parçasıdır, məsələnin kökü daha dərindir, genişdir.
Əlbəttə, Rusiya dövlətinin təcavüzkar işğalçılıq, imperiya, velikorus şovinist siyasətindən ən çox əziyyət çəkən Rusiya vətəndaşlarıdır. xüsusilə mərkəzdən uzaqlarda yaşayan, ən pis maddi, mənəvi, məişət şəraitdə yox olmaq təhlükəsi ilə üz-üzə qalan qeyri-rus xalqlarıdır.
Məqalələrimdə, dissertasiyamda, kitablarımda hər zaman iki qonşu xalq arasında 30 il yox, 200 il davam edən qanlı qırğınların “ssenarist, baş rejissoru, baş rolun ifaçısının Rusiya” olduğunu dəfələrlə yazmışam, çar, bolşevik rusiyasının işğalçılıq siyasətinin hər iki xalqın, eləcə də Türküstan ellərində, Qafqazda, Altaydan başlaməş Sibirə, Avropaya, Ukraynaya, hələ də rus işğalında olan xalqların on minlərlə günahsız insanının qanını axıtdığını yazmışam.
Ancaq artıq yeni zaman gəlib, Azərbaycan dünya birliyi, BMT tərəfindən tanınan Dövlət Suverenliyini tam bərpa edib, ölkəmizdə heç bir xarici ölkənin hərbi bazası yoxdur, elə bir dövr gəlib ki, Rusiya axıtdığı qanlar içində boğulmaqdadır və indiki məqamlarda Türk Dövlətləri Təşkilatının (TDT) səmimi qəlbdən əməldə, sözdə, hərəkətdə birliyinə hər zamankından daha böyük ehtiyac yaranıb, TDT liderlərinin milli qeyrət, milli düşüncə prizmasından yanaşmaqla, şəxsi hakimiyyət ehtirasını önə çıxarmadan, türksoylu xalqların, dövlətlərin gerçək birliyinin qurulması, vahid hərəkət stratejisinin qurulması naminə fərdi və kollektiv siyasi iradə ortaya qoyması gərəkdir,yaralanmış rus ayısının yenidən sağalıb güc-qüvvət toplamasına imkan vermədən Dövlət və Xalq olaraq Rusiya və İranda yaşayan soyu, dili, dini bir qardaşlarımızın da azadlıq duyğularının gerçəkləşməsinə yardımçı olmalıyıq.
Hacı NƏRİMANOĞLU, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru