Ordu və Sərhəd tariximizin dəyərli tədqiqatçısı, hərbi jurnalistikamızda tanınmış simalardan biri, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Şükür oğlu Babayevin 65 yaşı tamam olur.
Onun adı, imzası xüsusən, Qarabağ müharibəsinin ön cəbhəsində savaşmış döyüşçülərə, zabit-komandir heyətinə, hərbi jurnalistlərə, ordu, sərhəd, polis, təhlükəsizlik strukturlarında çalışanlara yaxşı tanışdır. L.Babayev 8 aprel 1960-cı ildə Qafan rayonunun Kacaran qəsəbəsində anadan olub. 1977-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Kənd həyatı”, “Vətən səsi”, “Xalq Ordusu”, “Sərhəd” qəzetlərində işləyib. “Azərbaycanın sərhəd mühafizəsi tarixindən (1918-1920-ci illər)” (1999), “Cümhuriyyət hökuməti repressiya məngənəsində,” 2 cilddə (2000), “Ömür yarı oldu” (2002), “Torpağı Vətən edənlər” (2018), “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” (2018), “Azərbaycanın sərhəd məsələləri (1918-1920-ci illər)” (2025-ci il) kitabları nəşr edilib. Lətif Babayevin 24 il təhlükəsizlik orqanlarında dəyərli xidmətləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub, "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsini alıb. 1992-2015-ci illərdə əziz dostu Nəsiman Yaqublu ilə birlikdə Türk dilindən çevirib öz vəsaitləri ilə kütləvi tirajla nəşr etdirkləri Rafiq Özdəkin "Türkün Qızıl kitabı" müstəqilliyimizin ilk illərində ən çox oxunan, əl-əl gəzən, tariximizə ayna tutan, keçmişimizə körpü salan ən dəyərli kitablardan biri olub. Onun Cümhuriyyət tariximizə möhkəm bağlılığının təzahürü olaraq, təkcə “525-ci qəzet”də son illərdə dərc olunan məqalələrinin başlıqlarına baxmaq kifayətdir: “Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov”, “Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov”, “Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli”, “Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov”, “İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı”, “Bir daha “Türkçülüyün üçlü formulu" haqqında” və sair. Bu məqalələrin hər birində tarixçi alim üçün də, sıradan oxucu üçün də yeni, maraqlı, ibrətamiz məqamlar var. L.Babayev Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı olaraq, tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sərhəd mühafizəsi məsələlərinin ən nüfuzlu tədqiqatçılarından biri, tanınmış tarixçi alim olmaqla yanaşı, 1990-cı illərdə “Vətən səsi”, "Sərhəd", "Ordu" qəzetlərinin cəbhə bölgələri üzrə xüsusi müxbiri olaraq o dövrün KİV-də çıxan yazıları I Qarabağ müharibəsinin əhəmiyyətli salnaməsini yaradanlardan biridir. Onun son vaxtlar yazdığı avtobioqrafik xarakterli “Taleyin izləri” kitabı, “Yurd yeri”, “Atamın hekayəti”, “Mən necə şair olmadım?” 30 il ayrı yaşamağa məcbur qaldığımız o dağları, Zəngəzurun dədə-baba yurd yerlərimiz olan Zəngilan, Qubadlı, Qafan, Qacaranın dağ, dərə, meşələrində gəzdirir, Həkəri, Bərguşad, Oxçu çaylarının, sıra dağların, igidlər kimi boy-boya dayanan sıldrım qayaların, təmiz havası insanı yerdən alan o ellərin gözəlliyini yaddaşımızda yaşadır, xatirələrimizi təzələyir. Lətif təhlükəsizlik orqanlarından təqaüdə çıxdıqdan sonra da cəmiyyətimizin bu ən hörmətli insanlarının qayğı və problemlərinin həlli, dövlət siyasətinin icrasında bu kateqoriyadan olan insanların fəal iştiraka cəlb olunması, xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə Azərbaycan həqiqətlərinin təbliği, xüsusilə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm təşkilatçılıq, ideya-siyasi tərbiyə işi aparır. Xüsusilə son beş ildə xalqımızın, dövlətimizin, ordumuzun qazandığı Zəfər əziz dostumuzun yaradıcılıq ilhamına yeni stimul verib, mətbuatda daha tez-tze çıxış edir, şeirləri, hekayələri, xüsusilə xatirələri sevilərək oxunur, qələminin püxtələşdiyini göstərir, ən başlıcası ömrünün müdrik çağını yaşayan müəllifinin elmi-ədəbi camedə xətir-hörmətini yüksəldir.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası 65 yaşının tamam olması münasibətilə Birliyimizin fəal təəssübkeşi tarixçi alim, yazıçı-publisist, şair Lətif Şükür oğlu Babayevi təbrik edir, bundan sonra da sağlam, uzun, mənalı, xeyirli ömür diləyir!
Hacı Nərimanoğlu
"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
08 aprel 2025-ci il.