Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsini arzuladığımız zamanda gözlənilməz vəziyyət yarandı;
Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan TDT-də müşahidəçi olan Yavru Vətən - Şimali Kipr Türk Respublikasının başı üzərindən atlanaraq Kiprin yunan tərəfi ilə diplomatik münasibətlər yaratdılar, səfirliklərini açdılar. TURAN-TDT-nın gücləndirilməsini gözlədiyimiz, arzu etdiyimiz bir dövrdə bu xəyanətkar addım təkcə Aİ-nin bu 3 ölkəyə vəd etdiyi 12 mlr avro investisiya ilə bağlı deyil, həm də TDT, Türkiyə, R.T.Ərdoğan, İlham Əliyev əleyhinə daha ciddi, təhlükəli planların görünməyən tərəflərini də göstərir; Azərbaycanın Avropanın siyasi strukturlarından kənarlaşdırılması, Orta Asiya - Türküstanla Avropa arasında əlaqələrin möhkəmlənməsi istiqamətində irəliləyişlər, son vaxtlar Türkiyənin daxilindəki durumun gərginləşdirilməsi, Kipr adası, Ege dənizi ətrafında neft, qaz yataqlarının kəşfi, işlənməsindən, Yunanıstanla birlikdə ABŞ, Fransa, İngiltərə, İtaliya, Qətər, Misir, BƏƏ kimi ölkələrin birgə hərbi təlimlərindən Türkiyənin dışlanması, Türkiyə ətrafında kürd və yunanların son fəallıqları, Suriyadakı son uğursuzluqlar... ABŞ və İsrailin çoxdankı “Yeni Yaxın Şərq” planlarının reallaşması yolunda sürətli çalışmalar çox şeydən xəbər verir. Acı təəssüflər olsun ki, hazırkı əlverişli geopolitik dövrdə Türk birliyinə gedən yolda rus-ingilis-fransız ittifaqının məkrli planı ilk bəhrəsini verdi, xalqın seçmədiyi qeyri-demokratik türk liderlər xarici qüvvələrin məkrli vədləri, hiyləsi, pulu, təzyiqi qarşısında TDT-nın parçalanmasına yol açdılar. Orta Asiya uğrunda Rusiya, Çin, Aİ, ABŞ arasında rəqabət daha sürətli davam edir.
Prezident İlham Əliyev ADA Universitetində çıxışında Azərbaycanın prinsipial mövqeyini ifadə etdi: "məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik".
Sözardı: Bu sətirlərin müəllifi olaraq 2010-cu ildə nəşr edilmiş "Rəcəb Tayyib Ərdoğan" kitabımızın "Gücümüz birliyimizdədir" (səh.220) bölümündə və daha bir neçə məqaləmizdə Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyətinin hərbi-siyasi birliyinin vacibliyini, mümkünlüyünü əsaslandırmağa çalışmışdıq.
Dr. Hacı Nərimanoğlu