Türkiyədə yaşayıb fəaliyyət göstərən Azərbaycanlı Prof. Dr. Aygün xanım Attar 2021-ci ildə Türkiyə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyə Cümhurbaşqanlığı Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilmişdi və bu günlərdə həmin qurumda bir dönəm üzvlük müddəti sona yetib, bu barədə ilk olaraq da Aygün xanım özü feysbuk səhifəsində məlumat verib.
Gözləmək olardı ki, mediamız bu yüksək postda 4 illik fəaliyyəti barədə Aygün xanımdan müsahibə alacaq, nə isə xoş şeylər yazacaq. Ancaq belə olsaydı, biz hamımız bu xəbəri anlayışla, təbii hal kimi qəbul etsəydik, Sabirin dediyi “gözəl canlar” olmazdıq ki...Saytlarımızda bu xəbərin ardınca necə çeşidli başlıqlar yazılmır ki; “Aygün Attar bayrağımızı niyə ATDI...”, “Ərdoğan azərbaycanlı alimi vəzifədən azad etdi”, “Bayrağımızı yerə atan adamdan nə desən gözləmək olar”, “Aygün Attar Türkiyədə vəzifəsindən azad edildi”... Xanımlar, bəylər! Aygün Attar (Aygün Mir Teyyub qızı Həşimzadə) öz savadı, qabiliyyəti ilə qardaş Türkiyədə professor, doktor, Giresun Universitetinin rektoru olub, rektorluğa ikinci müddət davam etmək üçün ən çox səs yığıb, hazırda müasir Azərbaycanın memarı Heydər Əliyevin təşəbbüsü ilə və əziz dostu Prof.Dr.İhsan Doğramacının başqanlığı ilə qurulan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin (TADİV) rəhbəridir, Prezident İlham Əliyevin sərəncamları ilə Türkiyə-Azərbaycan dostluğunun möhkəmlənməsi və uğurlu diaspor fəaliyyətinə görə "Vətənə xidmətə görə", "Dostluq" ordenləri ilə təltif edilib, bütün elmi, ictimai, mədəni fəaliyyəti türkçlük məfkurəsinin təbliğ, təşviqinə həsr edilib, bu nədənlə təqib, təzyiqlərə məruz qalıb, Türkiyə və Avropa mediasında Azərbaycan, Qarabağ həqiqətlərinin, Vətən müharibəsində haqlı mövqeyimizin tanıtımında yorulmadan çalışıb, kitab, məqalələrinin tam əksəriyyəti də bu mövzulara həsr olunub. Aygün xanım Qarabağ, Şuşa, Zəngəzurda yaxşı tanınan seyid nəslinin yetirməsidir, mərhum qardaşı Adil Həşimov I Qarabağ müharibəsində batalyon komandiri, digəri Aqil döyüşçü olub. Vətənimizdən kənarda Aygün xanım kimi savadlı, enerjili Azərbaycan-türk sevdalısı xanım çoxmudur?! Heç şübhə yox ki, bu yolda uğurlu işləri bundan sonra daha fəal davam edəcəkdir, yeni uğurlar Aygün xanıma! Və bir də...haqqınızda yazılanlara boş verin Aygün xanım, səbirli olun, barlı ağaca daş atan çox olar, göy üzü daş saxlamaz, yel qayadan nə aparar ki...
16 aprel Prof.Dr.Aygün Attar Həşimzadənin anadan olduğu gündür. Bu münasibətlə "Zəngəzur" Cəmiyyətləri Birliyinin İdarə Heyəti adından Birliyimizin Türkiyə təmsilçisi Aygün xanımı təbrik edir, bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik.
Dr. Hacı Nərimanoğlu