Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyası nəşr edilib.
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitaba bu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Tarixşünaslığımıza qiymətli töhfə” adlı ön söz yazıb.
O qeyd edib ki, müəllifin çoxillik elmi tədqiqatlarının yekunu olan monoqrafiya xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il yanvarın 31-də AMEA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında məqsədyönlü saxtalaşdırmalara və təhriflərə məruz qalmış Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı yazılması vəzifəsinin davamlı olaraq icrasına və dövlətimizin başçısı İlham Əliyevin bu çağırışına real cavabdır. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.
Monoqrafiyada bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımı, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin son iki yüz illik tarixi tədqiq edilib, bölgənin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi sənədlər və detallarla araşdırılıb. Zəngəzurda yerli əhalinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi də əks olunub. Xristian təəssübkeşliyi ilə siyasət yürüdən böyük dövlətlərin hərbi-siyasi planlarının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına nə qədər böyük zərbə vurduğu faktlarla açılıb.
Kitab dünyanı idarə edən güclərin bir əsr əvvəl tarixi Azərbaycan torpaqlarında qurduğu Ermənistan adlanan dövlətin regionda başlıca gərginlik, münaqişə ocağı olduğunu sübut edən elmi ittihamnamədir.
Tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan 240 səhifəlik monoqrafiyada müxtəlif dillərdə 300-dək mənbəyə istinad edilib.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə QHT nəşriyyatında nəşr olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, zengezur.com saytının təsisçi və baş redaktoru Hacı Nərimanoğlunun bundan əvvəl də Zəngəzur bölgəsinin tarixinə dair dörd kitabı nəşr olunub.