Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı suala cavab verib
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Forum iştirakçılarının suallarını cavablandırıb.
zengezur.com AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevə Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı suala belə cavab verib: "Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”.