Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mücahid şeyx (Mövludunun 220, vəfatının 140 illiyinə)
Mir Həmzə Seyid Nigari Qarabaği Qafqaz və Anadoluda məşhur olan, şeirləri iki əsrə yaxındır sevilərək oxunub əzbər söylənilən təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin nüfuzlu şeyxi, kamil mürşid, əsrlərdir türkün varlığına qənim kəsilmiş hakim rus rejiminin təcavüzünə qarşı savaşmış mücahiddir.
Şeyxin dini görüşlərinin təməlini təşkil edən bu məşhur kəlamı Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda dillər əzbəridir, minlərlə inanclı insanın dini baxışlarına yön verməkdədir:
Allahı, Məhəmmədi və aliyi sevən dustanız,
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız.
Çar yarı istəriz, zira ki Mustafanın
Dustinə dustiz, vallah, xəsmaninə xəsmaniz.
Seyid Nigarinin farsca, türkcə divanları Tiflisdə (1908), İstanbulda (1884, 1911) nəşr edilib. 2010 Bakıda "Elm və Təhsil" nəşriyyatında 824 səhifəli Divan”ı (məqalədə gətirilən şeirlər bu divandan alınıb-H.N) və 2012-ci ildə 408 səhifəli “Nigarnamə”si nəfis tərtibatda nəşr olunub, haqqında televiziya verilişləri, sənədli film çəkilib, elmi konfranslar keçirilib, sözlərinə musiqilər, mahnılar yazılıb, yaradıcılığına həsr olunmuş tədqiqat əsərləri çıxıb. Ədəbiyyatşünaslıq elmimizin banisi Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kitabında Seyid Nigarinin çox sayda şeirlərini təqdim və təhlil edib öz fikirlərinə belə yekun vurur: “Bu gözəl şeirlər Mirhəmzə əfəndinin alitəb və hürriyətpərəst olmağına şəhadətedici xoşməzmun bir əsərdir”. Görkəmli ədəbiyyatşünas onu zəmanəsinin ən məşhur, nüfuz dairəsi geniş insanlarından biri kimi dəyərləndirib, öz müasirlərinin yaradıcılığına təsirindən də faktlarla çoxlu nümunələr gətirib, Nigarinin əsas davamçılarının adlarını yazıb; oğlu Siraci, Şahnigar Xanım Rəncur, Kadı Mahmud Əfəndi, Hacı Məcdi Əfəndi, Hacı Rəhim Ağa Dilbazov Vahidi, Qazi Osman Əfəndi, Hacı Zəkəriyə Əfəndi, Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mustafa Əfəndi, Sadi Sani Karabaği və başqaları.
Ötən əsrdə Şeyxin dini və ədəbi ardıcılları sırasında onun soyundan gələn Qubadlının Mirlər kəndinin sakinləri (Şeyxin özü də bir müddət bu kənddə yaşayıb) mərhum Mir Sədi Ağa və oğlu Mir Məhəmməd Ağa, hazırda isə nəvəsi Mirsədi Mirlər xüsusi yer tutur.
Mir Həmzə Nigarinin türkcə və farsca divanı, Muhyiddin Arabinin “Fütuhatı-məkkiyyə” əsərinə yazdığı Təvzihat, “Mənaqibi”, “Fütuhati-Mekkiyye”, “Həştbehnamə”, “Nigarnamə” və “Saqinamə” adlı əsərlərində mənsub olduğu nəqşibəndi təriqətinin incəliklərini, təsəvvüf görüşlərini aydın şəkildə ifadə edib. Onun ərzuz vəzninin müxtəlif bəhrlərində müxtəlif janrda şeirləri klassik Şərq ədəbiyyatına, fəlsəfəsinə, islam mütəfəkkirlərinin əsərlərinə dərindən bələd olduğunun, geniş mütaliəsinin, poetik təfəkkürünün genişliyinin göstəricisidir. Sədi, Hafiz, xüsusilə Füzulinin, Nəbatinin poetik dünyasına dərindən bələd olan Nigari ən çox onlardan təsirlənib, əruz vəznində bitkin qəzəllər, divan yaratdığı kimi, heca vəznində, xalq şeiri üslubunda da şeirlər yazıb, həm ədəbi camedə, həm xalq arasında geniş şöhrət qazanıb, şeirləri dillər əzbəri olub, çoxlu şairlər ondan ilham alıb özlərinə ustad sayıb, şeirlərinə nəzirələr yazıblar.
https://tr.wikipedia.org/wiki/Mir_Hamza_Nigari səhifəsində yazılanlar digər tədqiqatlar, arxiv sənədləri ilə üst-üstə düşür: “Mir Hamza Nigârî Efendi, 1805 yılında Azerbaycanın Karabag bölgesinin Zengezur ilçesinin Cicimli köyünde dünyaya gelmiştir. Naksibendi (Halidiyye) şeyhlerindendir. Seki ve Samahı gibi şehirlerde iyi bir tahsil almıs, Arapça ve Farsça ögrenmiştir. Genç yaslarında Türkiyeye giderek orada tahsilini tekamül ettirmiştir. Harputta Mevlana Halitin yanında tahsilini ve tarikat eğitimini geliştirmek istemisse de seyhin ölmesi üzerine Sivasa ve oradan Azerbycanın Kazak şehrine dönmüs ve Hanlıklar kasabasına yerlesmiştir. Burada bir dergâh olusturarak, bir mürsid gibi faaliyet göstermiştir. Ocağına çok mürid toplanmıştır. Sohbetlerinde ve zikir halkalarında kendi yazdığı gazel, kaside ve muhammeslerinden de faydalanmıştır. Sonra tekrar Türkiyeye gelerek Amasyadaki Şeyh Şamil Şirvanîye intisap etmiştir. Mürşidinin izni ile önce Konya Mevlâna Türbesinde sonradan “Ravza-i Mutahhara”da “erbain çıkartmıstır”. Hac farizasını ifa edip dönerken Sam ve Kudüsü de ziyaret ederek Amasyaya dönmüştür. Ziyaretinden bir yıl sonra hilâfet alarak Berde ve Bergüsâda dönmüştür. XIX. yüzyılın ortalarında Kafkasya ve Doğu Anadoluda Rus emperyalizmine karsı çok ciddî mücadelesiyle ün yapmıs; Kırım Harbi sırasında müritleri ile birlikte Karsa gelerek Osmanlı Ordusu'na katılarak Ruslara karsı savaşmıstır. Daha sonra Erzurum'a geçmis üç yıl burada kalmıs buradan İstanbula gitmiştir. Orada padişah ile görüştügü söylenmektedir.”
Mir Həmzənin doğum tarixi bəzi mənbələrdə fərqli il göstərilsə də, "Türk Ensiklopedisi", az.wikipedia.org, tarihvebilgi, ayb.net və digər mənbələr, çoxlu tədqiqatçılar onun 1805-ci ildə doğulduğunu, 1885-ci il sentyabrın 29-da 80 yaşında vəfat etdiyini təsdiq edir.
Fəxrəddin Ağabali “Hümayi-Ərş” adlı əsərində mürşidi olan Şeyxin həyatı haqqında ətraflı bilgilər verib, görkəmini, sifər cizgilərini, xarakterini incəliklərinə qədər təsvir edib. Nigarinin yeganə portretini də türk rəssamı Mustafa Saçlı 1933-cü ildə bu təsvirlərə və onu şəxsən görüb tanıyan digərlərinin söylədiklərinə əsaslanaraq çəkib: “Fıtrî istidadı sayesinde kendisini göstermiş olan bu zat orta boya yakın, dolgun denebilecek bir vücuda sahip idi. Ak ve sık sakallı, gözleri büyük, kaşları gözlerinin üzerine kadar dökülmüş ve kalın, başı büyük, şuh meşrep, latife sever, güler yüzlü, açık simalı bir zat idi. Sebatî her zaman güler yüzlü olup tebessüm ederdi. Onu yüzünü hiç kimseye ekşittiği görülmemiştir. En müteessir olduğu zamanda bile ‘hay külhanî’ sözünden başka bir söz sarf etmediğini bizzat müşahede ettim”.
Şeyx şeirlərində Qarabağın əsil nəcabətli seyidlər məskəni Cicimli kəndində (Laçın rayonu) doğulduğunu və Peyğəmbər soyundan olduğunu dəfələrlə yazıb:
Ze gülzari-nübüvvət rast səbze,
Cəjümlu ibn Paşa Mir Hemze.
...Nəsli-İsmailsən, əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən,
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.
Türkiyənin populyar qəzetlərindən olan “Bu gün”ün 21 iyul 2013-cü il tarixli geniş redaksiya məqaləsində “Ulusalcıların babası peygamber soyundan” başlıqlı yazıdan: “Geçen hafta hayatını kaybeden ulusalcıların ünlü ismi Prof. Dr. Alpaslan Işıklının peygamber soyundan geldiği ortaya çıktı. Işıklı'nın dedesi ise mutasavvıf Mir Hamza Nigariydi. Seyyid Mir Hamza Nigari, Karabağa bağlı Perküşadda (Bərgüşad-H.N) 1805 yılında dünyaya geldi. Nigari Seyyid Emir Paşa ve Hayrünnisa Hanım'ın oğluydu. Büyükbabası Seyyid Rıza ve dedeleri devrin bilinen alimlerindendi. Ailenin tarihte bilinen ilk ismi Şeyh Seyyid Muhammed Şemseddin, Medine-i Münevvereden Karabağa hicret etmiş ve Çiçimli köyüne (Laçın rayonu-H.N) yerleşmişti”.
O da məlumdur ki, Nigari ailəsində aldığı ilk dini təhsilini Şəkinin Dəhnə kəndində Şikəst Abdulla əfəndinin mədrəsəsində davam edib, doğulduğu Cicimli kəndinə qayıdıb bir müddət müəllimlik edib, onu daim düşündürən çoxlu suallarına cavab ala bilməyib, bu nədənlə rahatsız olub, yuxusunda onu yanına çağıran Kürdəmirli şeyx İsmayıl Şirvaniyə mürid olmaq üçün Anadoluya gəlib. Mir Həmzə mürşidi İsmayıl əfəndi haqqında yazıb: “Hər nəfəsi Məsih nəfəsinə bənzər, hər nəzəri nəziri-kimya...”.
1834-cü ildə həcc ziyarətindən dönən Şeyx nəqşibəndiliyi yaymaq, həm də xalqı Rusiyaya qarşı ayağa qaldırmaq məqsədi ilə Qarabağa geri qayıdır.
O, Qarabağ, Şəki xanları ilə gizli əlaqələr qurub, Şuşada Xasay xanla, digər yetkililərlə dəfələrlə görüşüb.
Ünsiyyətdə olduğu nüfuzlu, imkanlı şəxslərə xristian bir məmləkətin - Rusiyanın itaətində olmağın hər iki dünyada böyük günah olmasını anladıb, xeyli tərəfdar toplayıb. Fars, rus başbilənləri digər tərəfdən də Qafqazda daim sünni-şiə ayrıcılığı salmaq yönündə məkrli fəaliyyətlərində nəqşibəndiliyi ciddi maneə, təhlükə saydığndan Mir Həmzəni izləyib təqib edib.
XIX əsrin ortalarında Qafqazda rus istilasına qarşı meydana gələn Cihadın ilk ideya müəlliflərindən biri Mir Həmzə olub. Ruslar onu özləri üçün Şeyx Şamil qədər təhlükəli sayıb, daim həyatına son verməyə çalışıb, lakin Allahın izni, sədaqətli qorumaları, müridlərinin sayıqlığı ilə salamat qalıb, namərdlərə fürsət verməyib.
Şuşadakı Xan sarayına yerləşmiş rus xəfiyyələri onun Şəki xanına məktubunu ələ keçirib, bir neçə əqidə yoldaşı tutulsa da, Mir Həmzə müridlərinin köməyi ilə Arazı keçib özünü Təbrizə yetirib, rus, fars xəfiyyələri onu burada həbs edib, ancaq Osmanlı səltənətinə gizli bağlılığı olan Təbriz valisinin yardımı sayəsində qaçırılıb 1866-cı ildə Osmanlı dövlətinə - Ərzuruma keçirilib, mühafizəsi təşkil olunub, ona yetərli qədər maaş kəsilib. Bir müddət sonra xanımı və oğlunu da yanına gətirdib. Dəvət aldığı İstanbul sarayında ona hər cür maddi təminatlı vəzifələr təklif edilsə də, imtina edib yenidən vətənə yaxın olan Ərzuruma gəlib, 1867-ci ilə qədər Ərzurumda yaşayıb, həcc ziyarətində olub, Şam, Qüdsü gəzib, haqq dərgahına üz tutmaqda olan Şeyxi İsmayıl Şirvaninin vəsiyyəti ilə onun yerini tutmaq üçün Amasyaya gəlib, təfsir və hədis dərsləri deyib, fəal təsəvvüfi fəaliyyəti ilə də məşğul olub. Onun artan nüfuzu, nəqşibəndi təriqətinin sürətlə yayılması həm hakimiyyət dairələrini, həm də yaxın ətrafdakı digər məzhəb mənsublarını rahatsız edib, sultan sarayına çoxlu şikayətlər göndərilib, təzyiqlər səbəbi ilə bir qisim müridi ilə birlikdə əvvəlcə Samsuna, sonra da Harputa sürgün edilib.
Mir Həmzə Nigari həzrətlərinin 1885-ci il sentyabrın 29-da vəfat edib, cənazəsi vəsiyyətinə uyğun olaraq Harputdan Amasyaya aparılıb, 7 gün sürən yolçuluqdan sonra Amasyaya gəlib çatan cəsədi məzara qoyulmaq üçün təkrar yuyulduğunda cisminin, üz-gözünün nurunun heç pozulmadığı hər kəsi, məmurları da, müridlərini də heyrətə gətirib, hətta, onun mumiyalanmış olmasına dair şübhələr də yoxlanıb, əsassızlığı aşkar olub, bu əhvalat çoxsaylı mənbələrdə, İstanbul sarayına göndərilən rəsmi raporlarda da əksini tapıb.
Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyi ilə Qarabağ, Qazax və Borçalıdakı müridlərdən toplanan ianə ilə türbəsi, türbənin yanında da bir məscid inşa edilib. Bu məscid Amasyada indi də “Azerilər” və “Şirvanlı camisi” adı ilə tanınır. 1934 və 44-cü illər də daxil, dəfələrlə baş vermiş zəlzələlər bu şəhərdəki bütün tikililəri, o cümlədən, məscidləri uçursa da, “Şirvanlı camisi”nə xətər toxunmayıb. Son illər İstanbulda yaşayan Zəngəzur kökənli inanclı xeyirxah insanın vəsaiti hesabına məscid və ətrafı abadlaşıb.
Amasyada Qarabağ, Zəngəzur, Şəki, Şirvan, Qazax, Borçalı mahallarından taleyin hökmü ilə üz tutub pənah gətirən çox sayda dindarın əsas ziyarətgahlarından biri Şeyxin cismi uyuyan bu məsciddir.
İlahi eşq Nigarinin əsas ilham mənbəyi, yaradıcılığının ana xətti, baş mövzusudur. Mürşidi Şeyx İsmayıl Şirvani onun haqqında belə söyləyib: “Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur. Onun mürşidi eşqdir”.
Eyni fikri Türk ədəbiyyat tarixçisi İskəndər Pala Nigarinin divanının Türkiyədəki nəşrinin ön sözündə yazıb: “Mir Həmzə Nigari adlı lüğətdə bir söz olsaydı, qarşısında mütləq ‘eşq’ yazılardı. Ömrünü bir tək eşqə, bir Tək eşqinə sərf etmiş bu könül dərinliyi olan şeyx heç şübhə yoxdur ki, XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının da öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi Anadolu və Şimali Azərbaycanda hələ də analar övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər”.
Yaradıcılığında Hz.Məhəmmədi, Hz.Əlini, Hz. Hüseyini, Hz. Ömər, Hz.Osmanı sevgi ilə vəsf edən Şeyx Mir Həmzə Peyğəmbər soyuna düşmən olan Əbu Süfyan, Muaviyə, Yezid, Mərvan kimilərinə qəzəbini də ifadə edib, ömrünün sonunadək bu düşüncələrində sabit qalıb. Nəqşibəndi təriqətinə cani-könüldən bağlılığı, bu yolda fəaliyyətləri səbəbi ilə Qafqazda sünni təbliğində, Anadoluda şiəliyin təbliğində suçlanıb təzyiqlərə məruz qalıb, nüfuzunun genişlənməsindən qorxuya düşən ruhanilərin paxıllığı, hökumət orqanlarına basqılara ucbatından tez-tez Anadolunun müxtəlif yerlərinə köçməyə, yerini dəyişməyə məcbur qalıb.
Təsəvvüf tərbiyəsini tamamlayıb kamil mürşid məqamına yetişən Şeyx həyat və yaradıcılığında Allah sevgisini hər zaman ən uca məqamda tutub.
Seyid Nigari sufi, təsəvvüf şairidir. Bu gün də keçmişdə olduğu kimi, Qafqazda, Anadoluda səma məclislərində mövləvi və nəqşibəndilərin ayinlərində, zikrlərində Mövlana Cəlaləddin Rumidən sonra ən çox Seyid Nigarinin insanlara İlahi sevgisi bəxş edən şeirləri oxunur, ifa edilir, rituallarda səslənir.
Əlhəmdülillah, Əlhəmdülillah,
Söylər vücudum tamamən Allah.
Görsəm bir bəla, zikrim hüveyda,
Əlhökmü lillah, əlhökmü lillah.
Olmasın canım, olsam hər dəm
Fikrinlə, Allah, zikrinlə, Allah.
Sovet-KQB rejiminin meydan suladığı illərdə sevilən yazıçımız İsmayıl Şıxlının “Dəli Kür”də Nigarini, nəqşbəndiliyi yaddaşlara gətirməsini minnətdarlıqla xatırlamaq lazımdır. Bu gün də Qafqaz və Anadolunun bir çox guşələrində nəqşibəndi təriqətinə mənsub çox sayda dindar insanlar vardır, onlar həm də Allaha ibadətin, haqqa qovuşmağın musiqili ritmik zikr yolunu seçiblər, o yola sadiqdirlər.
Şeyxin dini görüşünün əsasında Allaha, Həzrəti-Peyğəmbərə (s.ə.s) və onun əhli-beytinə sonsuz məhəbbət durur. Əksər şeirlərində də könül verdiyi bu ulu məhəbbəti vəsf edib, özünün nəqşibəndi olduğunu da fəxarətlə vurğulayıb:
Nəsli-Məhəmmədi sevmək, istəmək
Haqqın bizə başqa kəramətidir.
Əlmədəd, üftadəyəm, ya dəstgir,
Ya Məhəmməd, ya Əli, ya Nəqşibənd!
Göründüyü kimi Həzrəti Məhəmmədi (s.ə.s), Həzrəti Əli ilə birlikdə bu təriqətin yaradıcısı Bəhaəddin Nəqşibəndini də piri saydığını söyləyib.
Çoxlu şeirində Kərbəla, İmam Hüseyn şəhadətliyini sevgi, ürək ağrısı ilə vəsf edib.
Kərbəla atəşi, ey vah, cigərgahimdən
Baş verib, dil yağılar, sinə yanar, can ağlar.
Tək Azərbaycanda deyil, bütün islam aləmində bu gün ən qorxulu meyl islam düşmənləri tərəfindən çoxsaylı təriqətlərin meydana gəlməsi-gətirilməsidir, digər təriqətlərə qarşı barışmaz düşmənçilikdir, qütbləşmədir, islamın siyasilər əlində vasitəyə çevrilməsidir. Şeyx Mirhəmzə Nigarinin dini görüşləri, vəsiyyətləri müqəddəs islam dinimizin birləşdirici mahiyyətinə, birliyə, bütünləşməyə, qardaşlaşmağa, güclənməyə vəsilədir.
Nigarin yaradıcılığının ikinci əsas xətti dünyəvi eşqidir - sevib qovuşmadığı Nigara qarşı bitib tükənməyən sevgisidir. Onların ilk görüşü haqqında da mənbələrdə şahid xatirələri qalır...Qarabağı nüfuzlu Qarapirim bəyinin qızı olan Nigar röyasında gördüyü Mir Həmzənin onun dərgahına yaxınlaşdığını duyur, ətrafındakılarla birlikdə onu qarşılamağa çıxır, göz-gözə gəldiklərində hər ikisinin nitqi tutulur, lal sükut içərisində durub dayanırlar. Nigar Mir Həmzəyə: - Məni gördüyün yuxu yadındamı?-sualını verir və cavab gözləmədən baxışları göz-gözə dayananda hər ikisi huşunu itirir. Mənalar aləmində görüb aşıq olduğu, ancaq qovuşmadığı bu eşq əhli özünə Nigari təxəllüsünü seçir, daha çox bu adla tanınır. “Nigarnamə” məsnəvisi başdan-başa sanki bir sevgi dastanıdır.
Alıbdır canımı qəmzə,
düşübdür könlümə lərzə,
Hər bir aşiq Seyid Həmzə,
hər bir dilbər Nigar olmaz.
Çox sayda qəzəlində, “Ey cununi-Leyla, aşiqi-şeyda”, “Ey istəyən yari, sevən dildari”, “Ey dili-pursovda, talibi-Ənqa”, “Şamu səhər, ey dil, vəchi-dildarə” kimi qoşma, “Aşıq oldum gene tazə”, “Əqlimi ey guli-xəndan” gəraylılarında Nigara eşqini rəvan, həzin, sadə, səmimi bir dildə vəsf edib.
Dərdü möhnətin, ey sənəm, sənəm,
Eşq ilə çəkən, bir mənəm, mənəm.
Arü-varini rahi-mehrdə,
Tarümar edən bir mənəm, mənəm.
Çəkmişəm cəfa, eylə bir vəfa,
Sən də ələta can sənə fəda,
Rahi-mehrdə zari-binəva
Tarükül vətən bir mənəm, mənəm.
Mir Həmzə Nigari yaradıcılığında Qarabağ mövzusu, Qarabağ həsrəti üçüncü əsas xəttdir. Şair doğma vətəni Qarabağa çox böyük məhəbbət bəsləyib. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edib, Dağıstan şiri Şeyx Şamilin mücadiləsini vəsf edib.
Mərdi-mərdanə o qaplansifəti-Moskof ilən
Eyləmək cəngü cədəl şiri-Dağıstanə düşər.
Qarabaği adını özünə ikinci təxəllüs götürən Şeyx yaşadığı əsrdə, həm də sanki 100 il sonra da Qarabağın təkrar ruslar tərəfindən işğal olunub talan ediləcəyini İlahidən gələn fəhm ilə hiss edib, yadların gətirdiyi qəza-qədəri görüb, qarabağlıların ağrı-acılarını da heyrətamiz hissiyyatla duyub və çox sayda şeirində nəzmə çevirib:
Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ torpağını.
Mir Həmzə Qarabaği çox şeirində Azərbaycan, Şirvan, Qarabağa məhəbbətini ifadə edib, o torpağın yer-yurd adlarını xatırlayıb, gözəlliklərini ustalıqla canlandırıb.
Əzm eylə diyar-ı Şirvanı
Qət eylə rəh-i Azərbaycanı.
Bir yer diyəm ismi Qarabağ
Cənnət yeri vü abı şir ü qaymağ.
“Çaynamə” məsnəvisinin bir başlığı “Dər bəyani-mənqəbəti-gülgəşti-vilayəti-Qarabağ” adlanır. Vətənsevər şair sevgi və eşq ilə Qarabağı belə tərif edib:
Bir mövzii-xoş, fərəhfəzadır,
Dünyayə behişt desəm, səzadır.
Bir mülki-vəsi, səvadi-əzəm,
Sünbülləri piç-piçü dirhəm.
Qərbiyyəsi-Gögçə, gahi-xuban
Şərqiyyəsi Badikubi-Şirvan.
Sərhəddi-Cənubisi-Ərəsdir
Gürcudi Şimali, xoş nəfəsdir.
...Hər canibi səbz, hər tərəf bağ
Anın üçün ismidir Qarabağ.
Sığmaz buna, lazım, ey bəradər
Vəsfi-Qarabağa özgə dəftər.
Bu başlığın sonu da dəyərlidir:
Öp xakini, fəth qıl kəlamı,
Torpağına bizdən et səlamı.
Əzm eylə diyari-Şirvani
Qət eylə rəhi-Azərbaycani.
Bir yerdəyəm, ismidir Qarabağ
Cənnət yeri, abi şirü qaymaq.
Şeyx şeirlərində uşaqlıq, gənclik illərinin keçdiyi Bərgüşad-Bərşad, Həkəri, Kür, Ərəş-Araz, Tərtər, Xaçın çaylarını “Nedəyim” rədifli qəzəlində tək-tək xatırlayır, bu çayların suyunun birlikdə ürəyinə düşən Qarabağ odunu, həsrətini söndürə bilməyəcəyini söyləyir.
Eyləməz faidə suzanimə çayi-Xaçın,
Çayi-Tərtər dəxi söndürməz o narı, nedəyim?
Şeyx 30 il sürmüş dərdlərimizdən agahmış kimi, illər uzunu həsrət qaldığımız, səsimiz, ünümüz yetməyən, babalarımızın bizdən incik ruhları dolaşan Zəngəzur, Qarabağ ellərimizin ağrı-acısını da üzüntü ilə qələmə alıb, qara yellərin doğulub boya-başa çatdığı, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi yerlərdən uzaq olmasını da Ulu Yaradandan diləyib:
Canıma çəkmiş fələk Bərgüşadın dağını,
Sönməz atəşi, ursan Həkəri irmağını.
Ol dairədə Həkəri, Bərşad,
Eşqin yeridir, buyurdu ustad.
Şeyx Mir Həmzə Seyid Nigari Qarabağ ellərinin bir zaman azadlığa qovuşacağını da görüb, duyub, 2020-ci ilən 44 günlük Vətən müharibəsində döyüşlərlə Qarabağ, Zəngəzur ellərinin, torpaqlarımızın işğaldan azad olunmasının xeyir-duasını verib:
Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.
Ey Nigari, ömrün erişdipayə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.
Nigari həyatında yurd həsrəti, qəriblik ağrısı ilə yanaşı, şəxsi ailə faciəsini də ürəyində daşıyıb. İlk nubarı - oğluna ustadı Mövlana İsmayıl Siracəddin Şirvaninin adını qoyub. 1851-52-ci ildə Ərzurumda yaşayarkən adam göndərib bu ana-balanı Qarabağdan bura yanına gətirtmişdi. Lakin taleyin acı qisməti ilə Siracəddin xəstələnib ölür, bu ağrı Şeyxi ömrünün sonuna qədər tərk etmir, ağır üzüntü ilə yada salır. Təəssüflər olsun ki, cəmi 20 il ömür sürmüş, şeirləri ilə Seyid Əzim Şirvani, Sədi Sani Qarabağinin də diqqətini cəlb etmiş Siraci haqqında demək olar ki, müasir Azərbaycan oxucusunun məlumatı olmayıb. Hətta, Seyid Nigari haqqında son illər çıxan kitablarda, yazılan məqalələrdə də onun həyatdan vaxtsız getmiş bu istəkli övladının yaradıcılığı barədə məlumat verilməyib. Halbuki Osmanlı dövründə də, Türkiyədə də çıxan bir çox külliyyatlarda onun şeirləri toplanıb, haqqında bilgilər verilib, ancaq əslən azəri türkü, Seyid Nigari cisminin parçası-övladı, yadigarı olması qeyd edilməyib.
İstanbul Universitetinin professoru, ədəbiyyatımızın gözəl bilicisi və yorulmaz tədqiqatçı, təbliğatçısı olmuş Əhməd Cəfəroğlu yazırdı ki, ona Amasyada yaşamış Hacı Mahmud Əfəndizadə tərəfindən bağışlanan Sədi Qarabaği divanının sonunda Seyid Nigari, İbrahim Veysi bəylə birlikdə Siraci şeirlərinin də 8 səhifəlik əlyazmaları da var idi, həm də bu tanıtma ilə: “Seyid Nigari oğlu olan Mövlanazadə Siracəddin əfəndi həzrətləri Qarabağlıdır”. Amasya tarixinin tədqiqatçısı Hüsaməddin bəyə görə Siracəddin 1858-ci ildə Qarabağda dünyaya gəlib 1877-ci ildə vəfat edib. Şeirlərindən görünür ki, güclü təbi varmış, dilin və şeirin qayda-qanunlarını gözəl bilirmiş.
Dostu Sədi Siracinin 13 qəzəlini, 2 müxəmməsini və 1 natamam tərkibbəndini öz divanının sonuna köçürməklə nə qədər böyük xeyirxahlıq etmiş olduğunu heç düşünməzdi. Əgər Sədi Qarabağinin bu zəhmətinin bəhrəsi olmasaydı, heç həmin şeirlər də gəlib günümüzə çatmazdı.
Ə.Cəfəroğlu həmin şeirləri 1932-ci ildə İstanbulda latın əlifbasıyla kiçik bir kitabçada nəşr etdirib. Kitabçanın titul vərəqində isə yazıb: “Azəri ədəbiyyatının materiallarını ilk dəfə toplayan mərhum Firidun Köçərlinin əziz ruhuna ithaf edirəm”. Siracinin şeirləri dövrünün bir çox şairlərindən fərqli olaraq sadəliyi, rəvanlığı ilə seçilir, ərəb-fars sözləri ilə yüklənməyib, Qarabağda gen-bol işlənən söz, ifadələrlə zəngindir, həm də bu şeirlərdə gənc yaşdakı Siracinin poetik təfəkkür sahibi olduğu görünür.
Ziyaəddin Fəxri bəy də “Ərzurum şairləri” adlı kitabına (İstanbul, 1927) Siracinin şeirlərini daxil edib, ancaq bu zaman səhvən “Ərzurumlu şair Osman Siracəddin” adıyla verib.
İnanırıq ki, Siracəddin Mir Həmzə Seyid Nigari oğlunun şeirləri də toplu halında Azərbaycanda nəşr ediləcək.
...Özülü 140 il əvvəl Qarabağ-Zəngəzur-Şirvan-Qazaxdan Amasyaya açılan könül körpüsü son illər daha da möhkəmlənir, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə günbəgün genişlənməkdə olan əlaqələrdən “şahzadələr şəhəri” Amasyaya da bir qol ayrılır, get-gəllər yaranır. İndi bu şəhərdə Azərbaycan-Türkiyə qardaşlığı dərnəyi, muzeyi fəaliyyət göstərir. Bir neçə il əvvəl Mir Həmzə soyundan olan xeyirxah insanların maddi, mənəvi dəstəyi ilə Amasyada keçirilən bir görüşdə 3500 nəfər “azeri kökenli” insan iştirak etmişdi. Birgə konfranslar, simpoziumlar ulu şeyxin ədəbi, mənəvi irsinin öyrənilməsi, təbliği ilə yanaşı, həm də Qafqaz və Anadolu türklərinin daha da yaxınlaşmasına, bir-birinə qovuşmasına yardımçı olur. Amasyadan Qazax, Şamaxı, Ağsuya bu torpaqlardan çıxanların nəticələri, nəqşibəndi təriqətinin mənsubları təyyarə və avtobuslarla ziyarətə gəlirlər. Bu sətirlərin müəllifi, şeyx babamız haqqında bir neçə elmi, publisistik məqalənin müəllifi olaraq hər gedişimdə Azərbaycan, Qarabağ, Zəngəzur adının Amasyada nə qədər içdən gələn sevgi ilə, məhəbbətlə çəkildiyinin şahidi olub. Onların sözlərinə görə xeyli amasyalının soy kökü Qafqazlara gedib çatır. Şəhər ətrafında çox sayda kəndlər var ki yalnız Azərbaycan türkləri tərəfindən salınıb, Osmanlı dövləti Qafqazdan gələnlər üçün onların həm də ruslara qarşı savaşdığını da nəzərə alaraq münbit torpaqlarda el-oba, kənd salmağa izin verib, hər cür şərait yaradıb. Kürdəmirli Mövlanə İsmayıl Siracəddin Şirvani (1782-1848) və Şeyx Mir Həmzə Seyid Nigari Qarabaği adının nuru ilə Amasyaya üz tutan yüzlərlə ailədən çıxan yetkin insanlardan biri Şirvanzade Mehmet Rüştü Paşa sultan Əbdüləziz dönəmində Osmanlı dövlətinin sədrəzəmi, 3 dəfə maliyyə nəzarəti naziri olub. Amasyadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilmiş azəri əsilli 6 nəfərin adı bəllidir. Dövlət idarələrində çalışanların sayı daha çoxdur. Amasyanın iki dönəm bələdiyyə başqanı Zəngəzurun Laçın bölgəsindən gələn Qafqaz türklərindən olub. Düzdür, şəhərin genişlənməsi, yeni yaşayış massivlərinin salınması ilə Qarabağ, əsas da Zəngəzurdan gələnlərin sıx məskunlaşdığı məhəllələr sökülsə də, ancaq hələ də “laçınlılar” ifadəsi dillərdə, yaddaşlarda qalıb. Şeyx Mir Həmzə Nigarinin “Şahzadələr şəhəri” Amasyadakı məscid, türbə, məzarı ətraf bölgə sakinlərinin, Türkiyə, Azərbaycan, Gürcüstan, Dağıstanlı nəqşibəndilərin ziyarətgahıdır. Türkiyə və Azərbaycan arasında iki əsrdir mənəvi körpü olan Şeyx Mir Həmzə Seyid Nigari Qarabağinin adı Zəngəzur ellərimizdə, Laçın, Qubadlıda əbədiləşəcəkdir. Mücahid Şeyximizin ömür yolu və yaradıcılığı bundan sonra da insanları irfana, əxlaqi-mənəvi kamilliyə, Anadolu və Qafqazdakı eyni dilə, dinə, soy-kökə malik qardaş xalqlarımızı birlik və bərabərliyə sövq edəcəkdir.
Hacı Nərimanoğlu,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru