Dilimizi, yazımızı daha səlis, zəngin edə bilərik
Dil də canlı orqanizmdir, daim inkişaf edir, təzələnir, təmizlənir, yeni sözlərlə zənginləşir.
Mənsub olduğumuz türk dillər ailəsinin əhatə dairəsi böyük olduğu kimi, zənginləşmə imkanları da genişdir. Anadolu və Qafqaz türkcəsində bir-biri ilə eyni olmayan, yeri boş olan"vakant" sözlərimizdən yararlana, onlara vətəndaşlıq hüququ verməklə boşluğu doldura, zənginləşə, həm də bir-birimizi daha yaxşı anlaya bilərik. Məsələn, Anadolu türklərində işlənən, kökü bizə aydın, doğma, anlaşılan olmaqla bərabər, həm də Azərbaycan türkcəsində konkret qarşılığı olmayan, yaxud iki və bir neçə aydınlaşdırıcı sözlə ifadə olunan, yaxud dilimizin ahənginə, harmoniyasına uyğun gəlməyən, çətin tələffüz edilən, dilə yatmayan çoxlu sözlərimiz var ki, onları Anadolu türkcəsindəki eyni mənalı sözlərlə əvəz edə bilərik.
Misallarla fikrimi izah edim: aday - ad etmək, namizəd, abla-böyük bacı, ağabəy, abi-böyük qardaş, ağım-ayağın üstü, ajans-xəbər agentliyi, akıt-sənəd, müqavilə, akt bağlayan tərəflər, albay-polkovnik, yarbay-podpolkovnik, aldatı-saxtakarlıq, aldatma, amaç-məqsəd, anıt-xatirə abidəsi, alan-sahə, ərazi, ayırtman-mütəxəssis, ayraç-mötərizə, acir-icarə, borc, kirayə verən, açıkça ("otkrıtka" rus sözündən uğursuz çevirmədir)-diləkçə, bağımlı, bağımsız-müstəqil, basqı-təzyiq, sıxıntı, başarı-müvəffəqiyyət, nailiyyət, bildiri-məlumat, bisiklet-velosiped, bitek-münbit, bodur-alçaq boylu adam, bulmaq-tapmaq, burs-təqaüd, caddə-prosrekt, çağdaş-müasir, çete-silahlı quldur dəstə, departman-müəssisə, idarə, dış-xarici, iç-daxili, duraq-dayanacaq, düzən-qayda-qanun, doğal-insan əli ilə yapılmamış, hız-sürət, huy-xasiyyət, kamyon-yük maşını, kandaş-atabir ana ayrı qardaş, kanser-xərçəng xəstəliyi, kullanmaq-istifadə etmək, Konstitusiya-Ana Yasa, laik-dünyəvi, mayo-çimərlik paltarı, net-təmiz, dürüst, noter-notarius, ortam-mühit, şərait, orman-meşə, onur-heysiyyət, özünə güvən, özgün-orijinal, özü-xarakterik, səciyyəvi, özgür-müstəqil, sərbəst, öc-intiqam, qisas, önəm-əhəmiyyət, peki-çox yaxşı, rağmən-baxmayaraq, reseptor-qəbuledici aparat, saçmalamaq-mənasız danışmaq, sakat-zədəli, savunmaq-müdafiə etmək, sayğı-hörmət, ehtiram, sayın- sayılan, seçilən,hörmətli adam, semiz-kökəldilmiş quş, heyvan, seyirçi-tamaşaçı, suvare-axşam tamaşası, sunmaq-təqdim etmək, sonuc-nəticə, soru-sual, sorum-məsuliyyət, cavabdehlik, suçlu-təqsirkar, günahkar, sürəc-proses, şaka-zarafat, şöylə-beləliklə, tekel-inhisarçılıq, monopoliya, təpgi-reaksiya, tez-dissertasiya, trafik-yol hərəkəti, tuğay-hərbi briqada, tümən-hərbi diviziya, türkü-xalq mahnısı, tapu-mükiyyət, soyut-mücərrəd, abstrakt, sorun-problem, sınav-sınaq imtahanı, sömür-istismar, sömürgə-müstəmləkəçi, uçaq-sərnişin təyyarəsi, Ana Yasa-Konstitusiya, yasaq-qadağa, yatırım-investisiya, kapital qoyuluşu, yenilmək, yenmək-məğlub etmək, yaş günü-ad günü, yetki-ixtiyar, səlahiyyət, zeki-zəkalı adam, uğurlamaq-ötürmək, yola salmaq, uysal-üzüyola, sözəbaxan, uyutmaq-yuxuya vermək, yatızdırmaq və sair.
Anadolu türkləri də Qafqaz türklərindən (yəni Azərbaycan, Gürcüstan, Dağıstanda yaşayan azərbaycanlılar) xeyli belə söz götürüb həm yazısında, həm danışığında ümumişlək söz hüququ verə bilər.
Dilimizi daha varlı etmək üçün, arxaik, dialekt, şivə sözləri də zəngin bazadır.
Min illiyin o üzündə yaşamış oğuz-alban əcdadlarımızdan bizə ən qiymətli miras qalmış Ana kitabımız (Tofiq Hacıyevin sözüdür) “Kitabi-Dədə Qorqud”un “Tarixi-coğrafi qeydlər”ində (müəllifi professor Süleyman Əliyarov) oxuyuruq: “Azvay qurd əniyi erkəkində bir köküm var. “Azvay” sözünə gəldikdə, onun açımı indiyədək qaranlıq qalır." (1973, S.170, XI boy)”.
Azvay - mənim doğulub böyüdüyüm Qubadlı, Zəngəzur bölgəsində cəld, qıvraq və hərəkətlilik mənasında, “ölüvay”ın antonimi kimi gen-bol işlənirdi; “azvay ol”, “azvay adam”, “azvayışına fikir ver”, “azvayışlı ol”... Təəssüf ki, dilimizdə yaşamağa haqqı olan belə sözlər “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə salınmayıb.
Səlislik, rəvanlıq baxımından yazımızda, orfoqrafiya qaydalarımızda xeyli dəyişmələr edə bilərik. Bizdəki bir çox qoşa samitli sözlər türk dilində tək samitlə yazılır, deyilir, düzgün olar ki biz də elə edək. Rəqəmdən sonra qoyulan nöqtə "ci"ni əvəz edir, durğu işarələrindən az istifadə olunur. Məncə, dilimizdə modal sözlərdən əvvəl, o, bu əvəzliklərindən sonra vergül qoyulması qaydalarına da yenidən baxmaq lazımdır. Türk dilində bu sözlərdən sonra vergül qoyulmur, olması da gərəksizdir, onsuz da şifahi nitqdə bunlar intonasiya ilə ayrılır, yazıya gətirməyə nə hacət? Bu cəhətdən türk dilinin yazı qaydaları daha asan mənimsəniləndi, doğru yanaşmadır, dil, yazı yüngülləşməli, artıq yükdən xilas olmalı, şifahi dillə yazı biri birinə daha yaxın olmalıdır. Məktəb, idarə, və digər qurumlar qarşısında “xoş gəlmişsiniz” sözləri gözü, dili ağrıtmırmı? “Xoş gəldiz”-belə deyiliş formaları dilimizdə qanuniləşməlidir. Eynilə; mən türk dostlarıma həmişə "gediyorum" əvəzinə "gedirəm" deməyi tövsiyə edirəm. Ən azı ahəng qanununun gözlənməsi, deyim və yazı sadəliyi, rəvan nitq səbəbiylə. Bu sıralanmanı daha da artırmaq mümkündü. İnanırıq ki, AMEA Dilçilik İnstitutu bu məsələ ilə bağlı xeyirli işlər görə bilər və bundan daha çox ana dilimiz olan Azərbaycan türkcəsi qazanmış olar.
Rus-kqb rejimi XX əsrin 30-cu illərində 3 dəfə əlifbamızı dəyişərkən bu məkrli niyyəti də fikirləşib ki, xalqımızın min illər boyu yazıb yaratdığı əlifbada heç kim oxuya, yaza bilməsin, türkdilli xalqlar bir-birindən ayrı salınsın, fars, ərəb, müsəlman dünyasında təcrid olunsun, yalnız rus-sovet-kqb xəlbirindən keçən şeyləri oxusunlar, savadsız cəmiyyəti idarə etmək daha asan olur.
“Kitabi-Dədə Qorqud”dan: “Yazıda-yabanda keyiki qovar, sənin önünə gətirər”, “yazdı-düzdi”... Yazı – sözü oğuz yaşıdlıdır, düz, düzəngah anlamındadır, yəni “yaban”ın əksi - insan əli, ayağı dəyməmiş, insan yaşamayn vəhşi təbiət, təbii yer mənasında. “Yazı”, “yazmaq” ifadəsi də mənasını bu kökdən alıb. “Yazı düzü”, “Yazı yer” adlı sahəsi minlərlə hektar olan düz, düzəngah yerlərimiz kimi Ana kitabımızda olan 22 toponim eyni ilə Qubadlıda var idi.
Ana dilimizin tətbiqi barədə qanunlar, qərarlar var, ancaq yetərincə istifadə olunmur. Əgər gül kimi dop-doğma Ata, Ana sözlərimizi bir kənara qoyub mama-papa deyiriksə, bu artıq milli çatışmazlıqdır, günahı hamımızın, hər birimizin boynundadır. 1981-ci ildə Qubadlıda çıxan "Avanqard" qəzetində bu başlıqda yazım çıxmışdı: "Gəlin, Ata-Ana deyək", azı 30 dəfə dərc olunub o yazı, kitab, jurnallara salınıb, sitat: "Gəlin Ana dilimizi əməlimizlə sevək, öncə Ana, Ata deyək, mama-papadan (məmə-pəpə) əl çəkək, öz xörəyimizi öz qaşığımızla yeyək. Deyəsiz nə fərqi varmış, ondasa Ana Vətəni Mama Vətənə döndər, ya Ana kitabımız "Kitabi-Dədə Qorqud" öyüdünü çevir gör nə alınar: "Qız Anadan görməyincə öyüd almaz. Oğul Atadan görməyincə süfrə çəkməz". Rəşid Behbudovun "Anacan, Ana.."sın "Mamacan, mama..." oxu, fərqini gör. Xoşunuza gəldi?! Heç vaxt gec deyil...
Gəlin, danışıq və yazı dilimizi daha düzgün, zəngin, səlis, rəvan edək. Buna hələ də istifadə olunmamış gen-bol imkanlarımız var.*
Mənbə: Nərimanoğlu Hacı, Dilimizi, yazımızı daha səlis, zəngin edə bilərik, “Ağamusa Axundov və Azərbaycan filologiyası” Beynəlxalq Elmi Konfransın materialları, AMEA Dİ, Bakı-Aprel 2017.