“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Astarada “Azərbaycan - ümumi evimiz, doğma Vətənimizdir” mövzuda konfrans keçirib. “Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsinin icra planına uyğun olaraq təşkil edilən tədbirdə Vətənimizin cənub regionunda doğulub ədəbi yaradıcılıqla məşğul olan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” adlı kitabın təqdimatı da baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən Layihənin rəhbəri, yazıçı-publisist Hacı Nərimanoğlunun nitqi dinlənilib.
Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, “Respublika həyatı” qəzetinin baş redaktoru İlqar Ağayev, “Yaşıl çay” jurnalının baş redaktoru Sərraf Talıbov, Lənkəran Dövlət Dram Teatrının ədəbi hissə müdiri Ağəddin Babayev, əməkdar jurnalist Avdı Qoşqar, əməkdar müəllim Hüseyn Şahbəndəyev, tanınmış pedaqoq Şakir Paşayev, şair Adil Quliyev və başqaları çıxışlarında ölkəmizdə yaşayan bütün etnoslar arasında multikultural, tolerant, həmrəylik münasibətlərinin hökm sürdüyünü bildiriblər. İlk dəfə olaraq belə formatda nəfis tərtibatlı, yüksək poliqrafik üslubda buraxılmış toplunun bölgə yazarlarına dəyərli hədiyə olduğu vurğulanıb. Azərbaycan və talış dillərindəki ədəbi nümunələrdə Azərbaycan, Vətən, Torpaq məhəbbəti, Şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən şeir, hekayə və esselərin əsas yer tutduğu qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə əhəmiyyətli layihələri maliyyələşdirdiyinə görə təşəkkür edilib.
Tədbir iştirakçısının hər birinə QHT tərəfindən kitab və cənub bölgəsinin tarix, mədəniyyət, iqtisadiyyat, məişət və turizminə dair audio-video disklər hədiyyə edilib.