Yazıçı Çingiz Abdullayevin “Ərdoğan indi məhkumdur”, “Vicdanla desək, Ərdoğan indi getməlidir”, “Bədbəxt Türkiyə, sənə necə də çətin olacaq” başlıqlarla bir çox saytda yayılmış məqaləsinə
Hörmətli Çingiz müəllim!
Sizin bu yazınızı dünən 17 avqustda f/k-da gördüm, oxudum, çox sayda şərhlər də vardı, mən də 2 cümlə qeyd edib bu mövzuda fikirlərimi oxucularla bölüşəcəyimi yazdım. Yazım ürəyinizcə olmasa, Ərdoğan demiş, qüsura baxmayın.
Yazırsınız: “Ərdoğan ordunun simasında özünün başlıca ideoloji düşmənini görmüş və şüurlu şəkildə onun dünyəvi ruhunu məhv etmişdir....Ancaq hər bir analitikə aydın idi ki, ordu gec-tez belə bir addım atacaq. Başqa variant yox idi. Ya onun partiyası, ya da ordunun möhkəmlənmiş respublika və demokratik ənənələri! Bu qarşıdurma ovqatını aradan qaldırmaq üçün nə lazımsa birdəfəyə və həmişəlik edilməli idi. Ərdoğan öz niyyətinə çatmaq üçün hər şeyi etdi. Ancaq ənənələr olduqca güclü idi, ordu gec-tez qiyama qalxmalı idi. Ona Ərdoğan partiyasının seçkilərdə sistematik qələbəsi və açıq-aydın hamının gördüyü mövhumatlaşdırma xoş gələ bilməzdi.” http://terefdar.az/manshet-ust/12483-vicdanla-desek-erdogan-getmelidir-.html
Hərbi xuntalardan fərqli olaraq, dünyanın bütün sivil dövlətlərində Silahlı Qüvvələr də xalq tərəfindən seçilmiş Parlament ya Prezident tərəfindən Hökumətin tərkibundə yaradılan bir qurumdur, vəzifəsi də, “dünyəvi ruhu” da hər yerdə eynidir, Türkiyə Ana Yasasında da olduğu kimidir: "Türk Silahlı Kuvvetleri'nin görevi Türk Yurdunu ve nitelikleri anayasada belirtilen Türk Cumhuriyetini iç ve dış tehditlere karşı korumak ve kollamaktır." Eynilə bizdə də belədir: “dövlətin təhlükəsizliyini və müdafiəsini təmin etmək”dir. AR Konstitusiyası, Maddə 9.
Atatürkün- “Ülkemizin Varlığının En Büyük Teminatı: Türk Ordusu” sözünü bir çoxları əldə bayraq edərək, belə yanlış təsəvvürdədirlər ki, Türkiyədə Ordunun əlahiddə imtiyazları vardır. Belə deyil, təbii ki ola da bilməz və olmamalıdır. Atatürkün sözü Quran ayəsi deyil ki, əbədi dəyişməz qala, o sözlər deyiləndə Türkiyə milli qurtuluş savaşından yenicə qalib çıxmışdı, ölkə daxilində hökumətə qarşı üsyanlar ara vermirdi, çox şey illərlə savaşlardan azalıb əldən düşmüş ordudan asılı idi, yenə də bir çox dövlətlər vardı ki Osmanlının kəfəni cırıb yenidən Türkiyə qiyafəsində dirilməsini heç cür həzm edə bilmirdilər. Atatürk də məhz Ordunun nüfuzunu, ruhunu qaldırmaq üçün, özü də bir savaşçı komandan olaraq bu sözləri demişdi. Bəziləri elə düşünür ki, Ordunun müstəqilliyinin azalması Atatürk ideyalarından uzaqlaşmaqdır. Amma heç demirlər ki, Atatürkün bu vəsiyyəti Türkiyə Ana Yasasının I maddəsi və siyasi həyatının əsas devizidir və bu gün də Türkiyə demokratik seçki ənənəsinə görə dünyaya örnəkdir, Ərdoğan və partiyası son 14 ildə keçirilən bütün seçkilərdə şəriksiz liderdir və qalan bütün partiyaların cəmindən daha çox səs yığır, ən qatı müxaliflərinin də dilinə gəlməz deyə ki Türkiyədə seçkilər saxtalaşdırılır. “Egemenlik qeydsiz, şərtsiz xalqa məxsusdur və xalqın iradəsinin təmsil olduğu yer Türkiyə Böyük Millət Məclisidir.” Atatürk “Ordudur” deməmişdi ki!
Amma həyat göstərdi ki, Ordunun əlahiddə güc vahidinə çevrilməsi Türkiyəyə vaxtaşırı problemlər yaradır, dövlətin tərəqqisinə manelər, demokratik inkişafına əngəllər yaradır. Əslində Ordu 1952-ci ildə Türkiyə Cümhuriyyətinin NATO-ya üzv qəbul edilməsindən sonra Türkiyə Hökumətindən daha çox NATO, Pentaqon, Mossaddan gələn təlimatlarla idarə olunur, hərəkət edirdi. Baxın bu yazıya, tanış olun bir qisim dəlil-subut, faktlarla: “Türkiyədə hərbi çevrilişlərin 50 illik tarixçəsi (fotolarla xronologiya) 1960-cı ildən bu yana Türkiyədə 7 dəfə hərbi çevriliş, ya buna cəhd olub, 4 dəfə hakimiyyət devrilib. Çevrilişlərin qısa tarixçəsi bu timeline-da. http://www.azadliq.org/a/herbi-cevrilis-turkiye/27863282.html, İyul 17, 2016)
Hərbi çevrilişdən sonra bu gün də türk xalqının ən çox sevdiyi, seçdiyi siyasət, dövlət adamlarından olan Baş nazir Adnan Menderesin xarici işlər, maliyyə nazirləri ilə birlikdə məhkəməsiz hökmsüz edam edilməsi, Prezident Celal Bayarın edamdan son anda qurtulub ömürlük həbsxanaya atılması, yüzlərlə hökumət üzvünün həbsxanaya doldurulması, xalqın seçmədiyi, heç bir idarəetmə təcrübəsi olmayan quru qoşunları komandanı general Camal Gurselin hərbi şuranın qərarı ilə Prezident təyin olunması, hərbçilərin dövlət, hökumət idarəçiliyini ələ alması Türkiyəni azı 30 il geri saldı. 1971, 80-də yenə elə. Türkiyədə nisbi inkişaf, sabitlik yaranmağa başlayanda Ordu yenə də tankları, əsgərləri küçələrə çıxarıb Hökuməti devirdi, general Kənan Evren Prezident elan edildi, o da Ana Yasanı bir kənara ataraq xalqın seçdiyi parlamenti buraxdı, həmkarlar təşkilatlarını fəaliyyətini qadağan elədi, çox sayda siyasi lider həbs olundu, Türkiyənin siyasi-ictimai həyatına, iqtisadiyyatına sağalmaz yara vuruldu, dünyada nüfuzu, etibarı aşağı düşdü.
Bunlar yaddan çıxıbsa, xalqın sevib seçdiyi, son mənzilə yüz minlərlə insan axını ilə yola salınan Ərbakanın 1997-də Baş nazirlikdən istefaya məcbur edildiyi Təhlüksəsizlik Şurasının iclasının stenoqramına, görüntülərinə baxın. Prezident S.Dəmirəl başda oturub, sağında özündən razı generallar dəstəsi, solunda boynu bükük hökumət üzvləri əyləşiblər. Dəmirəl ABŞ səfirliyinin, Pentaqonun təlimatı ilə Ordu rəhbərliyinin ondan Ərbakanın istefaya göndərilməsini tələb etdiyini deyir. Ərbakana generalları göstərib deyir ki, bunlar sənin istefa verməyini istəyirlər. Ərbakan seçkini, Ana Yasanı, xalqın iradəsini yada salır. Dəmirəl deyir ki, onları mən də bilirəm, ancaq söz sahibi bunlardır, getsin deyirlər, tanklar, əsgərlər də kazarmalardan küçələrə çıxıb hökumət binalarını ələ keçirmək əmrinə hazırdılar. Bunumu istəyirsən?! Ərbakan, heç olmazsa, istefamı televiziya ilə xalqa, partiyama inanıb səs verən insanlara çatdırım. Dəmirəl generallara baxır, başların bulayırlar.
Sizin dediyiniz “ordunun möhkəmlənmiş respublika və demokratik ənənələri!” budurmu, Çingiz müəllim?!
2007-də ordunun öz içində, hərbi prokurorluq, polis, məhkəmə sistemində illərdi kök salıb dövlət içində müstəqil dövlətə çevrilmiş qrupların əmri ilə “Ergenekon”, “Balyoz” adı ilə gerçəkləşən əməliyyatlar nəticəsində Silahlı Qüvvələrin Qərargah rəisi İlker Başbuğ başda olmaqla, Ordu rəhbərliyinin həbsi də dövlət çevrilişi deyildimi? Bizim medianın o zaman da çığır-bağır salmaqdan boğazı cırılırdı ki, Ərdoğan Ordunu məhv edir. Ancaq anlaya bilmirdilər ki, bu “dərin dövlət” o qədər güclü idi ki, Ərdoğanın özünü, ailə üzvlərini, nazirlərini də həbsə atmağa qadir idilər və sonda buna da getdilər. Sadəcə onların zərəsizləşdirilməsinə, güclərinin azaldılmasına, sonuna çıxmağına zaman lazım idi, çibanın vaxtsız deşilməsi fəsadlara yol aça bilərdi, yetişməsini gözləmək lazım idi.
Ordu rəhbərliyində təmsil olunan generalların bir çoxunun erməni, ərəb, yunan əsilli olmaları, Türkiyə və xaricdə yüz milyonlarla mülklərə sahibləndiyi, xarici ölkə kəşfiyyatları ilə əlaqələri, hərbi gəmilərdə qurduqları kef-əyləncə məclisləri, qonşu ölkələrlə, mafiyalarla narkotik, silah alverinə qarışmaları və s. barədə video materiallar Türkiyə saytlarında yetərincədir. Türkiyə ordusunun illərdi PKK qarşısında acizliyi, terror qrupları adamlarının Ordunun içində yer tutub gizlənmələri, sərfəli zaman, fürsət gözləyib 15 iyulda olduğu kimi Türkiyəni qana bulamağı da kənar güclərin təlimatı ilə Ordunun siyasətə qarışmasının nəticəsi idi və bunun ən ağır bədəlini Türkiyə dövləti və xalqı dəfələrlə ödəyib.
Türkiyədə seçkilərdə səs qazanmaq parlamentə girmə izni üçün lazım idi, Hökumət başına gəlmək üçün Ordunun, ardınca da Türkiyənin və dünyanın ən böyük media, yayın şirkətlərindən birinin sahibi olan, ABŞ, Avropada çox güclü siyasi, maliyyə dayaqlarına sahib Doğan ailəsinin “xeyir-dua”sı alınmalıydı.
Cümhuriyyət tarixində Ərdoğana qədər bütün Prezident və Baş nazirlər yalnız Ordunun təlimatı və razılığını alandan sonra kürsüyə əyləşmə izni alıblar. Yalnız Ərdoğanın 2002-cü ildə həbsxanadan çıxan kimi qurduğu AK Partinin bir neçə ay sonra keçirilən Parlament seçkilərində səslərin yarıdan çoxunu yığıb 363 deputatla təkpartiyalı hökumət qurması bu ənənəyə son qoydu. Türkiyədəki siyasi prosesləri ardıcıl izləyənlər anlaya bilər ki, Ərdoğan hansı böyük çətinliklər bahasına, yalnız xalqa arxalanmaqla, siyasi iradəsi, mətin kişiliyi sayəsində hansı gücləri öz yerində oturda, öz işləri ilə məşğul olmağa məcbur edə bildi. Bu yolda heç kəsin tab gətirə bilməyəcəyi dözüm, iradə göstərdi, dəfələrlə sui-qəsdə məruz qaldı, partiyası bağlanmaq, ailə üzvləri həbsə atılmağın bir addımında qaldı.
Bəziləri 15 iyunda Ərdoğanın və Türkiyənin sağ çıxmasını həzm edə bilmirlər. Bəs nə etməliydi Ərdoğan, Ordunun çaldığı havaya oynamalı idimi, özündən əvvəlkilər kimi get deyilən kimi papağını əlinə alıb ona təklif olunanları qəbul edib getməliydimi (http://www.sonirade.com/guncel/erdogan-cianin-3-sartini-kabul-etseydi-bugun-yoktu-h14807.html), Türkiyə yenədəmi ötən ilin ağrı-acılarını, siyasi-iqtisadi, maliyyə böhranlarını yaşamalı, ölkəni yadların əlaltısına çevrilməliydimi?!
Bəlkə Ərdoğan vermişdi o əmri ki, bombardmançıları qaldırın havaya, Prezident iqamətgahını, Millət Məclisinin binasını bombalayın, paytaxtı Ankaranın göbəyindəki Özel Harekat Daire Başkanlığı ve Polis Havacılık Daire Başkanlığını bombalarla göyə sovurun, şirin yuxuda olan gənc əsgərləri diri-diri oda qalayın (bu saldırıda 42 əsgər şəhid oldu, bundan da çoxu ömürlük əlil oldu), tankları İstanbulun Boğaziçi körpüsündən keçirib qarşısına keçən insan, qoca-uşaq demədən piyada, maşınlarda basıb əzin. Rus hərbçiləri 20 yanvarda Bakıda belə etmişdi. Ancaq onlar yad idi, Türkiyədə axı Ordunun əsgər və zabitləri öz ata-ana, bacı-qardaşlarının, vətəndaşlarının üstünə yerimişdi. Ərdoğan illərdi terrordan qurtulmaq üçün istirahət, məzuniyyət yerlərini də bu ordu içindəki xəfiyyələrin əlindən gizli saxlayırdı, ancaq onun ən yaxın ətrafına yerləşdirilmiş xainlər bu dəfə yerini bildimişdi.
Bilmirəm, siz Allaha inanırsız, ya yox. Ancaq mən Ərdoğanı Allah adamı olduğu üçün sevirəm, özü də indi yox, Avropanın çeşidli məkanlarında əzan səsi gələndə iclaslardan çıxıb canamazını götürüb bir torpaq, yaşıl ot üstündə uca boyu, qədd-qaməti ilə torpağa əyilib namaz qıldığın görəndə sevmişəm. Qeyd: 2011-ci il 24 avqust tarixli “Ekspress” qəzetində çıxan yazımın da başlığı beləydi: “Məni Ərdoğana bağlayan onun Allahı adamı olması və Atatürkdən sonra Türkiyədə ən böyük dəyişimlərə möhür vuran liderliyidir”.
Əhalisinin 98 faizi müsəlman olan Türkiyə əsrlərdi 1000 ildi ki, islamın dayağı, ən böyük gücü olub, islamın təmizliyini, gücünü, mənəvi qüdrətini, haqq-ədalətini qoruyub saxlayıb. Bu gün dünyada pisə pis, əyriyə əyri deyən tək siyasilərdən biri, birincisi Ərdoğandı, haqqı əlindən alınanların yanında olan Türkiyə dövlətidi. Misirdə eynən Türkiyədə əvvəllər olmuşlar qanuni hökumətin hərbçilərin əlilə devrilməsindən əzab çəkənlərin də, İsrailin təcavüzündən əzilən Fələstinlilərin də, Ermənistanın işğalına məruz qalan Azərbaycanın da, aclıqdan qırılan Somalinin də, Çində soyqırıma uğrayan uyğurların da yanında olan tək Türkiyədir. Bu və digər ölkələrdə baş verənlərə Ərdoğanın münasibətinə baxın, siyasətdə əxlaq anlayışının nə demək olduğunu, birsifətli kişi nümunəsini görün. Ərdoğan özü, ailəsi islam əxlaqı ilə yaşayan şəxsiyyət nümunəsidir, türk xalqı Allah, islam, din, iman yolundan sapmışlara yox, sidq-ürəkdən dinimiz islama bağlı siyasilərə səs verməyi üstün tutursa, bu da Türkiyə vətəndaşlarının seçimidir, haqqıdır. “türkiyənin və türk xalqının əsl faciəsi” də Ərdoğanı –AK Partini seçməsi yox, səlib yürüşlərinin boşa çıxmasından sonra Osmanlı-Türkiyəni içəridən parçalamaq üçün dışarıdan onun bətninə yeridilən, gizlincə böyüdülən, içini gəmirən, zəif salan viruslar, mikroblardır, artıq bunun diaqnozu da məlumdur, suçlular ortadadırlar.
“Hər bir ölkənin ordusu onun şərəf və ləyaqətidir” yazırsınız, Çingiz müəllim! Heç inanmaq istəməzdim belə düşünə bilərsiniz. Amma bizim bildiyimizə görə, hər bir ölkənin reallıqda nail olduğu demokratiya, azadlıq, firavanlıq, seçki şəffaflığı, xalqın rifahı, elmi-texniki, mədəni səviyyəsi... “ölkənin şərəf və ləyaqət” ölçüsü, meyarı sayıla bilər, ordunun şərəf və ləyaqət göstəricisi olduğunu sizdən eşidirəm. Siz deyən düzdürsə, onda yazıq İsveçrə, Norveç, Lüksemburq, Finlandiya, Küveyt, Qətər, Latviyanın...halına.
Bəli, düz deyirsiz, Ərdoğanın məqsədi güclü Prezident idarəçiliyidir, hərbi çevriliş müəlliflərinin yazıb yazdırdığı Ana Yasanın sivil, müasir dövrə uyğun dəyişdirilməsidir. Artıq ilk addım da atıldı, çoxdan olmalı oldu, bundan belə Silahlı Qüvvələrin rəhbərlərini Ali Hərbi Şura yox, birbaşa Prezident Hökumətin təqdimatı ilə təyin edəcəkdir.
Bu fikirlərinizi də heç bölüşə, qəbul edə bilmirəm, Çingiz müəllim: “Bax indi başlanır əsl çevriliş. Artıq aydındır ki, əksər xarici qüvvələr Ərdoğandan narazıdırlar. O, isə bir səhvin ardınca digər səhvi edir. Hakimlərin həbsi və uzaqlaşdırılması bütün dünyada mühakimə olunacaq. O, bunu başa düşməlidir. Ancaq onu şüurlu şəklidə küncə qovurlar. Bədbəxt Türkiyə, sənə necə də çətin olacaq...Ərdoğan indi məhkumdur. Ondan hətta müttəfiqləri üz döndərir. Mübahisəsiz liderin, xarizmatik siyasətçinin çoxillik idarəetməsi olduqca uzun çəkdi. Ordu, ziyalılar, jurnalistlər dəqiq ondan üz çevirəcəklər. Biryolluq. Bu isə bizim sevimli Türkiyəmizin probleminə çevriləcək. Vicdanla desək Ərdoğan getməlidir. O öz ölkəsinə etdiklərindən daha çox ziyan vura bilər.”
Dünyanın və Türkiyənin sayılan analitik, politoloq, yazarları əksinə düşünür və yazırlar ki, 15 iyulda dövlət çevrilişinə cəhdin baş tutmaması, Türkiyənin içində və dışındakı çetelərin aşkar olunub üzə çıxması (nehrə çalxanmasa, südün yağı, ayranı ayırd olmazdı), 7 avqustda İstanbulun Yenikapı mitinq meydanında bəşər tarixində bənzəri az olan milyonların mitinqində Ərdoğanın, müxalifət liderlərinin çıxışları, mitinqin türkçə, ingiliscə, fransızca, ispanca, almanca, rusca, ərəbcə birbaşa canlı yayınla dünyaya bildirilməsi, buradan verilən birlik, demokratiya mesajları Türkiyədə devrimlər, hərbi çevrilişlər tarixinin qapandığını, xalqın seçib hakimiyyətə gətirdiyi liderlərə bir daha səninləyik deməsi, xalqın və siyasi hakimiyyətin demokratiyaya sadiqliyi, dövlət-xalq birliyinin təcəssümünə çevrildi, Türkiyədə yeni işıqlı dövrün başlanmasının siqnalını verdi. Ərdoğan indi Türkiyəyə hər zamankından daha çox lazımdır. Ərdoğan indi Türkiyədə, türk qardaşlarımız demiş “gərəkəni yapır”, baş-beyin mərkəzindən başlamış, mədə-bağırsaqlarına qədər bütün orqanlarında kök salmış infeksiyalardan təmizlənir. Ərdoğan indi Siz deyən kimi, “məhkum “ yox, vəziyyətə tam nəzarət edən hakimdir.
Ərdoğan və Putinin bir neçə gün əvvəl dünya gündəmini tutan görüşü, regionda sülhün, sabitliyin bərqərar olması, iqtisadi tərəqqiyə yönəlik əməkdaşlığın genişlənməsi üçün atılan addımlar, üstəlik avqustun 24-də ABŞ-ın vitse-prezidenti və Dövlət katibinin Ankaraya səfəri, Ərdoğanın İrana səfəri böyük dövlətlərin Türkiyə gerçəkliyini Ərdoğan başqanlığında qəbul etdiyinin ifadəsidir.
Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti demokratiya yolundadır, enişli-yoxuşlu olsa da, getdiyi, tutduğu yol haqq yoldur!
Ona görə Türkiyənin və Ərdoğanın gələcəyindən rahatsız olmayın, əziz Türkiyəsevərlər və əziz Çingiz müəllim!
Ədəbi yaradıcılığınıza hörmətlə, daimi oxucunuz
Hacı Nərimanoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü
18.08.16