İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iclas zalında “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının təqdimatı olmuşdur. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov toplantı iştirakçılarını salamlayaraq, haqqında bəhs edilən kitabın Azərbaycan və türk xalqına qarşı ermənilərin və onların hərbi-siyasi havadarlarının ssenarisi ilə törədilən qanlı qırğınların tarixini, coğrafiyasını, miqyasını öyrənmək baxımından mükəmməl mənbə olduğunu vurğulayıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti Elçin Əhmədov elmi məsləhətçisi olduğu bu kitabın böyük zəhmət hesabına hazırlandığını, zəngin faktlar, mənbələrə malik olduğunu sübutlarla qeyd edərək, müəllifin bundan əvvəlki kitablarının da elmi-ictimai əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Oxuculara təqdim olunan bu kiçik həcmli kitabın əsas üstünlüyü ordadır ki, həm Qafqazda, həm də Anadoluda Osmanlı dövləti zamanında ermənilərin türklərə qarşı əvvəlcədən planlaşdırıb həyata keçirdiyi soyqırımı siyasətinə, törətdikləri qanlı qırğınlara şahidlik edənlər məhz ermənilərə arxa, dayaq olan, hərbi-siyasi, maddi-mənəvi yardım edən dövlətlərin təmsilçiləridirlər - rus, ingilis, fransız, amerikan və ermənilərin özləridir. “Danışan”ların heç biri türk, müsəlman deyil, elə bu gün xristian təəssübkeşliyini özlərinə həyat, siyasət devizinə çevirmiş, dünyanı ikili standartlarla yönəldən, beynəlxalq siyasətə əsaslı təsir imkanları olan fövqəlgüc dövlətlərin, xalqların təmsilçiləridir. Kitabda toplanmış faktlar, müxtəlif mənbələrdən gətirilən dəlil-sübutlar, sitatlar böyük güclərin öz siyasi məqsədləri naminə erməni millətçiliyini hansı bədnam yollarla və hansı məqsəd, vasitələrlə təşviq etdiyini açıq göstərir. Erməni terrorçu dəstələrinin yaranmasına verilən hərtərəfli dəstək, onların kin, nifrətdən yoğrulmuş qeyri-insani hərəkətləri ilə nə qədər iyrənc olduğunu bütün çılpaqlığı ilə bir daha göz önündə canlanır. Kitabı vərəqlədikcə, hadisələrin canlı şahidi olmuş xristian diplomat, hərbçi, yazarların şahidliyi ilə ermənilərin törətdikləri insanlıq adına ləkə olan vəhşətlərlə nə qədər alçaldığının, miskinləşdiyinin əyani şahidi oluruq.
Kitabda əsas məqsəd bir tərəfdən tarixdə mövcud olmamış “erməni soyqırımı” yalanlarının faktlarla ifşa edilməsidirsə, digər tərəfi türklərə qarşı həyata keçirilən soyqırımın nə qədər təkzibedilməz sübutlarının olduğunu ortaya qoymaqdır. Ona görə də təkcə elə bu kitabda toplanmış dəlillər bəşəriyyətə qarşı ən böyük cinayət sayılan soyqırımının XIX əsrin sonlarından başlayaraq XX əsrin sonlarınadək məhz türklərə qarşı aparıldığını sübut edir.
Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci ilin ilk qrant layihəsi çərçivəsində işıq üzü görmüş 126 səhifəlik kitab QHT Mətbəəsində nəfis tərtibatla nəşr edilib. Kitaba ön sözü millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyev yazıb. Adından da göründüyü kimi, kitabda bu gün dünya hegemonluğu iddiasında olan, bir əsrdən artıqdır ki, ermənilərin Anadolu və Qafqazda müsəlman türk əhaliyə qarşı soyqırımı və deportasiyasına hər cür açıq və gizli hərbi-siyasi dəstək verən böyük dövlətlərin təmsilçilərinin-tarix alim, siyasətçi, diplomat, araşdırmaçı yazarlarının görüb şahid olduqları, qələmə aldıqları materiallar toplanıb. Avropa Birliyinin bədnam soyqırım qərarının qəbul edildiyi günlərdə işıq üzü görən kitab erməni yalanlarını ifşa edən mükəmməl mənbədir.
Müəllif Hacı Nərimanoğlu çıxışında deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son çıxışlarında dəfələrlə erməni təbliğatına qarşı hücum xarakterli xarici siyasət aparılmasını, müasir informasiya texnologiyalarının, internetin imkanlarından daha bacarıqla, səmərəli istifadə olunması yolu ilə Azərbaycan reallıqlarının dünyada tanıdılmasını, qısa müddətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji qüvvələr nisbətində əsaslı dəyişikliklər edilməsini həm dövlət qurumları, həm də qeyri-hökumət sektoru qarşısında mühüm vəzifə kimi qarşıya qoymuşdur. Müasir dünyanın qəbul etdiyi, inandığı metodların tətbiqi ilə ermənilərin mövqeyinin saxta olması barədə şübhə doğurmayan dəlillər, konkret tarixi sübutlar ortaya qoyulmalı və dünya güclərinin öz dillərində özlərinə təqdim edilməlidir. Dünya siyasətinə təsir etmək imkanları olan bir sıra beyin mərkəzlərinin, siyasi, ictimai xadimlərin də etiraf etdikləri kimi, informasiya savaşında ermənipərəst mövqelərin zəiflədiyi, erməni tərəfdarlarının sayının və nüfuzunun ilbəil azaldığı, "hücum diplomatiyası"nın effektiv nəticələri göz önündədir. Tolerantlığı, sivil birgəyaşayış normalarını daxili və xarici siyasətin əsas istiqamətinə çevirən dövlətimiz həm də bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini ifşa edir, ermənilərin öz tarixləri ilə bağlı uydurduqları miflərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdlərini puça çıxır. Hazırda dünyada geniş müşahidə edilən "ikili standartlar"a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ən müxtəlif rəsmi səviyyələrdə etiraf edilir. Artıq bu istiqamətdə əldə olunan, real nəticələri aydın görünən uğurlarda ölkəmizin QHT sektorunun pay çəkisi də artmışdır. Razılıq hissi ilə deməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə nəşr edilib oxuculara təqdim olunan bu kitab da ölkə başçımızın qarşımıza qoyduğu məqsədin reallaşmasına xidmət edir.
Təqdimatı təşkil edən hər üç quruma - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasına təşəkkürünü bildirib.
Tədbir iştirakçılarına kitabın nüsxələri paylanıb.