Çar I Pyotrın vəsiyyəti: “...Rusiya yalnız o zaman dünyəvi dövlət adlana bilər ki, Asiya və Avropanın xəzinələrinin açarı olan İstanbul onun paytaxtı olsun. Boş yerə vaxt itirmək olmaz. İstanbulu ələ keçirmək lazımdır...İstanbula sahib olan çar, dünyanın da sahibi olacaq... ...Bu məqsədə çatmaq üçün hər zaman Osmanlı imperiyası ilə İran arasında nifaq salmaq lazımdır. Bu işdə sünni və şiələr arasındakı mübahisə əla vasitə ola bilər. Türkiyə və İran arasındakı tarazlığı elə pozmaq lazımdır ki, onlar ortaq dil tapa bilməsinlər... ...Erməniləri və əgər varsa başqa xristianları Gilana və Mazandarana köçürmək, müsəlmanları isə onlar bilmədən tədricən azaltmaq lazimdır... ...Nə İrana, nə də Osmanlılara Avropa xalqları ilə əlaqəyə girməyə imkan verilməməlidir. Əgər bu ölkələrin müsəlmanları qayğıdan azad olub öz hüquqlarını bilsələr, bu bizim üçün böyük zərbə olacaq...Ona görə də vaxt itirmədən siz Qafqazı işğal etməlisiniz...” 1725-ci il.
Qafqazın və Anadolunun bətnindəki yara
XIX əsrin sonlarından başlayaraq Rusiya imperiyasının cızdığı ssenari əsasında yaradılan daşnak partiyasının rəhbərliyi altında erməni terror dəstələrinin Zəngəzur və Qarabağda törətdikləri qırğınlar daha mütəmadi və mütəşəkkil xarakter daşıyır, dənizdən dənizə Ermənistan ideyası ilə şirnikləndirilən, qızışdırılıb silahlandırılan ermənilər bu ərazilərin müsəlman əhalidən təmizlənməsi üçün hər cür təxribatlara əl atırlar.
1829-cu il oktyabrın 10-da Paskeviç imperator I Nikolaya yazdığı raportunda göstərirdi: "Bayaziddə 2 min erməni bizim əsgərlərin cərgəsində vuruşmuşdular, Ərzurumda xristian əhalisinin böyük hissəsi bizim dini bayramı qeyd etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü batalyon təşkil edilmişdi, onların ailələrindən - 10 min nəfərinin başının üstünü labüd təhlükə almışdır. Bu bədbəxt qurbanlara diqqətinizi yönəldin, Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların onlardan qisas almasına yol verməyin.
Ona görə də cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri Gürcüstan və Erməni vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş edirəm. Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş rubl kifayət edəcəkdir".
Noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə cavab göndərir ki, imperator onun təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal əməli fəaliyyətə keçir.
N. N. Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: «Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi.” Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi.
N. Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.
Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.
Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, əksəriyyəti vaxtilə Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən - əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan köçüb gələnlərdən ibarətdir.
Göründüyü kimi, ruslarla ermənilərin Osmanlı əleyhinə hərbi birliyinin kökü XIX əsrin əvvəllərinə gedir.
Osmanlı imperatoru 1895-ci ilin mart-aprelində Fransa, Böyük Britaniya və Rusiyanın İstanbuldakı səfirlərinin Ermənistandakı islahatlara dair memorandumu, “Türkiyə Ermənistanında” rus və avropalı məmurların müşahidəçiliyi altında islahatlar aparılmasına dair dekreti imzalamaq, yazılı öhdəliklər götürmək məcburiyyətində qalmışdı. Birinci Dünya savaşı ərəfəsində Rusiya, Fransa, İngiltərənin ciddi təzyiqləri və erməni kilsəsinin aktiv fəaliyyəti sayəsində (Eçmiəzdin katalikosu Poqos Nubar bu məqsədlə Avropanın əksər paytaxtlarında görüşlər keçirmiş, “zavallı xristian ermənilərin dözülməz vəziyyətini, məzlum erməni xalqının arzularını izhar etmişdi) gücü, taqəti tükənməkdə olan Osmanlıda ermənilər açıq və gizli şəkildə silahlanmağa, döyüşə hazır qüvvələr qurmağa və vahid mərkəzdə təşkilatlanmağa nail olmuşdu.
Rusiya xarici işlər naziri Sazonov erməni məsələsi ilə şəxsən fəal məşğul idi, özü avropalı həmkarları ilə yazışırdı, hətta, Osmanlıda ermənilərə muxtariyyət verilməsinə maraq göstərməyən Almaniyanın da razılığını almışdı.
İyun 1913-cü ildə Rusiya tərəfindən hazırlanmış 30 müddəalıq Layihə 6 vilayətdən- Ərzurum, Van, Bitlis, Diyarbəkir, Xarput, Sivasdan ibarət erməni vilayəti yaradılmasını, bu vilayətin idarəedicisinin də beş il müddətinə xristian avropalı olmasını, bütün idarəedici funksiyaların ona verilməsini təklif etmişdi. Rusiya itaətindəki “Türkiyə Ermənistanı”nın Mersin limanı ilə dənizə çıxışı da olmalı və bu muxtar vilayəti Rusiyanın müstəmləkəsinə çevrilməli idi
Faktik olaraq Osmanlı dövlətinin parçalanması demək olan həmin Rusiya Layihəsi azacıq fərqlə ötən əsrin sonlarında 1989-cu ildə Azərbaycanda, Dağlıq Qarabağda yenidən tətbiq edildi (Moskvanın Xankəndində tətbiq etdiyi Arkadi Volski hakimiyyətini yada salın), mahiyyət, plan, məqsəd, ssenari də, ssenarist, rejissor, baş rolun ifaçısı da eyni idi, şəkillər, pərdələrin bircə yeri, zamanı dəyişmişdi. Heç dəstəkçi dövlətlər də dəyişməyib; onlar 20 ildir Minsk Qrupu adı altında Azərbaycan torpaqlarının bir hissəsini də Ermənistana birləşdirməyə nail olublar.
Birinci Dünya savaşında tamamən işğal edilib pay-püş olunan Osmanlı imperatorluğunun xarabalıqları üzərində Qazi Mustafa Kamal Paşa komandanlığı altında qəhrəman türk xalqı Qurtuluş (ölüm-dirim ) Savaşına qalxaraq öz iradəsini, əzmini, milli qürurunu, gücünü və milli mənliyini ortaya qoyub xristian dünyasının son səlib yürüşünün planlarını pozdu, xəyallarını puça çıxardı.
Beləliklə də, 1-ci Cahan savaşının ən ağır zərbəsi Azərbaycana dəydi; Müttəfiq Dövlətlər, ardınca da Bolşevik Rusiyası Anadoluda itirdiklərinin əvəzini Azərbaycanda çıxdılar-Azərbaycan torpaqlarında yox yerdən Ermənistan adlı dövlət quruldu. 200 ildən artıq bir zamanda müstəqil dövlətçilik ənənələrini itirmiş, xanlıqlara parçalanmış, rusla farsın əlində qurbanlıq quzuya dönmüş binəva Azərbaycan torpaqları bu dəfə Rusiya (Dağıstan MR), Ermənistan və Gürcüstana bəxşiş edildi.
Osmanlıda “erməni genosidi” yalanı rus və amerikalı şahidlərin gözü ilə
Erməni tarixinin, fəlsəfə və ədəbiyyatının bilicisi və məşhur tədqiqatçısı Rostov ermənisi Kerope Patkanov (1833-89): “Ermənilər ən qədim dövrlərdən böyük imperiyaların toqquşmasının qurbanı olublar. Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ölkənin coğrafi termini olub, güclü qonşu dövlətlərin: assuriyalıların, midiyalıların, yunanların, iranlıların, monqolların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur.”
V.Veliçko: “Həmişə dəyişkən sərhədləri olan, şübhəli erməni çarları hər vaxt güclü qonşu ölkələrdən asılı olub və həmişə sistematik olaraq onlara xəyanət edib. Hara ona sərfəlidir, ora onun vətənidir.”
I Dünya Müharibəsinin başlandığı ilk günlərdə Osmanlı torpaqlarına hücum edən rus ordusunun komandanı general L.Odişidzenin Sankt-Peterburqa yazdığı məktub: “11-12 mart gecəsində erməni cəlladlar Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülərlə və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən məlum planları məqsədilə qazdırdıqları xəndəklərə atırdılar. Hər xəndəyə 80 müsəlmanın nəşi atılırdı. Mənim yavərim 200 belə xəndək saydı.”
Polkovnik-leytenant Qryaznov da gördüyü vəhşiliklərdən dəhşətə gələrək mərkəzə göndərdiyi rəsmi raportda yazırdı: ”Kəndlərə aparan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyidləri, kəsilmiş bədən hissələri, dağıdıb tökülmüş daxili orqanları səpələnmişdi. Dəhşətlidir! Öldürülənlər əsasən qadın və uşaqlardır. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışlar. Sonradan öldürülmüş müsəlmanlar da quyulara doldurulmuşlar. Quyu meyidlərlə doldurulandan sonra ona nəzarət edən erməni deyirdi: 70 meyid var, 10-nuna da yer var.” Sonra daha 10 müsəlmanı parça-parça doğrayıb quyuya atırdılar, üstün torpaqla örtürdülər. Qətllərə məsul erməni bir dama doldurulmuş 80 müsəlmanın hamısının başın bir-bir kəsirdi. Rusicahanın ardınca ermənilər Ərzuruma tərəf hərəkət edirlər.”
Polkovnik-leytenant Tverdoxlebov: “Ermənilər zavallı türklərə qarşı ağlasığmaz qəddarlıqla qətllər törədirdilər, silahsız türklərin özünümüdafiə üçün heç nəyi yox idi.”
Fransız səyyahı Qraf de-Qöle yazırdı: “Erməninin yoxsulluğunu və iztirablarını görəndə qəlbimdə çox böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım qaynamırdı, çünki onlarda mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır”.
Bu isə Amerika ingilislərinin yazdıqlarıdır
1919-cu ilin əvvəlində ABŞ-ın İstanbuldakı səfiri Morgentau general Harborda yazırdı: “750 min erməni faktiki olaraq Zaqafqaziyada yerləşdirilmişdir.”
Amerika yardımı direktoru Meri Küşmən yazırdı: “1915-ci ildə yarım milyon erməni köçkün bu şəhərdən keçib getmişdir.”
Amerika konsulu Cessi B.Cəkson Kilikiya katalikosu II Sakal-Xakayanın və arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə əsaslanaraq yazırdı: “Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mini Suriya və Mesopotomiyanın ərazisində yaşayır”.
Doktor Henri Riqqz isə yazırdı ki, Xarputda yaşayan 175 min ermənin 25 mini yerlərindən tərpənməmişlər, hazırda da burda yaşamağa davam edirlər.
Naynz və Sazerləndin Anadolu torpaqlarının bir çox vilayətlərini gəzib görüb eşitdiklərinə dair ABŞ-a yazıb göndərdikləri hesabatı bu sözlərlə bitirdi: “Biz inanırıq ki, ermənilər türklərə, türklərin ermənilərə etdiyindən daha çox cinayətdə günahkardırlar.”
1914-16-cı illərdə Osmanlıdan gələn 350 min erməni də Qafqazda məskunlaşmışdı, Andranik isə öz ardınca 30 min ermənini gətirib Zəngəzurda qırdığı türk, kürd kəndlərində yerləşdirmişdi.
1914-cü ildə aparılmış siyahıya almaya görə Osmanlıda yaşayan ermənilərin sayı 1 milyon 170 min idi. 1915-ci ilə qədərki bütün siyahıya almalarda ermənilərin Osmanlı hüdudlarındakı sayı heç vaxt şişirtmələrdən sonra belə 1,3 milyonu keçməyib. Buyurun hesablayın, hardan çıxdı 1, 5 milyon erməninin qətli, “genosidi”. Ağ yalan olduğu heç kimdə şübhə doğurmur, ancaq nə fayda, türk islam düşmənlərinə bu yalanlar lazımdır.
“İngilis barmağı” Zəngəzurda
Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi: "...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".
Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 milyon ədəd patron və pul da göndəriləcəyini də vəd edir, vədini də yerinə yetirir.
Erməni stenoqraf protokolda "General Tomson dediklərinin evin divarlarından kənara çıxmayacağını bilərək açıq danışır..." qeydini etməyi də unutmayıb. “Osmanlı belgelerinde Karabağ”, səh 365.
Rusiyada çar hökuməti devriləndən bolşeviklərin Azərbaycana gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislər əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı idilər, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərini də ingilislər cızmışdı. Tomsonun Ermənistan hökumətinin rəhbərləri Xatisov və Tiqranyanla həmin iclasdakı dialoqları da çox mətləblərdən xəbər verir.
Bu iclasdan 4 gün sonra - aprelin 2-də Gorusda Zəngəzur ermənilərinin qurultayı keçirilir və qərar qəbul edilir: "Azərbaycanın Ermənistanın bir hissəsi olan Zəngəzuru tutmaq cəhdlərinə qarşı silahla cavab verilsin".
Qurultayın qərarı ilə Yepiskop Vahan və Erməni Milli Şurasının üzvü Bahadurov Bakıya Müttəfiq Dövlətlərin Qafqazdakı baş təmsilçisi general Tomsonun yanına gəlir və Qarabağa ermənilərinin bu tələblərini ona yetirirlər: Qarabağın dərhal Ermənistana birləşdirilməsi və ya Qarabağın Paris sülh konfransına qədər Ermənistana birləşdirilməsi; Qarabağda yerli erməni idarəçiliyinin təşkil edilməsi və Qarabağda ingilis general-qubernatorluğunun yaradılması...
Erməni başbilənlərinin hər cür vəziyyətdən öz mənfəətləri naminə yararlanmaq bacarığı qibtə edicidir...İngilislər gedib bolşeviklər gedəndə də belə oldu, SSRİ dağılanda- 90-cı illərdə də eyni plan işə salındı və hər dəfə istədiklərinə, Azərbaycandan qoparmağa nail oldular. Biz bir xalq, millət olaraq torpaq məsələsində yoxuq, görünmürük, müqavimətimiz 0 səviyyəsindədir.
Tomson Mudros müqaviləsinin ertəsi günü də Bakıya nota göndərərək 17 noyabrda saat 10.00-a kimi Bakının boşaldılmasını, Qafqaz İslam Ordusu Komandanı Nuru paşadan rəsmən tələb etdi. Nuru paşa ingilislərə verdiyi cavabda, Bakının işğal edilməsi məsələsini Azərbaycan hökuməti ilə müzakirə etmək lazım olduğunu söylədisə də, general Tomson belə bir hökuməti tanımadıqlarını bildirib belə demişdi: "Bizim bildiyimizə görə Azərbaycan xalqının səsverməsi ilə qurulmuş bir respublika ortada yoxdur. Türk komandanlığının intriqaları ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki siz bunun əksini iddia edirsiniz, gəlib vəziyyəti yerində araşdırar və ona uyğun qərar verərik". ABŞ və Böyük Britaniya Gürcüstan və Ermənistandan fərqli olaraq AXC-ni tanımamışdı.
Azərbaycan torpaqlarında son türk hərbi birliyi olan 15-ci piyada diviziyası komandanı və qərargahı 30 noyabr 1918-ci il tarixində Gəncədən Tiflisə, ordan ingilislərin nəzarəti altında olan Batuma yola düşdü.
Böyük Britaniyanın Hərbi naziri Çörçill 1919-cu il martın 6-da Qafqazla bağlı bir konfransda demişdi: “Heç şübhə yoxdur ki, Rusiyanın gələcək hökuməti bu regiona (Qafqaza-H.N) yenidən qayıdacaqdır, indiki fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşunları o ərazilərdə nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər dərinə işləyəcəkdir.” 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planının müəllifinin bu uzaqgörənliyini, ingilis diplomatiyasının gücünü, anlamaq üçün bp şirkətinin Azərbaycana-Xəzər regionuna gəlişi və burdakı fəaliyyəti, mənfəətlərini yada salmaq kifayətdir.
Hələ 1915-ci il “ermənilərin genosidi” deyilən bir şey yox idi, genosidi törədənlər isə şahid rusların da yazdıqları kimi gözləri qan çanağına dönmüş erməni nizami ordu hissələri idi.
Hər il olduğu kimi, yenə də 24 aprel ərəfəsində erməni millətçilərinin hayı-küyü dünyanı götürüb. Gələn il saxta “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində erməni ideoloqlarının, onların siyasi havadarlarının Türkiyəyə qarşı basqıları daha da güclənəcəkdir. Heç şübhə yoxdur ki, bunun ən böyük zərbələrindən biri 22 ildir ki torpaqlarının 20 faizdən çoxu yağı tapdağında qalan Azərbaycana dəyəcəkdir. Ona görə də Türkiyə və Azərbaycanın QHT-ləri də əlbir olub birgə tədbirlərlə bu təbliğatların yalan və iftira olduğunu sübut etməyə çalışmalıdır.
Hacı Nərimanoğlu,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri