Azərbaycanda 1747-1822-ci illərdə mövcud olmuş Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni həyatı XVIII -XIX əsrdə yazıb yaratmış 11 tarixçimizin qələmindən çıxan əsərlərdə - “Qarabağnamə”lər adı ilə nəşr edilən 3 kitabda yerli-yataqlı şəkildə əks olunub [1, 2, 3]. Bu əsərlər Qarabağ xanlığının baş kəndi - mərkəzi sayılan Şuşanın da tarixinə ayna tutan ən etibarlı mənbə, dəlil-sübutlu məxəz sayılır [4].
Qаrаbаğ аdındakı birinci söz - “qara” oğuz türklərində böyük, geniş mənasındadır, yazılı, şifahi dilimizdə, o cümlədən “Kitabi-Dədə Qorqud”da gen-bol işlənib, türsoyluların məskun olduğu coğrafiyada Qara sözü ilə başlayan yüzlərlə toponim var. Qаrаbаğ -yəni “geniş bağlıq yer”dir, həqiqətən də bol sulu Qarabağ elləri bağ-bağatlı, ormanlı, meşəlik ərazilər üstünlük təşkil edir, bağlarla (o cümlədən Xan bağları ilə) zəngindir, əhalisinin əsas dolanışıq yerlərindən biri də bağçılıq, meyvə, tərəvəzçilikdir. Qаrаbаğın tez-tez dəyişsə də, sabit qalan əsas ərazi hüdudlаrı cənubdа Аrаz çаyı üzərindəki Хudаfərin körpüsü ilə bаşlаyıb şimаl-qərbdə Sınıq körpü аrаsındаkı ərаzini əhаtə еdir, şərqdə sərhəddi Kür çаyı ilə tаmаmlаnır. Bu vilаyət iqlim bахımındаn üç qurşağa- mülаyim, dəyişkən sоyuq və sоyuq məntəqələrə bölünür. Ərаzisinin 33 fаizini mеyvə аğаclаrı ilə zəngin mеşələr, bağlar təşkil еdir. Rzаqulu bəy Mirzə Cаmаl оğlu Qаrаbаğın təbiətindən bəhs еdərək yаzırdı: «Qаrаbаğın dаğlıq yеrləri və yаylаqlаrı Göyçə sərhədlərindən tutmuş Оrdubаdа qədər bаşdаn-bаşа cənnətə bənzər çəmənlikdir. Yаyаlаq оlmаsınа bахmаyаrаq, burаdа qışdа dа mаl-qаrа, qоyun, hеyvаn sахlаmаq оlur. Bu yеrlər də Qаrаbаğ səhrаsının qışlаqlаrı kimi çох səlаmət оlur və qışdа mаl-qаrаyа sоyuqdаn hеç хətər tохunmur” [5, səh.3-6].
Şuşa qalasını Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan (1693-1763) tikdirib. Tarixçi, Qarabağ xanlarının baş vəziri Mirzə Camal Cavanşir Qarabaği (1773-1853) Şuşanın salınmasını təsvir edərkən yazır ki, hökumət işlərini bir an belə unutmayan mərhum Pənah xan əmr edib özünə sadiq, işgüzar və bacarıqlı adamlarını məsləhətə yığır, xanqlığa qarşı qonşuların xoş olmayan münasibətləri ucbatından hər an hücum təhlükəsinin ola biləcəyini nəzərə alıb Qarabağ ellərinin daha etibarlı müdafiəsi naminə qabaqcadan tədbir görmək üçün dağların içində, möhkəm və keçilməz yerdə əbədi və sarsılmaz qala tikilməsini təklif edir. Elə yer seçməyi tapşırır ki, onu ən güclü düşmən belə ələ keçirə bilməsin. Ətraflı müzakirə, fikir mübadiləsindən sonra Xan bir neçə nəfər bilici və məlumatlı adamı ilə birgə məsləhət bilinən Şuşa qalasının yerini və ətrafını gəzir, hərtərəfli yoxlayır, buranın axtardığı ən münasib yer olduğuna əmin olub Şuşa qalasının tikilməsinə qərar verir, xəzinədən lazımınca xərclik ayırır. Bu yerlər o vaxtadək yaşayışsız, yalnız ətraf kəndlərin müvəqqəti yaylaq yeri olmuşdu. Xan öz ailəsi üçün də burada yurd və imarət yerini müəyyən edir, yaxın, uzaq vilayətlərdən mahir ustaların, layihəçilərin, işgüzar adamların toplanıb buraya köçürülməsinə, öncə qalanın hasarının çəkilməsinə, silah-sursat hazırlanmasına, döyüşkən tayfalardan qoşun yığılmasına başlanır [2, səh.19, 20].
Qeyd edək ki, “Qarabağnamə” müəllifləri Şuşanın tikilməsi ilə bağlı fərqli tarixlər göstərirlər: Mirzə Yusif Qarabağiyə görə Şuşa 1752-ci, Mir Mehdi Xəzaniyə görə 1753-cü, Rzaqulu bəy Mirzə Camal oğluna görə 1754-cü, Həsən İxfa Əlizadəyə görə 1750-ci, Həsənəli Qaradağiyə görə isə 1754-cü ildə tikilmişdir [10, səh.29].
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı bu mübahisəli tarixlərə son nöqtəni qoydu: «1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır» [11].
Tədqiqatçı alim Zaur Əliyev Şuşa tarixinə dair dəyərli tədqiqat əsəri “Qarabağ Zəfəri-Şuşa” kitabında həm də “Qarabağnamə” müəlliflərinə istinadla yazır ki, Pənah xan qala şəhərin müdafiəsini və qüdrətini artırmaq məqsədilə Qarabağın Seyidli, Keçəlli, Saatlı, Merdinli, Qurdlar və s. obalarında İranda isə Təbriz, Ərdəbil və digər şəhər və kəndlərində yaşayan müxtəlif sənət adamları Pənahabada köçürtdürmüşdür. A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində Şuşa şəhərinin yaranması haqda fikirləri fərqlidir. Həmin əsərdə göstərilir ki, Pənahəli xan Qarabağda hakimiyyəti ələ aldıqdan sonra Bayat, Şahbulaq qalalarının əsasını qoymuş və Şuşa qalasını təmir etdirmişdir. XIX əsrdə Şuşanı gəzən Qərbi Avropa səyyahları da, A.A.Bakıxanovun fikrini təsdiqləmişlər. Belə ki, ingilis səyyahı Ceyms Morye özünün “Səyahətnamə”sində göstərmişdir ki, Şuşadakı maddi mədəniyyət abidələri burada eramızdan əvvəl yaşayışın olduğunu təsdiqləyir. İngilis səyyahı Robert Burter yazırdı: “Şuşada, Qafqazın başqa şəhərlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. Bütün bunlar Şuşanın qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir”. Fransa arxeoloqu Jak de Morqan, ingilis səyyahı Robert Porter Şuşanın qədim şəhər olması haqda dəyərli fikirlər irəli sürmüşdülər. Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1763-1806) əhatə edir. Bu mərhələdə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi – Yuxarı məhəllə formalaşmışdır. Şuşa şəhərinin formalaşmasının üçüncü mərhələsi Qarabağ xanlığının 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra başlamış və daha uzun müddət davam etmişdir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, onun aborigen əhalisi olan Azərbaycan türklərinə məxsus idi. Bununla belə, Qarabağ xanları - istər Pənahəli xan, istərsə də onun oğlu İbrahimxəlil xan (1763- 1806) Şuşanı hərbi cəhətdən daha da möhkəmləndirmək üçün təbii müdafıə vasitələri ilə kifayətlənməyərək bir sıra güclü müdafiə qurğuları da inşa etdirmişdilər. Bu qurğular içərisində hər iki xanın tikdirdiyi qala divarları mühüm əhəmiyyət kəsb edirdi. Yuxanda qeyd edildiyi kimi, şəhərin təhlükəsizliyini təmin etmək üçün onun yalnız şimal tərəfində qala divarlan tikdirmək kifayət idi. Daimi hücum təhlükəsi Pənahəli xanı bu işi sürətlə görməyə məcbur etmişdi. Görünür, elə bunun nəticəsi idi ki, tikintini tez başa çatdırmaq üçün xeyli işçi səfərbər olunmuşdu. Mirzə Yusif Qarabaği yazırdı: “Bu işdə kənd əhli, mahalların məlikləri, ellərin başçıları... bir yerdə çalışaraq beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər”. Bununla belə, Şuşanın ilk qala divarları çox sürətlə və qısa müddətdə tikildiyindən onun möhkəmliyinə lazımi diqqət vermək mümkün olmamışdı. Çox güman ki, Pənahəli xanın əmri ilə tikilmiş bu divarlar tezliklə yararsız hala düşərək əhəmiyyətini itirməyə başlamışdı. İbrahimxəlil xanın Şuşanın - Pənahabadın Gəncə qapısı hakimiyyəti dövründə Şuşanın ətrafina yeni qala divarlannın çəkilməsinə ehtiyac yaranması da, görünür, elə bunun nəticəsi idi. Uzunluğu 2,5 km olan bu divarların tikintisi, Mirzə Camalın məlumatına görə, 1783/84-cü ildə başlanmış və üç il ərzində başa çatdınlmışdı. Şuşanın İbrahimxəlil xanın dövründə tikilmiş qala divarları Pənahəli xanm dövründə tikilmiş divarlara nisbətən daha möhkəm idi. Qarabağ tarixçilərinin məlumatlarından aydın olur ki, İbrahimxəlil xan xanlığın ərazisində tikilmiş müdafiə qurğularının möhkəmliyinə xüsusi fikir vermiş və bu cür işləri yüksəkixtisaslı mütəxəssislərə həvalə etmişdi. Mirzə Adıgözəl bəy bu məsələni qeyd edərək yazırdı: “Hünərli ustalar, sənət sahibi və iş bilən memarlar ban, hasar, bürc və divar çəkdilər” Mirzə Adıgözəl bəyin bu fikrini daha da inkişaf etdirən Mirzə Yusif Qarabaği isə yazırdı: “Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi” Azərbaycanın qədim şəhəri olan Təbrizin lap əvvəlki adı Şuşa olub Avstriya Elmlər Akademiyasının tarixçisi, Johan nes PreiserKapeller (https://oeaw.academia.edu/JohannesPreiserKap eller/Papers ) adlı tədqiqatçı özünün orta əsrlər Təbrizinə aid araşdırma məqalələrində yazıb. Johannes Preiser-Kapeller həmin məqaləsində 1286-1331-ci illərdə yaşamış fransız səyyahı Odoricus de Portu Naonisa istinadən Təbrizin qədim adının Şuşa olduğunu bildirib. Çox maraqlıdır ki, lap qədimdə Şuşa şəhəri salınmazdan öncə orann adı mənbələr Novruz və Təbriz kəndləri kimi qeyd edib Şuşada Təbrizli məhəlləsi olub. Təbrizli məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir. Şuşa şəhəri qurulduğu çağdan başlayaraq genişləndi. Yeni-yeni məhəllələr meydana gəldi. Hər məhəllədə məscid, hamam tikildi, meydan quruldu. Təbrizli məhəlləsi Şuşa şəhərinin ilk məhəllələrindən biridir. Bu məhəllə sakinləri Təbrizdən Bayat qalasına, ordan Şahbulağa, sonra isə Şuşa şəhərinə gəliblər. Təbrizli məhəlləsinin sakinləri Qarabağ mədəniyyətinə təkan verdilər. Muğamat sazı, qəzəl qoşmanı üstələdi. Qarabağın bir çox şairləri bu məhəllədən çıxıb. Həmin şairlərdən Ağahüseyn Arif, Abdulla Camzadə, Süleyman Faxir, Əbdül Şahin, Mirzə Nəcəfqulu Şəms Zakir, Fərruxi və başqalarım nişan verə bilərik. Məhəllə əhalisinin əksəriyyəti savadlı idi. Təbrizli məhəlləsinin bünövrəsinədək Qarabağda Xudadad (farsca Allahverdi) adı yox idi. Bu adı onlar özləri ilə bərabər gətirmişdilər. Ad daşıyıcılarından biri Xudadad xan Dünbülü Təbrizin hakimi olmuşdu. Məhəllə sakinlərindən biri bu adı öz oğluna qoymuşdu. Şuşa şəhərinin digər məhəllələrində tanınmış biri adamı çağıranda adının sonuna, Təbrizli məhəlləsində isə önünə “ağa” sözü əlavə edilirdi. XVIII yüzilin ikinci yarısından başlayaraq Aşura təziyəsi, əsasən, Təbrizli məhəlləsində keçirilirdi. Daha izdihamlı, daha gur olduğundan şəhər qazısı da bu məhəllədə təziyəyə qatılırdı [10, səh.34-38].
Tədqiqatçı Z.Əliyev haqlı olaraq göstərir ki, 1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. ”Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənah Əli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi. Bundan əlavə, Azərbaycanın görkəmli maarifçiləri A.A. Bakıxanov və F.B.Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və binasının vaqe olmasından” söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur. Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter isə yazır ki, “Şuşidə Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş “məruzələri”nin 7-ci sayında dərc olunmuş Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə cədvəli” məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı”. Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur. Tədqiqatçı Elçin Əhmədovun araşdırmalarında qeyd edilir ki, Şuşa XVIII əsrin ikinci yarısında Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuş, eləcə də Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı. Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu. 1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipəkbarama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”. Bundan əlavə, “Qafqaz” qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabının II cild, 457-ci səhifəsində yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”. Çar hökumətinin 1868-ci il islahatı ilə Yelizavetpol quberniyası yaradıldı ki, Şuşa qəzası da bu quberniyaya daxil idi. 1868-ci il islahatı ilə Şuşa qəzası tərkibində Zəngəzur qəzası yaradıldı. 1883-cü ildə isə Şuşa qəzasının tərkibində yeni 2 qəza yaradıldı - Cavanşir və Cəbrail qəzaları. Beləliklə, XIX əsrin ikinci yarısında mərkəzi Şuşa şəhəri olmaqla, Şuşa qəzası tərkibində Şuşa, Cavanşir, Cəbrail və Zəngəzur qəzaları yaradıldı. Yeri gəlmişkən onu da qeyd edək ki, 1919-cu ildə erməni quldurlarının Şuşa qəzasında müsəlmanları qılıncdan keçirməsi və əsassız ərazi iddiaları Şuşa, Cavanşir, Cəbrail və Zəngəzur qəzalarının Gəncə quberniyası tərkibindən ayrılmasına və mərkəzi Şuşa şəhəri olan Qarabağ general qubernatorluğunun yaradılmasına səbəb oldu. Şuşa Qarabağ xanlığının paytaxtı idi. Türkmənçay müqaviləsinə əsasən bu şəhər və bütün Qarabağ Rusiyanın tərkibinə keçmişdi. Şuşa qəza mərkəzi kimi (1840-cı ildən) Kaspi vilayətinə, sonra isə Yelizavetpol quberniyasına daxil olmuşdu. XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının “Şəhər əsasnaməsi”nın (1785) 28-29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. 1843-cü il mayın 21-də başqa şəhərlərin gerbləri ilə birlikdə Şuşanın da gerbi təsdiq olundu. “Qalxanın yuxarı yarısında qızılıfonda Kaspi vilayətinin gerbinin bir hissəsi, aşanıda yaşıl fonda Asiya yəhərcilovu olan qaçan at. Qalxanın aşağı hissəsi göstərir ki, qəzada əla at cinsləri (Qarabağ atı) yetişdirilir, Asiyayəhəri və tilovu düzəldilir". Gerbin təsviri XIX əsr alman hcraldika ustası Ququ Ştrexelin rəsmi üzrə verilmişdir. Bütün sənədlərdən göründüyü kimi, rus administrasiyası Şuşanı, Qarabağı Bakı kimi müsəlman əyalətlərinə aid etmişdir və Şuşanın gerbi Bakının gerbindən yalnız aşağı hissəsi ilə fərqlənir. Gerbdə erməni elementləri yoxdur. Yaşlı şuşalıların özləri xarı bülbül gülünü (enliyarpaq səhləb, səhləb çiçəyi sinfındəndir) şəhərin simvolu sayırdılar. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanda yaranmış siyasi sabitlik XIX əsrin 70-ci illərindən başlayaraq şəhərdə əhali artımını xeyli sürətləndirdi. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25.881 nəfər təşkil etmişdi. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43.869 nəfərə çatmışdı. Lakin Şuşada müşahidə edilən bu artım heç də şəhərin köklü sakinləri olan azərbaycanlıların hesabına baş verməmişdi. Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə qədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca artmasına gətirib çıxartdı. XIX əsrin sonu – XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Belə ki, burada 1870-ci ildən 1917- ci ilə qədər baş vermiş 23.924 nəfər əhali artımının 9.400 nəfəri təbii artımın payına düşdüyü halda, 14.524 nəfəri köçkün ermənilərin payına düşmüşdü. XIX əsrin sonlarında Şuşada şəhər özünüidarəetmə bələdiyyə idarəsi və şəhər duması yaradılır. Dumanın məhdud hüquqları var idi və əsasən, təsərrüfat, abadlıq, maarif, səhiyyə məsələlərini həll edirdi. Gündəlikdə, hətta şəhərdə koııka yolu çəkilişi məsələsi də dururdu. 1870-ci ilin əsasnaməsinə görə, dumada 50% yer azərbaycanlılara verilirdi, yəni, onlar orada əksəriyyət təşkil edirdilər, qalan yerlər isə ermənilər, ruslar, gürcülər arasında bölünürdü. Sonra 1892-ci ilin yeni əsasnaməsinə görə, azərbaycanlılara verilən yerlərin sayı üçdə bir dəfə azaldı. Lakin 1905-ci ilin inqilabi hadisələrindən sonra azərbaycanlı deputatların sayı yenə də 50%-ə çaldı. Köhnə Şuşanın əhalisinin sosial tərkibi adi Azərbaycan şəhərlərində olduğu kimi idi. Şəhərdə xan nəslinin nümayəndələri, bəylər, ruhanilər, məmurlar, sənətkarlar, tacirlər, tibb işçiləri (həkimlər, mamaçalar, sınıqçılar) və köhnə, orta əsrlər və yeni formasiyaların əczaçıları, köhnə və təzə nəslin müəllimləri, mədəniyyət xadimləri yaşayırdılar. XIX əsrin ortalarında Şuşada 1856 ev, 476 diikan, 11 küçə, 4 karvansara, 2 bazar, 7 hamam, 979 su quyusu, 6 meydan, 4 daş və iki laxta körpü, 9 məscid və 4 kilsə var idi. Yarım əsr ərzində Şuşanın əhalisi kəskin surətdə artdı. “Kavkazskiy kalendar” XX əsrin əvvəllərində yazırdı ki, Şuşada 2983 ev var. Ondan 2742-si daşdan tikilmiş, 1191-i dəmirlə, 139-u kirəmitlə, 363-ü torpaqla örtülmüşdür, 17 məscid, 5 kilsə, 52 küçə, 116 dalan, bir şəhər parkı, .3 mehmanxana, 36 qəlyanaltı, 879 sənətkarlıq emalatxanası, 2 minə yaxın tacir dükanı var idi. Şuşada ilk bu tipli bulağı Xan qızı Nətavan çəkdirib. Sarıbaba təpəsindəki su mənbəyindən su çəkildi, "Xan qızı bulağı" yaradıldı. Uzunluğu 15, eni 7, hündürlüyü 4 metr olan bulaq 12 daş gözdən ibarət idi. İkinci bulağı isə 1900-cu ildə tanınmış sahibkar, şuşalı Səməd ağa Cavanşirov çəkdirib. O, 10 min manat pul xərcləyib Şuşada Mamayı adlanan məhəlləyə içməli su kəməri çəkdirərək, şəhərin su təchizatı problemini demək olar ki, aradan qaldırdı. Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar. Mamayı məscidi Qarabağda yeganə tikili olub ki, üstündə Əzan vermək üçün "Gültəsdə" tikilib. Ermənilərin Şuşanı işğal edən günə qədər bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb. Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi Mamay bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk ediblər. Şuşa işğaldan azad olunandan bulqlar təmir edilmiş və köhnə adları özlərinə qaytarlmış, ermənilərin vandalğından zərbə alan bulaqlar təmir edilmişdir. 1900-1915-ci illərdə Şuşa iri iqtisadi mərkəzə çevrildi. Qafqazda ən böyük xalçaçılıq mərkəzi burada yerləşirdi. Şuşanın yalnız bir nəqliyyat yolu olub: şəhərin mərkəzindən keçən Ağdam-Əsgəran-Xocalı-Xanbağı (Xankəndi)- Ağa körpüsü-Şuşa yolu.Şuşada üzlük daş yatağı, Keçəldağ gil yatağı, şirin su yataqları,Şirlan və Turşsu mineral suları var. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Nuru paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-nə kimi bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq, Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizləyib və həmin ilin 15 sentyabrında Bakını azad edib. Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərilib. Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatı başlanıb və uğurlu döyüşlərlə türkazərbaycanlı hərbçilər Şuşaya daxil olaraq, şəhərdə Azərbaycan bayrağını qaldırıb. Nuru Paşa Şuşada imiş. Uzaqdan baxır ki, məscidin həyətində böyük izdiham var. O, maraq göstərib, məscidə tərəf gəlir. O baxır ki, minbərdə bir molla əzan çəkir. Elə məlahətli səslə, avazla əzan çəkir ki, sanki muğam oxuyur. Mollanın səsi, avazı, səliqə-səhmanı Nuru Paşanın xoşuna gəlir. Ona görə da mollaya bir ovuc qızıl lirə bağışlayır. Nuru Paşa deyir: - Əgər İstanbula gedib orada əzan çəksən hər ayına bir kilo qızıl lirə verirəm. İstanbulda çox millətlərin nümayəndəsi yaşayır, kim bu əzanı eşitsə dönüb müsəlman olar. Molla deyir: - Paşam, təklifinizi məmnuniyyətlə qəbul edərəm. Lakin sonda yanınızda utanaram. Çünki mənə belə səsi verən Şuşa torpağıdır. Bu torpaqdan uzaqlarda inanmıram belə səsim olsun. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli palanları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi. Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6- da Şuşanın rayon statusu yenidən bərpa edildi. 1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. 1992-ci ildə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb [10, səh.22-23].
“Qarabağnamə”lərdə yerli-yataqlı təsvir olunduğu kimi, Qala cənub-qərbdən, şimal-şərqdən, həmçinin qərb və cənub tərəfdən piyada və qeyriləri üçün gediş-gəliş mümkün olmayan möhkəm təbii sıldırım sal qayalarla əhatə olunmuşdur. Qala divarları çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərində beş arşın hündürlüyündə, iki arşın enində bir divar hörülür. Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi. Bu divarlardan dörd darvaza açdılar. Şimal və şərq tərəfdən olan darvazaya - Şuşa kənd darvazası deyilir. İki darvaza isə şimal ilə qərb arasındadır. Bunlardan birinə İrəvan darvazası, digərinə isə Gəncə və Çiləbörd darvazası deyilir. Dördüncü darvaza isə dağılıb və hazırda onun yerində divar tikilib. Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb Şuşa şəhərinə gətirdi, onlara burada yer verdi, sikkəxana tikdirdi. Pənahabad adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurdurdu. Sikkənin bir tərəfində Pənahabad, o biri tərəfində isə “La ilahə illəllah, Muhəmmədən rəsulullah” sözləri yazılmışdı. “Pənahabadın” altısı bir manat, səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xan Şuşa qalasını tikdirib qurtardıqdan sonra asudələşdi. Pənahabad gündən-günə, ildən-ilə inkişaf edərək abadlaşır, döyüşə-döyüşə böyüyürdü. "Pənah xanın qalası" "Pənahabad qalası" da xalq dilində ixtisarlaşıb yalnız "Qala" şəklini alırdı: - Hara gedirsən? - Qalaya! - Hardan gəlirsən? - Qaladan. - Keçən həftə Qalada idim. – Qala bazarından gəlirəm, və s. Bununla belə bəzən qala sözünü "Şuşa qalası" şəklində də deyirdilər. Az sonra şəhərin "Şuşa" adı əbədiləşdi [2, səh.22-23].
Şuşa şəhərinin məhəllələri aşağıdakılardan ibarətdir: Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusuflu, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası. Hələ onlarla hamam, karvansara, sikkəxana, divanxana, bulaq, kəhriz, dükan, bazar adlarının hamısının adı türkcədir, tikdirənlər də hacı, məşədi, kərbəlayı, mirzədir və üzərində də öz adlarını möhürləyiblər. Göründüyü kimi, Şuşa inşa ediləndən tamamilə, təmiz türk-müsəlman şəhəri olub, burada erməni izi yoxdur. Şuşa şəhəri memarlıq abidələri ilə zəngindir. Bunların bir çoxu tarix keçdikcə uçub dağılıb, bir hissəsi isə bizim dövrümüzə qədər gəlib çatib. Şəhərin Bazar başı, Rasta bazar, Meydan, Aşağı bazar, Şeytan bazar, Çar su, karvansaralar və başqa memarlıq inciləri, komplekslərinin tikintisi XIX əsrin ikinci yarısından başlayaraq, XX əsrin 20-ci illərinə - rus bolşevik işğalına qədər davam edib [3. səh.120].
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şuşada islam dini hakim inanc idi, 12-yə qədər təriqət və ya əqidə mövcud idi. O cümlədən: Şeyxi, Üsuli, Mütəşər, Kərim xanı və s. Xüsusilə Şuşada "Şeyxi"lər və "Üsuli"lər məşhur idi. Şeyxilər ilə Üsulilər arasında gərgin mübarizə gedir [3, səh.117].
Qalanın tikilişindən bir il keçdikdən sonra Qacarlar İranının hökmdarı Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar hakimiyyətini getdikcə gücləndirən Pənah xanı özünə tabe etmək, Şuşa qalasının tikintisini əngəlləmək, xanın nüfuzunu qırmaq məqsədilə Araz çayından keçib qalanın dörd ağaclığında çadırlar qurur. Şuşa qalasını ələ keçirmək üçün çox fəndlər düşünür, neçə dəfə hücuma keçsələr də qalaya yaxınlaşa bilmir. Əksinə, Qarabağın qoçaq əhalisi gecə-gündüz gözlənilməz yerlərdən hücum edib Məhəmmədhəsən xan ordusunun əsgərlərini öldürür, at-qatırını və başqa azuqəlik mal-qarasını qarət edir, qoşununa çoxlu ziyan vurur. Şah məruz qaldığı uğursuzluqdan və ölkəsində çıxan üsyanlar səbəbindən məcburən geri qayıdır [3, səh.129].
Pənah xan ölümündən sonra böyük oğlu İbrahimxəlil xan 1173-cü ildə Qarabağ xanlığına hakim oldu. 1759-cü il avqustun 25-də başlayaraq güclü qoşunları və diplomatik səyləri ilə Qaradağ, Şəki, Şirvan, Gəncə, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy, Marağa, İrəvan və hətta İraqla Azərbaycan hüdudunda olan Qaplankuya qədər olan torpaqları öz hökmranlığına qatdı. İndiki İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd şah Qacar Qarabağ xanlığını danışıqlar yolu ilə özünə tabe etmək istəsə də, buna nail ola bilmədi və 1176-cı ildə hücum edib Şuşa şəhərinin yaxınlığında ordugah qurdu. Ağır toplar və qüvvətli qumbaraatanlarla silahlanmış Ağa Məhəmməd şah otuz üç gün Şuşanı top atəşləri ilə mühasirədə saxlasa da, bir şeyə nail ola olmadı. Əsgərləri də Qarabağ qoşunlarının mərdanə hücumlarından və cəsarətli çarpışmalarından qorxuya düşürdülər. Ağa Məhəmməd şahın əmri ilə Pənahabad qalasına od yağdıran toplar Qalada çox evlərə sədəmə yetirir, insanlar həlak olur. İbrahim xan fürsət gözləyir, qəflətən 10000 nəfər silahlı qoşun ilə şəhərdən çıxıb, İran qoşunu ilə savaşır. Bütün gün sayca üstün yadelli qoşunu ilə vuruşub, çoxlu tələfat verir. Gün batana yaxın davanı dayandıran İbrahim xan qoşunu ilə qalaya qayıdır. Qacar qoşunlarında ciddi ruh düşgünlüyü yaranır. Ağa Məhəmməd şah Şuşa şəhərini almaqdan aciz qalıb zərərin yarısından qayıtmaq da mənfəətdir fikrilə Darüssürura - Tiflisə doğru hərəkət edir. Zəif müqaviməti qırıb bütün acığını Tiflisin üstünə tökür; şəhəri oda qalayıb əhalinin bəzisini qılıncdan keçirib, 20 min nəfəri də əsir aparır [1, s.28].
Ağa Məhəmməd şah Şuşada uğradığı məğlubiyyəti heç cür unuda bilmir. 1797-ci ilin yazında Şuşada Ağa Məhəmməd xanın yenidən saysız-hesabsız qoşunla şəhərə yaxınlaşması haqqında mənhus bir xəbər alınır. Aclıq və vəba xəstəliyi üzündən daha şəhərdə davam gətirmək mümkün olmadığına, gizli əlaqə qurduğu Rusiyadan yaxın zamanlarda kömək gözlənilmədiyinə, Osmanlı sultanının yanına göndərilən elçilərin isə yalnız aparılan hədiyyələr müqabilində yeni hədiyyələr gətirib, heç bir kömək ümidi vermədiklərinə görə, artıq insan ölümünə yol verməmək naminə İbrahim xan Şuşanı tərk edərək, öz ailəsi ilə birlikdə Car-Balakən vilayətinə gedir. Ağa Məhəmməd xan, bu bakirə qalaya (Şərqdə bütün alınmaz qalalar belə adlandırılırdı) - Şuşaya döyüşsüz daxil olur. Qəzəbli xana elə gəlir ki, bunlar hamısı yuxudur, lakin o özünə gəldikdən sonra şadlığının həddi yox idi. Onun Şuşada insanlara verdiyi zülm, işgəncələri, zalımlığını “Qarabağnamə”lər belə təsvir edir; cəmdək yeyən bir vəhşi öz ovunu parçalamazdan əvvəl, sığallayıb onunla oynadığı kimi, Ağa Məhəmməd xan da birisinə qiymətli xələtlər bağışlayır, başqasına xan rütbəsi verirdi. Lakin eyni zamanda zindanlar məhbuslarla doldurulurdu və görünür ki, şuşalılar bu qanlı faciədən yaxalarını qurtara bilməyəcəkdilər. Ağa Məhəmməd xanın Şuşaya daxil olmasının yeddinci günü Şuşada, demək olar ki, heç kəsə cəza verməmişdi. Ona görə də, çoxlu müqəssir toplanmışdı. Yeni gətirilən məhbuslar haqqında Ağa Məhəmməd xana məlumat verildikdə, o, səra-pərdəni açmağı əmr etdi və itaətkarlıqla torpağa sərilənlərin qarşısında öz qırışıq və qeyzdən dəhşətə gəlmiş üzünü göstərib bağırır: - Onlardan beşi çarmıxa keçirilsin, altıncı, Əli Məhəmməd ağa isə İbrahim xan tərəfindən Türkiyə sultanının yanına elçiliyə getdiyinə görə, onun seyid nəslindən olması nəzərə alınaraq boğulsun. Öz peşələrini çox gözəl bilən bir neçə cəllad bu hökmə əsasən onu boğmağa başladılar. Əli Məhəmməd ağa qorxu bilməyən bir şəhid kimi özünü onların ixtiyarına verib müstəbidə lənətlər yağdırırdı; başqalarının isə əl-qolunu bağlayıb çarmıxların başına keçirir və dəhşətli mənzərəni tezliklə bitirmək üçün baltanın ardı ilə çarmıxları altdan yuxarı vururdular. Bu vəhşiliyin bədbəxt qurbanları ah-zar edirdilər; onların fəryadı, müstəbidin amansız hərəkət və söyüşləri burada olanları dəhşətə və həyəcana gətirirdi. Cəlladlar isə çarmıxlara keçirilib can verən qurbanların çapaladıqlarını gördükdə qana bulaşmamaq üçün ehtiyatla çarmıxları balta ilə vururdular. Baş cəllad öz həmkarlarından bir qədər aralanıb müstəbidə dedi ki, əlahəzrət, əmr etməzmisiniz ki, yeddinci cinayətkarı pələnglərə ataq, çünki daha çarmıx yoxdur və heyvanlar da bu gün heç bir şey yeməmişlər. - Bəli! - deyə o cavab verdi, - lakin əvvəlcə onun başı bədənindən üzülməlidir, çünki mən sabah cinayətkarların kəllələrindən bu vaxtadək görünməmiş yüksəklikdə kəllədən minarə qoyduracağam [4, səh.19-20].
Şah ən yaxın adamlarından və nədimlərindən Səfərəli bəy və Abbas bəyə əhəmiyyətsiz bir xətalarından ötrü acıqlanır, atasının goruna and içib deyir ki, yatım oyanım səhər sizin ikinizin də başını vücudunuzdan ayırıb qanınızı Qarabağın gülzarına axıdacağam. İllərlə şahla birlikdə olmuş bu iki şəxs bilirdi ki, şahın ki beyninə bir şey düşdü, ağzından söz çıxdısa onu icra edəcək. Həmin gecə onun işini bitirmək fikrinə düşürlər. Səhərə yaxın Ağa Məhəmməd şah yuxunun şirin vaxtında ikən onlar saraya daxil olub heç nədən şübhələnməyən qaravulu zərərsizləşdirib şirin yuxuda olan şahın bədənini xəncərlə deşik-deşik edirlər. Şahın qaş-daşla bəzədilmiş bazubənd, tac və həmailini götürüb başını da kəsib Balakənə qaçan İbrahim xana göndərirlər ki, geri qayıdıb xanlığına sahib dursun [4, səh.19-20].
Qızılbaş qoşunu başsızlıqdan istifadə edib sarayı, şəhəri yağmalamağa başlayırlar, sonra da əllərinə keçəni götürüb şahın başsız bədənini də özlərinə yük eləmədən burada buraxıb Tehrana üz qoyurlar. Xan şahın başını bir sovqat kimi Gürcüstan valisinə göndərir. Onun baçsız meyidi Şuşa meydanının ortasına atılıb qalmışdı. Xalq bu tale-qədərə şeir də qoşur:
Gecə düşdükdə, ölü baş edildi tarac,
Nə bədəndə baş qaldı, nə də başda tac.
Xan bir neçə gündən sonra öz oğlu və vəliəhdi Mehdiqulu ağa, Məhəmmədhəsən ağa və digər ailə üzvləri ilə Şuşaya gəlir, yenə hökumət taxtında oturur. Rusiya artıq Dağıstan, Gürcüstandan Qafqaza girir, bir yandan da Tehran şahın qətlindən sonra intiqam almağa hazırlaşır. Qarabağ vilayətinin vəziyyəti olduqca çətin olduğundan, ətrafı isə düşmən və bədxahlar bürüdüyündən, İbrahim xan siyasət işlədib Ağa Məhəmməd şahın cənazəsini böyük ehtiramla Tehrana göndərir. Fətəli şah İbrahim xanın belə hərəkətini bəyənir, onun adamlarını xələt və ənamla geri qaytarır. Onunla qohum olmaq istədiyini bildirib, hər iki tərəfin xatircəmliyi üçün xanın əziz və möhtərəm qızı Ağabəyim ağanı özünə hərəm etmək istədiyini bildirir. Böyük hörmət və izzətlə Ağabəyim ağanın kəbinini özünə kəsdirir, onu qadınlarının möhtərəmi və hərəmbaşısı edir. İbrahim xanın oğlu Əbülfət ağanı da öz yanına apartdırıb, yüksək xanlar sırasında öz məclisində oturdur. Onun xatirini həmişə əziz və möhtərəm tutur. Hər il Fətəli şahın adından mərhum İbrahim xana və mərhum Məhəmmədhəsən xana xələt, qılınc, qızıl yəhər, əsbablı at və başqa bəxşişlər göndərilir. Bu vəziyyət Rusiya dövlətinin Qarabağ xanlığına gəlişinə qədər davam edir [1, səh.38].
İbrahim xanın əsas məsləhətçiləri, iltifatı olanlar bunlar idi: Molla Pənah, Mirzə Vəli, Əbdüssəməd bəy və Batmanqılınc Məhəmməd bəy. Qarabağ xanlığının Rusiya ilə Qacarlar arasında gələcəkdə müstəqil qalması məsələsini fikrə gətirmək belə mümkün olmadığına görə Şuşada xanın qocalığından istifadə edən əyanlar bütün idarə işlərini öz əllərinə alaraq biri-birinə düşmən olan iki dəstəyə bölünmüşdülər. Bir dəstə Peterburqa, o biri dəstə Tehrana işləyirdi. Alınmaz qala olan Şuşa şəhəri iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi [4, səh.19-20].
İbrahimxəlil xan dövründə Osmanlı imperiyası ilə Qarabağ xanlığı arasında qarşılıqlı elçilər və məktub mübadilələri olmuşdur. 1776-cı ildə İbrаhimхəlil хаn öz vəziri Mоllа Həsəni Оsmаnlı sultаnından yardım almaq üçün İstanbula göndərmişdi, 1783-cü ilin pаyızındа Хəlil pаşаnın bаşçılığı ilə Cənubi Qafqazа göndərilən Оsmаnlı nümаyəndə hеyəti Qаrаbаğda İbrаhimхəlil хаnla görüşmüş və Şuşada öz qərаrgаhlarını yaratmışdılar, 1785-ci ildə İbrаhimхəlil хаn sultаnа məktub yаzаrаq Оsmаnlı himаyəsinə kеçmək istədiyini bildirmişdi və Sultаn bu məktubа müsbət cаvаb vеrmişdi, sultаn I Əbdülhəmid 1787-ci ilin fеvrаlındа İbrаhimхəlil хаnа məktub göndərmişdi məktubdа İbrаhimхəlil хаnа Rusiyаyа qаrşı vuruşmаğа hаzırlаşmаq təklif оlunurdu, Sultаnın İbrаhimхəlil хаnа 1788-ci il 17 fеvrаl tаriхli fərmаnındа оnun Оsmаnlı himаyəsində оlduğu хаtırlаnırdı və 1789-cu ildə Оsmаnlı tərəfdən Qаrаbаğа Şirvаn хаnlаrının övlаdlаrı Əsgər bəy, Qаsım bəy və Mustаfа bəy еlçi kimi gəlmişdilər. 1791-ci ildə Оsmanlı sarayında İbrahimxəlil xan və Avar hakimi Ümmə xanın еlçiləri yüksək еhtiramla qəbul оlunmuşdu. Bu barədə sultana еdilən məruzədə Sultandan kömək istənilirdi. Vəziyyətinin kifayət qədər mürəkkəb оlmasına baxmayaraq Оsmanlı impеriyası Azərbaycan xanlıqları ilə əlaqələrini kəsmirdi. İbrahimxəlil xan 1794-cü ildə sultana göndərdiyi məktubda İranda hakimiyyəti ələ kеçirmiş Ağaməhəmməd xan Qacarın Azərbaycan xanlıqlarını tutmaq niyyətindən xəbər vеrir, xanlıqların bu təhlükəni sоvuşdurmaqda Оsmanlı sultanının yardımına еhtiyacları оlduğunu qеyd еdirdi. Lakin bu danışıqların heçbir faydası olmadı. Rusiya ilə əlaqələrini yenicə bərpa etmiş Osmanlı, yenidən Rusiya və Qacarlar ilə əlaqəni korlamaq və müharibə etmək iqtidarında deyildi [4, səh.19-20].
1805-ci ilin mayında, xanlığın sərhədində, Kürəkçay sahilindəki düşərgədə, Yelizavetpolun 20 verstliyində knyaz Sisianov Qarabağ xanlığının rus imperatoruna sədaqəti haqqında andını qəbul edir. Bağlanan şərtlərə görə: “1. Şuşalı və qarabağlı İbrahim xan iranlı və hər hansı bir başqa dövlətdən hər cür vassallıq və asılılıqdan həmişəlik imtina edir və yalnız rus imperatorunun hakimiyyətini qəbul edir. 2. Xan qonşu hakimlərlə heç bir əlaqə saxlamamağı öz üzərinə götürür. Onlardan alınan məktublardan öz məzmunu etibarı ilə daha mühüm olanları baş komandanın həllinə göndərilməli, az mühüm olanları haqqında isə Gürcüstandakı baş hakimin İbrahim xanın yanındakı nümayəndəsinə xəbər verilməli və bu barədə ondan məsləhət alınmalıdır. 3. Onun ərazisində saxlanılan rus qoşunları üçün baş komandan tərəfindən təsdiq edilən qiymətlərlə ərzaq tədarük edilməlidir. 4. Qoşunlar üçün bina ayrılmalı və odun verilməlidir. 5. Yelizavetpoldan Şuşaya gedən yol arabaların rahat getməsi üçün qaydaya salınmalıdır. 6. Sədaqət əlaməti olaraq, xan böyük oğlandan olan nəvəsini həmişəlik Tiflisdə yaşamaq üçün girov verməlidir. 7. Xan hər il 8 min çervon bac verməli və bunu iki müddətdə: fevralın 1 -də, sentyabrın 1-də ödəməlidir.” [1, səh 206-207].
Ancaq istilaçı, sümürgəçi, işğalçı zalım rus rejimi iç üzünü tez göstərdi, Şuşada sakin olan rus qoşununun komandiri mayor Lisaneviç 1806-cı ildə iyun ayının 2-də gecəyarısı qalanın xaricində külfətilə yuxuda olan İbrahim xanın üzərinə basqın edib onu, arvadı, oğlu, qızı və bir çox əyan və xadimlərilə bir yerdə öldürür. İbrahim xan hünərli, ədalətli, bərk və sadə rəftarlı bir əmir idi və onun belə ağsaqqal yaşında, heç bir günahı olmadan amansızlıqla qətlə yetirilməsi Qafqazın bütün müsəlman əhalisində çarizmin müstəbid üsuli-idarəsinə qarşı nifrət, qəzəb oyadır, qatil mayor Dağıstana yeni gorevə dəyişdirilir [1, səh.43].
Bu anti-islam, anti-müsəlman siyasət ardıcıl davam edir; ruslar Şuşaya indiki Türkiyə, İran ərazisindən erməniləri köçürür, bu strateji əhəmiyyətli yüksəkliyi, nadir təbiət möcüzəsi qala şəhəri xristianlaşdırmaq, erməniləşdirmək ssenarisinə ara vermir, erməni çetelərini silahlandırır, təşkilatlandırır, kilsə tikdirir, qızışdırıb qanlı qırğınlara rəvac verir. XIX əsrin sonu, XX əsrin 20-ci, 90-cı illərində erməni-müsəlman savaşlarını da məhz rus hökuməti planlayır, gerçəkləşdirir.
“Qarabağnamə”lərdə Şuşanın mənzərəsi, təbii gözəllikləri real cizgilərlə təsvir olunur; dumanlı havada şəhərin hər hansı bir yerindən şimala, şimal-şərqə və şimal-qərbə nəzər salan adam belə gözəl bir mənzərədən valeh olar: burula-burula qalxan dumanlar və qara buludlar gah Qarabağ dağlarının qara zirvələrini və ağaran Qafqaz dağlarını dövr eyləyərək Şuşanın başına dolanır və ona toxunub dağılır, gah da bir anlığa onun qabağını örtür. Cənub-şərq tərəfdən Şuşanı hər iki tərəfdən hündürlüyü 200 sajendən çox və eni 100 sajenə qədər olan sıldırım qayalı dərə əhatə edir.
Şuşanın ətəyindəki dərənin üstündə gözəl bir bürc var idi. Bu bürc şəhərin o biri tərəfində olan qaya üzərində, ətrafında bir cığır belə olmayan yuva kimi görünür. Qayanın eninə dağılmış olan hissəsi vaxtilə bu qalaya yol olduğunu sübut etsə də, şuşalılar iddia edirlər ki, onu devlər və pərilər tikmiş və burada saysız-hesabsız xəzinə gizlədilib. Buna görə də həmin dərə Xəzinə qayası adlanır. Həmin bürcdən aşağıda sanki qayaya yapışmış bir qəsr vardır; oradakı kahadan soyuq bir bulaq axır. Bu qəsr vaxtilə ən qorxulu zamanlarda əhalinin etibarlı sığınacaq yeri olmuşdur. Dərənin o biri tərəfində, çayın lap üstündə tövlə xarabalıqları görünür; yuxarıda, qəsrin qarşısında isə hasara alınmış və indiyədək içərisinə ayaq dəyməmiş bir kaha vardır ki, bu da Şahnəzər kahası adı ilə məşhurdur. Zənn edildiyinə görə, bu kaha qaya boyu, şəhərin altından keçən yeraltı yol vasitəsi ilə o biri tayda, yuxarı qapının aşağısında başqa bir ucsuz-bucaqsız kaha ilə birləşir. Cənub tərəfdən, Kirs dağından Şuşaya bir nəzər saldıqda ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından, içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır. Əbəs deyildir ki, 100.000 qoşunla Qarabağa hücum edən Ağa Məhəmməd şah Şuşanı savaşla ala bilməyib İbrahim xana belə demişdi: “Filan-filan şüdə! Sən qazanın içində əyləşib, onun dəstəyini əlində tutmusan və elə xəyal edirsən ki, guya mənimlə çəkişirsən?! Mərhəba sənə! Hünərin varsa, çıx o qazanın içindən meydana!” [3, səh.77].
Şuşa şəhəri dəniz səthindən 1500 metr yüksəklikdə olan maili bir dağ yamacı üzərində salınib. Şəhərin yuxarı hissəsi aşağı hissəsinə nisbətən 300-400 metr yüksəkdir. Şəhərin şimal tərəfindən Xəlfəli çayı, sol tərəfindən Qarqar çayı axır. Şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunub, yalnız baş tərəfdə "İrəvan qapısı", ayaq tərəfdə "Gəncə qapısı" vardır. Şuşa cənub tərəfdən "Cıdır düzü", "Üç mıx" təpələri, Daşaltı kəndi və Kirs dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimaldan şəhəri "Dövtələb" təpəsi, Xəlfəli çayı və Xəlifəli kəndi, "Mıxtökən" yamacı əhatə edir. Qərbdə Şuşanın Zarıslı və Qala dərəsi kəndləri, məşhur Turşsu yaylası və Sağsağanlı dağı kimi mənzərəli yerləri vardır. Şərqdən Şüşə kəndi, Bağrıqan dağı, Topxana meşəsi və təpəciyi və Xəzinə qayası Şuşanı əhatə etib. Şuşanın şimali qərbində təxminən şəhərdən 2-3 kilometr aralı gözəl və səfah bir meşə yerləşib. Bu meşədə ayna kimi saf və şəffaf, buz kimi soyuq olan məşhur İsa bulağı, Damlı bulaq, Soyuq bulaq yerləşib. Meşələrin heyvanlar aləmi son dərəcə zəngindir [4, səh.19-20].
Digər “Qarabağnamə”lərdə bu təsvirlər yenə başqa qələm sahibləri tərəfindən belə tərif edilir: “Şuşa! Bu ad nə qədər əziz, doğma, munis və sevimli bir ad; nə qədər dilnəvaz və mehriban bir ana - vətəndir. Şuşa o qədər gözəl bir yerdir ki, onun adı qarşısında daima diz çökərək "xaki-payini" hörmətlə öpmək mənim ən müqəddəs vəzifəm olub. Bu şəhərin uğrunda hər bir varlıqdan: candan, maldan, həyatdan və sairədən keçmək, al qanlara bulanmaq, məhv olmaq mənim üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır. Qarabağ dağlarından birinin ən yüksək zirvəsi olan bir yamac üzərində bina olunmuş bu şəhər ən mühüm strateji bir mövqe tutmuşdur. Şuşa şəhəri Bakı, Gəncə və başqa Azərbaycan şəhərlərinə nisbətən həm yaşca çox gəncdir, həm də həcmi etibarilə kiçik bir sahəni əhatə edir [3, səh.85].
“Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipəkbarama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”. 1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsi 2)“Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı" “Qafqaz” qəzetinin icmalçısı 24 may 1868- ci il tarixli buraxılışı 3) “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”. İ.Drozdov, “Kavkazski sbornik” 1882-ci il, kitabının II cild, 457-ci səhifəsi 4) “Yaşıl otlaqların büründüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri durmuşdu. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqiçi daha çoxdur. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.” V. Vinoqradov, rus musiqişünası 5) “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”. Sergey Yesenin, rus şairi 6) “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”. Məşhur rəssam V.Vereşşagin 7) "Şuşidə Qafqazın başqa şəhərlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var. Bütün bunlar onun qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir" İngilis səyyahı Robert Burter [10, s.88-90].
Şuşanın nadir təbiət möcüzələrindən biri İsa bulağıdır. İsa adlı kişinin Sarıbaba dağının ətəyindən Şuşanın ən səfalı guşəsinə meşənin içinə çəkdirdiyi çeşmədir. XIX əsrin birinci yarısından bu yerlərdə qaynayan bulaq onu çəkdirənin adı ilə məşhurlaşıb. Əsrlərdir ki, öz adını yaşadan bulağın başı həmişə qonaqqaralı olub. Belə bir rəvayət də danışırlar ki, Şuşaya gələn qonaqları həmişə İsa bulağına gətirmək, orada onlara yaxşı məclis qurmaq bir ənənəyə çevrilib. Vaxtilə Üzeyir Hacıbəylinin böyük dayısı Mustafa bəy qonaqlarını başına yığaraq İsa bulağına gəlib. Bu o zaman imiş ki, Xan qızı Natəvan ikinci dəfə ailə həyatı qurubmuş. Onun Şuşa bəylərinə yox, Cənubi Azərbaycandan gələn kasıb Seyid Hüseynə ərə getməsi çoxunun izzət-nəfsinə toxunub. Bu səbəbdən də Xan qızını hədəfə götürərək onu tənqid edən paxıllar ağzıgöyçəklikdən qalmırdılar. Həmin qonaqlardan biri də süfrə başında Xan qızının ünvanına nalayiq ifadə işlədib. Şər sözə dözüm gətirə bilməyən Mustafa bəy qılıncını çəkərək qonağının sinəsinə saplayıb. Qonaq da həmin anda tapançası ilə Mustafanı vurub. Nəticədə hər ikisi həlak olub. Bu, sadəcə Şuşa, Qarabağda bəylərin menatalitetinə güzgü tutan bir detaldır. [10, s 57].
1902-ci ildə çar Rusiyasının apardığı siyahıyalmaya əsasən, Qarabağ xanlığında 15.729 müsəlman-türk ailəsi və 4366 erməni ailəsi yaşayırdı. Xanlığın sahəsi 17.000 km² idi [6].
Azərbaycanın Qarabağ xanlığının (1747-1822) ərazisi e.ə. IV əsrdən b.e. VIII əsrinə qədər Alban dövləti və Sasani imperatorluğunun, VII-IX əsrlərdə Ərəb xilafətinin, IX-XI əsrlərdə Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin, XII-XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrin sonu XV əsrin əvvəllərində Cəlairilər dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında Səfəvi dövlətinin tərkibində olmuşdur. XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında (1590-1612 və 1724-1735-ci illər) Osmanlı idarəçiliyində olub. XVIII əsrin ikinci yarısından XIX əsrin əvvəllərinədək Qarabağ xanlığı Azərbaycan ərazisində ən güclü, müstəqil dövlət olub. XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan Qarabağ rus müstəmləkəçilik idarə sistemində, əsasən, Yelizavetpol quberniyasının tərkibində olub. 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının tərkibində Qarabağ general-qubernatorluğu yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (28 may 1918 – 28 aprel 1920) 15 yanvar 1919 -cu ildə Qarabağ general-qubernatorluğu yaranır və Xosrov bəy Sultanov qubernator təyin olunur. Bolşevik Rusiyasının Azərbaycanı işğalından sonra da ərazi Azərbaycanın tərkibində saxlansa da, 1921-ci ildə Sоvеt Rusiyаsı xeyli torpaqlar hissə-hissə qoparılıb Ermənistana verildi və tarixi Qarabağ ərazisinin bir hissəsində isə 1923-cü Dаğlıq Qаrаbаğ Muхtаr Vilаyəti təşkil еdildi. Şuşa da bu qondarma vilayətin tərkibinə daxil edildi [6, s.4].
Təkzibedilməz tarixi gerçəklik isə bnundan ibarətdir ki, Şuşa yarandığı zamanlardan başlayaraq Azərbaycanın tərkibində müsəlman-türk şəhəri olub, sənət, ədəbiyyat, incəsənət mərkəzinə çevrilib, şübhə yoxdur ki, bu həm də şəhərin təmiz havası, saf təbiəti, büllur suyu ilə bağlıdır, xüsusilə musiqi sahəsində Qafqazda ən mühüm və demək olar ki, birinci yer tutur. Qısa tarixi bir dövrdə Şuşa şəhərində çoxlu istedadlı şairlər, alimlər, müəllim və sənətkarlar yetişib. İbrahim Xəlil xanın oğlu Əbülfət xan Tuti və qızı Ağabəyim ağa da şair idilər. Onların hər ikisi Şuşada və Qarabağda əminamanlıq və sülh yaratmaq məqsədilə Fətəli şahın sarayına göndərilmişdilər. Əbülfət xan Şuşadan gedərkən yazmışdı: O gün kim həsrətilə ol büti-zibadan ayrıldım, Qalıb bir surəti-bahiss kimi mənadan ayrıldım... Eyni ayrılıq ruhunu biz onun bacısı Ağabəyim ağanın şeirlərində də görürük: Mən aşiqəm, Qarabağ, Qara salxım, qara bağ. Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ. O, başqa bır şerındə yazırdı: Şərhi-Şişə ki, əcəb abi-həvayi darəd, Xürrəm on ki, bə səri-kuyi o cayi darəd...Ağabəyim ağanın Azərbaycan və fars dillərində bir çox mənzumələri qalmışdır: Əfsus ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmədim, ömrüm necə gəldi, necə getdi [9]. “Qarabağnamə”lərdə İbrahimxəlil xan Cavanşirin sevimli qızı Gövhər ağanın adı, şərəfli əməlləri, xüsusilə iki məscidi öz hesabına təmir, bərpa edib bu günlərimizə qədər çatdırması unudulmazdır. Xan qızı Natəvanın ədəbiyyatımızı zənginləşdirən, zərif təbli lirik şeirləri dillər əzbəridir. Onun məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşü, şahmatda ona qalib gəlməsi şahidlərin yazılarında əbədiləşib. İndi Avropanın bir neçə şəhərində Şuşa xanının qızı Natəvanın heykəlləri ucaldılıb [8]. Molla Pənah Vaqif Qazax mahalında doğulsa da, Vaqifin dünyagörüşü, yaradıcılıq tərəqqisi Şuşada zirvəyə çatmışdır və "Hər oxuyan Molla Pənah olmaz" zərbiməsəli, ən yüksək ad və qiymətə Şuşa mühitində yüksəlib. Şuşanın Vaqifləri, Zakirləri, Asiləri, Natəvanları, Aşıq Pəriləri, Kəminələri, Nəvvabları yetişib. Şuşanın "Məhfili-üns" (məclisi-üns), "Məclisi-fəramuşan"ı bütün Azərbaycana səs salib. Bu tarixi şəhərdə Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi, Sadıqcan, Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşinski kimi müğənnilər, Mir Möhsün Nəvvab, Sadıqcan, Üzeyir Hacıbəyov kimi musiqişünaslar, Əhməd bəy Ağayev (Ağaoğlu Əhməd), Haşım bəy Vəzirov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Fərhad Ağazadə (Şərqli) kimi bir çox jurnalist, ədib və dramaturqlar məşhurdur. Azərbaycan və müsəlman Şərqində ilk professional bəstəkar, musiqi, opera, simfonik orkestr, üvertura, klassik muğamın banisi dahi Üzeyirbəy Hacıbəylinin Şuşada böyüyüb yetişməsi də təbiidir [7].
2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsi nəticəsində BMT-nin Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qərarlarının qismən yerinə yetirilməsi ilə nəticələnən savaşın son akkordu Şuşanın 28 il sonra yenidən Azərbaycana qovuşması oldu.
Şuşada 2021-ci mayın 12-də yenidən “Xarıbülbül” festivalının keçirilməsi də, Türkiyə Prezidenti R.T.Ərdoğanın ailə üzvləri, Hökumət rəsmiləri ilə birlikdə Şuşaya səfəri, müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi”nin imzalanması, Azərbaycan Prezidetinin imzaladığı sərəncamlarla Şuşanın “Azәrbaycanın mәdәniyyәt paytaxtı” və 2021-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində 31 mart 2022-ci ildə keçirilən iclasında qəbul olunan qərarla 2023-cü il üçün Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi 270 yaşlı Şuşanın yenidən Azərbaycanın maarif, mədəniyyət mərkəzinə çevriləcəyinə aparan yolun, Şuşanın yenidən doğuluşunun, dirçəlişinin başlanğıcıdır [7].
ƏDƏBİYYAT
- Qarabağnamələr, I kitab, ŞƏRQ-QƏRB, BAKI 2006, 214 s.
- Qarabağnamələr, II kitab, ŞƏRQ-QƏRB, BAKI 2006, 286 s.
- Qarabağnamələr, III kitab ŞƏRQ-QƏRB, BAKI 2006, 248 səh.
- Mirzə Adıgözəl bəy “Qarabağnamə”, Mirzə Camal Cavanşir Qarabaği “Qarabağ tarixi”; Əhməd bəy Cavanşir “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair”; Mirzə Yusif Qarabaği “Tarixi-safi”; Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ”; Rzaqulu bəy Mirzə Camal oğlu “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”; Mirzə Rəhim Fəna “Tarixi-cədidi-Qarabağ”; Məhəmmədəli bəy Məxfi, “Əhvalati-Qarabağ”; Həsən İxfa Əlizadə “Şuşa şəhərinin tarixi”, Həsənəli xan Qaradaği “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları”, Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm (V fəsil).
- Əmrаhоv Mаis, Çingizоğlu Ənvər, Həsənоv Hаbil. “Qarabağ tarixi”, Mütərcim-2008, 210 səh.
- Nərimanoğlu H. Zəngəzur: 100 sual, 100 cavab. Bakı – 2019, 185 səh.
- Nərimanoğlu H. “Şuşa İli” düşüncələri: Şuşanın keçmişi, bu günü, gələcəyi. https://zengezur.com/index.php/m-qal-l-r/6-u-a-ili-d-ndz-l-ri
- Nərimanoğlu H. "Xurşidbanu Natəvan - Düma görüşü" Fransa portalında. https://zengezur.com/index.php/kh-b-rl-r/235-fransa-kh-b-r-portal-khursidbanu-nat-van-hazhzh-nda-m-zhal-yay-nlay-b
- Nərimanoğlu H. Xan qızı, Şah xanımı Ağabəyim ağanın acı taleyi. https://zengezur.com/index.php/m-qal-l-r/253-khan-zh-z-sah-khan-m-azhab-yim-azhan-n-adz-taleyi
- Əliyev Z. Qarabağ Zəfəri-Şuşa, Bakı-2021, 144 səh.
- https://president.az/az/articles/view/55197
SUMMARY
2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu erməni silahslı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhərini azad edib 28 il sonra yenidən Azərbaycana qovuşdurdu.
2022-ci il Azərbaycanda “Şuşa İli”, “Azәrbaycanın mәdәniyyәt paytaxtı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 2023-cü il üçün Şuşanı “Türk dünyasının mədəniyyət paytaxtı” seçib. Hazırda Şuşada geniş bərpa, quruculuq-abadlıq işləri aparılır.
Bu il 270 yaşı tamam olan Şuşanın və Azərbaycanın tərkibində 1747-1822-ci illərdə mövcud olmuş Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni həyatı XVIII - XIX əsrdə yazıb yaratmış 11 tarixçimizin qələmindən çıxan əsərlərdə - “Qarabağnamə”lər adı ilə nəşr edilən 3 kitabda yerli-yataqlı şəkildə əks olunub və ən etibarlı mənbə, dəlil-sübutlu məxəz sayılır. Məqalədə Qarabağ xanlığının baş kəndi - mərkəzi sayılan Şuşanın tarixi “Qarabağnamə”lərə istinadla tarixi araşdırılıb. Faktlarla sübut olunur ki, Qarabağ (“geniş bağlıq, yaşıllıq yer) xanlığı qədim dövrlərdən Azərbaycan türklərinin vətəni olub, XIX əsrin əvvəllərində çar Rusiyasının işğalından sonra indiki İran və türkiyə ərazisindən çox sayda ermənilərin bu yerlərə köçürülmüş, ancaq hər zaman demoqrafik azlıqda qalıb. Şuşadakı bütün yer, məhəllə, məscid, karvansara, hamam, məktəb, küçə, bazar adlarının hamısı təmiz türk, müsəlman adıdır, hətta, erməni müəllifləri də Şuşanın Pənahəli xan tərəfindən inşa edildiyini, burada ermənilərin heç zaman mühüm rol oynamadığını, çox sayda türk-müsəlman şair, yazar, musiqiçinin yaşayıb yaratdığını yazıblar.
Şuşa Azərbaycanın və Şərqin əsas mədəniyyət mərkəzlərindən biri olub; bunu çox sayda rus, ingilis, fransız yazıçı, səyyah, tacir, rəssam da təsdiq edib.
Məqalədə bəzi üzdəniraq tarixçilərin özlərindən saxta sənədlər uyduraraq Şuşanın tarixini yenidən yazmaq niyyətləri əbəsdir, arxiv sənədləri, həmin dövrdə yazılmış “Qarabağnamə”lər təkzib edir, əsassız iddiaların ayaq tutub yeriyə bilmədiyi, sənəd-sübutlarla təkzib olunur. Şuşanın hər daşı, torpağı dil açıb deyir: mən Azərbaycan türklərinin vətəniyəm, islam-müsəlman mədəniyyətinin ayrılmaz, bölünməz parçasıyam.
Təkcə bu şəhərin yetirməsi Üzeyir Hacıbəylinin (1885-1948) islam dünyasında, müsəlman Şərqində bir çox “ilk”lərə imzasını qoyan dahi sənətkar olduğu da bunu təsdiq edir; bəstəkar, dirijor, opera yazarı, musiqili komediya, kinofilm, romans, xor, kamera, süita, üvertüra, vokal, notlu xalq çalğı alətləri orkestri, kantata, ariya, instrumental və digər professional musiqi janrlarının banisi olub, biri-birindən gözəl, rəngarəng əsərləri 100 ildən çoxdur ki, dünyanı dolaşır.
Hacı Nəriman oğlu Abdulla
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru