Çarizm dövründə Yelizavetpol, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ quberniyasına daxil olan Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurd Hacı kəndi (indiki Laçın rayonu) 1905-1920-ci illər tariximizin iki məşhur simasının - xalq qəhrəmanı Sultan bəy və Cümhuriyyətimizin qurucularından biri, ilk hərbi nazirimiz, Qarbağın general-qubernatoru Xosrov bəy Əlipaşa bəy oğlu Sultanovların doğulduğu kənddir. Sultan bəy 1871-ci ildə doğulub. Əlipaşa bəy obalarının savadlı adamı Molla Xudaverdi Tanrıverdi oğlunu (1835-?) çağırıb, balaca Sultanı öyrətməsini tapşırdı. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən "əlif-bey"i öyrəndi. Sonra atası onu Şuşa qəza məktəbinə göndərdi.Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu.